Mikayılın günahı nə idi? – Sevda Sultanova yazır

Mikayılın günahı nə idi? – Sevda Sultanova yazır
1 fevral 2016
# 10:59

Bir neçə gün öncə APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov qəribə fikir səsləndirib: “Space” televiziyasında yayımlanan “Sevimli şou” proqramında aparıcı əsas qıcıq yaradırdı. O da hazırda verilişdən uzaqlaşdırılıb, bundan sonra verilişi başqası aparacaq”.

“Qıcıq yaratmaq” və ya “qıcıqlandırmaq” subyektiv düşüncədir. Və bir rəsmi şəxsin hansısa verilişin aparıcısını efirdən uzaqlaşdırılmasının əsasında onun “qıcıq yaratması” “arqumenti”ni qoyması doğru deyil.

Fikrimi daha aydın izah eləyim. Tutaq ki, normal, müasir televiziya standartlarına uyğun bir proqramın peşəkar aparıcısı istənilən adamda qıcıq yarada bilər. Qıcığa səbəb onun danışıq tərzi, hansısa üz ifadəsi, geyimi, sifət hərəkətliliyi, nəsə çox xırda, amma başqalarına əhəmiyyətsiz gələcək nüanslar ola bilər.

Yaxud özümüz də tez-tez belə ifadələr işlədirik: Filankəs çox yaxşı insandır, amma niyəsə məni qıcıq edir. Və ya filankəsin mənə pisliyi keçməyib, amma onu görəndə qıcıq oluram.

Məsələn, mən Leonardo Di Kaprionu bir aktyor kimi sevmirəm, rol aldığı filmlərə asan, rahat baxa, energetikasını hiss edə bilmirəm. Doğrudan da o, məni qıcıqlandırır. Fəqət bu, sırf subyektiv fikirdir. Bu heç bir halda Di Kaprionun pis, zəif aktyor olması anlamına gəlmir. Əksinə, Di Kaprio günümüzün ən istedadlı, tələb olunan aktyorlarından biridir.

Ona görə də MTRŞ-nin rəsmi nümayəndəsinin “qıcıq yaradırdı” ifadəsi fakt, qanun pozuntusu sayılmır, konkretlikdən, obyektiv qiymətləndirmədən uzaqlaşaraq sadəcə, subyektiv, individual düşüncəni əks etdirir.

Əgər aparıcı etik qaydaları, jurnalistikanın prinsiplərini pozursa, onda bu halda, baş verən vəziyyətin adı “qıcıq yaratmaq” yox, qanun pozuntusudur.

MTRŞ də telekanalların televiziya yayımının əsas prinsiplərinin, proqramın tələblərinin, reklam haqda qanunun pozulub-pozulmamasına və s. nəzarət edir. Belə aydın, konkret prinsiplər mövcud olduğu halda “qıcıq yaratmaq” kimi qeyri-müəyyən ifadələrdən istifadə əsassız görünür.

MTRŞ rəsmisinin mövqeyindən yanaşsaq, o zaman ATV kanalının bir neçə gün ictimai müzakirələr doğuran “Bu stil mənim” proqramı da insanların çoxunda qıcıq yaradırdı. Zira, bu verilişi tənqid edən tamaşaçıların şərhlərində T.Məmmədovun subyektiv münasibətindən fərqli olaraq, daha aydın, konkret qiymətləndirmələr vardı.

Nəticədə aşağıdakı mənzərə meydana çıxır: deməli, MTRŞ rəsmiləri qurumun onlara verdiyi səlahiyyətdən istifadə edərək, subyektiv yanaşma ilə istədikləri proqramı bağlaya bilər. Tamaşaçıların böyük qismini qıcıqlandıran bir veriliş isə onlarda qıcıq yaratmadığı üçün ekran həyatına davam edəcək.

Qeydlərimlə, Mikayıl Güləddinoğlunu müdafiə etmək məqsədim yoxdur, zatən bu proqram da daxil olmaqla milli telekanallarda heç bir verilişin tamaşaçısı deyiləm, çünki elə bir proqram yoxdur ki, ona diqqətimi və vaxtımı ayırmağa heyifim gəlməsin.

Sadəcə, MTRŞ rəsmilərinin konkret proqramlara münasibətdə nə qədər ədalətli və obyektiv qiymətləndirilmə apardıqlarını anlamağa çalışıram.

Qurumun açıqlamasında “Sevimli şou”nun aparıcının konkret hansı prinsipləri pozması barədə təfərrüatlara rast gəlmədim. Bununla bağlı yayılmış məlumatlarda MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli “Space” telekanalında yayımlanan “Sevimli şou”nun yayımının dayandırıldığını deyib: “Bu, milli-mənəvi dəyərlərə verdiyimiz qiymətin nəticəsidir.” Təəssüf ki, bu gün ən çox istifadə və istismar olunan “milli-mənəvi dəyərlər”in konkret nədən ibarət olduğuna hələ heç kəs aydınlıq gətirməyib.

Şura sədri daha sonra bildirir: “Həmin veriliş başqa formatda efirə gedəcək. Əvvəlki aparıcı o verilişdən uzaqlaşdırılıb, başqa adam aparacaq".

Verilişin sonuncu buraxılışında şounu Ramil Əliyev adlı aparıcı təqdim elədi. Amma format dəyişikliyi yox idi, Mirmehdi Agaoğlu demiş, veriliş əvvəl “palatka” toyuna oxşayırdı, indi isə şəhər toyuna oxşayır.

Format dəyişikliyi yoxdursa, əvvəl verilişə muğam ifaçısı Elnarə Abdullayeva, indi isə pop ifaçısı Almaz Ələsgərli çıxırsa, fikrini doğru-dürüst ifadə etməkdə çətinlik çəkən aparıcı da M.Güllədinoğlunun təkrar versiyasıdırsa, onda Mikayılın günahı nəydi?

# 2245 dəfə oxunub

Müəllifin son yazıları

# # #