Təhqir belə olar, Anar müəllim

Təhqir belə olar, Anar müəllim
6 iyun 2013
# 09:40

Məni təhqirdə suçlayırlar...

Gəlin diqqət edək.

Bu mənim Fikrət Qoca ilə bağlı ilk dediyim yarızarafat, yarıciddi fikirlər:

«Fikrət Qoca hələ ölməyib? Mən elə bildirdim o çoxdan ölüb... Çox sevinərəm ki, AYB-nin gördüyü yarıtmaz işlərin hamısını Fikrət Qoca görmüş olsun, başqaları gözümüzdən düşməsin. O deyir ki, AYB-nin problemlərini həll edir. Hə, düz deyir. Yazıçılara verilən evdən biznesmen oğluna evi ola-ola təzədən bir ev də Fikrət Qoca verib. Oğlu da açıqlama verib ki, sağ olsunlar, amma mənim bu evə ehtiyacım yox idi. Fikrət Qoca oturduğu kresloda işləri belə həll edir. Əgər həqiqətən də ölməyibsə, bir gün ondan vaxtı ilə Azərbaycan Yazıçılar Birliyinin balansında olan və sonralar varlı, pullu şirkətlərə, təşkilatlara satılan obyektlərinin sayını soruşacaqlar. Gözdən pərdə asmasın, ayıbdır. Qoca kişidir, gedib tövbə edib, namaz qılsın».

Bu da AYB sədri, hər an mədəni və ziyalı davranışı ilə hamıya örnək göstərilən Anarın birinci bəyanatı…

“…Yaşlı, qocaman bir yazıçını təhqir etmək hansı əxlaqa sığır, özünüz qiymət verin. Qocaman yazıçıların təhqir edilməsini alçaqlıq hesab edirik və belə insanların AYB-də yerini görmürük. Onların yaradıcılığı olmadığından bu cür təhqirlərlə gündəmə gələrək məşhurlaşmaq, yadda qalmaq istəyirlər. Qocaman bir insana "O, hələ ölməyib, yaşayır” deyə təhqir etmək hansı əxlaqa sığır? Belələrinin istefa verməsi AYB-ni təmizləyir, AYB saflaşır. Yaşlı yazıçıların ünvanına bu cür ifadələr işlədənlər tənqidlə, təhqiri biri-birindən seçə bilmirlər. Belələrinin AYB-də yeri yoxdur".

Və daha da qəzəblənən baş yazarın ikinci bəyanatı:

“Şərif Ağayarın Yazıçılar Birliyindən çıxarılmasını repressiya kimi qiymətləndirənlər qələt edir, başlarını da divara döyür.

77 yaşlı bir insan haqqında ölüb demək repressiya deyil? Bu alçaqlıq nümunəsidir və alçaq adamla da məhz bu cür rəftar etmək lazımdır. Alçaq adamın Yazıçılar Birliyində yeri yoxdur. O bir dəfə alçaqlıq etmişdi və biz onu çıxartmışdıq. Sonra gəlib yalvardı, dedi peşman olmuşam, nə var-nə var təqaüd alsın. Biz də humanistlik göstərərək onu yenidən AYB-yə bərpa etdik. Bir il təqaüd aldı. Təqaüd qurtarandan sonra yenidən belə şeylər danışmağa başladı. Əslində bu adamlar haqqında heç danışmağa dəyməz.

…Mən ömrümdə heç kəsə kiməsə görə təzyiq etməmişəm (!). Təzyiq etsəydim onu yenidən Yazıçılar Birliyinə üzv edib, təqaüd verməzdim. Bu adamın nəfəsi də yalandır. Ayıb olsun ona”.

Özünüz baxın və deyin: kim kimi təhqir edib?

P.S. Anar müəllim, mən heç sizə salam vermirəm, o da ki, yalvarmaq ola. İkincisi, təqaüd Rəsul Rza fondundan sizin qərarınızla verilibsə geri qaytarmağa hazıram. Üçüncüsü və ən əsası, ölüm Allah əmridir, təhqir deyil. Allah da rəhbər deyil ki, dəyişə-dəyişə gedəsiz. Bir gün hamımızın sonu gələcək... Mən bunu sadəcə xatırlatmaq istədim. Çünki siz unutmusunuz!

# 4039 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #