Ağzımıza daş kimi basılan Füzuli

Ağzımıza daş kimi basılan Füzuli
17 dekabr 2014
# 12:48

Yeni romanının səs-küyü avazımamış yazıçı Orxan Pamuk həm də Nazim Hikmətlə bağlı söylədiyi fikirlərlə gündəmə gəlib.

Bu günlərdə o, Boğaziçi Universitetində Nazim Hikmət Kültür və Sənət Araşdırmaları Mərkəzinin açılışında çox ilginc bir video-çıxış edərək, Nazimin fövqəladə istedadının hətta düşmənləri tərəfindən qəbul edildiyini söyləyib. Sonra quşu lap gözündən vurub:

“Nazım Hikməti anlamaq, onu tabu və yasaqlarla qorunan bütə çevirmək deyil, onun bu qeyri-adi istedadını böyük ədəbiyyata necə çevirdiyini addım-addım izləmək və görməkdir.”

O.Pamuk daha sonra əlavə edib: “Biz həmişə qəhrəmanlarımızı anlamaq əvəzinə, onlara heyran olmaq istəmişik!”

Sitatın sonu...

Bəzi oxucular məhz yazının bu məqamında dərin düşünmədən “Nə olsun?” – deyə qımışa bilər.

Tələsməyək!

Mərhum Rafiq Tağının Elçibəy, Axundov, Mirzə Cəlil, Sabir və Səməd Vurğun barədə yazdıqları və dedikləri də eyni motivlidir. Ancaq biz, anlamağı deyil, heyranlığı seçərək, yazıçıya hücum edirdik.

Məhəmməd Füzuli ömür boyu Azərbaycan gəncinin ağzına daş kimi basılıb: “siz bilməzsiz, siz anlamazsız, bu sizin yeminiz deyil!” Xeyir ola, Füzuli mənim, sənin, onun yemi deyilsə, bəs kim üçün yazıb, niyə yazıb, ədəbiyyatda nə işi var? Bütün yaradıcılığında təvazönü, alçaqkönüllülüyü ən yüksək dəyər kimi təbliğ edən şairdən beş-üç qəzəl əzbərləyən yaşlılar bu biləndər əda ilə özləri anlamırlar bəlkə Füzulini?! Səbrinizi və iradənizi cəm eləyib oxusanız, haqlı olduğumu görəcəksiz. Füzuli bir əldə bir ağıza daş kimi basılırsa, anlaşılmayıb demək.

“Füzulini anlamazsız!” – deyib qəlyanına güc gələn insan zəka deyil, heyranlıq nümayiş etdirir, gözübağlı tapınma yolunu seçir. Əsl zəka, əsl anlamaq onun sadə, əlçatan, hətta gözəl və doğma olduğuna inandırmaqdır bilməyənləri. Füzuliyə dəvət etməkdir, ona çağırışdır. Nəinki araya divar hörmək, xəndək çəkmək!

Ən böyük yazıçı-şair də bütə çevriləndə zərər verməyə başlayır. Kimsə öz çıxarını bu bütün varlığı üzərində qurursa, həm də həmin böyük yazıçı-şair zərər görməyə başlayır.

Xüsusən, bizim kimi boyun əyməyə meylli xalqların sevməyi bir zülmdür, yaxa qurtarmağı bir ayrı zülm!

Boyun əyib ibadət etməyə illah bir şəxsiyyət lazımdırsa, bunu sənətkarlar içərisində axtarmayaq.

Hüseyn Arif demiş, buraları korlamayaq, heç olmasa!

# 1244 dəfə oxunub

Müəllifin son yazıları

# # #