“Ulduz” Rafiq Tağıya həsr oluna bilməzdi

“Ulduz” Rafiq Tağıya həsr oluna bilməzdi
11 dekabr 2012
# 10:42

“Ulduz” jurnalının noyabr sayı da ənənəvi olaraq gənc yazarlara həvalə edildi... Türk mətbuatından götürülmüş bu ənənə, düzünü deyək, təqdirəlayiqdir.

Həm gənc yazarların tanınması, həm də çoxsaylı oxucusunu itirmiş dərginin əski dəmlərə qayıtmaq istəyi baxımından.

Açığını deyim ki, mən Azərbaycan Yazıçılar Birliyinin qəzet və jurnallarını oxumuram. Nədən ki, bu orqanlarda maraqlı bir şey görmürəm. Hərdən diqqət cəlb edən irihəcmli əsərlər olur ki, onları da “ardı varla” oxumaq it zülmüdür.

“Ulduz” gənclərin dərgisi kimi tanınır. Hətta eramızdan əvvəl keçirilən son qurultayda mütərəqqi yazarlarımız ağsaqqal kişi olan Ələkbər Salahzadəni bu dərgidən aralayıb qocaman məsələlərdən bəhs edən “Qobustan”a göndərdilər. “Ulduz”da hakimiyyət dəyişdi və jurnalın balaca taxt-tacı bizim gənc qələm sahiblərinə qismət oldu. Ancaq jurnal özü cavanlaşmaq əvəzinə bizimkilər qocalıb Ələkbər müəllimi də ötdülər. Onda mənə agah oldu ki, aya, deyəsən “Ulduz”un yaxşı çıxmasını heç kim istəmir. Yoxsa nə Elçin Hüseynbəyli, nə Qulu Ağsəs, nə də İlqar Fəhmi kimsədən əskikdir! Bəs belədirsə, bu müvəqqəti gənc redaktorlar oyunu hardan çıxdı? Açığını deyəcəm: məncə jurnalı cavanlara həvalə etmək formal xarakter daşıyır. Və pərdə arxasındakı əl və bəlkə də əllər, cavanları heç vaxt sərbəst buraxmır!

Bu əlin fotosunu jurnalın 11-ci sayının üz qabığında gördüm: iplərlə kimisə oynadır! Bəlkə də jurnalın 4-cü müvəqqəti redaktoru Kəramət Böyükçölü bircə bu fotoşəkilə bağışlamaq olardı! Amma...

Bu sayda mənim də hekayəm gedib. Deyə bilərsiniz, sən oxumadığın və sənin üçün ciddi əhəmiyyət kəsb etməyən bir dərgiyə nə üçün yazı verirsən? Ona görə ki, mənə jurnalın noyabr sayının mərhum yazıçımız, ötən ilin noyabrında şəhid edilmiş Rafiq Tağıya həsr olunacağını söylədilər və məndən də bir yazı istədilər. Özü də dar macalda... Əvvəlcə, jurnalın gənc və perspektivli redaktoruna söylədim ki, bəy, sən bu işi bacara bilməzsən! “Ulduz” Rafiq Tağının xatirəsinə həsr olunamaz! Əgər belə bir iş baş tutsa mənim dünya, insanlar, pərdə arxasındakı əllər barədə qənaətim alt-üst olar! Ancaq saqqızımı oğurlaya bildilər. Rafiq Tağıya görə yumşaldım, dar macalda yazı yaza bilməyəcəyimi görüb mərhum yazıçımıza ithaf etdiyim hekayəni balaca bir giriş sözü ilə göndərdim.

Jurnal hələ çap olunmamış oxuduğum xəbərdən dalağım sancdı. Məlum oldu ki, bəndəniz deyənmiş!

Gec idi, mən öz yazımı heç cür geri götürə bilmədim.

Amma insaf xatirinə deməliyik ki, 11-ci say xeyli maraqlı çıxıb. Baxmayaraq ki, yazıçıların çoxu məşhur internet saytlarından bizə tanışdır... Tərtibat və dizayn ciddi şəkildə dəyişməsə də, içində çoxlu dəyərli yazılar, müsahibələr, orijinal materiallar, ən əsası yeni, fərqli ruh var. Az qala hər səhifə dərgi üzərində zəhmət çəkildiyini, baş işləndiyini göstərir. Buna sözüm yox!

Di gəl ki, jurnalı Rafiq Tağıya həsr etmək üçün səmimi qəlbdən çaba göstərən redaktor öz tarixi məğlubiyyətini unudaraq əlinə keçən hər fürsətdə mərhum yazıçının ən yaxın dostlarını və məsləkdaşlarını vurmağa qalxıb!

Jurnalı diqqətlə oxuyun və burda Kamal Abdulla, Rəşad Məcid, Elçin Hüseynbəyli və Qulu Ağsəsə rəğmən Həmid Herisçi, Murad Köhnəqala, Nərmin Kamal və Əli Əkbərə göstərilən münasibətə fikir verin.

Əcəba gənc redaktor kimin xoşuna gəlmək istəyib?

Bəlkə jurnalın üz qabığındakı onun öz karikaturasıdır?

# 3755 dəfə oxunub

Müəllifin son yazıları

# # #