Bütün azərbaycanlıların yoluxduğu xəstəlik

Bütün azərbaycanlıların yoluxduğu xəstəlik
29 iyun 2018
# 11:20

Şərif Ağayar

Azərbaycan insanı biri-birinə inamını itirib.

Məncə, bu, çox dəhşətli faktdır və çoxsaylı maddi-mənəvi problemlərin içində çabalamağımızın ən vacib göstəricisidir.

Məmura, polisə, həkimə, müəllimə, sürücüyə, küçə alverçisinə... heç kəsə inanmırıq.

Və bu vəsilə ilə mədəniyyət sahəsindəki adamlara da içimizdə hüdudsuz bir şübhə var.

Biz film çəkə bilmərik, biz tamaşa qoya bilmərik, biz roman yaza bilmərik.

Hamı edə bilər, bir bizdə alınmaz.

Məsələ budur ki, ümumi inamsızlığın içində haqqı olan dürüst və istedadlı insanları da görməzdən gəlirik.

Cəmiyyətin müxtəlif sahələrində çalışan və az-çox təcrübəsi olan biri kimi deməliyəm: Azərbaycanda unikal məmurlar da var, müəllimlər də, həkimlər də, sürücülər də, rejissorlar da, yazıçılar da...

Lakin hər kəs Budda məqamında deyil ki, dəyəri verilmədən öz peşəsi ilə axıracan, böyük iradə ilə, fədakarcasına məşğul olsun.

Biz inam və şübhə etdikcə bir az da aşağı enirik, dəyərli insanları bir az da itiririk.

Qurunun oduna yaşı yandıra-yandıra böyük, qalın ormanları alovlara veririk.

Bir-birimizə inamı niyə itirmişik? - Sərrast cavabım yoxdur.

Bu inamı necə bərpa edə bilərik? – Yenə ciddi bir versiya tapıb deyə bilmirəm.

Bircə onu bilirəm ki, bu inamın itmə səbəblərini araşdırıb, öyrənib aradan qaldırmaqdan başqa əlacımız yoxdur.

Çünki biz bir-birimizə məhkumuq.

# 2265 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #