360 dərəcə qaranlıq

360 dərəcə qaranlıq
6 iyun 2016
# 12:19

Kulis.Az Şərif Ağayarın “360 dərəcə qaranlıq” essesini təqdim edir.

Tanınmış koreyalı rejissor Kim Ki Dukun “Boş ev” filmi qəribə bir məhəbbət üçbucağından bəhs edir.

Amma bu, alışdığımız üçbucaqlardan deyil.

Rejissora görə, kişi yalnız öz həyatının 180 dərəcəsini görə bilir.

Təxminən bioloji mənada görmə imkanlarımız qədər...

Misal üçün, insan görmə bucağına görə, allahın dovşanına, siçovuluna, qəzəbli sünbülqıranına yüksək hesabla uduzur.

Görmədiyimiz 180 dərəcədə nələr baş verir?

Dukun qadın qəhrəmanı ərini qucaqlayaraq boynunun arxasında - ərinin görmədiyi 180 dərəcədə sevdiyi başqa bir kişi ilə öpüşür.

Qarşıya sual çıxır: bəs 360 dərəcəni görə bilməyən insanın həyatı necə ola bilər?

Yəni, heç bir bucağı görməyən insanın...

O zaman onun ömrü obskur (almanca qaranlıq deməkdir) kamerasına bənzəyəcək və olub bitənlərdən heç vaxt baş açmayacaq.

Belə bir qəhrəmanı bizə dahi Vladimir Nabokov tanıdır.

Rusiyadan Avropaya, Avropadan Amerikaya qaçqın düşüb dünyanı az qala Qaqarinin peyki kimi dolanan böyük ədib!

Söhbət “Obskur kamerası”nın qəhrəmanı Kreçmardan gedir...

Kreçmar aşiq olduğu Maqdadan ötrü ailəsini atır, hətta sevimli qızının dəfninə belə gəlmir.

Ancaq Maqdanı ona bağlayan sevgisi yox, Kreçmarın puludur.

Maqdanın Horn adlı sevgilisi var.

Onlar Kreçmarı asanlıqla aldadıb onlarla eyni evdə yaşamağa razı salırlar və fürsət düşdükcə görüşürlər.

Kreçmarın pul-parasının hesabına isə, dünyanı gəzirlər.

Dukun qəhrəmanından fərqli olaraq Kreçmar bir gün rastına çıxan yazıçı dostunun əsərində öz aldanışının metaforasına rast gəlir və həqiqəti öyrənir.

Maqdanı götürüb yaşadığı ünvandan qaçır.

Yolda avtomobil qəzaya uğrayır, Kreçmar gözlərinin hər iksini itirir.

Beləliklə, mənəvi korluq bioloji korluğa qovuşur.

Kreçmar sözün müstəqim mənasında da öz qaranlıq kamerasına düşür.

Horn Maqdanın əliylə Kreçmarın zülmətlərə qərq olan obskur kamerasına yenidən həkim kimi ayaq açır.

Kreçmar gözlərini itirəndən sonra da Horndan xilas ola bilmir.

Əsərin ən dəhşətli yeri Kreçmarın bu həqiqəti eşitməsidir.

Bundan sonra ölüm qaçılmazdır!

Çünki hər şeyin sonudur.

Təkcə sözün yox, ömrün də bitdiyi yerdir.

Necə ki, o cür də olur.

Həyatda hər birimiz hardasa Kreçmara bənzəyirik.

Söhbət təkcə məhəbbət üçbucağından getmir.

Sözün geniş anlamında ömrümüz bir qaranlığın içindədir.

Xəyanətləri, aldanışları, səhvləri bütünlüklə görə bilmirik.

Maddi vəziyyətimizin yaxşılığı da bizi xilas etmir.

Və bir gün həqiqəti anlayıb özümüzü həlak edirik.

Sual edirəm: Kreçmarın Hornla bağlı həqiqəti öyrənməsi ona nə verdi?

Cavab üçün sizi zəhmətə salmıram: Heç nə!

Əksinə, həyatını əlindən aldı.

Amma məsələnin ən qəliz yanı budur ki, hər şey təzədən başlasa, Kreçmar bu həqiqəti yenə də öyrənmək istəyəcəkdir.

Həqiqət bizi məhv eləsə də biz onu öyrənməyə can atırıq.

Bəlkə elə həyatımızın mənası bundan ibarətdir?

Hər şeyini itirən Kreçmarın içindəki son işartı həqiqəti öyrənmək ehtirasıdır.

Əgər bu işartı sönsə, o, sağ ikən ölmüş olardı.

Oxucunun qəlbində Kreçmara bəslənən az-çox rəğbət də bu ölməyən son işartıya görədir.

Həqiqət məhv eləsə belə, onu axtarmaq, onu öyrənməyə can atmaq, müdafiəsinə qalxmaq bizim yeganə şansımızdır.

Ədəbiyyatda və həyatda mürəkkəbliyi sevən Nabokovdan fərqli olaraq, mən məsələni bu qədər sadə hesab edirəm.

Çünki bizim görüb-görməməyimizdən, uğrunda addım atıb-atmamağımızdan asılı olmayaraq həqiqət var və onu heç nə əvəz edə bilmir.

Həqiqət, öldürəndə də xilas edir!

# 1407 dəfə oxunub

Müəllifin son yazıları

# # #