Qurtaraq da “O olmasın, bu olsun”u...

Qurtaraq da “O olmasın, bu olsun”u...
11 aprel 2014
# 10:14

İnanan inansın, hələ üstəlik inanmayan da inansın: dünya həp böylədir! Bir nəsnə yaranır, sevilir, cəmiyyət üçün faydasını verir. Bu faydalılıq əmsalı yüksək olanda həmin nəsnə kulta çevrilir. Kult isə zaman-zaman verdiyi faydaların əvəzini geri alır. Yəni, zərər verməyə başlayır.

Belə fəlsəfi girişlə əslində özümü sığortalayıram ki, sözümün mabədinə keçim. Söhbət “O olmasın, bu olsun” filmindən gedir. Ədəbiyyatçılara min şükür! Biz heç olmasa 30 yaşlı əsəri seçmişdik, kinematoqrafçılar lap zil pərdəyə vurdu: 58 yaşlı film Milli Kinomuzun ən dəyərli əsəri seçildi. Buna sevinmək heç cür mümkün deyil. Əgər sorğu sadə insanlar arasında keçirilib bu nəticəni hasil etsəydi, bir başqa. Söhbət peşəkarlardan gedir! Və bu peşəkarlar ya səmimi deyillər, ya köhnəliblər, ya da elə doğrudan da bizdə kino adlanan bir şey yoxdur!

Gəlin söhbətə Üzeyir Hacıbəylinin özündən başlayaq... Etiraf edin, söhbət heç də dünyanı Bax, Motsart və Bethoven kimi, sözün həqiqi mənasında, fəth edən bir dühadan getmir. Halbuki Avropa adını çəkdiyim sənətkarlarla çoxdan zarafatlaşmağa başlayıb. Şekspir kimi insanı kulta çevrilməyə qoymurlar. Onun gah özü, gah da qəhrəmanları ilə elə sağlam, elə uzaqvuran mizahlar çıxarırlar ki, yenilik əsla və əsla ayaqlara yıxılmır. Ruslar Tolstoyu heykəl kimi görmək istəmirlər.

Səmimi deyirəm: geniş kütləyə balaca Üzeyir nə qədər ziyan vurursa, yaradıcı təbəqəyə Üzeyir bəy o qədər zərər vurur. Və bu zərər Üzeyir bəylə bağlı deyil, bizim özümüzlə bağlıdır. İki daşın arasında qabağında əyilməyə bir heykəl tapasıyıq. Tapmasaq da uydurasıyıq. Nədən ki, boyun əymədən, saqqal sallamadan keçinə bilmirik. Nəzərə almırıq ki, Üzeyir bəy özü məşğul olduğu sənətlərin heç birində kult tanımadı, ehkam saymadı. Xahiş edirəm məni doğru anlayasınız. Söhbət keçmişin nihilistcəsinə inkarından getmir. Ancaq bir incə məsələ var: kult nə qədər böyük olursa, inkar o qədər amansızlaşır. Çünki, başqa yol yoxdur!

Axundov “Füzuli şair deyil!” – deməyə məcbur idi. Yəni vəziyyət bu qədər ağır idi. Ən istedadlı adamlar belə ölkənin saya-hesaba gəlməz dərd-sərini qoyub orta əsrlərin fars izafətləri içində boğulan irfan qəzəllərini çeynə-tüpür edirdilər. Bu əsl dekadans idi və Axundov bilirdi ki, xilas yolu kulta çevrilib yeni düşüncənin qarşısını kəsənlərin inkarından keçir.

Tamam! Üzeyir bəyi oxuduq, sevdik, öyrəndik – sonra? Əlimizi-qolumuzu sallayıb yatmalıyıqmı? Daha Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrəm Əmirov var də... Hələ üstəlik Arif Məlikov, Firəngiz Əlizadə... Rəhmətə gedənlərin cild-cild və təkrar-təkrar kitablarını, əsərlərini buraxaq, filmlərini çəkək. Sağ qalanlara da gündə bir fəxri ad, orden-medal verək. Bunlar min il də bəsdir bizə! Balaca xalqıq. Əgər bununla razısınızsa, mən də “O olmasın, bu olsun” filminin Milli Kinomuz üzərində təntənəli qələbəsini alqışlayıram!

Üzeyir Hacıbəyli bir az yormurmu sizi? Səmimi olun. “O olmasın, bu olsun” filmindən bezməmisiniz ki? Bu nə keçmişpərdazlıqdır?! Bu gün yeni filmlərin çəkilməsi, yeni istedadlı musiqiçilərin, yazıçıların yetişməsi üçün çalışmaq lazım olduğu halda “ölənlərə rəhmətdən”, bir addım irəli iki addım geri getməkdən usanmırıq.

“O olmasın, bu olsun”un zərərli çempionluğu təkcə sənətin yox, həm də cəmiyyətin böhranıdır. Üzeyir bəyin öz dövrü ilə tamamilə səsləşən mesajı bu idi: bəylər saxta və yalançı, studentlər imkansız, tacirlər isə kəmsavad və dünyagörüşsüzdür. Məşədi İbad Azərbaycanın heç vaxt ciddi şəkildə formalaşmayan burjuaziyasının ümumiləşmiş obrazıdır. Burjuaziya savadlı və varlı təbəqədir. Amma bəzən “çərxi-gərdiş tərs fırlanır”, pul düşür bisavad və geri zəkalı adamların əlinə. O pul hara xərclənəcək sizcə? Ziyarətgahlara, şadlıq evlərinə, moykalara, yanacaqdoldurma məntəqələrinə və təbii ki... bir gün də cavan bir qız almağa! Rza bəy demiş, əvət, əvət, pul gücünə qızı yaşda olan gözəl-göyçək bir xanımı alıb evinə həbs etməyə, gecələr fingildəşməyə, hirslənəndə döyməyə, gündüzlər işə gedəndə isə qapı pəncərəni çöldən üstündə mıxlatdırmağa!

Amma, öz aramızdı, Avropanın Motsartına, Şekspirinə baxmayın, Üzeyir kultu Azərbaycana xeyli yaraşır! Bizi bizlə buraxın...

# 4542 dəfə oxunub

Müəllifin son yazıları

# # #