İran ədəbiyyatından nə öyrənə bilərik?

İran ədəbiyyatından nə öyrənə bilərik?
23 avqust 2016
# 11:25

Şərif Ağayar

“Dünya ədəbiyyatı” dərgisinin sonuncu sayı İran ədəbiyyatına həsr olunub.

Fars və Güney Azərbaycan ədəbiyyatı ilə az-çox tanışıq.

Yadımdadır, “Alatoran” jurnalının da bir sayı Güney Azərbaycan ədəbiyyatına həsr olunmuşdu.

Bəhs etdiyim dərginin özəlliyi odur ki, burda sırf farsdilli ədəbiyyatdan maraqlı çevirmələr yer alıb.

Özü də ən vacib janrlarda: roman, hekayə, şeir, pyes...

Dərgi çağdaş İran ədəbiyyatının ən məşhur imzalarından olan Mustafa Məsturun “Tanrının ay üzündən öp” romanı ilə başlayır.

Mustafa Məstur, bildiyim qədərilə, Bakıya da gəlib. İxtisasca mühəndis olsa da sonralar filoloji təhsil alıb, elmi məqalələr və monoqrafiya yazıb.

Tanımayanlara demək istəyirəm ki, ədəbiyyatda olduğu kimi ədəbiyyatşünaslıqda da təsadüfi adam deyil.

Bu romanı isə...

Adam mətni xalça kimi ilmə-ilmə toxuyub.

Biz klassik İran şeirində və İran kinosunda gördüyümüz qeyri-adi metaforaları Məsturun romanında nəsr şəklində görürük.

Burda hadisə hadisənin, situasiya situasiyanın, vəziyyət vəziyyətin metaforasıdır.

Romanın ən böyük təşbehi tələbə Yunisin həyatı ilə intiharını araşdırdığı fizik Parsa arasında yaradılır.

Eyni zamanda bu iki ustaca paralellə yetinməyib müxtəlif çıxarış və hadisələri oxşar vəziyyətə dayaq qoyur, ona bəzək vurur, fikri və ideyanı gücləndirir.

Mövzu əzəli-əbədidir: Tanrının axtarışı.

O, doğrudan da varmı?

Romanda bəzən elə məqamlara rast gəldim ki, bunun İran kimi dini ölkədə yayılmasına təəccüb elədim.

Əsərin qəhrəmanı ciddi tərəddüd içərisindədir.

Romanın böyük metaforasının içində iki böyük ziddiyyət də var:

1. İntihar edən Parsanın elmi mülahizələri ilə eşq anlayışının toqquşmasında...

2. Tanrının varlığına şəkk edən Yunisin onun varlığına zərrəcə şübhə etməyən nişanlısı Sayənin arasında.

Eyni zamanda, Yunisin dostları və valideynləri ilə münasibətində də irili-xırdalı təzadlar mövcuddur.

Və bu ziddiyyətlər ümumiləşərək fəlsəfənin əzəli-əbədi probleminə gedib çıxır: ruh, yoxsa materiya?

Dialoqlarda intellektual söhbətlər gedir, elm və din adamlarından maraqlı sitatlar çəkilir və bütün halların, keyfiyyətlərin yüksək bədii həlli var.

Roman çərpələnginin bağı qırıldığı üçün onu uçura bilməyən uşaqla sona çatır.

Qəhrəman ona çərpələngi uçurmaqda kömək edir və məlum olur ki, elə bu çərpələng də insan kimi qalxdığı ucalıqlarda öz tanrısını axtarır.

Əsərdə deyildiyi kimi, ona nə qədər inanırsan, o qədər yaxın ola bilirsən.

Romanda hadisələr ilk baxışdan natamamdır.

Amma bu, dediyim kimi, ilk baxışdan belədir.

Sonluğu oxucu özü düşünə bilər: əgər Yunis Tanrıya şəkk edərsə, nişanlısı Sayəyə qovuşa bilməyəcək, şəkk etməzsə, bir yerdə olacaqlar.

Seçim özünün, həm də oxucunundur.

Müəllif bu qərara müdaxilə etmir.

Romanın strukturunda qəribə bir qurğu da var.

Yunis özünü yüksək mərtəbəli binadan atmış fizika alimi Parsanın intihar səbəbini tapmasa, diplom işini müdafiə edə bilməyəcək.

Diplom işini müdafiə eləməsə, universiteti bitirə bilməyəcək.

Universiteti bitirməsə Sayənin atası onların evlənməsinə razı olmayacaq.

Beləliklə, Yunisin fizika alimi Parsanın intihar səbəbini tapması, onun həm mənəvi, həm real böhrandan yeganə çıxış yoludur.

Ancaq Yunis bu səbəbi tapanda özünün də eyni vəziyyətdə olduğunu dərk edir.

Həyatını az qala unudub, dalınca düşdüyü arxiv materiallarından həyatın bu materiallardan nə qədər əhəmiyyətli olduğunu öyrənir.

Gecdirmi?

Dediyim kimi, müəllif sualı açıq qoyub.

Məncə, deyil.

Heç vaxt gec deyil.

Həyatı nə vaxt yaşamağa başladın elə vaxt da, zaman da odur.

“Dünya ədəbiyyatı”nın digər maraqlı materialları ilə də tanış olanda məndə ümumi belə bir təəssürat yarandı ki, İran ədəbiyyatı daha çox imitasiya mərhələsini yaşayan Azərbaycan ədəbiyyatından xeyli öndədir.

Biz İrandan – Şərqdən ayrılıb Qərbə doğru getdik və bir də onda ayıldıq ki, qoyub gəldiyimiz İran mədəniyyəti həm də Qərbdə bizi gözləyirmiş.

Bizdən qədim olduğu kimi, həm də bizdən müasirmiş.

Məncə, bunun ən böyük sirri İranın öz mahiyyətindən ayrılmadan dünya təcrübəsinə yiyələnməsi, fəqliliyini qoruyub-saxlayaraq Qərbə inteqrasiya etməsidir.

Biz sənətdə yamsılama ilə təcrübə mübadiləsinin fərqini İrandan öyrənə bilərik.

# 1616 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #