Nəriman Qasımoğlu: “Atam sovet dövrünə görə tövbə elədi” - Müsahibə

Nəriman Qasımoğlu: “Atam sovet dövrünə görə tövbə elədi” - Müsahibə
28 iyul 2022
# 21:00

Bu gün tanınmış şair-tərcüməçi Qasım Qasımzadənin anım günüdür. Kulis.az bu münasibətlə “Atamın xatirəsi” layihəsindən şairin oğlu Nəriman Qasımoğlu ilə müsahibəni təqdim edir.

- Qasım müəllimi necə xatırlayırsınız?

- Biz dost idik. Adətən övlad atayla bir az böyüyəndən sonra dostluq edir, ancaq bizimki çox erkən başladı. Təbii, burda ədəbiyyatın da rolu vardı. Daha dəqiqi, mənim ədəbiyyata marağımın... Arada mübahisəmiz də, razılaşmadığımız məqamlar da olurdu. Dostlar arasında mübahisə də olur axı.

- Şərqşünaslığı seçməyinizdə onun rolu oldumu?

- Yox. Şərq elmlərinə uşaqlıqdan marağım olub. Yaxın ətrafımızda şərqşünaslar da vardı. Bu fakültə həm də o vaxt xaricə çıxış imkanı demək idi. Yəqin seçimimdə bu amilin də rolu oldu. Sovet dövləti qapalı dövlət idi... Şərq dünyası nağıl və əhvalatlarına görə də bizim təsəvvürümüzdə sehrli aləm kimi yaşayırdı. Ərəbcə öyrənməyə həvəs daha çox Qurana görə də idi. Maraqlanırdıq, görən orda nə yazılıb? O vaxt çox az adamın xəbəri vardı Qurandan.

- Qasım müəllimin dinə münasibəti necə idi?

- O, dindarlığını üzə vurmayanlardan idi. Bizi dindar kimi yox, vətənpərvər kimi böyütmüşdü. Dindarlığının ifadəsini onda görürdüm ki, bir işə girişəndə və s. Allaha təvəkkül edir. Təvəkkül etmək, güvənmək deməkdir, bilirsiniz. Onu da deyim ki, Tanrıya bu güvənci onun üz ifadəsinə nur payı da qatırdı… Bir qədər yaşlanandan sonra gizlincə dua etdiyinin də şahidi oldum. İnancını heç vaxt açığa vuran deyildi. İmanı, necə deyərlər, yalnız özü ilə Tanrı arasında qalan bir şey idi. Məncə, əsl dindarlıq elə bu məzmunda olmalıdır.

- Kitabxanasında Quran vardımı?

- Var idi. Özü də orijinalı, yəni, ərəbcəsi. Gözümü açandan evimizdə Quran olub. Nənəmdə də vardı. Bizi səfərə yola salanda nənəm quran altından keçirir, valideynlərim isə arxamızca su atırdılar.

- Qubadlıda?

- Yox, Bakıda.

- Qasım müəllim Qubadlıda doğulub, ona görə dedim.

- Qubadlıda doğulub, gəncliyi Qarabağda keçib. Keşməkeşli həyatı olub, nəsillikcə təqiblərə məruz qalıblar. Babası Şahsuvar bəy Hüseynov Azərbaycan Cümhuriyyətində Zəngəzur qəza rəisinin müavini işləyib. Erməni silahlılarına qarşı vuruşub. Andronikin dəstəsində məşhur Stepan varmış, olduqca əzazil adammış… Hətta belə də nəql eləyirlər ki, Stepanakerti onun adından götürüblər. Bir dəfə həmin bu quldurbaşı o ərazidə vəhşiliklər törədir, dinc insanlarımızı qətlə yetirir, məscidə toplaşan camaatı işgəncələrə məruz qoyur. Xəbər Şahsuvar bəyə çatanda tabeçiliyində olanlara heç bir söz demədən beşatılanı götürüb atına minir və hadisə baş verən kəndə doğru çapır. Gənclər də Şahsuvar bəyi at belində, əlində beşatılan görüb niyyətini anlayırlar, onlar da atlanıb arxasınca çapırlar. Atışma baş verir, Stepanı Şahsuvar bəyin gülləsi yerə sərir… Xurcunundan araq-filan çıxır. Bu hadisə Zəngəzur və Qarabağda şeir kimi dildə-ağızda dolaşır: Şahsuvar bəy beşatılan bağladı, / Ermənilər zarı-zarı ağladı. / Hayın getdi, vayın qaldı, Stepan, / Butulkada payın qaldı, Stepan. Bu Qasım müəllimin anasının atasıdı. Atasının atası tərəf bir az dinə meylli olublar. Şahsuvar bəyi sovet hökuməti həbs eləyəndə nüfuzdan salmaq üçün onu atın quyruğuna bağlayıb kənbəkənd gəzdirmək istəyirlər. Qasım müəllimin atası Xansuvar bəy, onda hələ subaymış, tüfəngi çəkib həmin atı vurur və dalınca da deyir ki, sizi də belə gəbərdərəm. Ondan sonra Şahsuvar bəy qızı Arəstəni həmin adama – yəni Qasım müəllimin atasına verir. Deyir, igid adamdı ki, sovet hökumətindən qorxmadı. Şahsuvar bəyi ev dustağı edirlər və deyirlər ki, kimsə gəlib qapıda keşiyini çəksin. Amma adam tapmırlar. Heç kim bu namussuzluğu boynuna götürmür. Bir nəfər tapırlar sonralar. Onu da Şahsuvar bəyin adamları aradan götürür. Təqiblər başlananda isə Qasım müəllimgilin ailəsi Kəlbəcərə köçməli olur. Sonra Kəlbəcərdən Yevlaxa gəlirlər. Nənəm Arəstə xanım – Şahsuvar bəyin qızı gedib sağıcı işləyir. Orda seçilir, fəallıq göstərir, onu partiya qurultayına nümayəndə seçirlər. Çıxışı Mir Cəfər Bağırovun xoşuna gəlir və elə plenumun sonundaca Bağırov onu öz namizədi kimi Mərkəzi Komitəyə üzv seçdirir. Səhəri DTK-nın nümayəndəsi gəlib rəhbərə məruzə edir ki, bəs sizin seçdirdiyiniz adam filan bəyin qızıdır. Rəhbər əsəbiləşib deyir, yoxlayın o, plenuma necə gəlib düşüb. Məlum olur ki, onun namizədliyini yazıçımız Əli Vəliyev veribmiş. Əli Vəliyevi dara çəkirlər (gülür). O da deyir, Şahsuvar bəy sovet hakimiyyətinə qarşı silahlı müqavimət göstərməyib, tutulmayıb, evində öz əcəli ilə vəfat edib və s. Məsələni bu cür ört-basdır edirlər. Arəstə xanımı MK üzvlüyündən çıxarmasalar da 5 il ərzində çağırılan növbəti plenumların heç birinə dəvət etmirlər, məsələsini bu yolla birtəhər çözürlər, qurtarır.

Image result for Qasım Qasımzadə

- Qohumluğunuz yoxdur? Əli Vəliyev də Qubadlıdandır...

- Qohum deyilik, lakin münasibətimiz olub… Arəstə Hüseynova o zaman müharibə dövründə cehizlərini satıb vətənə yardım fonduna göndərir. Məbləğ bir tank qiymətində imiş. Buna görə Stalindən təşəkkür teleqramı alır. Bundan sonra Qasım müəllimgilin ailəsinin qarşısında bir növ yaşıl işıq yandırılmış olur.

- Neçə övlad olublar?

- Dörd. İki qardaş, iki bacı. Böyüyü Qasım müəllimdir. Bakıya gələrkən universitetin şərqşünaslıq fakültəsinin türk şöbəsinə daxil olub və burada cəmi iki il oxuyub. Yazıçılardan hansısa – ya Əli Vəliyev, ya da Süleyman Rəhimov ona deyib, filankəslərin nəvəsisən, özün də türk şöbəsində oxuyursan. Bax elə bu fakt kifayət eləyir ki, səni pantürkizmdə günahlandırsınlar, yaxşısı budur keçəsən filologiya fakültəsinə. Elə də edir.

- Qasım müəllimgil sonralar Qubadlıya qayıtmadılar?

- Qayıtmadılar.

- Şeiri var: Səndən ayrılanda, dağlar cavandım / İndi görüşünə qoca gəlmişəm...

- Qayğılar üstümə düşdü talandım / Üzümə üz tutub borca gəlmişəm... Aşıq Ələsgərdən sonra dağlar mövzusunda yazılan, bəlkə də, ən yaxşı şeirdir. Hər şeyimi itirmişəm, bircə səndən aldığım vüqar qalıb. Mövzu budur.

- Sizi dağlara aparırdı?

- Bir neçə dəfə aparıb. Siz deyən şeir Kəlbəcər dağlarında yazılıb. Alaçıqda. Yadımdadı. Gərək ki, 1971-ci il idi.

- İndiki kontekstə düşür... Dağları itirdiyimiz vaxta...

- Həəə... Düşür. O şeirin ilk oxucusu da mən olmuşam. Qasım müəllimin dağda “kabineti” də vardı, iş alaçığı (gülür). Bütün günü orda yazıb-pozurdu.

- Siz neçə övladsınlız?

- Üç qardaşıq. Böyük qardaşım rəhmətə getdi. Bir qəzada həyatını itirdi. Qasım müəllimin ona çoxlu şeirləri var. 1973-cü ildə Suriyada tərcüməçi işləyirdi. O da şərqşünas idi. Onda da müharibə gedirdi Suriyada. Qardaşımın bir məktubunda “Hələ ki sağam” deyə bir cümlə vardı. Atam bu adda bir şeir yazmışdı.

- O biri qardaşınız nəçidi?

- Beynəlxalq münasibətləri bitirib. Bu sahədə Moskvada namizədlik dərəcəsi alıb.

- Ananız həkimdir...

- Hə. O da əslən Qubadlıdandır. Yəqin ailə qurmalarına da səbəb ailələrinin biri-birini tanıması olub.

- Ailədə mühafizəkar idi?

- Kənardan elə görünürdü. Amma tamamilə demokratik insan idi. Həmişə gənclərlə dostluq edirdi, onların fikrini dinləyirdi, hesablaşırdı. Bir çox gənc şairlərə uğurlu yol yazmışdı. Ədalətpərəst idi. Yanlışlığa yol verməmisənsə tam arxayın idin ki, səni danlamaz. Sərtliyi də vardı, həddindən artıq mülayimliyi də. Mərhum dayım Aydın Abdullayev deyirdi, siz üç övladın hərəsində Qasım müəllimə xas bir xasiyyət payı var. Çılğınlıq böyük qardaşımızda, təmkin məndə, həlimlik kiçik qardaşımda...

- Yaxın dostları kim idi?

- Dostluq belə şeydi ki, dəyişə-dəyişə gedir. Gəncliyində məşhur üçlük olublar: Novruz Gəncəli, Bəxtiyar Vahabzadə, Qasım Qasımzadə.

- Onların münasibətlərinə aid bəlkə nə isə bir xatirəniz var?

- Bir gün Bəxtiyar Vahabzadə ilə yol gedirmişlər və vətən-millət-azadlıq söhbətləri edirmişlər öz aralarında. Bəxtiyar müəllim deyir ki, nə vaxtsa millətimizin azad olacağına heç inanmıram. Qasım müəllim deyir, millət azad olacaq, özü də kişi kimi azad olacaq. Belə söhbət edə-edə o vaxtkı Kommunist, indiki İstiqlal küçəsiylə enirlər aşağı. Sabirin heykəlinə çatmamış yerdə kibrit qutusu görürlər. Bəxtiyar müəllim deyir, bax, kibritin içində bir salamat dənə varsa, sən deyən olacaq, yoxdursa mən deyən. Götürüb baxırlar ki, kibrit yanmamış çöplərlə dopdoludur. Bəxtiyar müəllim kibriti cibinə qoyub deyir ki, o azadlıq günü gəlsə, bu kibritlə sənin siqaretini özüm öz əlimlə yandıracam.

- Yandırdı?

- Yandırdı. Unutmamışdı. Mənim yanımda yandırdı.

- Bizim ədəbi mühit çox qeybətcildir, bilirsiz. Ancaq Qasım müəllim haqda pis nəsə danışan adam görməmişəm.

- Hərçənd “Ədəbiyyat və incəsənət” qəzetində baş redaktor işlədiyi vaxtlardan danışa bilərlər, ancaq yenə də tutarlı sübut gətirə bilməzlər. Onun işlədiyi dövr qəzetin ən demokratik dövrü olub. Yazıçılar İttifaqının rəhbərliyi öz mətbu orqanında açıq-aşkar tənqid də olunurmuş. Sovet dövründə bu inanılmaz idi. Bir dəfə də “Novruz” sözünə görə Mərkəzi Komitənin töhmətini almışdı. Bu, ya əllinci illərin sonu, ya da altmışın əvvəli idi. Bunu çox adam bilmir. Xəlil Rzanın “Azadlığı istəmirəm zərrə-zərrə, qıram-qıram...” sətirləri olan şeirini də Qasım müəllim dərc etdirib qəzetdə. Ancaq şeirin guya Afrikaya həsr edildiyi bir epiqrafla. Əlbəttə, hamı bilirdi ki, şeir hansı sətiraltı mənanı ifadə edir.

- Müstəqilliyi də gördü, torpaqların işğalını da...

- Hə. 93-də rəhmətə getdi. Xərçəngdən. Qasım müəllimin çoxlu əlyazmaları qalıb. Məktublar, şeirlər, məqalələr... Gözəl də xətti var. Əlyazmalarından xeyli sayda çap olunmayanlar var. Bunların arasında kosmosa səyahətə aid böyük bir poema da var. Maraqlanmışam, dünya poeziyasında o zaman bu janrda poeziya nümunəsi olmayıb. 1945-ci ildə yazıb. Janrı elmi fantastikadır. Dünya nəsrində 19-cu əsrdə bu cür nümunələr var. İsveç ədəbiyyatında isə bir poema nümunəsinə rast gəlmişəm, müəllifinə Nobel verilib, həmin əsər 1954-cü ildə qələmə alınıb. Yəni Qasım müəllim əslində dünya poeziyasında elmi bədiiyyat janrında yazılan, amma hələ çap olunmayan ilk əsərin müəllifidir. 2013-cü ildə Amerikada Harvard Universitetində çalışarkən apardığım bir araşdırma ilə bunu aşkarlaya bildim. Qasım müəllimdə bir ilginc xarakter də vardı. Müsahibələrinin birində demişdi ki, sovet dövründə yol verdiyimiz səhvlərə görə tövbə etməliyik. Və özü də tövbə edib. Ancaq ona qoşulan olmadı.

23.05.2015

# 11605 dəfə oxunub

Müəllifin son yazıları

# # #