Mirzə Cəlildən maraqlı Sevda Sultanova

Mirzə Cəlildən maraqlı Sevda Sultanova
1 fevral 2016
# 12:04

Razıyam, Azərbaycan hekayəsi deyəndə hamıdan əvvəl yada Mirzə Cəlil düşür.

Düşməlidir də!

Çünki, hekayə elə bu kişiylə başlayır. Və etiraf edək ki, lap bu günün gözüylə baxanda da həm mövzu, həm texnika baxımından çox da köhnə görünmür.

Amma day o qədər yox ki, “Mirzə Cəlil yazıb, bitib” – deyə düşünəsən.

Nə qədər təkrar olsa da deməliyik: hər dövrün özünün səsi, ahəngi, mövzusu, prinsipi var.

Mirzə Cəlil bu gün yaşasaydı əminəm ki, “Usta Zeynalı” başqa cür yazardı.

Bu hekayələr öz dövrünün modern əsərləri idi.

Sonra simvollaşdı, klassikaya çevrildi.

Düz 100 il sonra Mirzə Cəlilin peşəkarlar arasında keçirilən hekayə sorğusunda böyük xal fərqi ilə qələbə çalmasının mənası nədir sizcə?

100 hekayə adı çəkilib, onun 10-u 34 xal hesabı ilə Mirzə Cəlilə məxsusdur. İlk beşlikdə isə 2 hekayə ilə təmsil olunur.

Əkrəm Əylisli 5 hekayə ilə 14, Yusif Səmədoğlu 4 hekayə ilə 18 xal toplayıb. Ötən əsrin son 50 ilinin ən yaxşı yazıçılarından ikisi birlikdə Mirzə Cəlil qədər hekayə və xalla təmsil olunmayıb.

Axundov Füzulini “xəyalatında əsla təsir olmayan nazimi-ustad” adlandırdığı halda öz müasiri Qasım bəy Zakiri təqdir edir, ona çox yüksək qiymət verirdi. Doğrudan düşünürsünüzsə ki, Axundov şair kimi, Füzuli ilə Zakirin fərqini bilmirdi, səhv edirsiniz. Sadəcə o, Zakiri öz dövrünün səsi və gerçəkliyi kimi yüksək qiymətləndirirdi.

Bir dəfə rəhmətlik Rafiq Tağıya Füzulidən danışdım, həvəslə bir-iki beytini izah etməyə çalışdım, o, sərt şəkildə məni dayandırıb dedi: “Sən ondan böyük qələm adamısan.” Təbii ki, güldüm. Amma Rafiqin səmimi olduğuna da əmin idim.

İndi də gülürəm və inanıram ki, sizin də dodağınız qaçdı. Bax elə buna görə bizdən heç vaxt Rafiq Tağı çıxmayacaq.

Rus yazıçısı Viktor Pelevin “Mən Dostoyevskidən güclü yazıçıyam” demişdi və təəccüblənənlərə belə izah etmişdi: “Çünki sağam!”

Klassikanın zəhmi ağırdır.

Bəzən çox adam dövrünü danmaq üçün ordan yapışır.

Bəzən, başağrısı yaşamamaq üçün...

Amma bütün hallarda qələm adamı öz dövrünün üstünlüklərini anlamalı, dilə gətirməli, dəyərləndirməlidir.

Zəmanəsindən deyingənliklə şikayətlənən adam böyük heç nə yarada bilməz.

Nizami bütün poemalarında dövrünün eyibləri ilə yanaşı üstünlüklərini də qeyd edir, və onlardan bəhrələndiyini dilə gətirir.

Həyatda olan insan öləndən həmişə güclüdür, funksionaldır.

Azərbaycanın ən yaxşı hekayəçisi kimi Mirzə Cəlilin adını çəkmək qəhrəmanlıq deyil.

İlk ağıla gələn, ən asan seçim budur.

Necə deyərlər, bunu nənəm də bacarar.

Ona görə içi özüm qarışıq ən müasir mətnləri seçənlərə dərin təşəkkürümü bildirirəm.

Təkcə ona görə yox ki, o, adı çəkilənlər arasında mən də varam.

Elə həm də ona görə...

Ancaq daha çox ona görə ki, bir balaca qeyri-obyektiv görünməkdən qorxmadan öz zamanının insanına, müasirinə dəyər verməyə çalışmaq yazıb-yaratmaq eşqinin ən bariz göstəricisidir.

Sizə tam səmimi deyirəm, Sevda Sultanovanın “Qodar” hekayəsi mənə Mirzə Cəlilin bütün hekayələrindən daha maraqlıdır.

Çünki yenidir, fərqlidir, mənə daha yaxındır.

Zakir Axundova daha yaxın olan kimi...

Zamanın qiymətini alan mətnlərin daldasında gizlənməyək.

Öz seçimimizi edək ki, oxucular təzə nəsə öyrənsin.

Qeyd: Sorğunun nəticələri ilə burdan tanış ola bilərsiz.

# 1319 dəfə oxunub

Müəllifin son yazıları

# # #