Seymur Baycan o qızı niyə öldürmür?

Seymur Baycan o qızı niyə öldürmür?
26 yanvar 2015
# 13:39

Kulis.az Şərif Ağayarın “Yazıçıların adam öldürməsi” məqaləsini təqdim edir.

Bu yaxınlarda Kulis.az-da yazıçı Seymur Baycanın “Zəif bənd” hekayəsi yayımlanmışdı. Mövzu xanımlar üçün qıcıqlandırıcı olsa da, süjet sadə idi.

Məqsədim hekayəni təhlil etmək deyil... Sadəcə süjetin sonluğu ilə bağlı zövqünə inandığım bəzi dostların fikirlərinə münasibət bildirməkdir: “Seymur niyə hekayəni belə bitirib? Bəyənmədim.” – ümumi qənaət belə idi. Məsələ budur ki, hekayədə Fira adlı gənc bir qız paxıllıq elədiyi rəfiqəsinə əzab vermək, onu incitmək, həyatını zəqquma çevirmək üçün cadugər yanına gedir və istəyinə nail olur. “Səhər duran kimi ilk işi”, cadugərin öyrətdiyi kimi, “xəmir kündəyə iynə batırmaq olur”. Sizcə konflikt həll olunmayıb? Məsələ bitməyib?

Elədirsə, oxucu nə axtarır?!

Oxucu daha “pis nəticələr” axtarır, hekayənin belə sadə bitməsini qəbul edə bilmir və özü də hiss etmədən Fira ilə həmrəy olur...

Eyni hissi Seymurun zaman-zaman təsirləndiyi müasir rus yazıçısı Vladimir Sorokinin “Sneyperin səhəri” hekayəsini oxuyanda keçirdim. Bir də ayıldım ki, hündür binadan atəş açaraq küçədəki günahsız adamları bir-bir o dünyaya göndərin snayperin hər boşa çıxan gülləsinə görə təəssüf edirəm. Artıq ona qoşulub qatil olmuşam...

Sizi bilmirəm, mən hərdən uca binaların eyvanında gördüyüm adamları xəyali snayperlə vurub aşırır və onların o ucalıqdan kəlləmayallaq yerə gəlmələrindən qəribə zövq alıram. Bu, insana nifrət-zad deyil, sadəcə əyləncədir.

Adamlar qeyri-adi sonluq istəyir. Çoxluq bunun dalıncadır. İçindəki şeytani şövqü bu qeyri-adi, sadomazoxist duyğularla ovutmaq istəyir. Düşük detektivlərin, happy endlə bitən sarı romanların uğuru həm də burdadır.

Amma ədəbiyyat əsla və əsla bu deyildir!

Əsər maraqlı alınsın deyə 5 səhifəlik hekayədə adam öldürmək olmaz. Ümumiyyətlə, əsərdə ölüm, xüsusən intihar çox ağır söhbətdir. Obrazı o həddə gətirən situasiyanı qurmaq, az qala elə insan yaratmaq qədər çətindir. İnsanı yaratmadan onu öldürmək gülüncdür. Elə dostumuz Seymurun “Körpüsalanlar” adlı başqa bir əsərində qəhrəman intihar edir. Bu mənimçün gözlənilməzdir və düşüncəmə görə, əsəri xeyli zəiflədir. Niyə məhz intihar? İntiharacan hardan gəlib çıxdı vəziyyət? Görmədim axı... Bəlkə diqqətsiz oxudum?

Dünyanın ən şöhrətli ölümləri Don Kixotun, Hamletin və Jan Valjanın ölümləridir. Əsər boyu hadisələr ölümə - sonluğa biri-birindən doğa-doğa, törəyə-törəyə elə təbii şəkildə yaxınlaşır ki, bədii əsər oxuduğunu unudursan.

Bu yazını yaza-yaza düşündüm: ölümdən mən də yazmışam, ancaq ölüm hadisəsindən təsirlənərək... Nəsr adına yazdıqlarımda heç vaxt adam öldürə bilməmişəm. Adam da əsəri maraqlı olsun deyə adamı öldürər? Çingiz Abdullayevin qulağından iraq, bu qədər ağır mövzudan, belə ucuz reklammı qurarlar? Ona görə bir qəhrəmanı öldürülən, qalanı kitab boyu qatili axtaran gic-gicə əsərləri sevə bilmirəm.

Əlbəttə ədəbiyyatda birmənalı qayda yoxdur. Ancaq şəxsən mən oxuduğum əksər dünya şedevrlərinin sonluğunu unutmuşam. Yəni onlarda qəhrəmanın ölməsi və qalması əhəmiyyət daşımır. Məsələn, Raskolnikov (“Cinayət və cəza”) ölməsə belə onunla məsələ həll olunur. Bu, həyatda da belədir. Məsələn, səmimi deyim, Qarsiya Markesin, bizdə İsa Hüseynovun ölümü mənə zərrəcə təsir eləmədi. Ona görə yox ki, yaşlı idilər. Ona görə ki, “ömür süjet”ləri başa çatmış, “həyat konflikt”ləri bitmişdi. Ancaq məsələn, Sabir Əhmədlinin süjeti yarımçıq qaldı. Ona görə ölümü ağrılı oldu. Sabir Əhmədlinin həyat konflikti bitməmişdi... O, Cəbrayıla qayıdaraq mənasızlaşıb ölməli idi ki, gedəndə yeri göynəməsin.

Həyatdan dərs almaq lazımdır... Həmişə...

# 1142 dəfə oxunub

Müəllifin son yazıları

# # #