Əziz Nesin Şekspiri niyə bəyənmir?

Əziz Nesin Şekspiri niyə bəyənmir?
4 mart 2016
# 11:16

Əziz Nesin xatirələrində yazır: “Şekspirin nə üçün dahi hesab edildiyini heç cür anlaya bilmirəm...”

Haqlıdırmı Əziz Nesin?

Əlbəttə ki, yox!

Haqsızdırmı?

Yenə yox!

Çünki, yaradıcılıq, ədəbiyyat hər şeydən əvvəl için səsidir.

Kənar təsirlərin səndən çıxardığı səsdir.

Bu səs özəldir, bənzərsizdir, təkrarsızdır.

Ən böyük yazıçı içinin səsini ən yaxşı eşidib onu oxucuya ən rahat eşitdirə biləndir.

Bu mənada Əziz Nesin içinin həqiqətinə sadiqdir və haqlıdır.

Amma misal üçün mənim içimin səsi Şekspirin dahi olduğuna zərrəcə şübhə yeri qoymur.

Bunun üçün bircə “Hamlet” faciəsi yetərlidir.

Göylər Hamletin atasının cildinə girib bir cümləlik həqiqət pıçıldayır: “Məni əmin taxt-tac üçün öldürdü”

Və Danimarka krallığı göylərin pıçıldadığı bu bir cümləlik həqiqətə tab gətirmir.

Diqqət edək: “Hamlet”də teatr nədir?

“Hamlet”də teatr həqiqəti dolayı yolla hökmdarın diqqətinə çatdırma, ona təsir etmə vasitəsidir.

Əsərdə sənət məqsədinə çatır – Hamletin qatil əmisi ifşa olunur.

Fəqət qisasçılıq və intiqam hissi Hamlet və Ofelyanın şəxsində təmizliyi, gəncliyi, saflığı, təmənnasız sevgini xilas edə bilmir.

Hamletlər və Ofelyalar təmizliyin, saflığın və təmənnasız sevginin rəmzi olaraq həmişə şərin hədəfindədir.

Bu zaman-zaman belə olub, belədir və belə də davam edəcək.

Şekspir bu əsərlə axirət gününəcən insan cəmiyyətinin kardioqramını çıxarır.

Şər öz məqsədləri naminə irəliləyəndə saflıq, təmizlik və təmənnasız sevgi qarşısında dayandımı heç?

Dayanmadı.

Dayanmır.

Dayanmayacaq.

Göylərsə, bizi əbədi olaraq “zibilə salır”.

Bəlkə, böyük yalanlarla daha xoşbəxt yaşamaq olardı.

Hamlet dünya ədəbiyyatında müəllifi olmadan danışan, sitat çəkilən ilk və ən böyük obrazdır.

Hamlet Şekspirdən daha məşhurdur.

Əziz Nesinin belə bir şahanə İNSAN yaratmaqla Tanrıya bənzəyən Şekspiri dahi olaraq qəbul edə bilməməsini həm təbii qəbul edir, həm təəccüblənir, həm də sevinirəm.

Təbii qəbul edirəm ona görə ki, söhbət estetik fərqlərdən gedir və yazıçının subyektiv olmaq icazəsi var.

Təəccüblənirəm ona görə ki, doğrudanmı mən görənləri Əziz Nesin görməyib, yaxud görüb, ciddiyə almayıb.

Sevinirəm ona görə ki, əzəli-əbədi qənaətim bir daha təsdiqlənir: yazıçı üçün ən böyük həqiqət içinin səsidir.

Qələm adamı bu həqiqətə Şekspirdən çox inanmasa heç nə yarada bilməz.

# 1601 dəfə oxunub

Müəllifin son yazıları

# # #