Gülməli Mövlud Süleymanlı

Gülməli Mövlud Süleymanlı
21 iyul 2014
# 11:59

Xalq yazıçısı Mövlud Süleymanlının şöhrəti həmişə məndə şübhə yaradıb. Doğrudur, “Köç”, “Dəyirman”, “Yel Əhmədin bəyliyi” kimi əsərlər istedadla yazılıb. Ancaq ha düşünüb-daşınsam da, bu əsərlərin əşhədü üstünlüyünü hiss etmirəm.

Hətta, açığını deyim, “Dəyirman”ı ikinci dəfə oxumağa cəhd etdim, alınmadı. Müəllifin süni dil oyunları məni bezdirdi. Yeri gəldi-gəlmədi, dilimizin xüsusi çalarlarına varmaq, dərinliklərinə baş vurmaq, lazımsız “boğazlar etmək” məni qəribə tərzdə itələdi. Elə o gündən Mövlud Süleymanlının özü yazılarından daha maraqlı göründü mənim üçün. Açıqlamalarını, müsahibələrini, münasibətlərini oxuduqca dünyadan xəbərsiz, kəmsavad və hətta sadədil bir qoca canlandı gözlərimin qarşısında.

Bəri başdan bir xatırlatma edim: Mövlud Süleymanlı Rafiq Tağını dindirmirdi. Səbəbi bilsəniz, yəqin ki, gülmək tutacaq sizi... R.Tağı hansısa yazısında yazıbmış ki, bizi xilas eləsə-eləsə Mövlud Süleymanlının radiodakı duaları xilas edəcək... Təsəvvür edirsiniz, yəqin. Müstəqillikdən sonra Azərbaycanın başına gətirilənlər və Mövlud Süleymanlının layihəsi olan “Bulaq” verilişi... Daha dəqiqi, verilişdə rəhmətlik Məhluqə Sadıqovanın səsləndirdiyi dualar...

“Mövlud Süleymanlı son vaxtlar folklora qayıdıb!” – kiminsə ədəbiyyat sərrafı, mərhum Vidadi Məmmədovun yanında səsləndirdiyi bu fikirlərə qarşı tərəfdən dahiyanə cavab gəlir: “O, folklordan nə vaxt çıxdı ki, geriyə də qayıtsın!”

Yazıçı deyir, Gürcüstan tərəfdən Qərbi Azərbaycandakı kəndimiz görünür, hər dəfə ağlamaq istəyəndə ora gedib ürəyimi boşaldıram. Mənzərəyə baxın: xalqın yazıçısı ağlamaq üçün bir səbəb tapmır bu boyda ölkədə, bunun üçün vətəni o baş-bu baş keçib Ermənistanın qənşərinə çıxır...

Ağır söhbətdir.

“Anarın son romanıma münasibəti” – deyir Mövlud müəllim – “Lap ürəyimcə oldu. Yaxşı bir qonaqlıq verdi mənə! Mən bunu necə unuda bilrəm?!” Heyrətlənməmək mümkün deyil. Dünyada romana münasibəti qonaqlıqla ölçən ilk və son yazıçıdır yəqin ki, bizim qəhrəmanımız.

Mövlud Süleymanlının daha bir açıqlaması çağdaş nəsr barədədir. Baxın: “İndi söz çıxıb ceyran belinə. Həmin sözü tapıb ifadə etmək lazımdır. Günaha bata-bata, artıq tamahlıq edə-edə həyat bizdən uzaqlaşır. Biz qarşımızdakını anlaya bilmirik. Ədəbiyyat ikimizin arasında yaranır. Hər şey bir-birindən asılıdır. Biz harada axtarırıq ədəbiyyatı? Urbanizasiya nədir axı? Ədəbiyyat da Allah kimidir. ...Kənd və şəhər ədəbiyyatı arasındakı fərq asfaltla torpaq qədərdir”.

Bu adam nə deyir, Allah eşqinə... Biri anlada bilərmi?

# 5062 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #