Mükafat dilənən qocalar

Mükafat dilənən qocalar
18 iyun 2015
# 13:21

“Ədəbi azadlıq” müsabiqəsinin 20-liyinə düşməyən ağsaqqal yazıçıların adını görəndə xeyli mütəəssir oldum və dərhal götürüb bir status yazdım.

İnsanların marağını nəzərə alaraq bu barədə daha geniş yazmağa ehtiyac duyulur. Ona görə, başlayaq...

Vaxtı ilə Milli Kitab Müsabiqəsinin 20-liyində xalq yazıçısı, bir yazıçı ədəbiyyatı nə qədər sağa bilərsə o qədər sağan, bir yazıçı şöhrət və pul üçün nə qədər yonula bilərsə o qədər yonulan Mövlud Süleymanlını görəndə də bu cür çaşmışdım. İstər-istəməz içimdə sual doğmuşdu: “Bu adam nə istəyir?” Cavab versiyalarım da vardı:

Pul? – Varıdı.

Ad-san? – Varıdı.

Şöhrət? – O da varıdı.

Özünütəsdiq? – “Dəyirman” kimi povest, “Köç” kimi roman yazıb.

Bəs nə?

Cavab sadədir: adam özünə güvənmir! Ciddi kompleksləri var. Şöhrət və ad-sanına da, köhnə və yeni yazdıqlarına da şübhə edir.

Axırı nə oldu?

Qos-qoca xalq yazıçısı onluğa düşə bilmədi.

Yeri gəlmişkən, o vaxt nəvəsi yaşda uşaqlara uduzanlar arasında Seyran Səxavət də vardı.

İndi “Ədəbi azadlıq”ın siyahısına baxıram...

40 ildir ədəbiyyatla məşğul olan yazıçılar var Azərbaycanda... bütün məğlub siyahılarda görürük onları. Sizə deyim, az-çox istedadları da var. Yəqin düşünürlər ki, cəmiyyət onlara qarşı ədalətsizdir, başa düşülmürlər, qalmaqalla gündəmə gəlmədikləri üçün çox da oxunmurlar-filan. Ədəbiyyat həm də təsəlli yeridir. Mən özüm Kafkanın 9 kitabının satılması faktı ilə özümə azmı təsəlli vermişəm? Ancaq, inanın, heç bir səbəb özümüzü bu qədər urvatsız eləməyə əsas vermir.

Səmimi deyin, nəsrin bu qədər az yazıldığı Azərbaycanda hekayə müsabiqəsinin 20-liyinə düşə bilməyən və məğlublar siyahısından çallaşmış saçlarıyla boy göstərən sadədil yazıçını mən niyə oxumalıyam? Onu bu əndazəyə gətirən cılız hissləri 50 ildə tərbiyə edə bilməyən yazar mənə nə verə bilər? Bu qədər dinamik, çətin, problemli həyat yaşayırıq. Bu insanlardan heç vaxt, heç bir halda səs çıxmır. Nirvanadadırlar. Amma bu necə nirvanadır ki, adam ordan gumbultuyla “Ədəbi azadlıq”ın “bezdarnı”lar siyahısına düşür?

Adamın imkanı ola bu yazarların hamısına birinci yer ayıra və hərəsinin qoltuğuna bir noutbook verə. Bəlkə bundan sonra gözləri qapılardan yığışa.

Yekə kişisiz!

Eko siz yaşda olanda dünyanın təhsil sisteminə istiqamət verirdi və heç kim məni əmin edə bilməz ki, həmin vaxt onun heç bir maddi-mənəvi ehtiyacı yox idi.

Balacayıq, balacayıq, day bu qədər də yox!

Elə eləyin, heç olmasa mikroskopla görmək mümkün olsun sizi.

# 1180 dəfə oxunub

Müəllifin son yazıları

# # #