Orxan Pamuk Azərbaycana qarşı

Orxan Pamuk Azərbaycana qarşı
10 dekabr 2014
# 12:22

Orxan Pamuk yeni bir romanla oxucuların görüşünə gəldi: “Kafamda bir tuhaflık”.

Çoxdan bəri mətbuatdan, eləcə də Kulis.azdan sorağını aldığımız roman bu həftə ilk mərhələdə 150 min tirajla yayımlandı. Çap olunan gün yazıçını Kanal D-nin Ana xəbər bülleteninə dəvət etdilər. Aparıcı Cüneyt Özdemirlə Orxan bəyin çox maraqlı bir söhbəti oldu.

Əvvəlcə efir barədə

Müsahibəyə iki dəfə diqqətlə baxdım. Cəmi 7,44 dəqiqə çəkən bu söhbəti əslində sadəcə müsahibə adlandırmaq olmur. Həm reportajı vardı, həm araşdırması, həm nostaljisi, həm yumoru, həm də sosial-mədəni, hətta siyasi mesajları… Bir sözlə, heyran qalmamaq mümkün deyildi. Efirdə ciddi söhbətlər maraq doğurmur, reytinq gətirmir deyən adamlara ibrət idi. Söz yox ki, maraqlılıq dərəcəsi ilk növbədə Orxan Pamukun məşhurluğu ilə bağlıdır. Amma, biz nə vaxt belə bir təqdimat etdik də, tamaşaçı bəyənmədi?

Yetər ki, adamın içində kitaba, ədəbiyyata, min-bir məşəqqətlə fədakarcasına yazıb-yaradan gəncliyə sevgi olsun. Azərbaycan yazıçısını düşük şou proqramlara çağırıb alçaldan, xırdalayan televiziyalarımız gözünə su versin.

İndi veriliş barədə

Led ekranda kitabın iri şəkli görünür. Aparıcının stolunun üstündə isə indicə çap olunan, bəlkə yapışqanı hələ qurumamış kitabın özü var. Yazar, türk dünyasının ilk Nobel mükafatçısı Orxan Pamuk veriləcək suallara amadədir. Cüneyt Özdemir hər sualı ilə 12-dən vurur, yazıçı hər cavabı ilə! Nəfəs dərmək yadından çıxır adamın. Nə qədər səmimi, nə qədər gerçək, nə qədər həyati bir qonuşma!

Niyə məhz bozaçı? (Bilməyənlər bozaçı sözünün mənasına google-də baxsın lütfən) Niyə böyük yazar adi küçə satıcısını, özü demiş, 3 il yarım - 4 ilini alan böyük bir romana baş qəhrəman seçib? Orxan Pamukun cavabı böyük ədəbiyyatı Latın Amerikasında, mistikaya aludə olmuş çağdaş Qərb mövzularında axtaran miskin Azərbaycan yazıçısı üçün antivirus effektlidir: “Uşaqlığım keçən 60-cı illər İstanbuluna bir də bozaçı Mövludun gözüylə baxmaq istədim!”

Bunun üçün Nobel mükafatı alan yazıçı küçələrə düşüb, bozaçılarla söhbətləşib, onlardan material toplayıb. Hətta Boğaziçi universitetindən bir qrup da küçə müsahibələrini Pamuk üçün alıb.

Bozaçılıq Türkiyədə təkcə pul qazanmaq vasitəsi deyil. həm bir ənənə, həm bir ayindir. “Boza!” – deyə məhəlləni başına götürən səs bizim xlorsatanların səsi kimi əsəbə dəymir. Əksinə, insanlara xoş əhval bəxş edir. Xüsusən uşaqlara... Sosial vəziyyətindən asılı olmayaraq hər kəs bozaya xüsusi maraq göstərir və balacalara pul verib aşağı göndərir.

Kanal D də bozaçılarla, onların yanına qaçan şən uşaqlarla, 60-lara aid boza xatirəsi olan yaşlılarla qısa, ancaq unikal bir reportaj təqdim edir. Üstəlik, efirdə yazıçını bozaya qonaq edirlər.

Yenə İstanbul!

Orxan Pamuk yenə də hadisələrin məkanı olaraq İstanbulu seçdi. Sizcə bu şəhəri yaxşı tanıdığı, duya bildiyi, Orxan Vəli demiş, gözləri qapalı dinləməyi bacardığı üçün olmasın? Sizcə yazıçılar mövzusuna, üslubuna, hətta bəhs etdiyi hadisələr üçün seçdiyi məkana görə fərqlənərsə, bu daha maraqlı deyilmi? Dünyanı fəth edən bir yazar doğulub böyüdüyü şəhərdən, hətta onlara ən yaxın olan azərbaycanlıların belə mənasını lüğətdə axtardığı bir peşə sahibindən bəhs etməklə lokallaşmaz ki? Bəlkə, lokallıq-qloballıq təsnifatını mövzuya, hadisələrin baş verdiyi məkana görə aparmaq doğru deyil? Məncə, uğurun qızıl açarı əsərdəki insanda, onun yaşadığı məkanda deyil, yazıçının qafasındadır.

Orxan Pamuk, elə bil, Azərbaycanın çağdaş ədəbi mənzərəsini alt-üst etmək üçün çıxmışdı efirə.

Siyasət söhbəti və Ərdoğan

Cüneyt Özdemir bu 7 dəqiqədə Pamukun Nobel öncəsi məşhur soyqırım açıqlamasından da bəhs edə bildi. Pamuk “Canımı yaxşı qurtara bildim. Öldürmədilər...” – söylədi. Eyni zamanda bu fikirlərinə görə peşiman olmadığını belə əsaslandırdı: “İnsan gerçəkləri söylədiyinə görə heç vaxt peşman olmur!” Sadəcə, yanına, türkün sözü, bunu da əklədi ki, ola bilsin, fikirlərimi daha yumşaq şəkildə, insanları qıcıqlandırmadan deməli idim.

Daha bir sual Ərdoğanın Nobellə bağlı fikirləri ilə bağlı idi. Videomaterial təqdim edildi. Cümhurbaşqanı zala xitabən söyləyir: “Nobelin obyektiv bir mükafat olduğuna inanırsınızmı?”

Pamukun videomateriala münasibəti bir az ironik oldu. Bildirdi ki, 2006-cı ildə Nobel alanda Ərdoğan Türkiyədən ABŞ-a zəng vurub onu təbrik edib, xoş sözlər söyləyib. “Yəqin ki, unutmayıb!” – sözləri ilə söhbətə nöqtə qoydu.

Verilişi izlədiyim hər iki dəfədə də içimdən yalnız bircə sual keçdi: Bu qədər materialı 7 dəqiqəyə necə sığışdırıblar?

Bəlgəsəlmi izlədik, lan!

# 1440 dəfə oxunub

Müəllifin son yazıları

# # #