Oğlunun qanpulundan rüşvət verən şəhid anası

Oğlunun qanpulundan rüşvət verən şəhid anası
10 iyul 2021
# 08:32

İstər müharibə, istərsə də postmüharibə dövründə ləyaqətsiz hərəkətlər edən insanlar çox olub.

Onlar müharibənin gətirdiyi alışılmamış vəziyyətləri fürsət biliblər. Döyüşlərdə həlak olan fransız əsgərlərin üst-başını soyub özünə şəxsi biznes quran Tenardye, çox yəqin, müharibənin yaratdığı qeyri-insani şəraitdən sui-istifadə edənlərin ən dəhşətlisidir. Söhbət “Səfillər” romanının məşhur qəhrəmanından gedir. O, nə qədər də romantik təxəyyülün məhsulu olsa, oxucunu öz mövcudluğuna inandırır. Təsəvvür edin, dünyanın bütün ölkələrində bu romanı oxuyublar və hər kəs Tenardyenin gerçəkliyinə inanıb. Deməli, tenardyelik bütün dünyanın bəlasıdır.

Məhəmməd peyğəmbər Məkkənin fəthini cihadi-səğir, yəni balaca cihad, insanın öz nəfsi üzərində qələbəsini cihadi-kəbir, yəni böyük cihad adlandırırdı. Bütün tərbiyəvi məzmunu ilə yanaşı bu müqayisədə tenardyeliyə gizli bir haqqqazandırma da var. Adam durub deyə bilər ki, cihadın böyüyündə məğlub olmuşam, kiçiyinə görə məni suçlamayın.

Bəlkə, bu söhbətləri bildiyim və insanlığın bu sayaq erroziyası haqda çox düşündüyüm üçün şəhid ailəsindən pul alıb yalançı çəkiliş aparan “həmkarımız” haqda eşidəndə çox da həyəcanlanmadım. Hətta öz balasının qanpulundan rüşvət verən biçarə anadan çox onu istəyən və alan binəvaya yazığım gəldi. Məncə, bu, tenardyeliyin yeni – Azərbaycanvari təzahürüdür. Yalnız rüşvətə hörmət deyən cəmiyyətlər vəziyyətin bu həddinə gəlib çata bilər; kiməsə “hörmət eləməyi” o qədər təbii sayır ki, şəhid anasından, şəhidin qanpulu köçürülən kartdan alınması belə onun mənəviyyatına toxunmur.

İnsanı bu mənada dişə bənzətmək olar. Çürüməyə başladıqca ağrıyar, çürüntü müəyyən həddə çatanda içindəki sinir keyiyər, ağrını hiss etməz. Bundan sonra dişin tamamilə məhv olub sıradan çıxma mərhələsi başlar.

Heysiyyət də yox olub gedəndən sonra insanın mənəvi ölümü başlayır və məncə, bu, ölümlərin ən dəhşətlisidir.

Diş içindənmi çürüyür, çölündənmi?

Hər ikisi!

Dişin çürüməsində başqa orqanların, ümumən orqanizmin rolu var?

Var!

Şübhəsiz, hüquqi ölçü götürülməli, lazımı cəza verilməlidir.

Lakin mənə görə, yalnız nəticələrlə mübarizə aparmaq cəmiyyətdə əsaslı dəyişiklik yaratmır. Bu mənada, problemin böyüyü hansısa heysiyyətsizin şəhid anasından pul almasından çox, buna yol açan eybəcərliklərin cəmiyyətdə normaya çevrilməsidir.

Bayaq adını çəkdiyim Tenardye obrazının yaradıcısı Viktor Hüqo da elə həmin əsərində mən deyənin peşindədir. O, Çingiz Abdullayevdən fərqli olaraq günahkarı axtarmır, Jan Valjanı iblisə və mələyə çevirən səbəblər haqda düşünür, düşündürür...

Mən insani həssasiyyətlə anlayıram ki, rüşvəti hamıdan alınsa da, şəhid ailəsindən alınmamalıdır.

Qanun da belə deyirmi?

Demir!

Çünki qanunun emosiyası yoxdur.

İkili davrana bilmir.

Heç kimdən alma deyir!

Heç kim almasın deyir!

Səmimi etiraf edirəm, Real TV-də Mir Şahinin bəhs etdiyim məsələ ilə bağlı reportajına baxanda məni ən çox təsirləndirən şəhid övladının qanpulu kartından hansısa dələduza 100 manat ödəyən qadının danışığındakı bu nüans oldu: “280 manatla yaşayan adamam...”

O qadını dələduz jurnalistdən əvvəl kimsə və ya kimlərsə daha ciddi aldadıb deyə bir hiss keçdi içimdən.

Allah şeytana lənət eləsin!

# 4525 dəfə oxunub

Müəllifin son yazıları

# # #