Nənəsi şal örtən, qızı şort geyinən dostum

Nənəsi şal örtən, qızı şort geyinən dostum
5 mart 2021
# 11:44

Kulis.az Şərif Ağayarın “Cəmiyyətin özülü ailədirmi?” yazısını təqdim edir.

Bu gün İctimai televiziyanın səhər efirində qonaq idim.

Mövzu müasir ailə modeli...

Efirdəcə fikirlərimin diqqət çəkdiyini görüb, bir balaca genişləndirərək yazmaq istədim.

Ailədaxili münasibətlər həmişə aktualdır. Xüsusən, karantin və müharibə dönəmində Azərbaycanda bu mövzu daha çox diqqət mərkəzinə gəldi.

Digər yandan, Qərb və Şərq ailə modelləri arasındakı ziddiyyətlər bizim ölkəmizdə qovuşur. Materiklərin və müxtəlif dinə məxsus ölkələrin sərhədində yerləşmək də öz təsirini göstərir.

Bir sözlə, ailə münasibətləri mövzusunda qazanımız həmişə qaynayır və təəssüf ki, bu qazanın içindən bəzən qətllər, intiharlar, faciəvi boşanmalar çıxır.

Yol yox, yollar ayrıcında nə etməli?

Danmaq olmaz ki, artıq şəxsən mənin heç vaxt arzu etmədiyim radikal feminizm cəmiyyətimizə çox ciddi şəkildə nüfuz etmək, ata-qız, ər-arvad, bacı-qardaş münasibətlərinə nəinki təsir etmək, hətta onu dəyişdirmək iqtidarındadır.

İş o yerə çatıb ki, bəzi xanım dostlarımız boşanmaların sayının artmasını mütərəqqi hal hesab etdiyini yazır və sosial şəbəkələrdən ciddi dəstək alır. Onlar tam haqsız da deyil, lakin ailə kimi həssas və intim bir instituta bu cür inqilabi yanaşmaq, zənnimcə, bizə faydalı nəsə verməyəcək.

Qərb meylli Azərbaycanda ailə münasibətləri liberal dəyərlər istiqamətində irəliləməkdədir. Bu, qaçılmaz reallıqdır və başqa alternativ yoxdur. Lakin bu dəyişməni biz tədrici proseslə yaşamalıyıq. Qaçılmaz dəyişiklik onsuz da gerçəkləşir. Xırda bir misal deyim. Keçən əsrin əvvəllərində Parisdə ilk şalvarlı qadın küçəyə çıxanda hamı onun başına yığışıb maraq və heyrətlə tamaşa edib. Qadın qorxusundan divarlara sıxıla-sıxıla evinə qaçıb.

Bu hadisədən təxminən 60-70 il sonra Moskvada yaşayan rus maneken Avropa səfərindən danışaraq şikayətlənir: “Paris qəribə yerdir, mən orda lüt küçəyə çıxdım, hamı ayaqqabılarıma baxırdı!”

Olmasın rus maneken, olsun mənim yaxın dostum Zaur. Onun nənəsini heç vaxt başaçıq görməmişəm. Həmişə iri, güllü şal örtür, küçəyə çıxanda ağzını tuturdu. Ərinin ayaqlarını yuyurdu. Zaurun xanımı müəllimədir. Saçlarını kəsir. Başıaçıq gəzir. Əri ilə bütün mövzularda açıq müzakirələr aparır, kifayət qədər sərbəstdir, iqtisadi asılılığı yoxdur. Ərinə həmişə belə deyir: sevgi bitəndə ayrılarıq, nə özümə, nə sənə sevgisiz həyat arzu etmirəm! Zaurun qızı isə uşaqlıqdan şort geyinir. Böyüyəndə də geyindi. Saçlarını gah qırmızı, gah göy rəngə boyayır. Bu yaxınlarda isə Facebook hesabında ilişkidə olduğunu qeyd edib.

Zaurun evində nə baş verir?

Əxlaqsızlıqmı?

Əlbəttə, yox!

Bu, zamanın diktəsi ilə baş verən təbii prosesdir və əminəm ki, Zaurun nənəsinin nənəsi nəinki şal örtür, çadraya girib, rübənd taxırmış.

Nəsillər arasındakı zahiri fərq o qədər şərtidir ki, birini pisləyib, o birinə üstünlük vermək məsələyə birtərəfli yanaşma olar. Söhbət yaxşıdan-pisdən getmir, söhbət insanın içindən gəldiyi kimi yaşamasından gedir.

Əgər Zaurun nənəsi gəlininə, gəlini öz qızına qarşı ifrat mühafizəkar yanaşsaydı, tərəflərin bir-birinə nəzərən “güzəştli” addımlar atması zərurətə çevriləcəkdi. Əks halda partlayış qaçılmazdır.

Təcrübəyə dayanaraq belə düşünmüşəm: nə qədər ailə var, o qədər açılmamış mücrü var. Dünyanın ən ciddi təşkilatları ən ciddi mütəxəssisləri cəlb etsə belə bir ailənin intim dünyasını axıracan çözə bilməz. Burda qoxudan tutmuş, soyuducudakı yumurtaların sayına qədər ilk baxışdan nəzərə çarpmayan detallar münasibətlərin aqibətinə öz təsirini göstərir.

Ona görə də optimal çıxış yolu ziddiyyətli məsələlərə soyuqqanlı baxışdır.

Məsələ həm də savad və dünyagörüşündədir.

Mən gerçək bir intellektualın partlayış effektli addımlarının, demək olar, şahidi olmamışam.

Gerçək bir intellektual ən inqilabi addımında da alqoritmləri dürüst hesablaya bilir. Nəticədə, nə yaxınlarında, nə uzaqlarında qıcıq doğurmur və ya az doğurur...

Azadlıq dərk olunmuş zərurətdirsə, bu, ilk növbədə qafadan başlamalıdır.

Qafa azad olmadan, arxamızı açırıqsa, partlayış qaçılmazdır.

Çağdaş dünyamızda sovetlərin məşhur tezisi işləmir. Bu gün ailəni dövlətin kiçik modeli və cəmiyyətin özülü kimi götürmürük. Daha çox fərdlər üzərinə fokuslanırıq. Bu, nə deməkdir? Cinsi oriyentasiyasından və ailə vəziyyətindən asılı olmayaraq, hər kəs vətəndaşdır və bizimlə bərabər haqq və hüquqlara sahibdir. Demək, dövlətin və cəmiyyətin özülündə ailə yox, fərd özü dayanır. Bizim qızımız, xanımımız, sevgilimiz hər şeydən öncə bir ölkənin vətəndaşdır və onun hüquq və azadlıqları qanunla qorunur.

Deyəsən, hər şeydən əvvəl dərk etməli olduğumuz zərurət budur.

# 3892 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #