Cəhənnəm aşığı

Cəhənnəm aşığı
21 avqust 2012
# 08:00
Daşkəsən təəssüratlarımdan (3-cü yazı)

Xoşbulaq kəndinin mərkəzindəki kafe və restoranlarda qalifey şalvarlı, qayış toqqalı, buxara papaqlı bir aşıq hərlənir. Adı Hüseyndir. Aşıq Hüseyn! Yaxasından sovetdənqalma kirli bir orden asılıb. Çox güman ki, o dövrün beşillik planları çərçivəsində keçirilən müsabiqələrin birində alıb. İndi də fəxrlə ürəyinin üstündə gəzdirir. Həm də o, bununla gündüz axşamacan o kafe sənin, bu restoran mənim fırlanıb ağzına gələni çalıb oxuyan, sərxoş müştərilərin məzə üçün atdığı 50 qəpiyin arxasınca əl tulası kimi yüyürən dıydıq aşıqlardan olmadığını diqqətə çatdırır. Allahüçünə Aşıq Hüseynin özünə görə görünüşü və sanbalı var. Ancaq, sənətin dəli köhləni bu dünyagörmüş kişiyə üzəngi verməyib ki, verməyib. Yaxınlığına buraxmayıb heç vaxt! Di gəl, təşəxxüsünü əldən vermir Aşıq Hüseyn. Odur ki, bir dəfə Daşkəsənə köçən sərxoş laçın qaçqınlarından birinin atdığı sözə çox sərt cavab verdi:

Sərxoş qaçqın: “A kişi, bu nədi, nə vaxt gəlirəm bura, elə sazı yalandan dınqıldadırsan: “Xoşbulağa xoş gəlmisiz, Xoşbulağa xoş gəlmisiz!” Mən bilən sazda 72 hava var, başqasını bilmirsən?”

Yeyib-içib buğlanan müştərilər, arıq xidmətçilər, hətta qarnı yoğunlamış əlahəzrət kafe müdiri yerində donub qaldı. Dağdan ağır kişiyə belə sözmü söyləmək olar? Aşıq Hüseyn bir anlığa sazını susdurub qoltuğunun altına keçirdi. Zəndlə sərxoş qaçqını gözdən keçirib buyurdu: “Mən indiyə qədər elə bilirdim, torpaqlarımızı erməni alıb, amma indi anladım ki, onu sənin kimi nadürüstlər satıblar!”

Sərxoş qaçqın ağzındakı kabab tikəsini tələsik çeynəyib uddu və ayağa qalxıb qollarını ölçə-ölçə söylədi: “Düz deyirsən, mənim kimi nadürüstlər torpağı satdılar, amma sənin kimi mənasız aşıqlar bütün Azərbaycanın mənəviyyatını ayağaltı elədilər!”

Kafe müdiri söhbətin qəlizləşdiyini görüb tez araya girdi, müştərini sakitləşdirdi, aşığın əvəzinə ondan, onun əvəzinə aşıqdan üzr istədi. Aşıq Hüseyn usta tərpəndi, araya Ələsgərin şeiri girincə, laçınlı sərxoş qaçqın tamamilə ram oldu:

Həsənnənə, Həsənbaba qoşadı,
Xoşbulaq yaylağı bir tamaşadı.
Arsız aşıq elsiz necə yaşadı,
Ölsün Ələsgərtək qulların dağlar!


Əslində laçınlı qaçqının – mənim ərköyün həmyerlimin hardasa haqqı vardı. Sadəcə, sərxoş olduğundan bir az fikrini tərsavand demişdi. O, Aşıq Cabbara qulaq asmışdı axı. Əsl sənətin, əsl ifaçılığın nə olduğunu bilirdi.

Bizim kənddəndir Aşıq Cabbar.

Laçın təzə dağılan ili Daşkəsənin atkeçməz postlarının birində maşınını saxladırlar, sənəd-sünədinə baxırlar, gəlmə olduğunu görüb bir az ələ salmaq istəyirlər. Birdən baxırlar ki, maşının arxa oturacağında qara futlyorun içində saz var. Aşıqsanmı? Bəli. Bizə bir hava çal, sənə yaxşı yol! Cin vurur Cabbar müəllimin təpəsinə. Deyir, mən sizin üçün çayxana aşığı-zadam, yolun ortasında saz çalam?! Başıpozuq hərbçilərdən hansısa avtomatı ayağa verib ona tuşlayır: “Nə yekə-yekə danışırsan, a kişi! Sənə dedilər saz çal, nağıl danışma!”

Yurdundan-yuvasından bezdiyi kimi canı da umurunda olmayan sənətkar hərbçinin üstünə dartınır: “Tüpürüm sənə də, sənin silahına da! Ki, onu erməniyə yox, elin sənətkarına tuşlayacaqsan!”

O biri hərbçilər araya girir, məsələni birtəhər yoluna qoyub aşığı yola salırlar.
Cabbar müəllim Daşkəsən yaylaqlarının birində açıq havada “Dubeyti” havası çalırmış. Məlumat üçün deyim ki, bu hava üstündə Aşıq Əmrahla Aşıq Kamandar Səməd Vurğunun məşhur “Dağlar” gəraylılarını oxuyublar. İfa o qədər mükəmməl alınıb ki, indi bu havaya eləcə “Dağlar” deyənlər də var. Həmin hava tezliklə öz doğma dağlarını itirib Daşkəsənə pənah gətirən laçınlıların, kəlbəcərlilərin himninə çevrildi. Odur ki, “Dubeyti”ni bu rayonların sakini olan aşıqlar daha gözəl və daha ürəkdən oxuyurlar.

Cabbar müəllimin də lap kövrələn vaxtına düşüb “Dubeyti” havası. Xalları, gülləri ilmə-ilmə sökən aşıq zil pərdələrdə gəzişəndə qəflətən yaxınlıqda otlayan at başını qaldırıb kişnəyir. Birdən-birə havanın zil pərdələrdəki səsi ilə atın səsinin üst-üstə düşdüyünü hiss edən Cabbar müəllim ifasını saxlayır və gözlərindən yaş süzülür. Bəzi adamlar bu hadisənin təsadüf olduğunu söyləyib üstündən keçirlər, bəziləri Cabbar müəllim kimi təsirlənir...

Amma, bu hadisə Alaxançallı kəndi yaxınlığında bir də təkrarlanır. Eyni hava, eyni pərdələr və başqa bir at kişnəyir. Bu dəfə heç kəsin deməyə sözü olmur.
Cabbar müəllim təkcə atları deyil, adamları da kişnətməyi bacarır. Nə olsun səsləri eşidilmir. Quzu kimi mələyən ürək at kimi kişnəyə də bilir. İllah da o boyda vətən itiribsə...

Daşkəsəndən və aşıqlardan söz salmışıqsa, Qəmli Musanın adını hökmən qeyd eləməliyik. Onun haqqında çox eşitmişdim. Evi yanıb, bir neçə uşağını xilas edə bilsə də həyat yoldaşını və bir övladını alovlara qurban verməli olub. Sonra namus üstündə adam öldürüb, tutulub. Atasız, anasız qalmış uşaqlarını qardaşına şeirlə tapşırıb.

Tale elə gətirdi ki, Xoşbulaq yolunun altında, çayın qırağında yerləşən Narzan bulağının üstündə Qəmli Musa ilə görüşdüm. Onu belə təsəvvür etmirdim. Qarşımda sarıyanız, balacaboy, sifətində və qollarında yanıq yerləri olan gülərüz bir adam dayanmışdı. Ustadı Aşıq Məhəmməd də burda idi. Çaldıq, oxuduq, şeir dedik, hətta arada Musa kövrəlib ağladı da! Saz köpəyoğlu şeydir!

Adını çəkdiyim və çəkəcəyim Daşkəsən aşıqları ilə Laçın aşıqları arasında qəribə bir dostluq, qardaşlıq var. Buna sevinməyə bilmirsən. Onlar həvəslə biri-birindən nəsə öyrənirlər.

Ustad sayıla biləcək aşıqlardan biri də Aşıq Mürvətdir. İki gözündən də məhrum olan bu el sənətkarı Daşkəsənin Qabaqtəpə kəndindəndir. Gözəl ləfzi, ürəyə yatımlı səsi, kədərli zəngulələri var. Həm də çox baməzə kişidir. Bir dəfə özü haqqında maraqlı bir söz işlədib. Deyib, ə kişi, əslində mən cəhənnəm aşığıyam. Soruşublar, ustad, bu nə sözdü deyirsən? Deyib, babat adamlar ürəyi istəyən aşıqları tapmayanda deyirlər, cəhənnəm, gedin Mürvəti gətirin!

Bu qədər. Sizinlə gözəl bir “Müxəmməs” havası üstündə sağollaşıram. Elə Daşkəsənlə də!
# 3553 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #