Nəriman Qasımoğlu: “Quranda uçan boşqablar da var”

Nəriman Qasımoğlu: “Quranda uçan boşqablar da var”
30 aprel 2015
# 07:30

Kulis tanınmış şərqşünas, “Qurani-Kərimin” tərcüməçisi Nəriman Qasımoğlu ilə Quran və Ədəbiyyat mövzusunda müsahibəni təqdim edir.

- Bir dostum deyir, dünyada elə böyük əsər yoxdur ki, ilahi tekstlərə xitab eləməsin... Bu fikirlə razısız?

- Tamamilə razıyam. Bizdə obraz yaratmaq sistemindəki qeyri-aid istedadına görə həmişə Füzulidən danışırlar. Oxuyanda həqiqətən də valeh olursan ki, iki misrada həm təsvir verir, həm fəlsəfi fikir deyir, həm şeiriyyət çox yüksək səviyyədədir, həm də qeyri-adi ümumiləşdirmələr aparır. Sizə deyim, Füzuli bu üsulu Qurandan öyrənib. Məsələn, deyir, gülü rüxsarına qarşu, gözümdən qanlı axar su, həbibim, fəsli güldür bu, axar sular bulanmazmı? Niyə bulanır?

- Meracı təsvir edir?

- Yox, adi təsvirdir. Mən mənanı bir kənara qoyub, obraz yaratma mexanizmindən danışıram. Üz-üzə dayanıblar, onun əksi düşür bura, ona görə göz yaşı bulanıq görünür. Quranda da adi təsvirlər gedir, ancaq sonra görürsən ki, bu təsvirin arxasında çoxlu mənalar var. Füzulini böyük şair kimi yetişdirən Quran mətnlərindəki obrazlılıqdır.

- Şərq şairlərinin bir çoxunu: Nizami, Hafiz, Sədi...

- Nizami Gəncəvi bir qədər fərqlidir. Həm də onu orijinalda oxuya bilmirik deyə, danışmaq çətindir. Minacat, nət Nizamidə də var, təbii... Ancaq obraz yaratmaq texnikası Füzulidə daha açıq görünür. Nəsimidə də var.

- Mövzunu Şərqlə qapamaq istəməzdim. “Hamleti” götürək. Göylər Hamletə bircə cümləlik həqiqət pıçıldayır, o boyda krallıq, hətta Hamletin özü bu bircə cümləlik həqiqətə tap gətirmir. Adamlar hər cür oyunlardan çıxır, ancaq doğruları qaldırmaq iqtidarında deyil.

- Bəli. Bəli. Başlanğıcda söz idi...

- Bu artıq İncildir...

- Quranda da eyni kontekst var. Dünya bircə kəlmədən yarandı.

- İlham məfhumuna münasibətiniz necədir? Sizcə varmı belə bir şey? Düşünənlər var ki, yaradıcılıq prosesi beynin içində gedir, bunun kənarla, kosmosla heç bir əlaqəsi yoxdur.

- Quranda bir ayə var: “Sənə şah damarından yaxınam”. Beyində gedən prosesin Tanrıyla bağı yoxdurmu?

- Söhbət ilhamın kosmosa bağlı olub-olmamasından gedir. Bu bağ varmı sizcə?

- Əlbəttə var. Ətraf mühit bütövlükdə informasiya sahəsidir. Ordan insana nələrsə gəlir. O sahənin hakimliyi kimin əlindədi? Əlbəttə, böyük yaradıcı gücün. O sahədən sənə nələr ötürülür, necə ötürülür, bu artıq mübhəm sirlərdir. Amma mən əminəm ki, yaxşı işlərdə vəhj payı mütləq var.

- Vəhyi ilhamdan yuxarı hesab edirlər. O, peyğəmbərlərə gələndir, deyirlər.

- Elə deyil. Musa peyğəmbərin anasına da vəhy gəlib. Arıya da vəhy gəlir.

- Arı?

- Bəli, “Arıya vəhy elədik ki... filan...” Təbiətdə bu var. Təbiətdə olanı təbii qəbul etməliyik. Ətrafımızdakı informasiya mühitindən hamıya vəhy gələ bilər. Təbii, əgər biz o kanalı bağlamamışıqsa. Kanal o zaman bağlanır ki, insan tamamilə çirkabın içinə batır.

- Sizcə nəyə görə, ədəbiyyatda islam peyğəmbərinə İsa qədər prototip yaranmadı? Məsələn, Don Kixot, Jan Valjan, Knyaz Mışkin, Hamlet hardasa bir az İsa Məsih idilər.

- İlsam peyğəmbərinin də obrazı var. Dante “İlahi komediya”da mənfi obrazını yaradıb.

- Cəhənnəmdə təsvir edib...

- Cəhənnəmdə təsvir edib və məqsəd bəllidir. Müsbət mənada ədəbiyyatda yer almamasının səbəbi isə, düşünürəm ki, şəriətdəki qadağalarla bağlıdır. Rəsmini çəkmək olmaz, aktyor oynaya bilməz və s. Düşünürəm ki, belə olmamalıdır. Mədhiyyələr var, amma təsvir, obraz yoxdur.

- İranda rejissor Məcid Məcidi təzə film çəkib, Məhəmməd peyğəmbər görünür... Amma uzaqdan...

- Niyə də olmasın?!

- Bəlkə, Məhəmməd həm də sərkərdə olduğu üçün ədəbiyyatda elə də obrazlaşa bilmir.

- Sərkərdənin də obrazı var. Sərkərdə kimi yaratsınlar.

- Şəriət icazə verərmi? Sərkərdə Məhəmməd...

- Yazırlar onu. Döyüş paltarı geyinib döyüşə atılmasını yazırlar. Orda elə bir qadağa yoxdur.

- Nitsşenin “Antixrist” əsəri haqda fikriniz necədir? İsaya açıq şəkildə həqarət edir. Təxminən yazır ki, onun humanizmi təhlükəlidir. Humanizmə qarşı insan iradəsini qoyur.

- İsa Məsih böyük bir sima olaraq Şərq ədəbiyyatına da təsir edib. Bizim Məcnun obrazı da ona bənzədilir. İsanı mənfi planda niyə verib, məqsədi nədir? Təəssüf, əsəri oxumamışam, ona görə bir söz deyə bilmərəm. Quranda peyğəmbərlərin adı çəkilir, işlətdiyi günahlar haqqında xəbərdarlıq edilir. Peyğəmbərlərin də günahları var. Bunun mənası odur ki, peyğəmbərləri ilahiləşdirmək lazım deyil. İsa Məsih yeganə peyğəmbərdir ki, Quranda da onun tənqidi yoxdur.

- Peyğəmbər və günah?

- Elədir. Məsələn, Musa peyğəmbər adam öldürür. Özü də günahsız adam... Məhəmməd haqqında yazır ki, sən azmışdın, səni düz yola gətirmədikmi?

- Sizcə nə nəzərdə tutulur?

- Çox şeylər var. Misal üçün, sənin yanına bir kişi gəlmişdi, qaş-qabaq salladın, varlı adam olsa belə eləməzdin. Vəhylə hədələyir peyğəmbəri və təbii, peyğəmbər də öz hesabını götürür. İsa Məsih haqqında belə bir ayə yoxdur. Nitsşe hardan tənqid edir, bilmirəm. O ki qaldı humanizm məsələsinə, bilirsən, bu hardan əmələ gəlir. İsa deyirdi, bir üzünə vursalar, çevir, o birinə də vursunlar. Deyirlər, bu düşüncə zülmün yayılmasına şərait yaradır. Quran bu fəlsəfəni xeyli açır...

- Axı Məhəmməd belə eləmədi. Məhəmməd şillə vurana şilləylə cavab verdi.

- Cavab verdiyi də oldu, cavab vermədiyi da. Məkkəni fəth edəndə nə qədər adamı bağışladı. Quranda deyir, pisliyə yaxşılıqla cavab ver. Amma izah yeri də qoyur: bu, böyük insanların işidir, sıravi adamların deyil. Hamı belə davransa, zülm artar. Böyük insanın bu əməli, yaxşılığın coğrafiyasını artırır. İsanın bu müraciəti yanındakı 12 apostoladır, sadə insanlara deyil. Xristian teoloqları bunu xalqa müraciət kimi təfsir etməkdə səhvə yola verərlər və fikir ifrat humanizm kimi meydana çıxır. Quranı bilsələr bu səhvi eləməzlər. Nitsşeni bu mənada maraqlı təhlil eləmək olar.

- Martin Skorsezenin bir filmi var: “İsanın sonuncu tamahı” Burda şeytan İsanı çarmıqdan azad edir. O, bir fahişə ilə evlənib oğul-uşaq sahibi olur, adi, sıradan ömür yaşayır. Amma sonda peşman olur, anlayır ki, ən doğru olan öz missiyasını yerinə yetirmək, yəni çarmıxda ölüb qeybə çəkilməkdir. Bu cür mövzularda yazmağa necə baxırsınız?

- Məncə olar. Peyğəmbərləri göyə qaldırmaq yox, insanların yanına endirmək lazımdı. Görsünlər ki, təmiz yaşamaq fantastika deyil, realdır.

- Ateist yazıçılarla aranız necədir?

- Elə bir problemim yoxdur. Müzakirələr də edirik, bəzən. Onların öz düşüncəsi var, mənim öz.

- Dindar həkimlə necə?

- Həkim dindar ola bilər. Savadsız həkim dinlə manipulyasiya edirsə başqa...

- Sizcə, ateist yazıçı gülməlidi, yoxsa dindar həkim?

- (Gülür) Hansı daha çox ziyan gətirərsə... Hər halda həkim. Yenə deyirəm, dindar yox, dindən sui-istifadə edən. İbn Sina da dindar idi. Yazıçı ateist də ola bilər. Ancaq, açığını deyim ki, ateist yazıçının böyük ədəbiyyat yaradacağına inanmıram.

- Allahın varlığını kiməsə sübut eləmək istəyəndə həyəcanlandığınız olubmu?

- Yox. Belə bir kompleksim yoxdur.

- Dostoyevski hansısa mübahisədə əsəbiləşərək “Allah var! Var! Var!” – deyib və epilepsiya keçirib...

- Çox əsəbiləşib yəqin (Gülür). Məndə belə bir kompleks yoxdur. Bilmir, bilməsin. Ateistlə söhbət mənim üçün çətin deyil.

- Adətən savadlı olurlar.

- Bəzən, görürsən ki, çox primitivdirlər. Savadsız ateist dalaşqan olur. Onlarla çətindir.

- Dindarlar daha dalaşqandır.

- Dindarlar arasında da var, bəli. Savadlı ateistlə danışmaq asandır. Məsələn, son Nobel üç nəfərə qalaktikaların genişlənməsini kəşf etdiyi üçün verildi. Ateist fizikə deyirəm: buyur, Quranda var. Və o təəccüb edir.

- Yeri gəlmişkən, bir alim demişdi ki, yer fırlanmır və bunu quranla əsaslandırmışdı. Sizcə necədir? Yer Quranda fırlanır, ya yox?

- (Gülür) Bu biabırçılıq idi (yenə gülür). Quranda konkret belə bir ifadə var: and olsun yerə və onu yuvarlaq yapana.

- Bəs fırlanması?

- Hər bir şey öz orbitiylə axındadı, hərəkətdədi. Müvafiq ayələrin hətta hərfi tərcümələrində də yerin fırlanması göstərilib.

- Bir dəfə belə bir söhbətinizi də eşitdim. Quranda uçan boşqablar haqqında nəsə varmış...

- And olsun ki, siz mütləq boşqabdan boşqaba minəcəksiniz... Hərfi tərcümə belədir. Burdakı “Minmək” feilinin başqa mənası yoxdur. Ona görə ayədəki “Tabaka” sözü “Lay”, “Təbəqə” kimi işlənə bilməz. Təbəqədən təbəqəyə necə minmək olar? Ona görə “Tabaka” sözünü “Boşqab” kimi tərcümə etmək daha doğrudur.

- Sizcə Füzulu niyə deyirdi: “Könül, səccadəyə əyilmə...”

- Füzuli böyük dindar idi. O, bunu deyirsə, demək ətrafındakı yalançı abidlərdən danışır.

- Bəs niyə şiə təriqətində şeirlər daha çoxdur? Məsələn, digər 3 əşrəf xəlifəni bu mənada İmam Əliylə heç cür müqayisə eləmək olmur.

- Şərqdə ədəbiyyat mahiyyətcə faciəyə, faciə ovqatına meyllidir.

- Dünya ədəbiyyatında da əksər böyük əsərlər faciəvidir.

- Elədir, hə. Faciə məqamı ədəbiyyata yaxşı material verir. Məncə, bu ifrat kədərin də yeri yoxdur. Deyəsən, bu qənaəti məndə Quran formalaşdırıb. Tarazlıq pozulmamalıdır. Belə olsa daha böyük ədəbi nümunələr yaranar.

- Bəlkə adamların əlacı yoxdur...

- Anlayıram. Quranda huzur və sakitlik var. Bunu ədəbiyyata tətbiq etmək olar. Məncə, Nizamidə mən deyən tarazlıq var.

- Sizcə, İblis olmasaydı, ədəbiyyat çox şey itirərdi?

- (Gülür) Əlbəttə. Ədəbiyyat dramatizm üzərində qurulur. İnsanın İblislə mübarizəsi olmasa həyatın mənası olmazdı. O, robota çevrilərdi. Bəzən, ateistlər Qurandakı “Allah istədiyi adamı yoldan çıxarar, istədiyini düz yola istiqamətləndirər” fikrinə ilişib istehza edirlər. Niyə hamını düz yola döndərmir? Məsələ budur ki, əmələ bağlı istək anlayışı var. Pis yoldasansa azacaqsan, təbii... Qurandakı linqvistiki incəliklər bəzi adamları çaşdırır.

- Seyid Əzim yazır:

Sənsiz ey arami-can, yoxdur həyatdan bir əsər,

Feil özün, fail özün, biz nə günahkar olmuşuq?

- İstedadlı bir şairin ərköyünlüyüdür və qəbulolunandır. Belə ərköyün ifadələr olur. Yaradıcılıqda normaldır.

- Umberto Ekonun “Qızılgülün adı” romanında rahiblər ortaçağ monastırında Aristotelin gülüş elmi haqqındakı əlyazmasını gizləyirlər, üstəlik zəhərləyirlər ki, heç kəs oxumasın. Çünki, gülüş şeytani şeydir, insanları imandan uzaqlaşdırır. Və biri-biri ilə mübahisə edirlər: İsa gülüb, yoxsa yox? Monastır İsanın güldüyünə inanan və inanmayanlardan ibarət iki cəbhəyə ayrılır. Siz necə düşünürsüz, İsa gülüb?

- Gülüb. İsa gülməyibsə, deməli insan olmayıb. Gülüş insan üçün təbii bir hərəkətdir.

- Din dövlətdən ayrıldı və Avropa bunun müsbət nəticələrini gördü. İndi dinin ədəbiyyatdan ayrılması prosesi gedir.

- Ədəbiyyatın dindən ayrılması nə deməkdi? Mövhumatdan ayrılırsa, yaxşıdır.

- Postmodern ədəbiyyat tanrı mərkəzçiliyini dağıdır, ikibaşlılıq, şübhəçilik gətirir.

- Aha. Ateist çalarlı... Böyük idealdan kənara çıxmaqla böyük ədəbiyyat yaranacaqmı? Bu, ciddi sualdır. Otuz il, qırx il maraqlı ola bilər, əsrləri aşa biləcəkmi? Şəxsən mən inanmıram.

- Divlər mağarada... Təpəgöz mağarada... Platon mağarada... Ordan Əshabi-Kəhf, burdan Hira... İsa da yeraltı məqbərədən yoxa çıxdı... Nədir bu mağaralar?

- Açığı bu barədə çox düşünməmişəm. Mağara sığınacaqdır, yəqin, ona görə...

- Bəlkə, mağaralar bütün səslər kimi Tanrının səsini də əks elədi?

- Bu, mənim üçün maraqlı yozum oldu. İndiyədək sığınacaqdan başqa ağlıma bir şey gəlməmişdi. Mağara qurtuluşdur. Tanrı da qurtuluşa çağırdı. Yozumunuzun məntiqi əsası var.

# 2880 dəfə oxunub

Müəllifin son yazıları

# # #