Aqil Abbasın dublyonkası necə oğurlandı?

Aqil Abbasın dublyonkası necə oğurlandı?
27 fevral 2014
# 08:45

Layihə-Ədəbiyyatın kulisi”

İmanımı yandıra bilmərəm, ya 90-nın axırları idi, ya 2000-nin əvvəlləri... Mən “Panorama” qəzetində işləyirdim. Redaksiyamız Aqil müəllimin rəhbərlik etdiyi “Ədalət”çilərlə eyni yerdə - “Azərbaycan” nəşriyyatının 6-cı mərtəbəsində idi.

Birdən mərtəbəyə hay-küy düşdü: “Aqil Abbasın dublyonkasını oğurladılar!”

Kim?

Harda?

Nə vaxt?

Bu, “başı ətlənən” kim idi ki, ger-geniş dünyada gəlib Aqil Abbasa ilişmişdi?

Xəbərə gülən də oldu, pis olan da, hirslənən də, qüssələnən də!

Amma Aqil müəllimin vecinə deyildi heç nə!

Açığı, adamların arasında güləş çöhrəsini görəndə yenicə yaxından tanımağa başladığım bu məşhur qələm adamını dublyonkası oğurlanana oxşatmadım...

Az keçməmiş hadisənin təfərrüatını öyrəndim.

Deməli, Aqil müəllim nəşriyyatın 6-cı mərtəbəsinin foyesində durub pəncərədən küçəyə baxa-baxa siqaret çəkirmiş. Həmin gün möhkəm qar yağmışdı. Bəlkə də o, qarın səssizliyinə tamaşa edir və bu səssizlik ona Allahı xatırladırmış... Elə bu vaxt əyni nazik, arıq bir uşaq ora-bura baxa-baxa yazıçını işə gətirən 07 markalı “Jiquli”iyə yaxınlaşır. Aqil müəllim 6-cı mərtəbədən nə qədər hay-haray salırsa, uşaq vecinə almır. Cəld maşının qapısını açır, yazıçının bahalı dublyonkasını götürüb aradan çıxır...

Həmin vaxt həmişə nəşriyyatın qarşısında var-gəl edən İlyas Ərnəfəs də gözə dəymirmiş. Allah bilir hansı yıxıq tikilidə ocaq çatıb özü üçün vurur, soyuğun dadını çıxarırmış. Amma, lap burda olsun, İlyasa nə etibar? Bilmək olmazdı oğru uşağın tərəfini tutacaqdı, yoxsa Aqil Abbasın...

Xülasə, Aqil Abbas uşağın dublyonkanı qoltuğuna vurub uca binaların həyətinə tərəf qaçdığını görəndə onun arxasınca bir-iki yağlı söyüş “tolazlayır”. Sonra yazıçını gülmək tutur! Əlini əlinə vurub başına toplaşanlara əhvalatı danışır.

Bir azdan sahə müvəkkili də daxil olmaqla beş-altı polis gəldi nəşriyyatın 6-cı mərtəbəsinə. Aqil müəllimdən xahiş etdilər ki, balaca bir ərizə yazsın, axtarış əməliyyatları dərhal başlasın.

Aqil Abbas etiraz etdi.

Bir az da söhbəti uzatmaq istəyəndə polislərə acıqlanıb onları redaksiyadan qovdu:

“Mən şikayətçi deyiləm!”

Açığını deyim ki, həmin ərəfədə orda yox idim, əslində heç marağında da deyildim. Amma Aqil Abbas redaksiya kollektivinin “Niyə şikayət etmədiniz ki?” - sualına verdiyi cavabı məmnuniyyətlə öz qulaqlarımla eşitmək istərdim:

“A kişi, tutaq ki, şikayət verdim, polis gedib o uşağı tutdu. Məlum olacaq ki, yetimin biridi... İmkanı olan özgə maşınından dublyonka oğurlayar?! Atası gələcək, anası gələcək, qohum-əqrəbası töküləcək bura, yalvaracaqlar ki, kömək elə, uşağı tutmasınlar. Mən bir dublyonkaya görə adam tutduranam? O da ki, uşaq ola! Məcburam xahiş eləyim! Day ondansa, bəri başdan bir dostuma deyərəm, mənə təzə dublyonka alar!”

Məsələ bununla da bitdi.

# 4082 dəfə oxunub

Müəllifin son yazıları

# # #