“Toy gecəsi”ndən babat pul qazandım”

“Toy gecəsi”ndən babat pul qazandım”
6 noyabr 2014
# 09:30

Kulis.az tanınmış yazar Samir Sədaqətoğlu ilə müsahibəni təqdim edir

- Necəsən? İşlər necədir? Təzə nələrlə məşğulsan?

- Hələ ki salamatçılıqdı. Başımı aşağı salıb işimlə məşğulam. Yazı-pozu, teatr, kino, müxtəlif səfərlər, tədbirlər, kitab redaktəsi... Nə bilim, işdən çox iş var. Çalışırıq həm nəsə eləyək, həm də beş-üç manat qazanaq. Qələm adamlarının gəlirinin nə səviyyədə olduğunu, o beş-üç manatı qazanmaq üçün nə qədər çalışdığını özün məndən yaxşı bilirsən.

- Həm də ssenari yazırsan. Dövlət seriallara yaxşı pul ayırır. Bu baxımdan maddi vəziyyətin pis olmamalıdır.

- Bizdə serial sektorunda ən ucuz iki işçi qüvvəsi varsa, onun biri ssenaristdir. Hamı yaxşı ssenari istəyir, amma heç kim yaxşı qonorar vermir. Bizim serial sektorumuzun ləng inkişaf etməsinin səbəblərindən biri də, bəlkə elə budur. Düzdü, mən ötən mövsüm yayımlanan “Toy gecəsi” bədii televiziya serialının ssenarisinə görə babat qonorar aldım. Ancaq bu da faktdır ki, “Toy gecəsi” mövsüm boyu rəsmi reytinq göstəricilərində birinci olurdu. İnternet vasitəsilə müxtəlif ünvanlarda üst-üstə milyonlarla izlənmə vardı. Ümumiyyətlə, “Toy gecəsi” Azərbaycanda indiyə qədər çəkilən və hazırda da yayımlanan seriallar arasında sırf serial bazarına aid bütün rekordlara imza atıb və hələlik bu rekordları yeniləyən olmayıb. Bu haqda mətbuatda da çox yazılıb. Bu uğurlarda ssenarinin də böyük rolu olduğunu kimsə danmaz. Hər bölüm efirdə yayımlandıqdan sonra, istər rejissor Yaşar Əhmədova, istərsə də mənə kimsə sosial şəbəkələr vasitəsilə, kimsə də zəng edərək soruşurdu ki, filan hadisə necə olacaq. Tam səmimi deyirəm, bu adamalar içərisində Azərbaycanın çox məşhur simaları, ictimai-siyasi xadimləri vardı.

- Türkiyədə serial mədəniyyəti tam oturuşub, amma bizdə alınmır, səncə bunun səbəbi nədir?

- Məgər Türkiyə bu səviyyəyə birdən-birə gəlib çıxıb? Orda da hər şey mərhələ-mərhələ olub. Axı, körpə doğulan kimi yeriyə bilməz. Yeriyənə qədər ona müəyyən qayğı, diqqət lazımdır. Ən azından ölkəmizdə serial bazarının formalaşması, bu sahənin ayaq tutub yeriməsi üçün dövlətin qayğısı vacibdir.

Dövlətimiz sağ olsun, bu qayğını-diqqəti göstərir. Düzdür, bu il hələ ki, dövlət tərəfindən serialların çəkilməsi üçün maddi vəsait ayrılmayıb. Söz yox, dövlət daim bu sahəni maliyyələşdirməyə borclu deyil, amma biz gözləyirik və inanırıq ki, bu vəsait bir müddət ayrılacaq. Çünki bayaq dediyim kimi, bizdə serial bazarı hələ formalaşmayıb. Ola bilər adi tamaşaçı bunu bilməsin və bilməyə borclu da deyil, amma mütəxəssislər yaxşı bilirlər ki, Türkiyə ilə Azərbaycanın serial bazarında çox fərqli mənzərə var. Şərtlər və şərait tamam başqadır. Zaman keçdikcə bu məqamlar araşdırılacaq, bir sıra məsələlərə aydınlıq gələcək, problemlər aradan qalxacaq. Biz bu sahədə təzəyik. Bizdə formalaşma prosesi gedir. Və bu proses boyu yaxşı rejissor, yaxşı ssenarist, yaxşı produser, operator, işıqçı və s. ələnib fərqlənməkdədir. Yəni bizdə hələ indi-indi seçim imkanları yaranır. Tədricən hər şey yoluna düşəcək.

Şərif, mən məsələylə bağlı fikirlərimi bir qədər də sırf sseanrist kimi bildirmək istərdim. Bilirsən, serial və bədii film tamamilə ayrı-ayrı nəsnələrdi. Bu faktdı: serialın ssenarisi zəifdirsə, rejissor kim olur-olsun, ortaya uğurlu layihə çıxa bilməz. Heç bir yaxşı iş rahatlıqla başa gəlmir. Yaxşı işə də yaxşı qonorar vermək lazımdı. Bizdə demək olar ki, bütün rejissorlar, sözün həqiqi mənasında, hər şeyin ucuzunu, o cümlədən, ucuz ssenarist axtarırlar. Bir söz var: “Ucuz ətin şorbası olmaz!”. Məsələn, belə deyək də, qiymətlər şərti olsun, mənim qəbul etmədiyim 2 manatlıq təklifi nəinki 1 manata, hətta 50 qəpiyə qəbul edənlər var. Əlbəttə, rejissor daha çox qazanmaq üçün həmin o 50 qəpiklik ssenaristlə işləyir. Səncə, mənim 2 manata razılaşmadığım o işi o adam niyə 50 qəpiyə görür? Bax, belə... Başqa problemləri də nəzərə alsaq, belə-belə axırda ortaya keyfiyyətsiz iş çıxır.

- Yeni serial ssenariləri ilə bağlı təkliflər alırsanmı?

- Ötən mövsüm yekunlaşarkən təkliflər oldu. İksini qəbul etdim. Bunlardan biri Space televiziyasındandır. Öncə bəzi qaranlıq məqamlar var idi, onları aydınlaşdırdıq. Sonradan bildim ki, onların başlatmaq istədiyi yeni layihəyə ssenarist olaraq 10-a qədər namizəd olub, amma mənim üstümdə dayanıblar və ilk təklifi də mənə ediblər. Əvvəl rejissor Nadir Diridağlı ilə görüşdük, sonra televiziyanın rəhbərliyi ilə - həm Vaqif Mustafayevlə, həm də Vaqif müəllimin müavini Kamil Şahverdiyevlə görüşlərimiz oldu. Bir neçə görüşdən sonra ortaq məxrəcə gəldik. Həmin layihə sırf maliyyə məsələlərinə görə reallaşa bilmir. Yəni, dövlət bu gün vəsait ayırsa, sabahdan o layihəyə start veriləcək. Qeyri-müəyyən bir situasiya yaranıb və bu qeyri-müəyyənlik nə qədər davam edəcək, bilmirəm. Amma mən hələ ki, verdiyim sözün üstündə durmuşam. İkincisi, Rauf Şahsuvarovla ortaq layihədi. Bu, Qarabağ müharibəsindən bəhs edən bir serialdı. Serialın sinopsisini oxuyan hər kəs etiraf edir ki, hələ Qarabağ müharibəsi haqqında belə bir iş ortaya qoyulmayıb. Serial Şuşanın işğalıyla başlayır. Bu da may ayına təsadüf edir. Əgər Rauf maliyyə məsələlərini həll edə bilsə, 2015-in aprel, may aylarından çəkilişlərə başlanacaq. Biz Raufla Şuşaya, Laçına oxşar çəkiliş məkanları seçmək üçün ölkənin müxtəlif rayonlarını gəzərkən, bir daha əmin oldum ki, Qarabağ nəinki Azərbaycanın, ümumiyyətlə dünyanın bənzərsiz, əvəzedilməz bir parçasıdır. Belə... Hələlik gözləyirik. İndi də ara-sıra təkliflər olur. İlk növbədə maliyyənin olub-olmadığı ilə maraqlanıram. Əgər maliyyə yoxdusa, deməli, layihənin baş tutması real deyil. Belədə vaxt itirməyə də dəyməz.

- Yəqin serial yazmağın daha çox maliyyə ilə bağlıdır. Hərdən vaxtına və enerjinə təəssüflənmirsən ki?

- Qətiyyən! Bunun səbəbi təkcə maliyyə deyil. Yəni mən vaxtımı və enerjimi havayı sərf eləmirəm. Bütün hallarda Azərbaycan mədəniyyətinə xidmət edirəm! İstedadlı adam hətta məişət mövzusunda yazdığı ssenaridə də öz istedadını nümayiş etdirə, başqalarından fərqlənə bilər. Əsas nə yazmaq yox, necə yazmaqdı. Azərbaycanda indiki halda istənilən yazarın kitabı ən çox 1500 tirajla yayımlanır. Seriala isə yüz minlərlə insan baxır. Deməli, bu yazıçı kimi həm də imzanın təbliğidi. Düzdü, kimsə çıxıb deyə bilər ki, guya bu, ucuz təbliğat növüdü. Amma mən hesab edirəm ki, boş-boş açıqlamalarla, mənasız çəkişmələrlə, onun-bunun bostanına haqq-nahaq daş atmaqla tanınmaqdansa, gündəmdə bu cür olmaq daha təmiz və doğru yoldu.

- Bizim nəsildə bəlkə də yeganə adamsan ki, dramaturgiya ilə ciddi məşğul oldun. Əsərlərin səhnəyə qoyuldu. İndi vəziyyət necədir?

- Həmişəki kimi yazıram, amma pyeslərimin səhnələşdirilməsi təkcə məndən asılı deyil. Hazırda bir pyesimin məşqlərinə start verilib. Ola bilər ki, daha bir pyesim də səhnələşdirilsin. Ancaq mənim növbədə neçə pyesim var, onların səhnəyə qoyulub-qoyulmayacağı isə ümumiyyətlə, bəlli deyil. Bizim teatrlarda kifayət qədər problem var. Zənnimcə, ən böyük problemlərdən biri məhz bir sıra teatr direktorlarının özləridir. Amma zəlzələdən-vəlvələdən, heç nəyə baxmayaraq yazmaqda davam edirəm. Çünki bu məndən asılı deyil. Hansı janrda yazılacağını mövzu özü diktə edir. Əgər mövzu deyirsə ki, mən dram kimi yazılmalıyam, heç vəchlə onu şeir kimi, hekayə kimi yaza bilmərəm.

- Səncə, gənc yazarlar niyə dram yazmır?

- Yəqin onların yazdıqları dram kimi yazılmaq istəmir. Amma başqa səbəblər də ola bilər. Məsələn, əsərinin səhnəyə qoyulmamaq qorxusu. Və yaxud tənbəllik. Kim nə deyir desin, bir şeiri yazmaqdansa, bir dram əsərini yazmaq, əlbəttə, istedadla yanaşı, adamdan daha çox zəhmət və səbr tələb edir. Və ya daha tez və sürətlə məşhurlaşmaq eqosu. İki-üç şeiri, bir hekayəni on-on beş saytda, qəzetdə yayımlamaqla müəyyən qədər oxuna, cəmiyyətə çıxa bilərsən. Dramaturgiya belə deyil. Oturmağa səbrin, hövsələn çatmalıdır, zəhmət çəkməlisən, yazmalısan, sonra da aylarla, bəzən illərlə gözləməlisən ki, o əsər səhnələşdirilsin. O da ola bilər ki, ümumiyyətlə, sənin yazdığın teatrın qapılarını aça, teatra yol tapa bilməsin, hansısa mənasız bir maneədə ilişib qalsın. Belə olanda səni kim tanıyacaq? Axı, sənin içində hər şeydən öncə həm də məşhur olmaq istəyi var. Nə bilim, bəlkə də mən yanılıram. Hər halda sənin sualına cavab olaraq ağlıma ilk gələn versiyaları səsləndirdim. Bəlkə də bu versiyaların hamısı yanlışdır. Bəlkə də başqa səbəblər var. Bəlkə də, ümumiyyətlə, heç bir səbəb yoxdu.

- Bəlkə səhnəni, teatrı bilmirlər, ona görə?

- Bax, görürsən, daha bir versiyanı sən dedin. O da ola bilər. Hər halda heç kimi sən gəncsən, mütləq həm də dramaturgiyayla məşğul olmalısan deyə məcbur etmək olmaz. Teatr, səhnə başqa bir aləmdi. Burda müəyyən incə məqamlar var ki, onlarsız keçinmək mümkün deyil. Səhnədə əsas faktorlardan biri dekorasiyadır. Dekorasiyasız teatr həm də bir az yarıçılpaq, boz bir adama oxşayır. Təsəvvür elə, tamaşaçı 2 saat oturub eyni mənzərəyə baxır. Əgər səhnə dəyişmirsə, bu müddət ərzində tamaşaçının gözləri önündə boz, durğun, darıxdırıcı bir fon dayanır. Teatr direktorunun isə sənin əsərini qəbul etməmək üçün daha bir bəhanəsi pyesindəki dekorasiyanın baha başa gəlməsidir. İndi sən elə bir əsər yazmalısan ki, Azərbaycanda bir sıra teatr direktorları sənə “Bunun dekorasiyasına bir ətək pul lazımdı. Bizdə o pul yoxdu. Heç olmasa, dekorasiyanın pulunu verə bilərsənmi?” - deməsinlər. Bir dəfə bir teatra əsər aparmışdım. Direktorla görüşdüm. Çox istiqanlı qarşıladı məni, təklif etdi ki, bir aydan sonra görüşək. İndi işlərim çoxdu, o vaxtacan pyesini oxuyaram. Bir aydan sonra yenidən onunla görüşdüm. Yenə məni çox böyük səmimiyyətlə, gülərüzlə qarşıladı. Ordan-burdan danışıb nəhayət əsas məsələnin üstünə gəldi. Ki, sənin bu əsərin əladı. Amma biz başqa tipdə bir əsər istəyirik. “Hansı tipdə?” soruşdum. “Narkomaniyayla mübarizə mövzusunda” dedi. “Əgər belə bir əsər gətirsən günü bu gün müzakirəsiz-filansız repertuara salacağam!” Mat-məəttəl adama baxırdım. Yaşından-başından utanmayaraq adam göz görəsi həyasızcasına yalan danışırdı. Hətta mən ona narkomaniyadan bəhs edən bir əsər təqdim eləsəydim belə, o, əsəri oxumadan növbəti bir bəhanə uyduracaqdı. Çünki hazırda əlinin altında olan pyesdəki xətlərdən biri də narkomaniya, onun səbəb olduğu faciələr haqqında idi. Özü oxumamışdı oxumamışdı, mənimlə görüşə qədər heç olmasa ədəbi hissə müdirinə oxudub əsərimin məzmunu, mövzusu haqda məlumat ala bilərdi. O, “səmimiyyətlə” danışmağına davam edirdi. “Teatrımızın qapısı gənclərin üzünə həmişə açıqdır! Biz gənc dramaturqlarımızı gündüz çıraqla axtarırıq! Sənin böyük gələcəyin var! Yazın, gətirin! Azərbaycan teatrının inkişafı bizim hamımızdan asılıdır! Əlimizdən gələni əsirgəməməliyik!” Adam bir ucdan üyüdüb tökürdü. Sakitcə ona baxırdım və həmin vaxt ağlıma gəldi ki, nə vaxtsa bu tip teatr direktorları haqqında yaxşı bir komediya yazacağam. Bu, bir mənzərədir. Amma kim nə deyir desin, Azərbaycan dövləti teatra, mədəniyyətə xüsusi diqqət və qayğıyla yanaşır. Məhz bu çür teatr direktorları həmin diqqət və qayğıya kölgə salır.

- Daha çox kimləri mütaliə edirsən?

- Hər gün mütaliə edirəm. Evdə, işdə, yolda, oteldə, təyyarədə, harda əlimə imkan düşdüsə, oxuyuram. Və bu proses üç hissəyə bölünür. Birincisi, sırf işimlə bağlı kitablardı ki, istəsəm də, istəməsəm də mütləq oxumalıyam. İkincisi, kimlərinsə hədiyyə etdikləridi. Xoşuma gəlməsə belə, ən azından 5-10 şeir, 1-2 hekayə oxuyuram ki, sabah adamla üz-üzə gələndə kitabıyla bağlı ümumi də olsa nəsə deməyə sözüm olsun. İstəmirəm ki, insanlar məndən kiçik şeylərə görə incisinlər. Və bir də özümün oxumaq istədiyim kitablar var. Şəhərdə 1-2 kitab dükanı var ki, hətta orda satıcılar da məni üzdən tanıyırlar, ayda ən azı bir dəfə həmin mağazalara gedib oxumaq istədiyim kitabları alıram. İnternetdə gündəlik daxil olduğum dərgilər və mənbələr də öz yerində. Bir də çalışıram ki, hər gün hansısa serialın 1 bölümünə və ya 1 bədii filmə baxım. Düşünürəm ki, insan mütləq hər gün yeni nəsə öyrənə bilər. Bir də ara-sıra təkrar-təkrar oxuduğum Azərbaycan nağılları var. Bizim nağıllar sadəcə şedevrdir.

- “Sənət qəzeti” barədə nə deyərdin? Arada bərpa etdin, sonra yenə dayandı.

- “Sənət qəzeti” keçilmiş, arxada qalan bir mərhələdi. Mən isə keçmişə yox, irəliyə doğru getmək istəyirəm. Əgər bu gün mən başqa bir qəzetdə, jurnalda və ya saytda baş redaktor olsam, yenə də uğur qazanacağıma inanıram. Bilirsən, bir insan böyük şair, böyük yazıçı ola bilər. Amma bu o demək deyil ki, o adam həm də yaxşı redaktor ola bilər. Redaktorluq tamamilə əlahiddə bir istedaddır. Təvazökarlıqdan uzaq olmasın, məndə xüsusi bir redaktorluq qabiliyyəti var. Günü bu gün mənə ən az oxucu kütləsinə malik qəzeti, jurnalı, saytı versinlər, qısa zaman ərzində onu populyar edəcəm. Bu sözü tam məsuliyyətimlə, özümə güvənərək deyirəm.

- Hazırda nə yazırsan?

- Bu dəqiqə əlimin altında “Əgər dünya böyük olsaydı…” adlı bir pyes var. Qulu Ağsəs yazı istəyib, ona söz vermişəm, yəqin ki, yaxın vaxtlarda təqdim edəcəyəm və “Ulduz”da çap olunacaq.

- Mövzu...

- Belə, lori desək, sevgi və nifrət haqqındadı. Bir insan ona nifrət edəni nə qədər sevə bilər? Bir insanın nifrətinin son həddi haradır? Və ya insan münasibətlərindəki ziddiyyətlər haqqında bir dramdır. Bir az da işıq haqqındadır. Bilirsən, hansı işığı deyirəm? Yəqin ki, göydə axıb gedən ulduz görmüsən. Xalq arasında belə ulduzlar haqqında “Kiminsə ulduzu söndü. Kimsə öldü” deyirlər. Amma mənə elə gəlir ki, o axıb gedən ulduzlar səmadan özünü ataraq intihar edən ulduzlardı. Bax, həmin ulduzlar sönməmişdən, intihar etməmişdən öncə bir anlığa şövqlə, cani-dildən parıldayaraq misli-bərabəri olmayan bir işıq saçırlar. Bu pyes həm də o sonuncu işıq haqqındadır…

# 12226 dəfə oxunub

Müəllifin son yazıları

# # #