Azərbaycan nəşriyyatından insan mənzərələri REPORTAJ FOTOLENT

Azərbaycan nəşriyyatından insan mənzərələri REPORTAJ FOTOLENT
16 may 2014
# 07:45

Kulis.Az Şərif Ağayarın Azərbaycan nəşriyyatından reportajını təqdim edir

Bu Şəhriyara bel bağlayanın... Şair niyə adam olsun axı?! Bir bəndə ki, başını yuxarı qaldırıb yeriyə... Ulduzlara baxa-baxa... Ağlı kəsmir ki, ayağım ilişər, yıxılaram. Bunu İrandan nahaq buraxdılar. O vaxt yazmışdım! Yazmışdım ki, Fərid Hüseyni buraxın, bunu edam eləyin. Uzun adamdı, saçları qıvırcıq. Dar ağacında elə gözəl görünərdi ki! Yüz il yaz, acısı getməsin. Bunun edamından nə qədər qonorar çıxardı, bir bilsəz!

Belə adamla yol getmək olmaz. Özü də hara-hara - nəşriyyata?! Azərbaycan Nəşriyyatına... Hər şey bir yana, məndən 15 yaş balacaymış. Özünü də elə apardı ki, polis-filan duyuq düşmədi. Elə bildi tay-tuşuq. Bizi elə rahat buraxdı ki, binaya... Yox, açığı aldatdım polisi. Dedim, Hidayət müəlimin yanına gedirəm. Məzələnmirdim... “Bəyin oğurlanması”ndakı məşhur obraz mənim də ağlıma gəldi indi. Amma mən “Adiloğlu” nəşriyyatının direktorunu deyirdim. Yaxşı kişidi! Hə, qos-qoca “Adiloğlu” Azərbaycan nəşriyyatında nə gəzir deyə ağız büzə bilərsiz. Yenə də Hidayət müəllim ifadəsini elə işlətdim ki, polis lam qaldı, fikirləşməyə macalı olmadı. Hiss elədi ki, babat adamdı. Əslində Hidayət müəllim nəşriyyatın səriştəsiz polislərinin əlində çox acizdir. Bir dəfə getmişdim hansısa kitabın dizaynına baxmağa, saat 6 olmamış qapısını kəsdilər kişinin. Çıxın gedin, iş vaxtı qurtarıb, - dedilər. Deməli, məsələ belədir: əgər Azərbaycan nəşriyyatının mətbəəsində çap olunmursansa, 6-dan sonra binanı tərk eləməlisən. Otaq tutmaq ucuzdu burda, mətbəə baha. Hidayət müəllim, gülməyin, otağa görə bura gəlib, di gəl mətbəə işində “nadinclik” eləyir. Halbuki mən “Adiloğlu”nun tərlan vaxtlarını görmüşdüm. Murad Köhnəqalanın, Rasim Qaracanın, Aqşinin ilk kitabları burda çıxmışdı. Azərbaycana kitab kağızını “Adiloğlu” gətirdi. Yoxsa, hamı ağappaq vərəqlərin əlində girinc qalmışdı.

“Adiloğlu” 2000-lərin əvvəlində bu dəlixanaya kitab mədəniyyəti gətirdi. Ofislərinə girəndə elə bilirdin Ermitajdasan... Bax-bax qurtarmaz! Amma indi...

- Müəllim (məni deyir) kitaba baxır... Onca dəqiqəyə dururuq! – Hidayət müəllim elə gülümsədi ki, mən polis olsam bir də o qapını çalmazdım. Amma sarışın polis! Adı Gündüzdü deyəsən... Yuh!!! Kor əsasını dirədi! Ölüm-zülüm yarım saat möhlət ala bildik!

Qəhərləndim inanın... Kitabı bu qədər ucuz tutmazlar.

Hidayət müəllim keçmiş ofisindən elə danışdı, elə bil Kərim Kərimli Şuşadan danışır. Sonra alınımın ortasına bir yalan da çaxdı:

- Özüm çıxdım ordan, indi daha geniş yerdə ofis tikdirirəm...

Belə götürəndə kitab hara Azərbaycan nəşriyyatı hara. A qardaş, bura qəzet-jurnal yeridi. Yoxsa, Şəhriyar da məəttəl qalmışdı, bir dənə heyvandarlıqla bağlı ofis görmədik bu qayım-qədim binada... Nə desən vardı.

Polismən Gündüzü görmədik bu dəfə. Görsək, Şəhriyara deyəcəkdim başını söhbətə qatım, bir-iki şəklini çək, bindi-biabır edək... İntəhası komandirləri yerlimdi. Mən cəhənnəm, Fəxri Uğurlunun kəndçisidi. Laçının Oğuldərəsindən! Əla oğlandı. Hələ bir adına baxın: Etibar! Yoxsa Gündüz-mündüz? Yox bir Gecəgöz...

Hidayət müəllim yox idi.

Balaca bir otağa sığınmış nəşriyyatın yeganə xanım dizayneri başını kompüterin qarşısına qoyub yatmışdı. Bilmədən narahat elədim. Mənə elə gəldi ki, Hidayət müəllim axşam 6 radələrində qovulmaq üçün gələcək bura...

***

Koridorla gedə-gedə sağı-solu çəkirdim. Rəqəmsalın o işi yaxşıdı ki, gözünə sıxmağa ehtiyac yoxdu. Statistik azərbaycanlıda bir duyğu var: fotoaparatı gözünə nə qədər bərk sıxsan, o qədər dərinləri çəkə bilərsən... Dərinlər də ki, maşallah, qaranlıq olur!

Bu koridorlarla çox gəzmişəm... İlk gəldiyimdə bütün mərtəbələrdəki bütün qəzet-jurnal adlarını oxumuşdum: “Haqqın sədası”, “Həqiqətin səsi”, “Kamal”, “Arif söhbəti”, “İdrak”, “Sahil”... Xüsusilə də Azərbaycan kəlməsi ilə başlayan adlar: “Azərbaycan naminə”, “Azərbaycan uğrunda”, “Azərbaycan müəllimi”, “Azərbaycan – doğma diyar”, “Azərbaycan mayası nur, qayəsi...”... bağışlayın.

Mənə elə gəlirdi üstünə təntənə ilə müxtəlif mənalı, hətta lap dərin mənalı adlar yazılmış bu qapıların arxasında çox dəyərli qələm adamları oturub. Bizi aldatmışdılar axı... Bütün qəzetləri “Əkinçi”, bütün jurnalları “Molla Nəsrəddin” zənn etmişdik. Bir köpəyoğlu durub, artıq bığ buraxmaqda olan biz bədbəxtlərə deməmişdi ki, pul alıb yalan yazan qəzetlər də var! Hə, iraq Əflatun Amaşovun qulağından, reket qəzetlər!

Xəbərçilik eləmədən nə adını, nə ünvanını göstərmədiyim bir qəzet redaksiyasının qapısını döydüm. Redaksiya deyəndə, bircə otaq idi, başda bığlı bir kişi ümidsizcəsinə oturmuşdu. Sağ tərəfdən qapıya yaxın qəşəng bir qadın kompüterdə nəsə qurdalanırdı. Deyəsən, “Zumo” oynayırdı.

Başda oturan qəzetin baş redaktoru, bu xanım isə yeganə işçisi idi. Amma dirsəklərindən sevgililik yağırdı. Heç ciddi adama oxşamırdı.

- Ə, yığışdır o aparatı! – Şəhriyara təpindi kişi.

- Baş üstə, ustad! – hələ Şəhriyara bax.

Mən qarışmalı oldum:

- Müəllim, uzun müddət bu nəşriyyatda işləmişəm. Bir xatirə yazmaq istəyirəm burayla bağlı.

“Zumo”dan səs gəldi...

– Ona görə foto-filan çəkirik. Narahat oldunuzsa, bağışlayın. Bu qıvırcıq hələ cavandı. Üsulu bilmir.

“Zumo”dan yenə səs gəldi.

Kişi gözlərini qıyıb mənə diqqətlə baxdı. Boy-buxunumdan bu qədər utandığım olmamışdı. Hələ qarnım... İlahi! Mövcud olduğuma görə üzr istəmək istədim adamdan. Üstəlik bığlarına rəğmən gözünü qıyması onu Qaçaq Nəbiyə oxşatdı. Dedim, bu dəqiqə qarnımı odlayacaq. Amma adamdan məzlum bir səs çıxdı:

- Əşşi bu, Əflatun Amaşovun...

“Zumo”dan bir daha səs gəldi.

– ...əlindən göz aça bilirik ki?! Bir yandan deyirlər pul-para almayın, bir yandan da qəzetlərə yardım edirlər. Yəni, mənim əlimdən al, özgəyə baxma. İstəmirəm, qardaşım, sənin pulunu! İnan, ondan-bundan nağd alanda daha sərbəst olur qəzetlər. Hamını ələbaxan öyrədirlər...

- Axı sizin qəzeti heç kim oxumur – xoruzlandım.

Kişi nigarançılıqla öskürdü.

- Siz “suka”sız?

“Zumo”dan yenə səs gəldi!

***

- Şəhriyar, bax burdan tutursan, burdan da basmırsan eee... sıxıb saxlayırsan. Özü də qız-qadın görəndə əlin əsməsin. Aparat titrəyəndə adamlar qayğanağa oxşayır – işimə bax də... Buna foto çəkmək öyrədirəm liftin qabağında. Guya bu məni çəkməlidi, kadrlar götürməlidi. Ay-hay! Adamları tuta bilmir, gedib tualetdən bir lövhə çəkib: “Kişilər üçün. Qadınlara giriş qadağandır!”

- Şəhriyar o İran hökuməti səni niyə buraxdı? Buraxmasaydı indi adam kimi bir Məmmədhüseynlə gəzirdik buraları...

- Atama görə buraxdılar dənə!

- Atan İrana işləyir?

- Yox, qağa, Allaha işləyir. Allah atamın əllərinə bağışladı məni. Bilirəm.

- Sakit ol! Allahın adını çəkmə! “Ədəbiyyat qəzeti”nə gedirik.

***

- Tak-tak-tak!

Kamilə adlı çox həyalı bir qadın otururdu bu otaqda. Sonra qəfil rəhmətə getdi. Kamilə xanımın vaxtından ərklə döymüşəm bu qapını. İndi qapının arxasındakı sükut, Kəramət Böyükçöl demiş, onun hüznlü xatirəsidir.

Amma nə Kəramət, nə Şəhriyar, nə mən, nə də siz bilrsiz ki, qapının arxasında adam var. Möhkəm durun, adını qəfil yazacam: Aydın Xan!

“Ədəbiyyat qəzeti”nin həmişə Simuzər Nüsrətbəyli oturan mühasibatlığına baş çəkirəm. İki qadın var. Aydını soruşuram. “Sağdan birinci qapı” – deyirlər.

Tak-tak-tak!

Sən demə ad günü imiş bu dazbaşın.

- Gözlə! Gəldim! – Aydının heç vaxt yetişməyən səsi eşidilir.

- Polisdi! Saat altıya yaxınlaşır. Çıxın gedin evinizə dəəə... Bu boyda da ədəbiyyat eşqi olar – tanımasın deyə səsimi dəyişirəm. Həm də Aydın Xanın ömründə ağlına gəlməz ki, mən burda olaram.

- Nə polis?

- Bilirəm içəridə qıznansan! Aç! Xuliqan! –ürəyimdə də deyirəm, kaş rəhbəri olduğu Yeni Yazarlar və Sənətçilər Qurumunun mənasız tədbirləri ilə bağlı olsa belə içəridə bir qız olsun. Şəhriyar görsün ki, 9-cu mərtəbədə oğullar da var, şərait də! Harda?! Aydın qapını açır. Qulağında telefon. İnan elə şirin gəlir ki mənə, daz başından öpməkdən özümü güclə saxlayıram. Kitabları annotasiyadan bilən, “İmya roza”nı “Rozanın adı” kimi çevirən tösmərək! Vallah, inanmıram Ekonun iş otağında bu qədər kitab olsun. Şəhriyar bizi qoyub şaqqaşaq kitabları çəkir. Hətta qəzetləri...

- Nə gəzirsən, uzun? – Mənə belə deyir həmişə. Məlum Napoleon kompleksi.

- Sənnən şəkil çəkdirməyə gəlmişəm! Ölüm-itim dünyasıdı, dedim, birdən ölüb-eləyərsən!

- İçməmisən!

- Bura ayıq adam gəlmir?

- Gəlir. Amma sənin ağlın başında olsa, buralara gəlmirsən.

- Aydın bu annotasiyaların hamısını oxumusan?

- Kitablarımı çəkməyin... Xahiş edirəm.

- Bu nə deməkdi? Adamlar kitabla şəkil çəkdirir ki, savadlı görünsün. Fikir ver, ən istedadsız adamlar kitabxanaya verir kürəyini...

- Məzələnmə, uzun, doğrudan nəyə gəlmisiz? Bu İran “şpionu” nə gəzir burda?

***

Çölə çıxanda Aydın başını uzadıb arxamızca baxır. Koridoru yiyəsiz görüb qışqırıram:

- Səydərəş, elə bildim içəridə qız var! Ayıb olsun sənə, məni biabır elədin!

Şəhriyar mənə təsəlli verir:

- Mıyın baş redaktoru var eee... Elçin... “Don Juan” adlı roman yazıb, Juan amcanın keçdiyi yerlerdən keçib, özünü onun varisi elan edib, amma bir qızın dizinə əl atmıyıb! Yandım-töküldüm eee.. o 350 səhifəlik kitabı bitirincə.

Toxdayıram:

- Onun Don Juanı impotentdir...

Söz ağzımdan çıxmamış ayağım qəfil parketə ilişir. Elə kəllə-mayallaq gedirəm ki, qəfil Şəhriyar keçir əlimə. Alov olsa onu atasıyam. “Qağa!” – deyib qışqırır... Az qalır fotoaparat əlindən düşsün. Gülmək necə tutrsa əvvəl biri-birimizə, sonra divara söykənirik.

***

İnanın o an hesab edirəm ki, Aydın Xan Şəhriyardan daha istedadlıdı. A kişi, adam da telefonla danışa-danışa şəkil çəkər? Özü də yenə tualeti.

- Şəhriyar bayaqkı reket redaktor vardı eee...

- Qaçaq Nəbiyə oxşayan?

Məni ildırım vurur!

Sözün bitdiyi yer!

Güclə özümə gəlirəm.

Özümə gələn kimi də ixtiyarsız soruşuram:

- Niyə Qaçaq Nəbi?

- Qağa, bu dilənçi jurnalistləri Əflatun Amaşovun qəzəbindən yalnız bu nəşriyyat gizlədə bilər. Qaçaq-quldur kimi. Dağlara oxşuyur buralar... Adam harda gəldi işəmək istəyir. Görmürsəəən? Bu dəqiqə ayağının altından bir dovşan qaçacaq. Hihihi...

- Hırıldama! Mundar! Zindanda yediyin o çörək haramın olsun! Hökumət az əziyyət çəkdi sənnən ötrü!

- Qağa, nə dəxli var?

- Belə danışmasaq Vəli bizə pivə almaz!

- Vəli kimdi?

- Vəli Xramçaylı.

***

- Bavaeyin başı haqqı, a Şərif, saat 3-dən zəngini gözləyirəm... Gəlmədin. Mən də gördüm bu yazıq (əlini Arifə uzadır - iş yoldaşı) əmzik istiyir. Nağarım?

- Nuş olsun, qağa! 3-dən sonra o deməkdi ki, rahat yeyib-için. Amma bu nə günorta içməyidi? Vətənin dar günüdü, elə bilirlər, Tacir Şahmalıoğlu Şahmalı Kürdoğlunun oğludu, siz də yatıbsız! Qəzetçilərimə bax...

- Ayə Tajir kimdi, Şahmalı kimid. Ayə, a qağa, a Yığval bura stakan qoy...

- İqbaldı ofisiantın adı...

- Bə nə! Yığvaldı dana. Tanımırsanmı?

- Çox yekəpərdi, qələt eləyərəm.

- Aləmsən eee... Yaxşı oğlandı...

- Nisyə verir?

- Ayə, mənlikdi hər şey, nəyrahat olma!

- Ona görə demirəm... Ümumiyyətlə...

Bu vaxt başını yavaşca əyib sinəsinə qoyan, elə öz bədənindəcə yuxuya gedən Dizayner Ramiz oyanır:

- Nisyə olmasa bu bina batar. Titanik kimi...

Və yenə başını geri qaytarıb yuxuya gedir...

***

- Vəli müəllim, heç sənə deyən olub ki, Eldar Mansurova oxşuyursan?

- Qağa, belə gic-gic sualları Səbuhidənmi öyrəndin?

- Səbuhi kimdi, ustad?

- Məmmədli dana! Gəlib biznən oturub, mən də deyirəm niyə içmir, gedib biabır eliyib məni. Guya hər gün araq içirəm.

- İçmirsənmi, ustad?

- İçirəm, amma bunu niyə yazasan ki.

- Yazmaram, qağa, narahat olma. Yazsam kopoğluyam!

- Aaa.. Elə demə, elə demə... Sənin atanı görmüəşəm, yaxşı kişidi.

- Atamın bura nə dəxli?

- Məzələnirsən? Kopoğlu demədin bayaq?

- Koroğlu dedim...

- Nə yazırsan yaz, qağa, yaz! – razılıqla gülür.

Bu vaxt Şəhriyar guya kadr tutub. Qalxır “Kirpi” oxuyan eynəkli kişinin yanına. Eynəkli kişi də, zalımı çıxmış, elə diqqətlə oxuyur ki, elə bil “Qlavlit”di. Şəhriyarın əyilib-bükülüb kadr sevdasına düşməsi eynəkli adamı narahat edir. Vəli müəllim ayağa qalxır, əlini sinəsinə sıxıb deyir:

- Qağa, mənlikdi?

Ağzımın qıfılı atır yenə:

- Ustad, nə sənlikdi? Şəkillərin pulu?!

***

Vəli Xramçaylını nəşriyatda görmədinizsə bilin ki, Qiyamət uzağı Binə bazarındadı. Adam bir simvoldu artıq! Ağamalı Sadiq Əfəndi, Mehdi Şıxlı, lap belə Elçin Şıxlı, Akif Səməd, İbrahim İlyaslı, Elnur Astanbəyli... Diqqətlə baxın haa... ölü, ya diri başqa rayondan ad olmasın. Allaha haqqı Vəli mənə əmzik verməz.

Arada başqa bir Eldar var: Eldar Baxış! Qazaxlı deyilmiş. Kədərlidir.

Hüseyn Arif həyatı boyu 3 şeyə təəssüf edib. Sayım:

1. Bəxtiyar Vahabzadənin şairliyinə.

2. Nüsrət Kəsəmənlinin Böyük Vətən Müharibəsində ölməsinə.

3. Eldar Baxışın qazaxlı olmamasına...

Eldar rəhmətlik də dirəşib. Denən, adam da elə kişinin xətrinə dəyər? Odu eee... öldünüz ikiniz də! İndi haralısız?!

- Eldar Baxışa oxşadıram səni! – Vəlinin səsi boğulur

- Eldar Mansurova görə dedin?

- Vallah sənin başın xarabdı.

- Eldar - Eldar oldu. Ona görə...

- Ayə az məzələn. Qoy çayımızı içək.

- Qağa, inan, çox adam deyir mənim Eldar Mansurova yox, Eldar Baxışa oxşadığımı. Bimirəm axı niyə Eldar Mansurovu qoyub Eldar Baxışa oxşuyuram! Səncə burda bir ədalətsizlik yoxdu?

- Nə danışırsan ayə (gülür xeyli).

- Ustad, zarafat edirəm. Eldara oxşamaq xoşuma gəlir! Ciddi...

- Torpağı sanı yaşıyasan! Hərəkətlərin də oxşuyur!

- Qağa, o da dəli idi?

Kövrəlir. Məni qucaqlayır. Başını başıma sıxanda hiss edirəm ki, ağlaya bilər. Deyirəm:

- Tacirin məsələsini neyləyək?

- Tajir kimdi, ayə?

- Aşıq Taciri deyirəm də. Aşıq Tacir Laçınlı...

- Tanımıram, başın haqqı. Tajir adında aşıqmı olar? Aşıq Hüseyn olar, Kamandar olar, Ədalət olar...

- İqbal olar...

- Qadanı alaram sənin - Yığval olar...

***

Dördüncü mərtəbənin çayçısındayıq. Şəhriyar bizi çəkəndə hamı susur. Əli ilə işarə edir ki, söhbətləşin. Bu dəfə Vəli qulağıma əyilib guya söhbət naminə nə desə yaxşıdı:

- Düşək aşağı, bura tez bağlanır...

Mən də Şəhriyar xətrinə danışıram:

- Qağa, İlyas Ərnəfəsi görmədim gələndə...

Vəli müəllim fotoaparatı unudub ah çəkir:

- İlyas yaman xəstədi. Paralij vurub deyəsən... Yerinə namizəd axtarırıq. Bəlkə özüm oldum eləəə... Yaxşı vakansiyadı.

- Sənin xəstə olduğuna Aqil Abbas inanmaz, elə bilər şota görə onu gözdüyürsən.

- Hahaha! Əşşi yox! Məşədi yaxşı adamdı.

- Axı deyillər day bura gələndə də şot-zad vermir.

- Yalan deyirlər. Aqil bura gələndə İlyasdan tutmuş Ağabəy müəllimə qədər hamı xoşbəxt olur. Türkiyədədilər. Bayaq gördüm İradə xanım yazıb ki, İstanbul qalıb yaşamalı şəhərdi. Mən də yazdım ki, İradə xanım, siz qalın, amma Məşədi qala bilməz... O, buraynan nəfəs alir.

- Şot-zad verəndə adamın başına qaxır deyəsən... Qocalıb.

- İki dünya bir ola, inanmaram ki, Aqil Abbas verdiyini başa qaxsın.

***

Əslində İlyas Ərnəfəsi çöldə əməlli-başlı axtardım. Hətta orda dayanan taksilərin birindən də soruşdum. Tanımadı və xatırlamadı. Ora-bura xeyli boylandım. Şəhriyar da dirənib ki, nə axtarırsan. Sən demə o da İlyası tanımır! Ona görə deyirəm eee, Gündüz olsa deyərdi bığlarına baxma, bu hələ uşaqdı, sənnən bir yerdə nəşriyyata girməyə icazəsi yoxdur. Nə bilim, alə?!

- İlyas kimdi? - əl çəkmir.

- Əfəndiyev.

- Məzələnirsən?

- Əlbəttə.

Uşaqdı dəəə...

Mərtəbələrin birində “Tutunun nağılı” adlı rəngli qapı göstərdi mənə. Sonra da qaça-qaça içəri girdi. Fotoaparat da əlində. İçəridə üç gözəl qız oturmuşdu. Hərəsinin də qarşısında bir kompüter. Çox ciddi idlər. Şəhriyar qızları görəndə udqundu və sifətində qəribə təbəssüm peyda oldu:

- Xanım, bağışlayın, siz burda neynirsiz?

Həsbinallah! Yaxşı ki, tualet yaxınmış. Qaçıb dürtüldüm ora.

Amma insafən “Ədalət” qəzetinin redaksiyasında özünü ciddi apardı. Hətta böyük şairimiz Yafəs Türksəslə Kulis.Az-da gedən məşhur müsahibəni “Ədalət” qəzetində görəndə də çaşmadı. Baş redaktor müavini, qəzetin həmin günkü padşahı, şair dostumuz Əbülfət Mədətoğlunun güllərinin də şəklini çəkdi, arada qəzetin də Yafəs olan səhifəsini obyektivə aldı. Əbülfət müəllim qalxıb qəzet axtaran vaxt qəfil gedib yerində oturdum, dedim, Şəhriyar, çək, bura bərəkətli yerdi! Çək, çək məni “Ədalət”in taxtında! Əbülfət müəllim də gəlib vəzir kimi yanımda dursun.

Birinci mərtəbədəki məşhur kafedə çoxlu dostları gördüm. Ən başlıcası, çöldə gic kimi axtardığım İlyas Ərnəfəsi... Şəhriyar ən çox onu çəkdi, özüylə söhbətləşdi, imkan versəm İlyasa qoşulub gedərdi. Göyə baxa-baxa... Lorkanın biri Lorka! Don Kixot!

Vəli Xramçaylının Yığvallı qonaqlığınacan Şəhriyarla liftdə selfie də elədik.

Lütfən pis başa düşməyin...

Selfie öz fotosunu çəkməkdir.

# 5142 dəfə oxunub

Müəllifin son yazıları

# # #