Millət vəkilinin gənc yazarlara istədiyi pulu kim yeyəcək?

<b>Millət vəkilinin gənc yazarlara istədiyi pulu kim yeyəcək?</b>
14 noyabr 2017
# 12:55

Millət vəkili Elmira Axundovanın gənc yazarlara maliyyə ayrılması ilə bağlı çıxışı mətbuatda müzakirələrə səbəb olub.

Sizə deyim, xeyli aktual məsələdir.

Əvvəlcə, millət vəkilinin açıqlamasından danışaq.

Diqqətlə oxusaq, görərik ki, Elmira xanım gənc yazarlardan çox Azərbaycan Yazıçılar Birliyinə pul istəyib. Hətta daha dəqiqinə getsək, məlum-məşhur kafe qalmaqalı ilə AYB-nin əlindən çıxan 8 mini hansı yollasa onlara qaytarmaq məsələsini qaldırıb. Necə deyərlər, vaxtıyla işlədiyi təşkilata qarşı təəssübkeşlik, canıyananlıq edib. Etsin. Ancaq Azərbaycanda gənc yazarların sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi AYB-nin maliyyəsini artırmaqla həll olunacaq qədər bəsit deyil.

Niyə?

Bu suala cavab verməzdən əvvəl gəlin daha vacib bir nüansa toxunaq.

Bildiyiniz kimi, inkişaf etmiş ölkələrdə bütün sənət sahələri kimi ədəbiyyat da dövlətdən birbaşa maliyyə almır. Təkcə ona görə yox ki, büdcə vəsaitində bütün vətəndaşların haqqı var və bu vəsaitin xüsusi zümrəyə verilməsi qanuna ziddir. Həm də ona görə ki, dövlətin maliyyələşdirməsi sənət sahələrinin azadlığına əngəl törədir, nəticədə xırda məmurların qarşısında quyruq bulayan çoxsaylı yazıçılar, aktyorlar, rejissorlar, rəssamlar dəstəsi meydana çıxır.

Sənət konstitusion hüquq və azadlıqları çərçivəsində dövlətdən asılı olmamalıdır. Bu, birmənalı belədir. Müzakirəyə yer yoxdur.

Ancaq elə cəmiyyətlər var ki, sənətin taleyini onun özünə həvalə etsən, məhv olub gedəcəkdir. Çünki cəmiyyət bu sənəti anlamaq, ona yiyə durmaq iqtidarında deyil.

Təəssüf ki, Azərbaycanda da bu cürdür. Azərbaycanda öz ayaqları üstündə dayanmağı bacaran yalnız toy müğənniliyi və meyxanaçılıqdır.

Üzeyir Hacıbəyli də, Qara Qarayev də, Mirzə Cəlil də bu gün yaşasaydılar, öz sənətləri ilə heç vaxt güzəran tapa bilməzdilər.

Belə olan təqdirdə dövlətin ciddi sənətə dəstək olması yalnız alqışa layiqdir.

Bəli, yaxşı olardı ki, dövlət sənətin öz ayaqları üstündə dayanmasına şərait yaratsın. Lakin müxtəlif səbəblərdən bu belə deyil. Sənət ələbaxandır. Xüsusən sovet hökumətinin ideoloji maraqlar naminə sənətkarlara yaratdığı komforta öyrəşmiş yaşlı sənət adamlarına və sənət liderlərinə yeni çağın tələblərini aşılamaq mümkün deyil.

Uzun illərin təcrübəsi və müşahidəsi kimi deyirəm: Azərbaycan dövləti Azərbaycan ədəbiyyatına kömək etməlidir! Başqa yolu yoxdur.

Kim deyirsə: “Fəhləyə, həkimə, müəllimə, alverçiyə, tacirə də qayğı lazımdır, onlar da bu ölkənin vətəndaşıdır, yazıçını niyə seçirsiniz?” - bizim reallıqlarla doğru demir. Çünki sadalanan və sadalanmayan peşələrdə az da olsa qazanc var, yazıçılıqda yoxdur.

Hətta jurnalistikada da var. Köşə yazarının bir ildə qazandığının beşdə birini yazıçı fundamental bir romanla da qazana bilmir. Ölkədə kitab industriyası yoxdur, yazıçının oxucuyla təmas imkanları məhduddur, oxuyan azdır... Çox səbəblər saymaq olar.

Dövlət dəstək verməsə, peşəkar musiqi, modern rəsm sənəti, nəsr, şeir, intellektual teatr ölümə məhkumudur.

Dövlət dəstək verməsin deyirsinizsə, bu sahələrlə məşğul olmayın deyirsiniz. Ya da təmənnasız olun, özünüzü fəda edin. Amma bilin ki, fədakarlıqla sənət pərvəriş tapmaz.

Bəli, dövlət yazıçıya dəstək olmalıdır, amma necə? Azərbaycan Yazıçılar Birliyinə ayrılan pulu artırmaqlamı?

Yox, əsla yox!

AYB-yə ayrılan vəsaitin artırılması ilə ədəbiyyatımız ordakı məmurlaşmış yazıçıların, işbazların daha qiymətli maşında gəzməsi, daha geniş evlərdə yaşaması, onların yaltaq və yalaq kimi yanlarında hərlədiyi miskin gənclərin daha “yaxşı araq” içib, daha məşhur kafelərdə oturması qədər “tərəqqi” edəcəkdir.

Dünya təcrübəsi var, bizdən qabaqda olan və eyni problemləri həll edən ölkələr gözümüzün qabağındadır.

Ədəbiyyat yeni dövrün tələblərinə uyğun təşkilatlanmalı, ayrı-ayrı təşkilatlar öz azadlığına xələl gətirmədən aidiyyatı qurumlara layihələr verməli, ədalətli qaydada tender keçirilməli və maliyyə adamlara, titullara, konyukturaya uyma dərəcəsinə görə deyil, layihələrin perspektivinə ayrılmalıdır. Adamlar, titullar, münasibətlər yox, iş dəyərləndirilməlidir.

Məncə, kimin nə bacardığını və kimin nə bacara biləcəyini aydınlaşdırmaq üçün 5-6 nəfərlik komissiyanın bircə ay işləməsi kifayətdir.

Yetər ki, niyyət olsun!

Yalnız iş bacarığı və yaradıcılıq imkanlarına görə qiymətləndirmə aparıldığı təqdirdə ortalıqda yem axtaran qarğa sürüsü də çəkilib gedəcək və cəmiyyət üçün daha faydalı işlərlə məşğul olacaq.

Bəli, hörmətli Elmira xanım, əgər doğrudan da Azərbaycan yazıçısına ürəyiniz yanırsa, məsələni belə qoymalısınız.

Yoxsa, Çingiz Abdullayevin 8 min manatla kasıb düşəcəyinə heç kimi inandıra bilməzsiniz.

# 2240 dəfə oxunub

Müəllifin son yazıları

# # #