O, hansı hərəkətinə görə dərindən peşman olmuşdu – Cavanşir Yusifli ilə Rəsul Rza söhbəti

O, hansı hərəkətinə görə dərindən peşman olmuşdu – <span style="color:red;">Cavanşir Yusifli ilə Rəsul Rza söhbəti
12 iyun 2017
# 12:14

Kulis “Ədəbiyyatımızın dünəni” layihəsindən Cavanşir Yusifli ilə Şərif Ağayarın Xalq şairi Rəsul Rza haqqında söhbətini təqdim edir.

- Azərbaycanda modernist şeir... Sizcə, bu hardan başlayır? Yadımdadır, son illərəcən belə bir mübahisə vardı ki, bizim şeirdə modernizm Mikayıl Rəfilinin məqalə və şeirlərindən başlayır. Ancaq Rəsul Rza tərəfdarları bunu qəbul etmirlər...

- Bəli, elə bir yüngül mübahisə olmuşdu və zənnimcə, yersizdir. Modernizm lokal yox, qlobal bir hadisədir. Bir balaca ekskurs eləməyə dəyər. Ezra Paundun bir ifadəsini yada salaq: “Make it new”. Birdən-birə nələr baş verir ki, ədəbi forma və ifadə üsulu ilə oyunlar qarşısıalınmaz stixiyaya çevrilir? Poeziyada T.S.Eliotu, nəsrdəsə C.Coysu xatırlayın. Yəni, bu sadəcə texniki məsələ deyildir. Ədəbiyyatda məna axtarışlarının daha dərinlərə işləməsi üzdə gördüklərimizi alt-üst edir, dəyişdirir. Ezra Paund və T.S.Eliot gənclik çağlarında Ömər Xəyyamı oxuyur və cəsarətlə (!) o üslubda mətnlər yazmağa başlayırlar. Şübhəsiz ki, alınmır. Ömrünün sonunda Eliotun hansısa jurnala verdiyi müsahibəsini oxudum. Deyirdi ki, bu “məşqlərin” üstündən illər keçdi, ustadım Paund təklif elədi ki, Ömər Xəyyam üslubuna qayıtmaq lazımdı, hələ unutmamışdı o cəhdləri, dedim ki, yox, mən bir də buna cəhd eləmərəm, çünki çox mənasızdı. Yəni, bədii mətnlər zamanla dəyişir, bir tərəfdən zamanın nəfəsi onu sıxır, digər tərəfdən düşdüyü ərazini genişləndirir, bəzən lap tanınmaz hala düşür, bu səbəbdən, məsələn, Nizami Gəncəvinin hər hansı əsərinin filoloji tərcümələri arasında yerlə-göy qədər fərq də ola bilər. Təqribən belə, kitabı oxuyursan, qaldığın yeri qatlayırsan, qayıdıanda görürsən ki, hər şey dəyişib... İnsan hislərinin dəyişməsi mətnlərə güclü və qarşısıalınmaz təsir eləyir, mətn özünə, içinə doğru sıxılanda mahiyyəti, mənanı çox orijinal şəkildə nümayiş etdirir, dediyim ərazi genişlənəndə paralel mənalar “tarlasını” görürsən, göz işlədikcə uzanır.

Həm də: konkret mənanın işlənmə tarixi yaddaşın ekranında nümayiş etdirilir . Maraqlıdır, Eliotu Xəyyamdan hansı səbəblər vaz keçirmişdi? Şübhəsiz ki, başqa cür yazmaq ehtirası! Özü bunu çox orijinal şəkildə ifadə eləmişdi: “...Mənim möhtac olduğum poeziyanın tipi mənə öz səsimdən istifadə etməyi öyrətdi və bu səs ingilis dilində ümumən yoxdur”. Modernist ədəbiyyat, poeziya səsə qədər sıxılır, yəni, dərinləşir, “çılpaq sözlər” mənanı orijinal biçimdə nümayiş etdirir.

Elə mütəxəsslər var ki, Azərbaycan ədəbiyyatında modernizm və postmodernizmin olmadığını iddia, həm də “sübut” edirlər, sırf texniki səbəblərə görə... Bu, hardasa hesabdar işinə bənzəyir. Filan şey olmalıydı, niyə yoxdu, yoxdusa, demək danışmağa dəyməz. Ancaq Nizami Gəncəvinin əsərlərini tərcümə elədikdən sonra Rəsul Rza, Səməd Vurğun və Süleyman Rüstəm yaradıcılığlnda baş verən daxili təbəddülatlara baxın. Əsas mənadı, dərinlərə işlədikcə onu “görmək” çətinləşir, sənin üçün şərait yaranır ki, onu bütün varlığınla hiss edəsən, görmədən təsəvvür eləmək obrazı qavramağın yolunu dəyişdirir. Məsələn, Eliot bir şeirində deyirdi:

Where is the life we have lots in living?

Where is the wisdom we have lost in knowledge?

Where is the knowledge we have lost in information?

(Hanı o həyat ki, onu yaşamaqla itirdik?

Hanı o müdriklik ki, onu bilikdə itirdik,

Hanı o bilik ki, onu informasiyada qeyb etdik...)

Şeirin içindəki qüssə, yüngülcə sezilən kədər əslində bədii mətnin dərinliyində oynayan mənanın, mətnin təqdim etdiyi yeni ideyanın yolunu kəsmir, əksinə onun həssaslığını daha qabarıq göstərməyə xidmət edir.

Köhnə nəsə çıxıb gedəndə yanıq yeri qalır, yeni olana qarışıb, orada qüssə, kədər izləri buraxır. Yəni, köhnə forma aradan çıxsa da, onun dilinin altında qalan sözlər danışmaqda davam edir. Baxın, Nazim Hikmətdə klassik şeirin “kədəri” necə ifadə olunur.

Mən məni bir daha ələ keçirsəm,

Abi-həyat içirsəm, demirəm...

Yaxud Rəsul Rzada:

Sevdim Səni:

Tarlada sıx sünbül kimi,

Düşmən nizələrini yaran,

Qanlı cəbhələrdən yaralı dostunu çıxaran

Vəfalı bir atı sevən kimi.

Sevdim səni həyatı sevən kimi.

Sevdim səni:

Eşqinin atəşli isitmələrilə

Aylı gecələrdə səni

Yuxudan oyandıran

Dilinə şirin gələn

Kölgəsində ruhun dincələn

əziz bir ad kimi.

Sevdim səni həyat kimi.

Sevdim səni:

Bəşər oğlunun

Xülyasında yaşayan,

əsrlər boyu insan beynini qaşıyan

uçmaq xülyası –

qanad kimi

sevdim səni həyat kimi.

Mikayıl Rəfili şübhəsiz ki, böyük alim, tədqiqatçı və tərcüməçi idi. Həm də şair. Nazim Hikmət necə yazmışdı: şair ola bilərdin, professor oldun. Amma böyük alim, bir məsələyə ən müxtəlif yönlərdən baxa bilən hərtərəfli filoloq.

Image result for rəsul rza

- Ümumiyyətlə, modernizm nə qədər kapitalizm hadisəsidir? Sovet kitablarında mürtəce burjua cərəyanı kimi xarakterizə olunurdu...

- Bunun üçün modernizmin ideologiyasını bilmək lazımdır. Zənnimcə, kifayət qədər araşdırılıb. Habermasın yazılarına baxın.

Avropa fəlsəfəsində modernizm yenilənmə və köklü dəyişiklikləri hədəfə alan ideoloji xətt idi. Necə oldu ki, bu köklü dəyişikliklər meydana gəldi? Qeyd edək ki, bir ideoloji istiqamət kimi modernizm ənənəvi cəmiyyət modelinə əsaslanan ideologiyadan radikal şəkildə fərqlənirdi. Həmin ideologiyada ənənə yenilik üzərində qəti üstünlüyə malik idi. Modernist gerçəklik fərdiliyin yaradılması və yeniliyin ənənə üzərində üstünlüyünü tələb edirdi. Başqa sözlə desək, modernizm Y.Habermasın ifadəsi ilə dəqiqləşdirməli olsaq, əslində bir “müasirlik layihəsi” idi. “Bir tərəfdən biz, yeni Avropa fəlsəfəsində heç də populyar olmayan tam yeni layihələndirmə prinsipi ilə üzləşirik, digər tərəfdən isə bu layihə aşkar şəkildə tamamlanmamağa məhkum idi, çünki o dayanmadan yenilənən müasirlik prinsipinə əsaslanırdı. Bu mənada modernizm təkcə yeni olana tərəf deyil, həm də daimi yenilənməyə istiqamət götürmüşdü”. (Olışanskiy D.A. “Osnovı ideoloqii modernizma”). Bu müddəa M. Berman tərəfindən daha mükəmməl şəkildə ifadə edilmişdir:”Müasir olmaq, macəra, hakimiyyət, oyun əhatəsində olmaq, artım, özünün və dünyanın dəyiməsi deməkdir. Bu, eyni zamanda malik olduğumuz və bildiyimiz hər şeyin dağılması təhlükəsi anlamına gəlir. Müasir həyat təcrübəsi coğrafi və etnik sərhəd, sinfi, milli, dini və ideoloji fərq tanımır; bu mənada təsdiq etmək olar ki, müasirlik bütün bəşəriyyəti birləşdirir. Ancaq bu birlik paradoksal xarakter daşıyır, bu, fərqliliklkərin birliyidir: o, hər gün dayanmadan dəyişən hadisə burulğanı kimi hər bir insanı içində batırır və qeyb edir. Məşhur bir ifadə ilə desək, müasirlik bütün əsas şeyləri (dəyərləri-!) havaya uçuran dünyanın bir hissəsi olmaqdır”(Bermann M. All that is solid melts into air. N.Y., 1982)

- Boris Pasternaka qarşı aparılan siyasi kampaniyanı sovet hakimiyyətinin modernizmə münasibət kimi xarakterizə etmək olarmı? Bildiyiniz kimi, bizdə də onun əleyhinə çıxışlar olmuşdu və bu çıxışların başında gələnlərdən biri də Rəsul Rza idi. Bir modernist şairin Pasternaka qarşı çıxması nə demək idi?

- Boris Pasternaka qarşı aparılan siyasi kampaniya şübhəsiz ki, sovet hakimiyyətinin elə Pasternaka münasibəti idi. Yəni, siayis-ideoloji mübarizənin tərkib hissəsi olaraq. Xruşşovun modernizmə qarşı əcaib ifadələrini yada salın.

Bəlli mənbədən sitata diqqət edin: “7 aprel. Sovetin İsveçdəki səfiri Nobel komissiyasına təsir göstərmək məqəsdi daşıyan bir teleqram aldı: MK-nın ideoloji kommissiyası xəbər verirdi ki,”Şoloxova Nobel mükafatının verilməsi Sovet İttifaqında yüksək dəyərləndirlərdi, ancaq Pasternakın namizədliyinin irəli sürülməsi sovet ictimaiyyətinə münasibətdə bədxahlıq sayılmalıdır”. Daha sonra, “Sentyabr. Belə bir informasiya daxil oldu ki, İsveç akademiyası Pasternaka bu mükafatı vermək niyyətindədir. Mərəkədən qurtulmaq və Qərb mətbuatına SSRİ-də qadağan edilmiş əsər ətrafında səs-küy qaldırmaq imkanı verməmək üçün, Yazıçılar İttifaqı “Doktor Jivaqo” romanını kiçik tirajla təcili çap etməyi tövsiyə etdi. Ancaq bu təklif Mədəniyyət şöbəsində məqsədəuyğun sayılmadı. MK katibi Suslov və mədəniyyət şöbəsinin müdiri D.Polikarpov Pasternaka mükafat veriləcəyi təqdirdə çox gizli şəkildə işə düşəcək fəaliyyət proqramını hazırladılar”. Daha sonra İsveç şairi, Akademiyanın daimi katibi A.Esterlinq mükafatın Pasternaka verildiyini elan edir, Pasternaksa akademiyaya teleqram vurur: “«Бесконечно благодарен, тронут, горд, удивлен, смущен».” Sonra, Moskva radiosu (25 oktyabr) bu hadisəni belə şərh edirdi: “Nobel mükafatı orta səviyyəli, sovet dövlətinə qarşı siyasi akt səciyyəli “Doktor Jivaqo”ya verildi”. Nəticədə, Nobel komtəsi soyuq müharibəni qızışdırmaqda ittiham edildi. Pasternak tələ yeminə çevrildi. Yazıçılar İttifaqında Sergey Mixalkov Pasternakın sovet vətəndaşlığından xaric edilməsi təklifi ilə çıxış etdi. “Pravda” qəzeti romanı siyasi həcv adlandırdı. Oktyabrın 27-də Pasternak Yazıçılar İttifaqına çağrıldı və yekdil səslə ittifaqdan çıxarıldı. Sonra yerlərdə ittihamlar dalğası gəldi. Maşinist Filipp Vasilçov deyirdi: Xeyr, Pasternakı oxumamışam. Ancaq bilirəm ki, ədəbiyyat qurbağalarsız daha gözəldir. Bakıdan neftçi Rasim Qasımov: B.Pasternakın siyasi və mənəvi iflası məni – sıravi sovet oxucusunu dərindən sarsıtdı”.

Bütün bunlar Pasternaka ölümcül zərbələr endirdi. 1960-cı ilin mayında dünyadan köçdüyü gün həyat yoldaşına demişdi: “Həyatı və səni çox sevirəm. Ancaq təəssüf etmirəm, heyrətlənmirəm: hər şey mənasızdır, dəyərsizdir, təkcə bizdə yox, bütün dünyada...”.

Bu ab-hava, terror Pasternakı qəbrə gömdü.

Bəli, Rəsul Rza bu kampaniyada iştirak edib. Və sonralar dərin peşmanlıq keçirib. Anar Pasternakın “Hamlet” şeirini çevirib. Baxın, necə kədərlidir:

Uğultu kəsildi.

Səhnəyə çıxdım

Yapışıb qapının çərçivəsindən.

Eşitmək istərəm aqibətimi

Kiminsə uzaqdan gələn səsindən.

Min durbin gözüylə zillənib mənə

Gecənin zülməti, zil qaranlığı.

Əgər iqtidarın varsa, İlahi,

Məndən uzaq eylə bu yamanlığı.

Sənin tərs niyyətin xoşuma gəlir,

Rolu da oynardım böyük həvəslə.

Lakin indi başqa tamaşa gedir.

Məni əvəz eylə bir ayrı kəslə.

Yaxşı düşünüblər amma oyunu,

Təkəm riyakarlıq oyununda mən.

Labüddür yolun da qaçılmaz sonu,

Həyat çöl deyil ki, keçib gedəsən.

- Belə bir fikir də var ki, Rəsul Rza Səməd Vurğunla rəqabətə dözmək üçün yenilikçilikdən sadəcə istifadə edirdi...

- İllər ərzində gedən prosesin bu şəkildə ümumiləşdirilməsi gülüş doğurur. O, Səməd Vurğunla rəqabət aparmırdı, yeni şeir və ədəbiyyat uğrunda mübarizə aparırdı, bu məqamda “Səməd Vurğun məktəbi” ilə kəsişmələr olurdusa da, bu mübarizə rəqabət çərçivəsinə girmirdi, əksinə yeni düşüncə və forma-üslub axtraışlarına gətirib çıxarırdı. Hər iki cəbhədə. Birində zəif, o birində çox güclü. İndi də nəticələr göz qabağındadır.

- Söz yox ki, o, mütərəqqi qələm adamı idi və bütün fəaliyyəti ilə ədəbiyyatda yeniliyin tərəfindəydi...

- Bütün yaradıcılığından görünür bu. Mürtəce olsaydı, bu gün ondan bəhs etməzdik. Azərbaycan ədəbiyyatı tarixində, xüsusən sovet dövrü ədəbiyyat tarixində Rəsul Rza qədər ədəbi anlamda inadkar ikinci sima tapmaq qeyri-mümkündür. Yəni, düşünüb gördüyü yolu qarış-qarış inşa etmək, özü də keçmişin bütün gözəl nəsnələrinə xələl gətirmədən, onlarla uğurlu sintezə nail olmaq uğrunda çarpışmaq. Əslində Rəsul Rza sənəti Azərbaycanda yeniliyə açılan bir nəfəsdir, ikinci “Axundov işidir”. Bunu belə izah eləmək olar ki, sən sırf texniki improvizasiyalardan vaz keçib daxildən, qəlbin bəlkə ən dəruni döyüntüləri ilə milli ədəbiyyatın ruhu ilə təmasa girirsən, ya da buna çalışırsan, məqsəd onu mahiyyətcə davam etdirməklə ondan yerlə göy qədər fərqlənən mətnlərin yaranmasına yön verməkdir. Təkrar edirəm: yön vermək! Bu, əbədi missiyadır. Rəsul Rza bu mənada həm də ədəbi impulsdur, bəlkə özü səni məcbur edir ki, onu inkar edəsən, ondan uzaqlaşıb nişan verdiyi özəlliklərə doğru gedəsən. Rəsul Rzanın ilk şeirlərinə, həm də hecayla yazdığı mətnlərə baxın. Fərqli rayihə və təravət var. Məlum ənənə çərçivəsində mətn, intonasiya modelləri “başqalaşır”, küy, gerçəklikdəki küy misra-misra azalır, qayçılanır, qafiyənin fəlsəfəsi başqalaşır. Onun məlum şeirindən bir misraya diqqət edin: hər yazılan şeir deyil... Bunu özü də bilirdi. Məqsəd eyni, yaxud oxşar templərdən uzaqlaşmaq və bunu təlqin etmək idi. “Ərk qalası” şeirinə diqqət edək:

Image result for rəsul rza

Vuruşdular:

son gülləyə;

son süngüyə,

son qundağa qədər.

Vuruşdular:

hər şey qırmızı geydi,

daşdan, torpağa qədər.

Vuruşdular:

alt dodaqdan

üst dodağa qalxa bilməyən

səsə qədər.

Vuruşdular:

onlardan yeddi dəfə – yetmiş qat

artıq olan,

süngüləri narın daraq dişi kimi

sıx olan düşmənlə.

Yaralılar ufuldamadı.

Can verənlər inləmədi.

Susuzlar yandım demədi.

Öpdü qurumuş dodaqları

qan hopmuş torpağı.

Yaralarına basdılar

qan rəngli bayrağı.

Nə düşmən onlardan

bir aman sözü ala bildi,

nə bu ölümü yağı duydu,

nə qala bildi.

Söykənib qala divarına

öldülər ayaq üstə;

çiyin-çiyinə.

Ulduzlar şahid oldu,

bir sırada dayanmış

ölülərin qabağından,

yüz yerə bölünmüş dirilərin

çəkildiyinə.

Öldülər ayaqlarının altında

Vətən torpağı.

Başlarının üstündə

Vətən ulduzları.

Könüldən könülə keçdi

ümidləri, arzuları.

Gecə ağır-ağır keçdi

cənazələrin üstündən;

Keçdi getdi yolu səhərə.

Günəş şəfəqdən bir örtük çəkdi

torpağı qoruyub, torpaqda dincələn

cənazələrə.

Şeiri oxuyursan, hərəkətin (intonasiyanın təlqin etdiyi hərəkətin - !) nəfəsini hiss edirsən, hənirini duyursan. İdeyanın, metaforanın libası çox fərqlidir. Əşyanı hiss etdirmək keyfiyyəti tam fərqlidir. “Təbrizim” şeirində başqa bir hissetdirmə mexanizmə təqdim edilir. Rəsul Rza tonu, səsin trayektoriyasını fərqli biçimlərdə əks etdirirdi, bəzən adi danışıq dilinin ladına düşürdü. Pafosdan uzaq nitqin içindəki sehrin bədii mətnə gəlişi çox maraqlı eksperimentlərə yol açırdı.

Həm də: hansısa araşdırmada oxumuşam: şeirdən məqsəd hansısa duyğunu ifadə etmək deyil, onu çatdırmaq, davam etdirməkdir, yəni ömrünü uzatmaqdır... Bu şeirdə olduğu kimi.

- Onun “Kərkük bayatıları” kitabına yazdığı ön sözü oxuyanda heyran qalmışdım. Açığı, Rəsul Rzanın xalq dilini bu qədər incəliklərinə qədər bildiyini, duyduğunu düşünmürdüm. Şeirlərində də bunu hiss etməmişdim. Həmin ön söz fikrimi dəyişdi.

- Bəli, xalq dilini, klassik ədəbiyyatı, klassik formalaraı çox mükəmməl şəkildə bilirdi. Müharibə illərində əsgərlərin cəbhəyə yola salınma mərasimində bədahətən əruzda şeir demişdi. Səməd Vurğun heyran olmuşdu. Bir var, bildiyin şeyi yazmaq, bir də var, bildiyindən fərqli şeylər yazmaq. Fərqli düşüncə tərzidir, yəni həm də naturayla bağlı bir məsələdir. O ki qaldı dil məsələsinə, deyək: bizdə dili çox gözəl olan nə qədər şair, yazıçı var, ancaq mətləb, ideya yoxdu, sadəcə bezdirici “gözəl dil var”.

- Bəs praktikada yeni şeiri necə göstərə bilirdi? Bütün hallarda praktika çətin olur...

-

Rəsul Rza sadəcə sərbəst şeir yazmırdı, şeirdə fərqli dünyaduyum və dünyagörüşünü ifadə edirdi. Dediyimiz kimi o, mükəmməl şəkildə əxz etdiklərindən çox fərqli şeylər yazmağa çalışırdı və buna əksər halda nail ola bilirdi. Yazdığı mətnlərdə bu gün (elə zamanında da-!) adi görünən çox şeylər var, ancaq onun sənəti keyfiyyət və xasiyytətcə fərqlənirdi, misralarda və misralar arası boşluqlarda impressionist düşüncə tərzini görməmək mümkün deyildi. “Tac Mahal”a həsr etdiyi şeirə baxın. Başqa bir şeirində günəşin qırıq-qırıq çaylaq daşları üzərində əksindən bəhs edir. Günəş necə parçalanıb, çiliklənib bu daş parçaları üzərində paylanır, sonra necə bütövləşir, kiçik bir mətndə hislərin axını hansı incə nüanslarla ifadə edilib... “Əl vurma, rənglənib...” Bu da var. Ancaq əvvəlcə: “Gördüyümüzdən artıq görmək istəməsək, hər rəng adicə boyadır...”. Bu mətnlərdə ənənəvi şeirin bitdiyi, nöqtənin qoyulduğu yerdən təzə mətləb başlayır. Ərazinin bu şəkildə böyüməsi, genişlənməsi dünya poeziyasına inteqrasiya məqsədi daşıyır. Rəsul Rza poeziyası haqıqnda “missiya” ifadəsini biz daha çox bu mənada işlədirik. “Rənglər” silsiləsi haqqında “mücərrəd, abstrakt” sözlərini işlədirdilər, düz deyirdilər. yeni bir şeyə avtomatik, düşünlməmiş cavab qismində. Yəni, bu şeirləri yazmaqdan məqsəd konkret rəngi təsəvvürdə canlandırmaq deyildi, rənglərin doğurduğu hisləri yoxlamaq, şeir boyunca davam etdirmək, insan hislərinin subyektiv sferasından vaz keçib “dəruni məni”, dərinlərdəki mənanı kəşf etmək... gerçəkliyi vurub-çıxmaq, onu ötmək qəsdini daşıyırdı. Bədii mətnlərdə üzdə olan hislər artıq tapdaq edilmiş, “avtomatik rejimə” keçmişdi, bütün bunlardan vaz keçmək naminə ilk olaraq rənglərdən başlamaq əbəs deyildi.

... Cansız barmaqlar arasında

Sönmüş siqaretin uzun külü.

Vağam güllər – selafona bükülü.

Boş günlər, boş ürəklər.

Həm elə, həm belə adam,

Vərdişlə könülsüz gülüş...

Yəni, bunlar “mən şeirdə nöqtə, vergül qoymuram”, yaxud hipermodern tərzdə yazılan “anlamsız şeir” deyildi, yuxarıda vurğuladığımız kimi, ürəyə qədimlərdən, “arxaik keçmişdən” süzülən səslərin yeni çağda ifadəsi idi.

- Açığını deyim ki, mən onu böyük şair hesab etmirəm. Yəni onda o böyük istedadı heç zaman hiss eləməmişəm... Və onu da deyim ki, bu yeni şeirə münasibətimlə bağlı deyil. Çünki Vladimir Mayakovski, Nazim Hikmət, Orxan Vəli, Əli Kərim çox sevdiyim və qeydsiz-şərtsiz böyük hesab etdiyim şairlərdir...

- Adını çəkdiyin və çəkmədiyin şairlərin hər birində nə qədər şeir olmayan parçalar var. Yəni, məncə, şairi, onun böyüklüyünü bu məlum ülgülərlə ölçmək olmaz. Rəsul Rza bir missiyanı yerinə yetirirdi, o missiya hələ də bitməyib. Konkret, “Rənglər” silsiləsinə qayıda və söhbətimizi davam edə bilərik. İndi çoxları baxıb deyə biulər ki, nə çətin işdi, bu şeirləri mən də yaza bilərəm. Ancaq bir şey unudulur: sən başqa, fərqli şeylər yazmalısan. Rəsul Rza bunu unutmamışdı, qədim ədəbiyyatımızdan qətrə-qətrə süzülüb gələn missiyanı sezmiş və anlamışdı.

- O, intonasiya axtarışında çox olub... Çox axtarıb... Çox zəhmət çəkib... Ha düşünürəm, bizim şeirdə Rəsul Rza qədər zəhmət çəkən ikinci bir imza yadıma düşmür.

- Razıyam. Bu barədə mən də fikirlərimi dedim.

- Bir də çoxsaylı yazılar içində Rəsul Rzaya obyektiv münasibəti ayırd etmək çətindir. Çünki oğlu Anar vəzifə, nüfuz sahibidir və özünün də etiraf etdiyi kimi, valideynlərinə qarşı həssasdır. Odur ki, Rəsul Rza haqqında yazanlar adətən obyektiv və səmimi ola bilmirlər. AYB tərəfdarları bütləşdirir, azad düşüncəli yazıçılar isə heç cür qəbul etmir. Sizcə bu deiametral əksliklərin arasında Rəsul Rzanın əsl yeri haradır?

- Bir şey deyim: Rəsul Rza haqqında normal tədqiqat əsəri hələ yazılmayıb. Bunun səbəbi heç sizin dediyiniz faktorlar da deyil. Adam valideynlərinə qarşı həssas olar da. Bir də: Rəsul Rza haqqında yazmaq çətindir, təhlil, baxış mənasında. Onun yaradıcılığı orijinal metod, araşdırma üsulunun olmasını tələb edir. Ədəbiyyat tarxini, müxtəlif, fərqli axtarış yollarını dəqiq bilməlisən.

- “Lenin” poemasını yeni nəşrlərindən çıxartdılar. Halbuki o poema sənət əsəri kimi maraqlı idi. Bəzən o dövrdə yazılmış şeirlərdən, poemalardan misralar, hissələr çıxardır, bəzənsə əsəri bütöv silirlər. Sizcə bu düzgündürmü? Bəlkə müəllifi zamanla baş-başa qoyaq. Onsuz da əvvəl-axır belə olacaq.

- Düzgün deyildir. Müəllif onsuz da zamanla baş-başadır.

- Son olaraq Rəsul Rzanı yeni dövr oxucularına necə təqdim edərdiniz və günümüz üçün vacib, aktual olan hansı məziyyətlərindən danışardınız?

- Rəsul Rzanın şair və düşüncə adamı kimi oxumaq, axtarmaq... Şeirdə baş verən bütün işlərdə bir nömrəli “təqsirli” şairin xəyalıdır. İllər keçir, bu nəsnə onu oxuyan oxuculara hakim kəsilir, xəyal ölmür, çürüyüb getmir, imkan olduqca səninlə təmasa keçir. Bax, onda duyursan ki, bu mətnlər sənindir və heç yadına düşmür ki, filankəs böyük şairdir, yoxsa yox...

# 3725 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #