İtalo Kalvinonun xeyir və şəri

İtalo Kalvinonun xeyir və şəri
27 aprel 2017
# 13:37

Kuılis.az Şərif Ağayarın “İtalo Kalvinonun xeyir və şəri” essesini təqdim edir.

Ədəbiyyatda polifonik (çoxsəsli) nəsr deyə bir anlayış var. Polifonik nəsrdə obrazlar birmənalı mənfi, yaxud müsbət olmur, çoxrəngli, çoxtərəfli, çoxsəsli olur.

Eynən həyatın özü kimi...

Nizami Gəncəvinin məşhur əsərində də göstərildiyi kimi lap qədimlərdən bizə insanın iki vacib xisləti bəlli idi: xeyir və şər!

Və dünya xeyirlə şərin əbədi mübarizəsi üzərində pərvəriş tapmışdı.

Zaman keçdikcə xeyir və şərin elə insanın öz içində olduğunu öyrəndik.

Dünyanın özündə olduğu kimi, içimizdə də xeyirlə şərin əbədi davası gedir; birində xeyir güc gəlir, o birində şər.

Bəs, görün İtalo Kalvino məşhur “Atalarımız” trilogiyasının ilk romanı olan “İkiyə bölünmüş vikont”da bu məsələni necə qoyur?

Xatırladaq ki, İtalo Kalvino 20-ci əsrin ən tanınmış yazıçılarındandır. Dahi Umberto Ekonun müəllimidir. Azərbaycan oxucusu onu həm də Nizami Gəncəvi haqqında yazdığı “Nizaminin “Yeddi gözəli” essesindən tanıyır. Müəllif bu essedə Nizamini Şekspirdən yüksək qiymətləndirib.

“İkiyə bölünmüş vikont” romanının baş qəhrəmanı Terralbalı Medardonun əlində geniş səlahiyyətlər var. Üstəlik italyan-türk müharibəsinə gedən kimi imperator ona leytenant rütbəsi verir.

İlk döyüşdəcə düşmən topu Medardonu iki yerə bölür, ancaq öldürmür.

Onun sağ tərəfi sağalaraq Terralbaya qayıdır.

Vikontun tabeliyində çoxlu kəndlər var.

Bədbəxtlikdən müharibəni tərk edən sağ tərəf vikontun şər tərəfidir. Ona görə insanlara zülm verir, hakimlik etdiyi məhkəmələrdə qəddar hökmlər çıxarır.

Hətta öz süd anasını yandırmaq istəyir. Onun yanmadığını görüb, üzünə düşən ləkələri bəhanə edərək cüzamlı xəstələr yaşayan kəndə sürgün elətdirir.

Bu azmış kimi gözəl çoban qızı Pamelayla evlənmək istəyir.

Ancaq Pamela çəkinir, bir gün günahsız qurbanlardan birinə çevirəcəyindən qorxur.

Bu ərəfədə vikontun xeyir tərəfi də Tellarbaya qayıdır.

O, öz yarısının əksinə olaraq xeyir işlər görərək insanları çaşdırır.

Pamela ona vurulur.

Az keçməmiş, xeyir işlərlə məşğul olan tərəfin vikontun xeyir tərəfi olduğunu anlayırlar.

Və əsərin ən ilginc məqamı: Medardonun xeyir və şər tərəfləri Pamela üçün duelə çıxıb, üz-üzə gəlirlər.

Döyüşdə hər iksi yaralanıb yerə yıxılır.

Həkimlər cəld tərpənirlər və onun sağ-sol tərəflərini üst-üstə qoyub möhkəm-möhkəm sarıyırlar.

Medardo sağalaraq bütöv insana çevrilir.

Buna ən çox Pamela sevinir: “Nəhayət mənim də bütöv ərim olacaq!” - deyir.

Bəli, düz tutdunuz, yazıçı demək istəyir ki, insan yaxşı və pis tərəfləri ilə gözəldir və onu bütün tərəfləri ilə qəbul edib sevmək lazımdır.

Yalnız pis olmaq kimi yalnız yaxşı olmaq da mümkün deyil.

Mümkün olsa belə bu çox darıxdırıcı, bezdirici, hətta faciəvi olardı.

Həyat öz təbiiliyi ilə dəyərlidir.

O ki, qaldı əsərin bədii-estetik məziyyətlərinə, həmişə olduğu kimi indi də susmağı üstünlük verirəm.

Çünki o gözəllik, o sənətkarlıq sözlə ifadə olunmaz.

# 1476 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #