Şəhriyarı Azərbaycandan küsdürənlər

Şəhriyarı Azərbaycandan küsdürənlər
17 iyun 2021
# 11:34

Azərbaycanın komanda oyunlarında uğur qazana bilməməsini, fərdi yarışlardakı nailiyyətlərimizi min yerə yozuruq...

Ancaq fərdi nailiyyət qazananların da min bir problemi var.

Təəssüf ki, Azərbaycanda fərdi yarışlarda uğur qazanmaqla da iş bitmir. Kənardan başqa cür görünür, sanki bir insan olduqca istedadlı, bacarıqlı və uğurludursa, bununla iş bitir, o, hər gün bir nailiyyət qazanacaq, irəli gedəcək.

Amma reallığın başqa bir idbar siması var: bütün sadalanan keyfiyyətlərlə iş bitmir!

Sən Azərbaycan tarixində bir ilkə imza atdığın halda kölgədə saxlana bilərsən.

Örnəyiniz Şəhriyar Məmmədyarov...

Şəhriyarın uğurlarını, nailiyyətlərini burada sadalamağa lüzum yoxdur, onun qazandıqlarından çoxumuz xəbərdarıq, məlumatsızlar Vikipedia səhifəsinə nəzər sala bilər.

O, bir neçə gün öncə daha bir tarixi nailiyyətə imza atıb, "GRAND CHESS TOUR" turnirinin qalibi olub. İdmançı qeyd edir ki, bu, onun qazandığı ən güclü turnir olub. Turnirdə top onluqdan 7 şahmatçı iştirak edib. Azərbaycan şahmat tarixində belə bir dairəvi turnirin qalibi olmayıb. Bu, Şəhriyarın növbəti tarixi nailiyyətidir.

İndi gəlin, dünya şöhrətli idmançının ötən gün yazdığı posta diqqət edək. O, paylaşımının sonunda qeyd edir:

“...Ümid edirəm ki, mənim bu qələbəmə bizim (şahmat, idman) aidiyyatı qurumlar da sevinir, təbrik almamağıma baxmayaraq”.

Niyə?

Bunca sanballı platformada ölkəmizi birinci edən şəxsi gətirib yuxarı başda oturtmamaq bir yana, heç olmasa, quru təbrik, quru təşəkkür belə etmək olmazdımı?

Bəs aidiyyatı federasiyalar, nazirliklər nə üçün fəaliyyət göstərir?

Şəhriyar öz başının içindəkilərə söykənib fərdi bacarığı ilə tarix yazır, ancaq biz onu görməzdən gəlirik.

Belə bir uğurdan sonradamı onun adamı olmalıdır?

Axı Şəhriyar özü bütün Azərbaycanın adamıdır.

Axı biz beynəlxalq arenalarda onun adını çəkərək, ona güvənərək xal qazandığımız halda onun ölkədə kiməsə ehtiyacı var.

Bu murdar, kriteriyasız, ədalətsiz rəqabətdə özündən bəlkə də qat-qat zəif insanlara uduzdurulur.

Gərək, Şəhriyar da Vüqar Həşimov kimi dünyasını dəyişsin ki, qədrini bilək? Heykəl qoyaq, adına məktəb açaq?

Məmmədyarovla bağlı artıq dəfələrlə aidiyyatı qurumlar tərəfindən xoşagəlməz münasibətlə qarşılaşırıq.

Bəlkə, Şəhriyarı ölkədə tanınmış başqa bir şahmatçının kölgəsində saxlamaq planlaşdırılıb.

Bəlkə deyirəm, amma əmin olduğum, dəqiq bildiyim məsələlər var ki, açıb-ağartmaq bizə başucalıq gətirməz.

Axı niyə?

Dünyanın neçə ölkəsi tarixində Şəhriyar Məmmədyarov kimi şahmatçı görüb? Şəhriyar bu gün ölkədən üz döndərsə, həmin ölkələr başına milyonlar tökər. Son cümləni ehtimal kimi qeyd etmirəm, belə hadisələr başımıza çox gəlib. Küsdürdüyümüz idmançılar başqa ölkəyə gedib dünya çempionu, dünya rekordçusu olub. Bizim küsdürdüyümüz insanlardan cənnətməkan bir şəhər salmaq olar.

Təəssüf, təəssüf, təəssüf...

Bu an gözümün önünə ölkəyə əlində Beynəlxalq Avropa Film Festivalının “Qran-pri”si ilə dönən, hava limanında qarşılanmayan, üstəlik festival günlərində işdə olmadığına görə töhmət alan Ayaz Salayev gəlir...

Və bu siyahını utandığımdan böyütmürəm. Əks halda burada küsdürdüyümüz, qovduğumuz, pisikdirdiyimiz onlarla mədəniyyət xadiminin, idman ustasının, məşhurun adını yazaram. O adamlar 86.6 min kvadrat kilometr ərazidə hər il doğulmur. Ölkə bu adamları qazanmaq üçün onilliklərlə, bəzən əsrlərlə gözləməli olur.

Əslində, Şəhriyarın bəlkə də bu qurumların dəstəyinə, təşəkkürünə ehtiyacı yoxdur. Adam Azərbaycandan çox-çox böyük arenalarda fərdi bacarığı ilə seçilib, qiymətləndirilib. Şəhriyarın gileyi ölkəyə olan sevgisindəndir. Sevgi olmasa, onu Azərbaycan miqyasında ədalətsizlik qəti narahat etməzdi.

Biz istedada dəstək verilməməsindən gileyləndiyimiz bir zamanda, görün hansı əcaib problemlə qarşı-qarşıyayıq; dəstək cəhənnəm, istedadlara, sözünü demiş şəxslərə kölgə salırıq!

Səd əfsus!

# 3123 dəfə oxunub

Müəllifin son yazıları

# # #