Samirə Əfəndi özünə ər tapdı, bəs biz nə qazandıq?

Samirə Əfəndi özünə ər tapdı, bəs biz nə qazandıq?
24 may 2021
# 11:54

Avroviziya nə üçündür? Nəyə lazımdır? Təməli Avropa ölkələrinin musiqi festivalı kimi qoyulan bu tədbir bir çox layihələr kimi qol-budaq atandan sonra məramını dəyişdi.

Yəqin ki, bir çoxunuz, ümumiyyətlə, oradakı səsvermənin, sürprizlərin həqiqi olduğuna inanmırsınız.

Buna inanmayan ölkələr də az deyil.

Məsələn, Avroviziyadan son illərdə imtina edən Türkiyə kimi... İngiltərə isə bu yarışmadan, demək olar, uzun illər əvvəl “imtina” edib. Yarışmaya qatıldıqları mahnı və performans o qədər sönük olur, baxan kimi hiss olunur ki, layihəni başlarından eləyiblər. Elə builki kimi, 26 ölkə arasında İngiltərə ilkə imza atdı, təmsil olunduğu mahnı dünya tamaşaçısı tərəfindən 1 xal olsun qazanmadı.

Azərbaycan isə 2008-ci ildən etibarən bu musiqi yarışmasının iştirakçılarındandır, hətta bir dəfə festivalın qalibi də olub.

Qalibiyyət və “Avroviziya”nın ölkəmizdə keçirilməsi istisna, digər illərdə biz bu yarışmadan nə əldə edirik?

Təbii ki, “Avroviziya” təbliğat olmaqla yanaşı, həm də böyük bir biznes layihəsidir. Azərbaycan isə bu biznes layihəsində adətən xərcləyən tərəf olur.

İlk çıxışımız istisna, digər bütün mahnılarımızı xaricilər yazır, bəstələyir, quruluş verir və s.

Yerdə qalır təbliğat, o da ki, belə...

“Avroviziya – 2021” mahnımızın qalibiyyətə hesablanmadığı bəlli idi. Belə olduğu halda biz sıradan, ənənəvi bir “Avroviziya mahnısı” ilə deyil, xüsusi bir layihə ilə çıxış edə bilərdik. Məsələn, ən azından öz müəlliflərimizi – şair, bəstəkar, xoreoqraf, rəssamlarımızdan istifadə edə – öz adət, mədəniyyət, dilimizi dünya müstəvisində nümayiş edə bilərdik.

Bu il orijinal dildə ifa edən – Rusiya, Ukrayna, Fransa, Serbiya və b. ölkələr var idi. Məsələn Rusiya təmsilçisi Manizanın “qılaf”ında bir dünyanın rəmzi, ornamenti var idi. Eləcə də Ukrayna təmsilçisinin boğazlarını dinləyən kimi bu xalqın musiqisi, mədəniyyəti bir anda göz önündə canlanır...

İsveçrə və Fransa təmsilçiləri də öz dillərində ifa edərək birincilərdən oldu və bir daha fransız dilinin nə qədər mədəniyyət, musiqi dili olduğunu sübut etdilər.

Filmdə, ədəbiyyatda – incəsənətin bütün müstəvilərində yarışmalara qatılarkən elə bilirik ki, biz dünya tamaşaçısına, təşkilatçılara hər gün eşitdikləri mövzulardan onların dilində bəhs etməliyik.

Tamam, edək, amma bunu biz onlardan daha yaxşı bacaracağıqmı?

Bu, mümkündürmü?

Bu halda biz milli-mədəni özəlliklər üzərindən, mental, coğrafi mozaikalarla diqqət çəkə bilərik. Azından özümüzü sevdiyimiz simada təqdim edərik, birincilik o yana qalsın!

Bəzi soydaşlarımızın Samirə Əfəndidən narazı qalmasının isə heç bir əsası yoxdur, adama nə tapşırmışdılar, onu da etdi, zərrə həyəcansız oxudu, üstəlik özünə norveçli ər də tapdı!

Şükür, bu boyda musiqi yarışması heç olmasa, bir azərbaycanlının işinə yaradı.

# 6092 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #