Muzeyə getməməyi ilə məzələnən xalqım, oy!

Muzeyə getməməyi ilə məzələnən xalqım, oy!
18 yanvar 2021
# 11:42

2021-ə sıçrayan kabus günlərin birində karantin rejimi xeyli yumşaldıldı və fəaliyyətinə icazə verilən sahələrdən biri də muzeylər və sərgi salonları oldu.

Elə bu xəbərin ardınca həmvətənlərimizin ənənəvi zarafatları da sosial şəbəkələri bürüməkdə davam elədi:

“Yaxşı ki, muzeylər açıldı, yoxsa ürəyimiz partlayırdı evdə”, “Muzeylərin bağlı olduğunu hiss etmişdiz?”, “Muzeyə getməkdən yorulacağıq” və s.

Bəllidir, muzeylər, mədəniyyət salonları xalq üçün əhəmiyyət səviyyəsində ən aşağı yerlərdən birini tutur.

Görəsən, heç olmasa, bu çatışmazlığı hiss edirik, bunun uğursuz bir gediş olduğunu qəbul edirik?

Ediriksə, bir cəmiyyət muzeyə getməməyilə necə məzələnə bilir?

Bu, hansı müstəvidir?

Muzeyə getməmək, incəsənət dünyasından ailəlikcə, ellikcə uzaq olmaq bir fəlakət, bu çatışmazlığı ilə məzələnmək isə ayrı fəlakət!

Rusiyada eyni adamlar hər ay eyni muzeylərə, sərgilərə təkrar gedirlər.

Tanınmış jurnalist dostlarımızdan biri deyirdi ki, Rusiyada muzeyə gedəndə bələdçi onun azərbaycanlı olduğuna inanmayıb. Deyib, yeri! Nə azərbaycanlı?! 30 ildir burda işləyirəm, bir nəfər azərbaycanlını ayağını bu kandardan içəri qoyan görməmişəm, halbuki bu ərazidə xeyli azərbaycanlı yaşayır.

Muzeyə getmək kultu, bu kultun formalaşdırdığı nəsillər və bu kultu formalaşdıranlar, bu yerlərin insanlara mənəvi, intellektual, estetik anlamda təsirindən danışmayacam. Çünki belə şeylərdən danışmaqla, həm də bu tonda danışmaqla heç nə düzəlmir.

Ruslarla müqayisəm çoxuna qəribə görünə bilər, amma bu sahə iqtisadiyyat, elm, hərb deyil ki, müqayisə aparanda ehtiyat edək! Vətəndaşın muzeyə, teatra getməsi üçün ölkə ərazisinin böyük, əhalisinin çox olması ilk şərt deyil. Həm də biz bu gün həsədlə baxdığımız muzeyə gedən rus xalqı ilə əsrlərlə həşir-nəşir olmuş, eyni ölkədə yaşamış, eyni imtiyazlardan pay almışıq. 71 illik Sovet belə bizimkilərə muzeyə getmək kultunu aşılaya bilmədi.

Bu biganəliyin digər səbəbi isə muzeylərin özü ilə bağlıdır; demək olar ki, heç bir muzeyimizdə mütəvaze, qüdsi atmosfer yoxdur. İnsanlar belə məkanlara informasiya almaqdan daha çox ruhən dincəlməyə gəlir. Azərbaycan muzeyləri isə rəsmi qəbul otaqlarına oxşayır. Muzeylərin bələdçiləri də özlərini evin köçməyən qızı kimi aparır, daim əsəbi olur, oradan mürəxxəs olacağımız anı gözləyir.

Bir az peşəkar sayılan bələdçilər belə yaxandan yapışıb yarıqaranlıq, tarix qoxan otağı pafos püskürən cümlələrlə doldurur...

Mirzə Cəlildən, Sabirdən bu yana yumorla, daha doğrusu ələ salma ilə maarifləndirmənin yanlış olduğu görülməkdədir və biz hələ də öz eyiblərimizlə məzələnməklə, ciddi mövzuları lağlağıya çevirməklə məşğuluq.

Xanımlar və cənablar, muzeyə getməmək gülməli deyil, ağlamalıdır!

# 3258 dəfə oxunub

Müəllifin son yazıları

# # #