Deyingən qocaya çevrilən Şeyx Nizami Gəncəvi

Deyingən qocaya çevrilən Şeyx Nizami Gəncəvi
23 avqust 2021
# 11:02

"Nizami ili" asta-asta sona çatır... Yenə də formal bir il yaşadıq, yaşı 60-ı ötmüş bir artistə çalma bağladıb ağac əkdirdik, heç kimin oxumayacağı kopya monoqrafiyalar yazdıq, yüz ilin təkrarlanan mətnlərini yenidən "metodiki vəsaitlər" adı altında çıxarıdıq, kimlərsə pul sildi, kimlərsə 3-5 qazandı...

İlin əvvəlində Nizamini nəhayət ki, Azərbaycan oxucusuna qazandırmaq, onun əsərlərindən heç olmasa brinin orijinal bəhrdə, fikirlərinin metafizik qatının qaytarılması şərtilə tərcüməsini təklif etmişdim. Həmin yazı ilə bağlı mənə, hətta Nizami Adına Ədəbiyyat İnstitutundan da zəng edib təşəkkür etmişdilər. Amma nədənsə, bütün sanballı mətnlər, ciddi təkliflər kimi Nizaminin yenidən tərcümə edilməsi təklifi də qulaqardı edildi.

Təbii ki, Sovet dövründə düşünülmüş şəkildə Nizaminin əsərlərinin vacib qatı məhv edilmişdi. Bunu hər birimiz bildiyimiz halda niyə yenidən tərcüməyə cəhd etmədik?

Niyə aidiyyatı şəxslər, qurumlar bu barədə müraciət etmir?

Hətta həmin ərəfədə hörmətli Anar müəllim açıqlama vermişdi ki, əsərlərin yenidən tərcümə ideyası kimə məxsusdursa, onun məsuliyyət hiss yoxdur, bu əsərləri S.Vurğun, R.Rza və s. kimi şairlər tərcümə edib, kim onlardan yaxşı tərcümə edə bilirsə, etsin.

İndi isə həmin şairlərin tərcümə prosesinə yanaşmasından və onların aldığı sifarişin qayəsini göstərən bir nümunəni təqdim edirəm. Bu, R.Rzanın Nizami Gəncəvinin "Sirlər xəzinəsi"ni tərcümə etdiyi ərəfədə filosof, professor Heydər Hüseynova yazdığı məktubdan parçadır:

"Bu tərcümələr, Heydər, məni lap təngə gətirib. Beş-altı tərcüməm var, yazmaq üçün ölürəm, ancaq bu zalım oğlu Nizamidə insaf yoxdur ki, yazıb yaza bildikcə. Ə kişi, 14 min misra da poema olar? Cəfər Xəndan Cəfər Xəndanlığı ilə bu uzunluqda yazmır...

Nə isə, şərəfli işdir. Ancaq təəssüf ki, gec başlamışıq. Belə bir poemanı bir ilə, on aya yox, beş ilə səliqə ilə, təmkinlə tərcümə etmək lazım idi".

Məktubda tərcüməçinin işinə olan həvəssizliyi açıq görünür. O, bir növ bu işə məcbur edilib.

İkinci tərəfdən də o əsərə verilən müddətdən narazıdır. Görünür dövlət də bu işə elə tərcüməçi kimi üstdən yanaşıb.

Xülasə, o zaman Stalin, ideologiya və başqa sərt amillər bizi Nizamidən məhrum etmişdi, bu başa düşüləndir. Yaxşı, bəs bizi indi bizə nə mane olur?

Niyə, heç olmasa, “Nizami ili”ndə bu məsələyə qayıtmadılar?

Sovetin deyingən, məsləhət verən qocaya çevirdiyi Şeyx Nizaminin ruhu sizi narahat etmirmi?

# 2827 dəfə oxunub

Müəllifin son yazıları

# # #