Millət vəkilinin yanlışı - Sərdar Amin yazır

Millət vəkilinin yanlışı - Sərdar Amin yazır
19 may 2021
# 12:17

Millət vəkili Etibar Əliyevin yanlış Feysbuk gözləntisindən irəli çıxaraq yazdığı məlum post gündəmi o ki var bulandırıb.

O deyir ki, dostluq təklif edənlər çoxdur, siz “like” qoymursunuzsa, yeni dostluqları cavablayım, onlar postlarımı bəyənsin.

Birincisi, yeni qəbul ediləcək dostlar da eyni ölkənin vətəndaşlarıdır, eyni energetik içkilərdən içib, eyni şirkətin siqaretlərini çəkirlər. Kim zəmanət verir ki, onlar gəlib təhsil, maarifləndirici məlumatlara “ürək atacaq?”

İkincisi, uzun illərdir elektron platformada olan bir şəxs bilməlidir ki, dostluq təkliflərini qəbul etməsə belə, həmin şəxslər onun izləyicisinə çevrilir və onun paylaşımlarını görür. Eyni zamanda, həmin paylaşımlara münasibət bildirmək imkanı yaranır. Həmin şəxslərlə illah da dost olmaq şərt deyil.

Yəni, Etibar müəllimin narahatlığı əsassızdır.

Üçüncüsü, Etibar müəllim, axı sizin dostluğunuzda olan şəxslərin hamısı sizə dostluq təklif edənlər deyil. 5 min dostun azından mininə siz dostluq yollamısız. Sizin baxışınızla hər postunuza minimum min “like” gəlməli idi. Hanı həmin bəyənmə? Yoxsa, özünüzün seçib dostluq yolladığınız adamları da “vicdan” müstəvisində sınağa çəkmək istəyirsiz?

Dördüncüsü, bu nə “like” həvəsidir?

Bəyənmə ilə problem düzəlirmi?

Axı siz də bilirsiniz ki, bütün ölkələrdə yalnız kütləvi məhsullar kütləvi bəyənilir?

Sizin Azərbaycan kimi ölkədə təhsil sahəsində gəldiyiniz akademik qənaətlər məhdud kəsimə maraqlıdır, həmin kəsim də, əmin olun ki, sizi izləyir, mətnlərinizə “like” da qoyur.

Beşincisi, postlarınızı bəyənməyənlər sizi narahat edirsə, onları dostluqdan özünüz çıxarmalısınız. Camaatı vicdan müstəvisində dilemma qarşısında qoymaq dürüst hərəkət deyil. Vicdan bir az ağır məsələdir.

Altıncısı, millət vəkili bilməlidir ki, fərdin sosial şəbəkə paylaşımı sistem tərəfindən bütün dostlarına nümayiş edilmir. Bir paylaşım yalnız daim həmin şəxsin postlarını “like” edənlərə, “inboks”da mütəmadi yazışdıqlarına və yaxınlarına göstərilir. Həmin şəxslər tərəfindən kütləvi bəyənmə qazandığı halda postun nümayişi alqoritmə uyğun artırılır. Siz elə bilirsiniz ki, Feysbukda 5 min dost varsa, bu şəxslərin hər biri paylaşımı görür, lakin 100-200-ü “like” qoyur?

Etibar Əliyev sözü gedən postu paylaşandan sonra 8 dəfə redaktə edib. Yəqin, bundan da xəbərsizdir ki, paylaşımı hər nə qədər təkmilləşdirsən də, Feysbuk bu dəyişiklikləri və postun keçmişini saxlayır.

Bu da bir ayrı dərddir ki, deputat, təhsil ekspertinin 8 dəfə redaktəsindən sonra da postda bir neçə kobud orfoqrafik səhv qalıb. Bunu görməzdən gələk...

Problem odur ki, dünya görmüş adam hələ də sosial şəbəkənin təyinatını, əhəmiyyətini, fəaliyyət prinsiplərini dəqiq bilmir.

Axı sizə kim deyib və söz verib ki, Feysbuk birbaşa maarifləndirici platformadır?

Kim sizi razı salıb ki, öz ixtisasınıza uyğun nə yazsanız, hamı tərəfindən “bəh-bəh”lə qəbul ediləcək?

Sözügedən postdakı narahatlıq bir təhsil ekspertinin maariflənidrmək ehtirasından daha çox sosial şəbəkə sisteminin tələyə saldığı, “like” həvəskarına çevirdiyi bir gənc sıxıntısına bənzədi.

Bizi də narahat edən məhz budur!

Etibar müəllim, sizi izləyirik, dəyərli qənaətlərinizi də tirajlayır, bəzən götürüb sayta qoyuruq.

Rahat olun, dərindən nəfəs alın.

Feysbukdan bundan artığını gözləyirsinizsə, peşənizi dəyişməlisiniz.

Bir təhsil eksperti Azərbaycan kimi ölkədə ən yaxşı halda aşağı-yuxarı sizin qədər tanına bilər.

# 2852 dəfə oxunub

Müəllifin son yazıları

# # #