Əlilliyi olan aktyorlar öz qüsurları ilə zarafat etdilər – ƏSA-nın İZDİHAMLI TAMAŞASI

Əlilliyi olan aktyorlar öz qüsurları ilə zarafat etdilər –<span style="color:red;"> ƏSA-nın İZDİHAMLI TAMAŞASI
20 dekabr 2017
# 12:10

Ayxan Ayvaz

ƏSA teatrının “Adamlar və siçanlar” tamaşasına baxdım. Con Steynbekin eyniadlı əsəri əsasında hazırlanmış tamaşa... Ağıldankəm, əqli qüsurlu Lennini xatırlayırsınız? Tamatlı konserv arzulayan, dovşanları, siçanları tumarlamağı xoşlayan Lenni....

Tamaşada əsas heyət əlilliyi olan insanlardan ibarət idi. Elə Lennini canlandıran aktyor da. Həyatla əsər üst-üstə düşmüşdü.

Lenni keçmişi xatırlamır. Onun ən çox xoşladığı yumşaq şeyləri tumarlamaqdır. Klara xalası ona siçan verirdi, amma o, həmin qadını yadına sala bilmir. Onun arzuları başına oyun açır. Əslində onu ağıldankəm eləyən arzularıdır. Bir torpaq sahəsi alacaqlar, dovşanları yemləyəcəklər...

esa teatri sicanlar ve adamlar tamasasini teqdim edib

Və Lenni öz sadəlövhlüyü ilə bunu hər kəsə danışır. Arzusunun yaxasından buraxmır: ona görə də işlədiyi yerlərdən qovulurlar. Sonda isə bir qadını - sahibin oğlunun arvadını öldürür. Dostu Corcun dediyi kimi, o, bunu bilərəkdən etmir və nə yazıq ki, o da buna əngəl ola bilmir. Corc ağıllıdır, bunun üçün də Lenninin yanındadır. Amma o həm də bicdir: Lenninin yaxşı işlədiyini, güclü olduğunu bilir və bundan istifadə edir. Qəribə orasıdır ki, Lenninin bütün ağılsızlıqlarına da göz yumur, onu ata bilmir. Sonda onu öldürərkən belə arzularının içində zatən sağ qalmayan Lenniyə kövrəlir. Belə adamı isə xilas etmək mümkünsüzdür. İnsanlar ikiüzlü, yalançı və eyni zamanda müftəxordurlar. Lenni kimi adamlar cəmiyyətə lazım deyil. Eynən Don Kixot kimi, Knyaz Mışkin kimi...

esa teatri sicanlar ve adamlar tamasasini teqdim edib

Corcla Lenni həyatın iki üzüdür: ağıllı və dəli üzü. Biri reallıqla barışıb, o birisi xəyallarla yaşayır. Ancaq istəkləri birdir. Corc bunun mümkün olmayacağına hardasa özünü inandırıb. Sadəcə Lenniyə öz evləri, bağları haqqında danışmaqla içindəkini soyutmaq istəyir. Nəticədə ikisi də reallıqla toqquşub ayılırlar: Corc, Lenninin qadını öldürdüyünü görəndə, bir də o birinin tətiyin çəkildiyi vaxt...

Əslində hamımız bir az da Lenniyik, hamımız onun arzuları ilə yaşayırıq və ağ bayraq qaldırıb təslim oluruq. Bizdən ayrılan dost, sevgili təkrarlanan və uzanan prosesdir. İnsan öz arzularının qurbanına çevrilir. Lenni bədbəxtdir, ancaq öz “arzular şəhərində” xoşbəxtdir.

esa teatri sicanlar ve adamlar tamasasini teqdim edib

O tamaşada Lenninin özü gəlib çıxmışdı. Əsərin içindən. Bəlkə də həyatın özünə tamaşa edirdik.

Onu xilas etmək çətindir. Klara xalası dediyi kimi, insanlar onu anlamayacaq, öldürəcəklər. Ona həyat çox çətin olacaq.

Ancaq Lenninin üzü gülür, ölüm anında belə alacaqları rançonun xəyalını qurur. Dostu Corcun dediyi son cümlə isə bizə şillə kimi dəyir: “Bizim heç nəyimiz olmayacaq”.

esa teatri sicanlar ve adamlar tamasasini teqdim edib

Opera və Balet Teatrının səhnəsi dop-doluydu və alqışlardan qulaq tutulurdu.

Teatrın bədii rəhbəri, tamaşanın quruluşçusu Nihad Qulamzadə böyük iş görmüşdü. Əlilliyi olan insanları bir araya yığıb tamaşa hazırlamışdı. Və o tamaşa hamının gözlərini yaşartmışdı. Həyəcanlıydı Nihad, amma həm də xoşbəxtdi, gözləri gülürdü.

Eləcə də digər aktyorlar təbəssüm paylayırdılar ətrafa. Onlar hər şeyi unutmuşdular. Qüsurlarını veclərinə almırdılar. Hətta öz qüsurları ilə zarafat da edirdilər. Bəlkə də məhdudiyyət deyil onlarınkı. Mənə görə, əlillik zahiri görünüşdür. Necə ki bir insan ucaboydur, saçları qısadır, fiziki məhdudiyyət da mahiyyətcə eynidir. Onlar da bunu hiss edirdilər. Yaşamaqdan dördəlli yapışmışdılar. Həyat eşqi ötürürdülər bizə....

esa teatri sicanlar ve adamlar tamasasini teqdim edib

Onlar sübut eləyirdi ki, biz də varıq. Hər hansı əzamız yerində olmaya bilər, amma ürəklərimiz sizinlə eynidir. Hətta daha böyükdür ürəyimiz, bütün dünyanı içinə yerləşdirəcək qədər böyük.

Azərbaycan səhnəsində ilk dəfə əlilliyi olan insanlardan ibarət tamaşa qurulmuşdu və onlar bütün komplekslərindən azad olunmuşdu. Artıq itirdiyi əzaya görə heç kim kədərli görünməyəcəkdi. Heç kim yeriyən, qaçan adam görüb köks ötürməyəcəkdi. Əlilliyi olanlar da bizim cəmiyyətin rənglərindən biridir. Onlar sadəcə zahirən fərqlidirlər. Bax onlar bu tamaşa ilə bir daha bunu sübut etdilər.

esa teatri sicanlar ve adamlar tamasasini teqdim edib

Tamaşanın sonunda küləklə boğuşa-boğuşa özümü metroya çatdırmaq istəyirdim. İşıqforun yanında dayanıb yaşıl işığı gözləyirdim.

- Bu... bu... işıq... nə rəng... olmalı... – bir oğlan əllərini körpələr kimi tərpədə-tərpədə nəsə soruşmağa çalışırdı.

- Yaşıl işıqda keçəcəyik. – dedim.

Necə sevindi bir görsəniz. Uşaqlar kimi tullanıb əllərini havada bir-birinə vurdu. Mənə təbəssümü ilə “çox sağ ol” dedi.

Lenni tamaşadan düşüb yanıma gəlmişdi. İndi biz birlikdə yaşıl işığı gözləyirdik. Bir azdan yaşıl işıq yanacaq və biz yanaşı addımlayacaqdıq. Üzümüzdə təbəssüm, içimiz xoşbəxtlik dolu...

# 2665 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #