Hər şey ondan başladı ki, Çexiyanın Azərbaycandakı səfiri cənab Vitezslav Pivonka yol üstündə olan jurnalistlərin əlini sıxıb dönə-dönə tapşırdı: çoxlu pivə için, pivə. Çex pivəsinin dünyada əvəzi yoxdur...
Hər şey həm də ondan başladı ki, Praqa hava limanında bizi qarşılayan bələdçinin gözləri qıyıldı, yanaqları dartıldı: rus qızı Olqanın üzündəki təbəssüm bu uzaq Avropa ölkəsinin yad adamlara xoşgəldini, doğmalığı idi. Tutalım, bu sarışın rus qızı bizi başına yığar-yığmaz, əsl “cayıl söhbəti” elədi: uşaqlar, aeroportda çex kronu almağınız məsləhət deyil, burda kursu aşağı hesablayırlar, istəmirəm, aldanasınız! Mərkəzdə ərəblərin valyutadəyişmə məntəqələri var, ora gedərik. Ya da, ən yaxşısı, Karlovı Varıdır. İki saatlıq yolumuz var, səbir edin, avrolarınızı orda krona çevirərsiniz!
Və Olqa bu yoldaş sədaqətini səfərin axırına qədər göstərdi!
Fayton səsi, ördək qaqqıltısı...
İlahi hüzurun, qəribə arxayınlığın hakim kəsildiyi Karlovı Varı bizi at nalının səsi, ördək qaqqıltısı ilə qarşıladı. Ona görə ilahi hüzur, qəribə arxayınlıq ki, bu balaca çex şəhərində siqnal səsinə, maşın gurultusuna nadir hallarda rast gələrsən. Tək-tük maşınları ancaq şəhər idarələrinin qarşısında görmək olar: onlar rəsmi şəxsləri mənzil başına çatdırmaqdan ötrüdür. Müalicəvi suların bol olduğu Karlovı Varını Avropanın qocalar evi saymaq olar. Yəni şəhər küçələrində deyə-gülə cavanlığın dadını çıxaran çex qızlarını axtarmaq avqust ayında quşbaşı qar arzulamaq qədər mənasız işdir. Şəfa tapmaq üçün Karlovıya üz tutan qoca cütlüklərdən isə köhnə nağıllar və nəsihətlərdən savayı heç nə eşidə bilməzsən. Hətta otelin restoranında da yaşı əllini ötən ofisiantlar xidmət edir.
Ən yaxşısı fayton səsinə, ördək qaqqıltısına qulaq verməkdir...
Olqa deyir, Karlovı-Varı dünyada adına və müalicəvi sularına görə məşhur olsa da, şəhərin yerli sakinlərini varlı hesab etmək olmaz. Tarixi binaları özəlləşdirən rus biznesmenlərini çıxmaq şərtilə, yerli əhali əsasən otellərdə çalışır, kiçik köşklərdə suvenir satmaqla dolanır. Şəhərin mərkəzində turistlərə təklif olunan ev, bəzək və zinət əşyalarının qiyməti xeyli bahadır, brend firmaların paltarlarına isə ümumiyyətlə, yaxın düşmək mümkün deyil.
Karlovı Varı Praqadan təxminən 120 km qərbdə, tarixi Bohemiya bölgəsində yerləşir. Şəhər 1370-ci ildə İmperator IV Karl tərəfindən salınıb. Karlovı Varının salınması haqqında xeyli rəvayətlər var. Məsələn, biri belədir: İmperator Karlın vurduğu yaralı maralın dalınca qaçan ov itləri dərəyə düşürlər. Karl onların ardınca dərəyə enəndə ağrıyan ayağını bir müddət bulaq suyunda saxlayır. Və inanılmaz nəticə: imperatorun ayağındakı ağrılar çəkilir, özünü rahat, gümrah hiss edir. Karl həmin bulağın ətrafında şəhər salınması haqqında əmr verir. Şəhərin adı “Karlovı” – Karlın adından, “Varı” isə “bişmək, isti, qaynar su” sözlərindən ibarətdir. Karlovı Varıda on iki müalicəvi bulaq var.
Praqa – nağıllar şəhəri...
Mədəniyyət və Turizm Nazirliyinin, Çexiyanın Azərbaycandakı səfirliyinin dəstəyi, Çex-Turizm və SİS Turizmin təşkilatçılığı ilə baş tutan səfərimizin növbəti günü Olqa təntənəli şəkildə elan etdi ki, sizi məşhur Moser Xrustal Zavoduna aparacağam. Bu həmin Moser Zavodudur ki, onun istehsal etdiyi mallarının qiymətinə baxıb köks ötürməyən az qadın tapmaq olar. İstehsal sexində yüzlərlə insan çalışır, şüşə sobalarda əridiləndən sonra ustalar onu cilalayır, xüsusi sənətkarlıqla incə naxışlar vururlar. Moserin məhsulları xüsusi keyfiyyəti ilə seçilir. Adi fəhlədən tutmuş sex müdirinə qədər hər kəs istehsal etdiyi məhsulda xırda qüsur aşkar edərsə, qiymətindən və ölçüsündən asılı olmayaraq, həmin məhsul mütləq zibil qabına atılır, təkrar istehsala göndərilir.
Xrusal zavodundan sonra növbəti dayanacağımız Bekherovka muzeyi idi. Şəhər sakinləri bu içkini on üçüncü müalicəvi “bulaq suyu” adlandırırlar. Bekherovka spirtli içkisini 1805-ci ildə Jozef Bekher adlı alim müalicəvi otlardan hazırlayıb. Həmin ildən içkinin hazırlanma resepti ciddi-cəhdlə gizlədilir.
Hər şey bir yana, mübaliğə çox olsa da, fikir verməyin: təkcə muzeyin restoranında verilən pivəni içmək üçün Çexiyaya piyada getməyə dəyər!
Karlovı Varıya səfərimizin sonuncu günü Olqa görüş yerinə vaxtında gəlmək şərtilə proqramda nəzərdə tutulan şəkildə bizə “azadlıq” verdi. Yəni dörd saat sərbəst vaxtınız var – nə istəyirsiniz edin: şəhəri gəzin, alış-veriş edin, için, əylənin. Bizi gözləyən növbəti şəhərə - Marianski Lazneyə yola çıxmamış, Karlovının kitab mağazalarına baş çəkdim, qiymətlərlə maraqlandım. Kitab mağazalarında qəribə ucuzluq vardı. Tutalım, 300 səhifəlik qalın üzlü kitabı 2-3 manata almaq mümkündü. Amma qiymətin bu qədər ucuz olmağı ağlabatan deyildi. Sonradan satıcıdan öyrəndim ki, bir neçə gündür kitablara xüsusi endirim kampaniyası başlanıb.
Şəhərin mərkəzindəki bahalıq öz yerində, amma Karlovı Varının kənar küçələrində ucuz mallar təklif edən xeyli mağazaya da rast gəlmək olar. Əlbəttə, Çin və Pakistandan gələn alverçilərdən savayı heç kim bu qiymətə pal-paltar təklif edə bilməz. Bizim “səkkizinci kilometr bazarı”nı gözünüzün qabağına gətirin: ortalığa pərakəndə şəkildə tökülən mallar, bir-birinin çiyini üstündən boylanan adamlar, pal-paltarı əlləşdirib tükənməz ehtirasla nə isə axtaran analar, nənələr, bibilər... Məsələn, bu eynəkli, əldən düşən nənə yanındakından soruşur ki, görəsən, bu köynək oğlumun əyninə necə olar? O biri diribaş xala baldızının qızına ad günü hədiyyəsi sonalayır, ucuz düşmüşkən, qaynının oğluna da ucuzvarı tuman-köynək almaq niyyətindədir. Vallah, ana hər yerdə ana, baldız hər yerdə baldızdır: narahat, nigaran, dostun-doğmanın hər qayğısını boynuna götürən gözəlim qadın...
* * *
Marinaski Laznedə bir gecə qalıb səhəri bu kiçik, gözəl şəhəri gəzirik. Yuxudan duranda nə görsək yaxşıdır: bayırda qar yağır, çovğun qopub. Proqramda nəzərdə tutulan müalicəvi prosedurları keçəndən sonra üzü Praqaya səmt almalıyıq. Amma necə?! Yolların vəziyyətini bilmək olmaz, bir də gördün, sürücü iki ayağını bir başmağa dirədi ki, belə havada yola çıxmaq olmaz, hələ gözləyək! Yeri gəlmişkən, Marianski Lazneyə yolunuz düşsə, özünüzü yaxşıca masaj etdirin, bəlkə bir də əlinizə düşmədi. Masaj bir tərəfə, bu kiçik şəhərin adama xoş təbəssümlə gülümsəyən adamlarının marağı xətrinə insan özündə on il artıq yaşamaq əzmi hiss edir!
Yolçu yolunda gərək! Bizim səmtimizin Praqayadır. O nağıllar şəhərinə, o şəhərlər anasına! Olqa, gözəl Olqa, maşına doluşan kimi başını oturacağın arxasından çıxarıb payızda sayılan cücə kimi bizi cütləyir: bir cüt, iki cüt, üç cüt, bir tək...
Çexləri məhşər gününəcən sevmək...
Paytaxt haqqında danışmazdan əvvəl ölkə haqqında qısa məlumat yerinə düşər: Çexiya 2004-cü ildən Avropa İttifaqının üzvüdür, Şengen zonasına daxildir. Çexiyanın əhalisi üç il əvvələ olan məlumata görə on bir milyona yaxındır. Praqanın əhalisi isə Bakıdan iki dəfə azdır: 1 milyon 300 min nəfər. Çexiya, daha doğrusu o vaxtkı Çexoslovakiya 1968-ci ildən 1990-cı ilə qədər Kommunist rejimi ilə idarə olunub. 1989-cu ildə Şərqi Avropanın sosialist bloku ölkələrində baş qaldıran demokratikləşmə və çoxpartiyalı sistemə keçid, Çexiyadan da yan keçmədi. 1990-cı ildə ilk çoxpartiyalı seçkilər keçirildi. 1992-ci ilin iyununda Çexoslovakiyanı təşkil edən Çexiya və Slovakiya Respublikalarında ayrı-ayrı seçki keçirildi. 92-nin 31 dekabrında isə iki ölkə bir-birindən ayrıldı: Çexiya və Slovakiya.
* * *
Praqaya hava qaralana yaxın çatdıq. Şəhərdə möhkəm tıxac vardı. Amma insafən, bizdən fərqli olaraq, siqnal səsi eşitməzsən. Hər kəs ilahi səbirlə, tükənməz nəzakətlə bir-birinə hörmət edir, əsəblərini tarıma çəkib bir-birinin yediyini burnundan gətirmir. Kim desə Avropada sürücülər məsələn, svetaforun qırmızı işığında keçmir, inanmayın, yerə siqaret atmırlar, yenə inanmayın! İnsan harda varsa, qaydaların pozulmağı mütləqdir. Nə isə, belə şeylər dünyanın hər yerində olur, ona görə ən yaxşısı bu əzəmətli və gözəl şəhərə göz dolusu baxmaqdır. Kim bilir, birdə Çexiyaya yolumuz düşəcəkmi, düşməyəcəkmi?!
Səfərlə bağlı bütün təşkilati işləri öz boynuna götürən, suallarımıza səbirlə cavab verən Ülkər xanım elan edəndə ki, Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevlə görüş olacaq, dedik, əla! Üstəlik, görüşün keçirildiyi restoranda bizə çexlərin ən yaxşı çaxır markalarını dadmaq təklif olunacaqdı.
...Praqanın düz göbəyində ayrılan otelin qarşısında tək dayanmışam. Cüssəli bir kişi yaxınlaşıb özünü təqdim edir: “mən sizin səfəri təşkil edən SİS Turizmin baş direktoruyam”. Və əl uzadıb, “tanış olaq, Çexiyaya xoş gəlmisiniz, nə qulluq edim” deyib, gülümsəyir. Öz-özümə fikirləşirəm: ay dadi-bidad, biz bu kişinin hesabına Çexiyaya gəlmişik, üstəlik, deyir, nə qulluğunuz, sözünüz-tapşırığınız var?! Billah, yersiz tərif, üzgörənlik deyil, gözəlim çexləri həm də bu sadəliyinə görə ta məhşər gününəcən sevməyə dəyər!
Səfir Fərid Şəfiyevlə görüş qeyri-rəsmi, necə deyərlər, yeyib-içməklə keçdi. Ən gözəli budur! Uzaq ölkədə də iclas-tədbir oldusa, bunun harası gəzmək, istirahətdir?! Altdan-altdan göz qoyurdum ki, cənab səfir də bizim adamdır, vurmaqla arası pis deyil. Amma ortaya çaxır gələnə qədər ayıq başla nə qədər suallarımız vardı, hamısına yerli-yataqlı cavab almışdıq. Çex-Azərbaycan əlaqələri, mədəni-siyasi tədbirlərin keçirilməsi, turizmin inkişafı üçün iki ölkə arasında planlaşdırılan müştərək layihələr və daha nələr, nələr...
Biz xərabət əhliyik...
...Axşam uzun illərdir Praqada yaşayan dostumuz Rövşən Qəmbərovla görüşdüm. Rövşən mənə çexlərin həyat tərzi, yaşam qaydası haqqında xeyli maraqlı məsələləri xırdaladı. Məsələn, iş saatı başa çatandan sonra Allah bəndəsi bir çexi əlavə maaşla ikicə saat işdə saxlaya bilməzsən. Onların istirahət vaxtında İsa zühur eləsə də, xeyri yoxdur, əlahəzrət peyğəmbər səhərin açılmağını, işin başlamağını gözləməlidir. Məsələn, bir çex professorunu qırmızı diplomla, fərqlənmə attestatı ilə aldada bilməzsən. Onun aləmində qırmızı diplomdansa, məzunla bir saatlıq təkbətək söhbət daha vacibdir. Rövşən deyir, Çex pivəsinin dünyaya meydan oxumasının iki səbəbi var: suyun təmiz, torpağın bərəkətli olması. Məsələn, Almaniyanın ən böyük şirkətləri belə müasir texniki vasitələrlə çex pivəsinin tamını ala bilmirlər. Səbəb sadədir: Alman suyu cod, torpağı çexlərinki kimi minerallarla zəngin deyil. Deməli, pivə təbiətin çexlərə lütfü, tükənməz hədiyyəsidir!
* * *
Növbəti – sonuncu gün Praqa ilə əməlli-başlı tanış olduq. Səhər açılandan düz nahar yeməyinəcən şəhərin gəzməli-görməli yerlərinə baş çəkdik. Karl körpüsündən Praqa şəhər kitabxanasına qədər. Kafkanın ev muzeyi, kafesi, heykəli də öz yerində. O gün Praqada bir başqa əhval vardı. Günəş göydə görünər-görünməz bütün şəhər küçələrə axışdı. Oxuyan, oynayan kim, dünyanın hər dərdini unudub kef çəkən kim...
Praqanın əzəmətli tarixi abidələrini, daş döşənmiş küçələrini, yaşıl-yaşıl bağlarını təsvir etməkdə acizəm. Bunu ancaq görmək lazımdır, görmək. Lap düzü, bu nağıl şəhərə şahid çəkilmək gərəkdir, vəssalam! Praqanın gecəsi isə bir başqa aləmdir.
... Yola çıxanda işdəki dostlarımıza üç-beş şüşə içki aldım. Yükümü tutub oteldən düşürəm. Yol yoldaşı olduğumuz jurnalistlər təəccüblə əlimdəki dolu zənbilə baxırlar. Ki, bu qədər içkini kimə, nəyə görə aparırsan, ay adam? Və mən onlara necə başa salardım ki: