Bazarda alver edən teatr rejissoru - “Çapıqlı adam”

Bazarda alver edən teatr rejissoru - <span style="color:red;">“Çapıqlı adam”
22 aprel 2017
# 09:00

Sevda Sultanova

Kulis.az “Naməlum kino” layihəsində Aydın Dadaşovun 2011-ci ildə çəkdiyi “Çapıqlı adam” sənədli filmini təqdim edir.

Film teatr rejissoru Ağakişi Kazımovun 75 illiyi münasibətilə çəkilib, onun həyat və yaradıcılığından bəhs edir.

Əslində bizim bioqrafik sənədli filmlərimizin məzmununu ifadə edən “həyat və yaradıcılıq” sözləri şablon görünə bilər. Və şablon səslənməsi də təbiidir. Çünki məşhur adamların bioqrafiyasını anladan bədii, sənədli və ya bədii-sənədli filmlər bir qayda olaraq bəlli kalka üzərində qurulur: qəhrəman statik vəziyyətdə oturub, müsahibinə baxaraq danışır, arada şəkillər, xronika (o da varsa) gedir, lirik, həzin musiqi səslənir, bir-iki natura təsviri, vəssalam. Əldə olan materiallar bədii həllini tapmır, əvəzində əmək tələb etməyən rahat, oturaq film çəkilir. Hətta materiallar minimum olsa belə, rejissor ondan nəsə düzəltməyi bacarmalıdır.

Aydın Dadaşov isə bioqrafiya janrına gözlənilməz yanaşma edir. Film rejissorun üzündəki çapığın tarixçəsi ilə başlayır. Ekspozisiyada o, tarixçənin illüstrativ təsvirini verir. Həmin epizodda belə bir təsvir həlli bədii yoxsulluq təsiri bağışlamır. A.Kazımov iki aktyorla hadisəni qurur, o, burda həm qəhrəman, həm də rejissordur. Estetik anlamdakı bu primitivizmlə məişət hadisəsinin çatdırılması orqanik görünür.

Sonrakı epizodda qəhrəmanı Ağcabədi bazarında görürük. O, alış-veriş edir, satıcılarla ünsiyyət qurur. Onun peşə kimliyi bazar epizodu vasitəsilə açılır.

Ümumiyyətlə, filmin maraqlı cəhətlərindən biri qəhrəmanın müxtəlif kimliklərinin (övlad, ovçu, müəllim, rejissor, həyat yoldaşı və s.) uğurlu bədii həll ilə ifadəsindədir.

Bir qayda olaraq bu janrda çəkilən sənədli filmlərdə qəhrəmanın uşaqlığı, necə ailədən gəlməsi uzun-uzadı mətnlə anladılır. Amma burda müəllif qəhrəmanın uşaqlığını təkcə bir faktla, ən əsası faktın vizual ifadəsini verməklə anladır. Məsələn, A.Kazımov ovçu qiyafətində sadə kənd adamı ilə ova gedir. Yolboyu hərəkətli kamera onları müşayiət edir və o, yoldaşına müharibə illərində atası ilə ova gəlməyindən, ovdan əliboş qayıtmalarından danışır. Belə bir effektiv epizod onun çətin uşaqlıq illərinin tam təsvirini anlatmaq üçün kifayət edir.

Qəhrəman həyatının mühüm mərhələlərini birbaşa tamaşaçıya yox, onunla həmsöhbət olan müxtəlif adamlara danışır. Həmin adamlar əslində tamaşaçının ümumiləşmiş obrazıdır. Və burda tamaşaçı kadrarxasında yox, məhz kadrdadır.

Bu fəndlə rejissor bizi öz qəhrəmanına yaxınlaşdırır, doğmalaşdırır, onu simpatik edir, ekranla reallıq arasında məsafəni götürür, seyrçini nəql olunan əhvalatın atmosferinə salır.

Ağ-qara şəkillər belə sadəcə foto-informasiya rolunu oynamır. Fotoları da müəllif epizoda çevirir. Məsələn, qəhrəmanın vaxtilə rayonda dram dərnəyində qurduğu “O olmasın, bu olsun” tamaşasından səhnələr öncə foto kimi gəlir və fotodakı həmin səhnə eynilə müasir dövrdə yenə də həmin aktyorlar tərəfindən canlı ifa olunur.

Yaxud illər öncə A.Kazımovun Kazanda qurduğu “Aydın” tamaşasından bir parça yenə də həmin aktyorların ifasında oynanılır. Tamaşa formatı fasiləsiz planla televiziya formatına keçir, “Aydın” tamaşasından birdən tatar xalq rəqsinə keçid Aydın müəllimin özünəxas yumorundan qaynaqlanır. Onun özünəxas yumoru film boyu müxtəlif kadrlarda əksini tapır.

Və ya qəhrəman əsgərlər qarşısında çıxış edir: “Bizim əhali istilər düşən kimi mal-qarası ilə birlikdə köçərdi Laçının, Şuşanın, Kəlbəcərin yaylaqlarına. Payızda da geri qaydardı. Bu bizim minilliklərlə gələn həyat tərzimiz idi”. Qəhrəmanın çıxışı sırf hərbi çağırış intonasiyasında verilib.

Başqa bir epizodda o, dəniz kənarında həyat yoldaşı, aktrisa Mehriban Abdullayevaya Moskvada VQİK-də imtahan verməyindən, Bakıda Teatr İnstitutuna necə daxil olmasından danışır. Mehriban xanımın isə gah ayaqlarını qumda basdırması, gah qarpıza fokuslanması - tamaşaçı ilə sənət arasında kontaktın qırılması təəssüratını verir.

Müəllif qəhrəmanı ilə yaddaş oyunu oynayır. Ona müxtəlif illərdə qurduğu tamaşalarından parçalar göstərilir, o isə dəqiqliklə şərh eləyir. Yaddaşla eksperiment – filmi qəhrəmanın yaradıcılığı haqda informativ bilgi ötürməkdən, onu cansıxıcı olmaqdan qurtararaq dinamika qatır.

Süjetdə əsas götürülən çapıq motivi finalda mükəmməl dramaturji gedişlə həll olunur.

Qəhrəman çapığa görə çox əziyyət çəkdiyini deyir. Həyat yoldaşı isə səmimiyyətlə “Çapıq sənə çox yaraşır, gözəl görünür” deyir.

Filmin adı çox güman ki, Hovard Houksun dünya kinosunun şedevrlərindən sayılan, qanqster janrının etalonu kimi qəbul olunan “Çapıqlı adam” ekran əsərinə göndərişdir.

Filmin operatoru Rəşad Ələkbərov, ssenari müəllifi Aydın Dadaşovdur.

Filmə burdan baxa bilərsiz.

# 2808 dəfə oxunub

Oxşar xəbərlər

Rəng deyil mavi - Aytac Sahədin yeni hekayəsi

Rəng deyil mavi - Aytac Sahədin yeni hekayəsi

12:00 13 may 2026
Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri

Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri

15:00 11 may 2026
"Hələ siz sonra görəcəksiz analar necə oğullar doğub..." - "Kərgədan buynuzu" povestindən bir hissə

"Hələ siz sonra görəcəksiz analar necə oğullar doğub..." - "Kərgədan buynuzu" povestindən bir hissə

12:00 11 may 2026
"Qadın cinsi ilə rəftar eləməyi bacarmayan..." - Şillerin "Məkr və məhəbbət"indən bir hissə

"Qadın cinsi ilə rəftar eləməyi bacarmayan..." - Şillerin "Məkr və məhəbbət"indən bir hissə

10:00 9 may 2026
Moskvadan gələn tabut, hava limanındakı məmurlar və ağlayan "Nəsimi" – Rasim Balayevlə baş tutmayan görüşün pərdəarxası

Moskvadan gələn tabut, hava limanındakı məmurlar və ağlayan "Nəsimi" – Rasim Balayevlə baş tutmayan görüşün pərdəarxası

15:00 8 may 2026
"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

10:00 8 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər