Baba Vəziroğlu: “Musa Yaquba baxanda anlayırsan ki, dünya fanidir”

Baba Vəziroğlu: “Musa Yaquba baxanda anlayırsan ki, dünya fanidir”
2 dekabr 2013
# 10:20

“Səhhətimdə bir az problemlər var. Belə deyək ki, bir az keçid dövrüdür. İndi hər şeydə, elə təbiətin özündə də keçid dövrüdür. Amma Allah bu dövrü kimsəyə qismət eləməsin. Çətin məsələdir”. Bu fikirləri APA TV-də yayımlanan “İlqar Rəsul və...” proqramının qonağı olan nasir, şair, tərcüməçi, kinodramaturq Baba Vəziroğlu deyib.

Qonaq işlərinin qaydasında olduğunu deyib: “Sovet dövründə insanlarda belə bir vəziyyət olurdu, qışdan yaza çıxanda özlərini yaxşı, gümrah hiss edirdilər. Mən də yazda İsmayıllıda bağ evimdə, Buynuz kəndindəki evimdə iki ay dincəlim. Həm Musa Yaqubla qonşuyam, həm Baba dağı ilə, həm Göyçay çayı ilə, böyük-böyük ayılarla qonşuyam. Yəni, yaxşı qonşularım var. Ayılar gecə evə çəkiləndən sonra təhlükəsizdirlər. Onları kənardan baxıb izləmək maraqlıdır. Bir də Musa müəllimlə şam etməyin, çay kənarında maraqlı bir görüşün, söhbətin ayrı ləzzəti var. Hər qonşunun öz yeri var. Musa müəllimə mən bir az da Baba dağının qartalı deyirəm. Ona baxanda adama elə gəlir ki, insan hər şeydən sınmamalıdır. Musa müəllim kimi dözümlü olmalıdır. Onda nə isə var. Amma bunu demək çox çətindir. Onu ifadə eləmək mümkün deyil. Bircə bunu bilirəm ki, ona baxanda anlayırsan ki, dünya fanidir”.

Baba Vəziroğlu həmişə zarafatla doğulduğu günün yadında olduğunu deyib: “Həmişə zarafatla deyirəm ki, doğulduğum gün yaxşı yadımdadır. Mən bir oğul övladıyam ata-anamın. Mənə qədər 4 bacım var, məndən sonra isə qardaşlarım doğulub. O vaxt ata-anam oğul övladları olsun deyə Baba dağını ziyarət ediblər. Belə bir inanc var idi. Bilmirəm nə qədər həqiqətdir, amma real olanı budur ki, mən o ziyarətdən sonra doğulmuşam. Bir də mən bu şeyləri düzgün saymıram. Bizim mentalitetdə oğlanla qız arasında qoyulan bu qədər fərqi deyirəm. Düzgün deyil. Çünki orada yuxarılarda hamıya verilən dəyər eynidir. Oğula da, qıza da. Atamın adı Vəzir idi. Mənim atam böyük adamdır deyəndə çoxu var-dövlət nəzərdə tutur. Mən də deyirəm ki, mənim ata-anam yaxşı adam idilər. Bunu fəxrlə deyə bilərəm. Onları yaxşı adam kimi xatırlayıram. Və sevinirəm ki, mənim valideynim olublar. Bu gün hər şeyə görə onlara borcluyam”.

Baba Vəziroğlu gənclik illəri barədə də danışıb: “Məktəbi qurtardım, iki il staj lazım idi. Sovxozda fəhlə işləyirdim. Üzüm maşınının üstündə dayanırdım. Qızlar gətirib yığılan üzümü verirdilər, mən də boşaldırdım. Mənə bu staj universitetin jurnalistika fakültəsinə qəbul olmaq üçün lazım idi. Ona görə beləcə çalışırdım. Bunların hamısını yazmışam. Mənim üçün indi onlar nağıldır. Heç birini dəqiqi xatırlamıram o qızların. Söhbət təkcə öz adamından getmir. Hər kəsin həyatı belədir. Hər kəsin həyatı bir nağıldır. Bəlkə mən özüm də indi nağıllara inanmıram. Amma bir şey deyim, insana yaşamaq üçün nağıllar lazımdır. Hər kəsin nağılı olmalıdır. O anlar özünü böyük anlar üçün hazırlamaq demək idi. Sonradan anlayırsan ki, elə deyil. Bəlkə də ən maraqlı məqamlar elə o yaşadığın anlardır. Elə bir dönəm olur ki, orada qırılmaq olmaz. Qırılsan elə orada qalarsan. Ancaq bezməyən insanlar qala bilir. Sonradan nələr baş verir, bu da sonranın işidir. Dözəndə, gözləyəndə bilirdim ki, artıq universitetdəyəm. Staj qazanandan sonra hazırlıq kursuna qəbul oldum. Sonra tələbə bileti aldım. Bir il də oxudum, sonra indi jurnalistikamızın atası sayılan Şirməmməd müəllim məni qovdu. Deyirdi ki, sən düzgün olmayan prinsiplərlə yaşayırsan. Mən ərköyün idim. Dərslərə girmirdim, imtahanlara başısoyuq yanaşırdım. O da qovdu. Və mən də sonradan anladım ki, mənim yox, Şirməmməd müəllimin mənə təklif elədiyi prinsiplər yaşamağa uyğun və gərəkli imiş. Əslində o vaxt yazılmamış belə bir qanun var idi. Şirməmməd müəllim qovan tələbə gərək o universitetin həyətinə belə fırlanıb gəlməyəydi. Mən düz bir il, hamının acığına, lap Şirməmməd müəllimin də acığına bəlkə heç kimi oxumadığı kitabları da oxudum. Yenidən qəbul olundum. Şirməmməd müəllim məni görəndə necə səhnə yarandı, onu izah eləməyə sözün gücü çatmaz. Sonra Naxçıvanda hərbi xidmət keçdim. Sonra da yenə universitetdən Yazıçılar İttifaqının xətti ilə Moskvaya, Maksim Qorki Adına Ədəbiyyat İnstitutuna getdim. Amma deyim ki, təhsillə bağlı ona qədər də çox əziyyət çəkmişdim. “Pravda” sovxozu, hazırlıq kursu, qovulmaq, əsgərlik, kirayələrdə qalmaq, küçələrdə yaşamaq, bir qarın ac, bir qarın tox və sair. Amma böyük bir ədəbi məktəb də keçmişdim, çayxanalarda. İndi belə deyirəm. Amma o vaxt orada kimlər yox idi ki. Azərbaycan ədəbi məktəbinin nəhəngləri Ramiz Rövşən, Vaqif Cəbrayılzadə, Vahid Əziz, Nüsrət Kəsəmənli, rəhmətlik Vidadi Məmmədov. O dahi insan idi. Rəhmətlik Şahmar, eh, kimlər yox idi. Çayın pulunu daha çox qonorar, maaş alan verirdi. Ədəbiyyatdan danışırdıq. O illərə indi həsədlə baxıram. Orada qeybət deyilən şey yox idi. Bax, gözəllik o idi. Maddi çətinliklərimizə baxmayaraq gözəl nəyəsə ümidimiz var idi, paxıllığımız yox idi. İndiki söhbətlərə baxanda bu vəziyyətlər mənə qəribə gəlir. O zaman ən fəalımız Ramiz Rövşən idi. Mən onların ən cavanı idim. Az danışırdım. Mən mümkün qədər onlardan öyrənməyə, dinləməyə çalışırdım. Mən Ramizdən qidalanırdım. O da söz danışmaqda, deməkdə çox səxavətli insandır. Bütün bildiklərini açıb tökəndir. İndi də dinləyirəm onu. Tək mən yox, hamı dinləyir. Mən şairlər dedim, o vaxt bizim məclislərimizdə Əbülfəz Elçibəy də yaxından iştirak edirdi. O da maraqlı, dərin adam idi. Təsəvvür edin ki, dərs o qədər maraqlı olmurdu, nəinki bizim çayxana söhbətlərimiz. Məsələn, Kamil Vəli Nərimanoğlu mənim müəllimim idi, o da deyirdi ki, get yaxşı bir çay sifariş elə, gəlirəm. Sonra çayxanadan əsgərliyə, oradan da Moskvaya getdim oxumağa. Moskvada isə bunların heç biri təbii ki, nəzərə alınmırdı. Orada birinci kursa qəbul olub yenidən başlamalı idin”.

“Bəzən adamlara elə gəlir ki, dünyanı tanımaq üçün dünyanı gəzmək lazımdır. Amma mən bu fikirlə lazım deyil. Dünyadan baş açmaq üçün əvvəlcə özünü, bir az da ətrafını tanımaq, gəzmək yetər. Dünyanı gəzmək, elə sadəcə gəzməkdir. Mən gəzmişəm dünyanı, amma əsas odur ki, özümü də gəzmişəm. Yəni özümü də tanımışam. Naxçıvanda olanda oranın bütün gözəlliklərini gəzib görmüşəm. Bilirsiniz, harada oxumağın o qədər önəmi yoxdur. Əsas oradakı mühitdir. Ədəbiyyat mühiti olmasa belə, o müəllimlər, o mühit başqa idi. Orada çoxlu sayda dissident insanlar bizə dərs deyirdi. Çox maraqlı idi ki, sovet hökumətinin o kəshakəs vaxtında elə insanlar orada dərs deyirdilər. Əyalətlərdə isə insanlar qorxu, təlaş içində olurdular. Amma Moskvada, Tver bulvarında, Kremlin yanında o cür dissidentlər bizə dərs deyirdilər. Amma azad insanları görmək onlardan dərs almaq da maraqlı idi. Mən orada oxumağa böyük üstünlük verdim. Çünki o bilikləri ki, kitablardan almalısan, onu həyat dərslərindən ala bilmirsən. Mən Moskva həyatımdan çox razıyam. Oradan çox şey öyrəndim. Məsələn, bizdə belədir ki, müəllimlərlə gedib haradasa oturmaq, bir qədəh şərab içmək olmazdı. Amma orada hər şeydə olduğu kimi, bu məsələlərdə də normal münasibət var idi. Bir də görürdün, oturub söhbət edirsən, Aytmatov, Süleymanov, Kazakova, Yevdokimov, Rasputin, Belov, Mativosyan gəlib otururdular. Orada belə desək hamı bir millətdən idi. Həm də bu erməni hadisələri, filan yox idi. İndi qorxuram ki, müəyyən tamaşaçılarımız narahat olar. Amma o zaman ədəbiyyat dünyasında millət söhbəti yox idi. Ermənilər də bizə kömək edirdilər. Bir-birimizə yerli kimi baxırdılar.

Mən həddindən çox azərbaycanlıyam. Bəzən görürsən doğulduğum kəndə, komaya, ailəyə bağlıyam. Hər yeri gəzirəm, amma bir həftədən sonra ürəyim partlayır. Sovetlər zamanında da belə idi. Nə istəsən edirdilər, komfortumuz var idi, amma buradan ötrü darıxırdı adam. Amma bizə ciddi nəzarət də var idi. Hər səfərdə Təhlükəsizlik Komitəsinin bir əməkdaşı mütləq bizi müşayiət edirdi. Bəzən bilmirdik, hansıdır. Amma əsasən də bilirdik. Bilirsiniz, onlar normal insanlar idi. Hamı kimi deyib gülən, yeyib-içən. Bir-iki qədəhdən sonra bizlərdən biri olurdular. Yəni əslində burda qəribə nə isə yox idi. Bilirdik ki, hər şey nəzarətdədir. Və xaricə gedən insanlara xüsusi nəzarət var idi. Çünki onların deyə biləcəyi sözlər tez yayıla, diqqət çəkə bilirdi.

Moskvada mənə orada qalmaq təklif edilirdi. Mən özüm qalmırdım. Moskvada böyük bir qurum vardı. Yazıçıların xaricə gedib gəlməsini təşkil edirdilər. Səfər olan kimi deyirdilər ki, getmirsən? Deyirdim, niyə getmirəm ki, gedirəm. Onlar yazıçıları dünyanın müxtəlif ölkələrində oxutmaqla da məşğul idilər. Bolqarıstanın ən yaxşı vaxtları payız, yaz aylarında olur. Orada olmaq və kurslar keçmək ağlıma belə gəlməzdi. Təsəvvür edin, gedib dincəlirsən, həm də yaxşı maaş alırsan. Getdim, 6 ay orada yaşadım. Tərcüməçilər İttifaqı hər şeyi təşkil edirdi. Özümüz özümüzə qulluq edirdik. Yeməkləri restoranda yeməli olurduq. Evdə qulluq edən olmurdu. Qonağım da olurdu. Gəlib bolqar dili dərsləri keçirdi. Sonra ondan da imtina elədim. Ora haradasa 16-cı respublika idi. O qədər yaxşı təəssürat yaratmırdı. Elə bilirdim ki, Rusiyanın bir bölgəsindəyəm. Mənim yadımda qalan səfər Türkiyə səfəri idi. O vaxt sovet yazıçısı belə səfəri yalnız xəyalına gətirə bilərdi. Mən bu səfəri gerçəkdə etmişdim. Orada o zaman çox həssas məqamlar idi. Mənim çantamda bir araq var idi, dedilər tez yığışdır ki, problem yaranmasın. Yəni sovet təbliğatının xırda bir nişanəsinə görə insanı həbs edə bilərdilər. Təbii ki, sonra İspaniya da mənim xoşuma gələn yerlərdən idi. Romantik bir ab-havası vardı. Standart olan şeylər mənə maraqlı gəlmirdi. Onları sevə bilmirdim. Romaya əbədi şəhər deyirlər. Amma mənə o şəhər heç xoş gəlmədi. Pinti şəhər təəssüratı yaratdı məndə. Bəlkə mənim zövqüm başqadır. Amma İspaniya daha yaxşı idi, xəyalların ölkəsi kimi idi, inqilablar ölkəsi idi”.

Baba Vəziroğlu komsomol mükafatına layiq görülməyindən də danışıb: “Komsomol mükafatını tək mənə verməmişdilər. Aqil Abbas, Sabir Rüstəmxanlı , Nüsrət Kəsəmənli da almışdı. Ciddi mükafat idi. Alacağımı bilmirdim. Yazıçılar İttifaqı təqdimatımızı vermişdi. Bizim aramızda mükafatı bölmüşdülər. Aqil Abbasla mənim. Biz də o zaman qaçqınlar üçün fond var idi, pulu ora köçürdük. Səhv etmirəmsə, 500 rubl idi”.

Qonaq özünün kim olduğunu bilmədiyini deyib: “İçimdəki bir insan deyil. Ona görə deyə bilmirəm ki, mən özüm kiməm. Bəlkə də özümü heç tanımıram. Hərdən deyirlər ki, siz bir ay qabaq filan məsələ ilə bağlı belə demişdiniz, indi başqa cür deyirsiniz. Anlamırlar ki, insan dəyişkəndir. Və ömür boyu bir fikirdə qalmaq olmaz. İnsan da elə olmalıdır. İnsan bir ay öncə düşündüyünü, bu gün də düşünürsə, deməli primitiv insandır. Mən primitiv deyiləm. İnsan məncə böyük mənada əqidə sayılan mövqelərini dəyişməz. Mən bir yox, çox adamam. Bəzən çox rəhmli, bəzən rəhmsiz, bəzən amansız, bəzən yumşaq, bəzən çox vətənpərvər, bəzən sakit, bəzən üsyankar, bəzən yazıq. İçimdə bir adam olsa, yaxasından tutub ona nə isə deyərəm. Nə isə sübut edərəm, nədəsə günahlandıraram. Yenə də deyirəm insan elə belə olmalıdır məncə. APA mənə doğmadır, bu gün də burda qonaq kimi olmağımdan çox məmnun oldum”.

# 4023 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #