Onlar oğlanlara toyacan dözməyə kömək edirdilər  

Onlar oğlanlara toyacan dözməyə kömək edirdilər  
11 iyun 2013
# 12:31

İsveçli Krister Strömholm hələ ötən əsrin 50-ci illərində Paris transseksuallarının dünyasını tədqiq edən ilk fotoqraf olub.

Kulis.az Krister Strömholmun və onun haqqında danışan Nana adlı transseksualın xatirələrini təqdim edir.

Krister Strömholm: “İldə bir dəfə Piqal məhəlləsində bayram olurdu. O, Roşşuar bulvarı boyu Anver stansiyasından Ağ meydana kimi uzanırdı. Yarmarka dekabrın ortasında başlayıb Milad boyu davam edir və yanvarın ortasında bitirdi. Bütün bu zaman ərzində bulvar sirk truppaları, tirlər, qəfəslərdə vəhşi heyvanlar, falçılar və striptizçilər, karusellər, elektrik maşınları və küçə pəhləvanlarıyla dolurdu.

Orda nəyə desən rast gəlmək mümkündü. İlan ovsunçusu böyük şüşə akvariumda uzanıb, heyvanların onun bədənində sürünməsinə imkan verirdi. Biz heyrətdən ağzımızı ayırıb dəqiqələrlə ona baxırdıq. Onun iş günü uzunuydu və bu qadın hətta fasilə edəndə belə ilanları deyil, yalnız akvariumu tərk edirdi. İlanlarsa onun yarıçılpaq bədəninə dolanmaqda davam edirdi.

Biz bulvarı iki saata gəzə bilirdik. Günün sonuna doğru fənərlər yanırdı, neon lövhələr küçəni süni işığa qərq edirdi. Kabarenin qapıları ağzında dayananlar bir-biri ilə yarışaraq uca səslə yaxınlıqdan keçənləri içəri çağırır və onlara erotik yaşantılar vəd edirdilər.

Günəş batandan sonra hava sərinləyirdi. Kölgələr uzananda biz xiyabanda gəzişən fahişələri görürdük. Hündürboy, gözəl qadınlar. Onlar binaların kölgəliyində dayanıb gözlərini bulvardan, attraksionlardan və müştərilərdən çəkmirdilər.

Yanvarın ortasında rayon öz əvvəlki həyatına qayıdırdı. Fahişələr – kişilər və qadınlar, lesbiyanlar, transvestitlər və transseksuallar yenidən bulvarda və xiyabanlarda öz əvvəlki yerlərini tuturdular.

Bu gözəl qadınlar dünyaya kişi kimi göz açmışdılar. Onlar burda, Ağ meydan ətrafında yaşayır, kabarelərdə işləyir, oxuyur, rəqs edir və striptiz göstərirdilər. Onlar gündə 60 frank qazanırdılar. Bu məbləğ oteldə gecələməyə və qarnını doydurmağa yetərliydi, amma 40 minlik cərrahi əməliyyata heç cür çatmazdı. Küçə onların yeganə ümid yeriydi. Fahişəlik bu rayonun həyatının ayrılmaz bir hissəsiydi.

1959-cu ildə bax bura gəlib çıxmışdım. Orda məskunlaşıb transseksuallarla bölüşdüyüm həyat barədə danışmağa başladım. Biz bir-birimizlə xəbərləşərək gecə həyatı sürürdük.

Tez-tez günorta saat ikidə divarımı döyürdülər. Bu, qəhvənin hazır olduğunu xəbər edən Kobraydı. Biz Şappe otelinin beşinci mərtəbəsində, onun otağında qəhvə içərdik. Səhərə yaxın yatar, qürubdan az əvvəl durardıq.

Bu mərtəbədə mənimlə birgə altı transseksual yaşayırdı. Hər birimiz otağı bir aylıq kirayələyirdik. Günortalar özümüzü çox sakit aparırdıq. Biz gecəni gündüzə çevirmişdik. Məhz gecələr Kobra və başqaları tabunu pozaraq ətək geyinirdilər.

O zaman general de Qoll hakimiyyətdəydi. Əlcəzairdə müharibə gedirdi. “İvonn xalasa”, – prezidentin arvadını belə adlandırırdıq, - əxlaq təcəssümüydü. Məhz o, dostlarımın həyatını müəyyənləşdirirdi. Kişi kosmetika çəkə, parik gəzdirə, köynək və hətta dar şalvar geyə bilərdi, amma ətək heç vaxt.

Gecələr polis reydləri azalırdı və bu zaman dostlarım öz qadın həyatlarını nisbətən daha rahat yaşaya bilirdilər.

Ağ meydana Şimali Afrikadan, Bretandan və ölkənin cənubundan oxşarlarını tapmaq üçün cavanlar axışırdılar. Onların çoxu vətənlərində anlayışla qarşılanmırdılar. Burdasa onlar qadın olduqlarına inana, əməliyyat barədə düşünə və həyatlarını dəyişə bilərdilər. Qadın bərbəri, satıcı, tibb bacısı və hətta Süzanna kimi tələbə ola bilərdilər. Amma ilk öncə Kasablankaya getmək lazımıydı.

“Transseksual” sözü 1950-ci illərin sonlarında işlənməyə başlayıb. Elə həmin dövrdə hormonların və əməliyyatın sayəsində fiziki cəhətdən qadın olmaq imkanı əldə edilib. Amma hər kəs əməliyyata getmirdi. Kimlərsə onun cinsini deyil, insaniliyini qiymətləndirən geteroseksual dostuna dayaqlanırdı.

Mənim dostlarım iş tapa bilmirdi. Parisdə harasa düzəlmək üçün şəxsiyyət vəsiqəsini təqdim etmək lazımıydı və əgər ad görünüşə uyğun gəlmirdisə, yol bağlanırdı. Əslində dövlət insanları formal mübarizə apardığı fahişəliyə sürükləyirdi. 22 il sonra dostlarımdan yalnız biri fahişə işləyir. İyirmidən biri.

Mən təzə gələndə Nanayla dostluq eləməyə başladım. Həmin vaxt o, zirək yeniyetməni xatırladırdı, indisə gözəl və ağıllı qadına çevrilib. O məni Ceki, Sabrina, Cina, Kobra, Kapris, Miriam və digərlərilə tanış elədi.

Cinayla Kobra artıq dünyalarını dəyişib. Kapris həmçinin. O, Klef küçəsindəki balaca otağında intihar elədi. Bu ümidsiz, özünü itirmiş və tənha biçarənin yeganə ümid yeri heroindi. İntiharın şüurlu seçim, ya dəhşətli səhv olması indiyəcən də naməlumdu. İstənilən halda, onu xilas etmək mümkün deyildi.

Cina Kasablankada əməliyyat olundu. O, Ağ meydana qayıdıb, özünə ağ rəngdə balaca idman maşını və mənzil aldı. Bir neçə ildən sonra xərçəngdən öldü.

Sabrina “Alkazar” şousunun ulduzuna çevrildi. Ceki Monparnasda “Karusel” kabaresində işləyir. Karol və Nana Avropa boyu səyahət edib striptizçi işləyirdilər. Dolli Berlində rəqs edirdi. Miriam hazırda Monmartrda fahişədi. Zara transvestitlərin məşhur kabaresi olan “Madam Artur”da işləyirdi. İndi doğma Hamburquna qayıdıb və hazırda uğurlu paltar dizayneridi.

1960-cı illərin ortalarında Polettlə birgə Konstans küçəsində yaşayırdım. Hər gecə tənbəki çubuğumu, fotoaparatımı, bir neçə plyonka götürüb Ağ meydandakı bara yollanırdım. Hamı mənim nə ilə məşğul olduğumu bilirdi. Mən heç vaxt xəlvəti çəkmirdim. Qığılcımsız işləyirdim, olan işıqla kifayətlənirdim. Zamanla gecə çəkilişlərinin texnikasını inkişaf etdirdim və artıq mehmanxana otağında şəkilləri çıxararkən neqativlərdən nəyin alınıb-alınmadığını anlayırdım. Metro səhər saat altıda açılırdı. Biz qaynar şokolad içir, qəzet alır və sakitcə öz otaqlarımıza qayıdırdıq. Parisdə səhər açılırdı. Amma dostlarımın çoxu üçün Ağ meydanda gecə hələ də davam edirdi. Onlar başqa dünyada, kölgələr və tənhalar, narahat və ümidsiz dünyada yaşayırdılar.

Onların tələb etdikləri yeganə şey – özləri olmaq haqqıydı. Onda da, indi də - bu yalnız öz şəxsi həyatına və şəxsiyyətinə haqq qazandırmaq cəhdidi”.

Nana: “Mən Oranda (Əlcəzair limanı – red.), ispan ailəsində anadan olmuşam və sağ qalmaq üçün çox erkən yalan danışmağı öyrənmişəm. Müstəmləkə sakinləri cinslər arasında ayrı-seçkilik qoyurdu. Qadınlar təkbaşına kafeyə getmir, şlyapasız gəzmirdilər. Əmim bir dəfə bərbər olan atama dedi: “Saçımı elə qırx ki, məni mavi hesab eləsinlər”. Bizdə maviləri heç vaxt sevməyiblər, onların cəmiyyətdə öz rolları vardı. Qızlarımız toydan əvvəl sevişə bilmədiyindən, onlar cavanlarımıza toyacan dözməyə kömək edirdilər.

On yaşımdan yalnız bir şeyi arzulamışam: qız olmaq. Amma necə? Yerli qəzetlərdə Kristina Yorgensen barədə şəkilli məqalə vardı – o, əvvəlcə əsgəriydi, sonra 51 yaşında qadın olmuşdu, - demək çıxış yolu vardı. Bir dəfə 1955-ci ildə küçədə Bembi (məşhur rəqqasə-transseksual – red.) və onun dostlarıyla qarşılaşdım.

Onlar “Kanastel” kazinosuna qastrol səfərinə gəlmişdilər. Anladım ki, mənim yolum Parisə gedib onlar kimi aktrisa olmaqdı.

1957-ci ildə Oranda maviləri tutatut idi. Onda mən artıq Parisdəydim, amma Aqnes Kapris qohumlarının yanına gəlmişdi – o, evindən qaçmaq məcburiyyətində qalmışdı. Onu həbs elədilər. O deyirdi ki, bu, çox dəhşətlidi: onları şəhərin kənarındakı düşərgəyə aparıb, it kimi döymüşdülər. Əlcəzairdə həyat get-gedə dözülməz olurdu. Parisə 1957-ci il avqustun 5-də gəldim. Onda hələ həddi-buluğa çatmamışdım, lakin artıq gizlicə hormonlar qəbul eləməyə başlamışdım. Şəffaf köynək geyinirdim, döşlərim lap azacıq böyüməyə başlasa da, artıq özümü açıq yaxalı Lollobrica kimi görürdüm.

Rəfiqəm məndən əvvəl gəlmişdi. Luvrun yanındakı otaqda üç nəfər yaşayırdıq. Pulumuz qurtarmaq üzrəydi. Bizlərdən biri “Madam Artir” şousuna düzəldi, mənsə hələ çox balacaydım deyə səyahət agentliyində kuryer işi tapdım. Bir də yaxşı tikə bilirdim. Məni mehmanxananın hollunda bir kabinetə yerləşdirdilər. Orda istədiyimi edə bilərdim, məsələn, rəqqasələrin donuna manatlar tikirdim.

1958-ci ildə Əlcəzairdə lap dözülməz oldu və anam mənə baş çəkməyə gəldi. Ofisdə ona belə dedilər: “Deyəsən, sizin oğlunuz ikili həyat keçirir”. O, daha çox şey öyrənmək istədi. Həmin vaxt Klozel küçəsində gözəl bir mehmanxanada yaşayırdım, hərbi hava qüvvələrindən gözəl bir məşuqum vardı. Anam həmin mehmanxanada otaq kirayələyib qapımı döydü. Onu görmək istəmədiyimi dedim. O sakitləşməyib hollda gizləndi və dostumun çıxmasını gözləyib onun üstünə atıldı. Bu da azmış kimi, hədə-qorxu gəlməyə başladı: “Mənim əlaqələrim var! Sizi işdən çıxaracaqlar!”

Onda qadın kimi yaşamaq istədiyimi anladım. Əsgərciyəzim bunun əleyhinəydi. Mən qadın alt paltarı, kəmərli corab və lifçik geyinməyə başladım. Üstündən palto, şərf taxıb, gecələr küçəyə çıxırdım. Bulvarda gəzişib, ətrafdakıları utandırırdım. Amma heç kəs mənə xüsusi mane olmurdu: həmin vaxt ətrafda həvəskarlar çoxuydu. Mən işimi tullayıb istədiyim şeylərlə məşğul olmağı qərara aldım. Bax elə onda Kristerlə rastlaşdım. O, şəklimi anındaca çəkməyə başladı. İlk şəkillərimi gətirəndə əcəb qonaqlıq düzənlədik!

Piqal meydanında işləyirdik, boş vaxtımızda “Paqoda”da kinoya baxır, ya da Sen-Jermendə “d”Artanyan” gecə klubuna gedirdik. Sutenyorlar bizə dəyib-dolaşmırdılar. Pul qazanmağımıza qibtə edirdilər, amma öz kişi ləyaqətlərini itirməmək üçün bizi hamiliyə götürmürdülər. Bu bizə də sərf edirdi. Əvəzində polislər özlərini çox iyrənc aparırdılar. İşləyib-işləməməyimizdən asılı olmayaraq məntəqəyə götürürdülər. Səhər saat onadək orda saxlayıb, sonra cərimə yazırdılar: “Karnaval olmayan dövrdə kişi qadın paltarında”. Bir də təhqirlərə məruz qalırdıq. Əlcəzairdən olduğumdan məni “çirkli ərəb” adlandırırdılar. Heç vaxt etiraz etmədiyimdən məni döymürdülər. Amma kişi adımızı elə məmnuniyyətlə üzümüzə çırpırdılar ki! Bizlərdən birinin adı Kazimir idi – onların xoşbəxt üzünü görən lazımıydı.

1959-cu ildə Parisə Sebastyan gəldi, o, xarici legionda xidmət edirdi, amma formasını corablara və ətəyə dəyişmişdi. Yayda onunla cənuba getdik. Yolda məni polis saxladı – şəxsiyyət vəsiqəsindəki adımın ucbatından. O məni məntəqəyə aparıb saçlarımı kəsdi – elə bil müharibə dövrünün kollaborasionisti idim. Bərbərə özü pul ödədi. Saçlarım yoxuydu, yalnız qadın geyimim qalmışdı. Parisə sürücülərə izahat verə-verə avtostopla qayıdası oldum: “Rəfiqəmlə mübahisə eləmişəm, bütün paltarlarımı götürüb – yalnız qadın geyimi qalıb”. Uydurmam əla alınırdı, getdikcə ona rəng də qatırdım.

Həmin il de Qoll referendumu oldu. Bazar günü hamı səs verəndə əvvəlcə polisdən gizləndiyim Plombyer-le-Dijona, sonra Liona gəldim. Orda əla bir keşiş vardı: “Sizə Furvyerdə qədim binaları göstərərəm”. Tramvayda gedərkən onun tələbatını ödədim. Mənə Parisə qayıtmaq üçün pul verdi. Orda işimə qayıdıb saçlarımın yenidən uzanmasını gözlədim. Buna görə də bəzi şəkillərdə saçlarım çox qısadı.

“Madam Arturda” gəlişimə o qədər də sevinmədilər, əvəzində bir müddət yaşadığım mehmanxanada yeni kabare barədə danışdılar. Fonten küçəsindəki The Fifty “Karesel”lə rəqabət aparan azsaylı kabarelərdəndi. Səhnə paltarı əldə eləyib ora getdim – bir nömrə fikirləşib səhnəyə çıxdım. Beləcə, aktrisa oldum. Mənim Yeva Qordon adıyla əsl debütüm baş tutdu. Amma bir-iki ildən sonra küçəyə qayıtdım. Elə o vaxtdan küçəylə kabarenin arasında dolaşmağa başladım. Olduqca mehriban dəstəmiz vardı. Əgər kiminsə pulu olmurdusa, hamılıqla ona kömək edirdik. Əgər kimisə kişi incidirdisə, hamılıqla onun üstünə hücum çəkirdik.

Fifty-dən Nina Sputnik adlı bir qız impresarioya ərə getdi. O bizimlə yaxşı müqavilə bağladı. Artıq küçədən yorulmuşdum və rəfiqəm niyə həmişə rəqs eləmədiyimi soruşdu. Mən musiqini seçdim, nömrə qoydum. Kabaredə 45 yaşımadək işlədim. Ordan gedəndə gözəlliyimin və ustadlığımın zirvəsindəydim. Lakin şərtlər get-gedə ağırlaşırdı. Əvvəlcə qızlar salonda işləmir və müştərilərlə içmirdilər. Sonra İspaniyadan Frankodan qaçan çoxlu qadın tökülüşdü. Onlar salonda işləməyə razılıq verdilər, biz də ayaqlaşmağa məcbur olduq.

Əlbəttə ki, quldurlardan qorunmalıydıq. Onlarsa kabaredə tez-tez qoçuluq edirdilər. Lakin yollarını kəsməyən artistlərə hörmət edirdilər. Hərçənd bir neçə dəfə güclə yaxamı qurtarmışam.

Yadımdadı, bir dəfə Fonten küçəsində bir oğlan arxamdan vurub söylədi: “Ötən gecə rəfiqəmlə birgə Yelisey talasında müştəri tuturdunuz, unutmamısan ki? Mənə beş min frank borclusan”. Çox qorxmuşdum. Tanışım məlum bizneslə məşğul olan madam Frankla dostluq edirdi. Məni onun yanına apardı, vəziyyəti başa saldı və qadın söylədi: “Biz hər şeyi yoluna qoyarıq, geyin gedək Fonten küçəsinıə”.

Orda bizim balaca icmamızın xaç atası vardı. O, çox mehriban idi. Mən mızıldandım ki, qadın olmadığımdan işlərim düz getmir. O həmin oğlanla danışdı və sonuncusu təslim oldu. Amma mən gedəndə ardımdan söylədi: “İt qızı!” Susdum. Bəzi sutenyorlar sadəcə yanımıza əylənməyə gəlirdilər. Birini xatırlayıram: qəşəng bədəni vardı. Ümumən isə bu əhatədə yaxşı heç nə yoxdu. Sutenyorlar, ağıldankəm əbləhlər, xırda fırıldaqçılar və narkomanlar – sadəcə nəcis yığını. Amma quldurlar bizi narahat etmirdilər.

Oğlan dostlarımı işimdən, bizim dünyadan uzaq seçməyə çalışırdım. Çox ağlayırdım. Bir dəfə onlardan birinə - o, mebel satışıyla məşğuldu – brilyant üzük bağışladım. Və az sonra gecə klublarının birində bu üzüyü bir qızın əlində gördüm. Onun barmağını kəsməyə hazırdım! Amma özüm də sədaqətli deyildim. Kimin ardından desəniz düşə bilərdim – təki cazibədar olsun. Bir dostum – o, məşhur teatr aktyorunun dostuydu – mənim şəklimi valideynlərinə göstərmiş və həyat tarixçəmi danışmışdı.

Valideynlərinin mənimlə görüşməyə razılıq verməməyinə təəccüblənmişdi. Çox qəşəng idi. Ona dəlicəsinə vurulmuşdum.

Kristian – biz Kristeri belə adlandırırdıq – Parisə gələndə şəklimizi çəkməyə başladı və bizi daha siyasiləşdirilmiş rayona gətirdi. Orda onun çoxlu dostları vardı. Mən sonralar məşhur rəssam olan və sərgiləri Berlində, Londonda və Nyu-Yorkda keçirilən Daniel Sperriylə tanış oldum. Onunla uzun müddət dostluq etdim. Bir də isveçli cavan şair Pol Anderson vardı. Biz zaman-zaman onunla mehmanxanada görüşürdük. Təəssüf ki, dünyasını erkən dəyişdi – alkoqol və narkotik. Sonra məşhur heykəltəraş – ya mənim evimdə, ya da onun Sena küçəsindəki emalatxanasında görüşürdük. Məni çox cəzb edirdi. Nəhayət, 20 ildən artıq yaşadığım oğlan dostumla 1980-ci Lüksemburqa köçüb, qanunla ona ərə getdim.

1950-ci illərin sonlarında əməliyyatlar təzə başlayırdı. Mən buna cəsarəti çatan gözəl çiliyalı Dominiki tanıyırdım, ondan əvvəlsə həkim Byurunun (fransız cərrahı Jorj Byuru, cinsin dəyişdirilməsi üzrə əməliyyatlar keçirən pionerlərdən biri – red.) ilk xəstəsini görən Koçinell. Bu məni həmişə cəlb eləmişdi, mən bunu lap əvvəlindən istəyirdim. Amma pulum yox idi. 1972-ci ilədək gözləməli oldum. Bir də boynuma alıram ki, qorxurdum.

Əməliyyatdan keçənlər dəhşətli şeylər danışırdılar. Onları çarpayıya bağlayırdılar, ağrı dözülməzdi. Bir də əməliyyatdan sonra daha orqazm keçirə bilməyəcəyimdən qorxurdum. Məni əksinə Saarbryukkendə birgə işlədiyim qaraçı inandıra bildi. Beləcə, 1972-ci il aprelin 7-də son qərarımı verdim. Heç ağrıyıb eləmədi, çarpayıya da bağlamadılar – deyilənlər yalan imiş.

Kabareyə qayıtdım və sonra bir yığın gözəl oğlanla yatdım. Nə vaxtsa qanuni nikaha girə biləcəyimi gözləyirdim. Parisdə bunun mümkün olmadığını deyirdilər. Lakin bir dəfə Lionda mənə bu sözləri deyən vəkillə rastlaşdım: “Madmuazel, sizin necə əziyyət çəkdiyinizə baxa bilmirəm. Mən sizin saysız-hesabsız tibb arayışları almaqdan yaxanızı qurtaracam”. Beləcə, bir yerli patoloqoanatomun hesabatı sayəsində Lion məhkəməsi məni qadın elan elədi. Məni Yeva çağırmağa başladılar. Kağızlarımı prefekturadan götürəndə elə qürurluydum ki. İndi seçkilərdə də rahat iştirak edə bilərdim: “Madam filankəs səs verdi!” Bu hadisəni uzun müddət gözləməyinə dəyərdi.

Elə bilirdim normal həyat darıxdırıcı olacaq. Həyatını mənimlə bölüşəcək bir kişiylə rastlaşdım, amma kabaredə çıxışımın əleyhinə idi. Artıq 45 yaşım vardı. əvvəlki həyatımla asanlıqla vidalaşa bilərdim – hər şey yaxşı idi. Və mən 45 yaşımda əla görünürdüm!

Bütün bu illərin, özüm olmaq cəhdlərimin hədər getmədiyini anlayıram. İndi mənim öz küncüm var, artıq çoxdandı ki ərdəyəm. Uzun illər biznes sahəsində işləyəndən sonra bir neçə il əvvəl təqaüdə çıxmışam. Bir neçə dildə danışıram. Həyatım başdan-başa sevincdi. 72 yaşım var, amma hələ də səyahət etməyi və yeni adamlarla tanış olmağı planlaşdırıram. Hələ o qədər iş görməliyəm ki.

Kristerin şəkillərinə baxanda kədərlənirəm. Elə bilirdim 50 ildən sonra o, XX əsrin dahi fotoqraflarından biri olacaq. Baxışlarından şəhvət yağmırdı, o bizə mifik varlıq kimi baxırdı, dostlarına qürurla təqdim edirdi. Krister həmişə mənimlə dürüst olub və 1992-ci ildə şəxsi həyatımın açıqlanmamağı üçün ondan şəkillərimdən istifadə etməməyi xahiş edəndə fotoları sərgilərdən yığışdırdı. Heyf ki, 1970-ci ildən ta Krister dünyasını dəyişənədək onunla çox ünsiyyətdə olmadım. Amma mən öz yolumla getməliydim”.

# 3703 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #