Ömər Eldarov yaradıcılığının şah əsərləri

Ömər Eldarov yaradıcılığının şah əsərləri
6 yanvar 2018
# 16:13

Kulis.az artkaspi.aza-a istindən Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, "Sənətşünaslığın təbliği" ictimai birliyinin sədri Ziyadxan Əliyevin "Milli heykəltəraşlığımızın lideri" adlı yazısını təqdim edir.

Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan heykəltəraşlığının son iki qərinəlik səhifəsinin yeni-yeni bədii-estetik keyfiyyətlərlə zənginləşməsində Xalq rəssamı, akademik Ömər Eldarovun yaradıcı xidmətləri ölçüyəgəlməzdir, desək, həqiqəti söyləmiş olarıq.

Bu gün 90 yaşın zirvəsindən geriyə - keçdiyi yaradıcılıq yoluna nəzər salanda, yaratdığı müxtəlif janrlı əsərlərin timsalında, öz peşəsinin bənzərsiz ustadı olduğunu görə bilərik. Onun heykəllərinin yaranma manerasında, forma-biçim, mütənasiblik meyarında da diqqətçəkən - ovsunlayıcı bir məntiq var. O, bu böyük sənət ölçüsünü, bütün ömrü boyu ləyaqətlə qoruyub. Nəticədə, Azərbaycan heykəltəraşlıq sənəti müxtəlif materiallara hopmuş böyük sənətkar təxəyyülünün yüzlərlə bənzərsiz ifadəsini qazanıb. Bütün bu uğurların davamlı şəkil alması, onun Azərbaycan tişə ustalarının lideri olmasını şərtləndirib. Yaradıcılığı boyu ölkənin müxtəlif yüksək mükafatlarına layiq görülməsi də, onun sənətkarlığının rəsmi təsdiqi sayıla bilər.

Görkəmli sənətkarın altmış ili ötən yaradıcılığı mövzu və faktura etibarilə nə qədər zəngin olsa da, Ömər Eldarovun adı çəkiləndə, ilk növbədə X.Natəvan abidəsi yada düşür. Sonralar milli heykəltəraşlığımızda psixoloji yaşantıların gözəl ifadəçisi kimi tanınacaq Ö.Eldarov, məhz bu əsərində özünün fərdi duyumunu insan psixologiyasının açımına tam yönəldə bilmişdi. Heykəltəraşlıqda psixoloji məqamları ifadə etmək nə qədər çətin olsa da, görkəmli tişə ustası yaradıcılığının ilk mərhələlərindən başlayaraq müraciət etdiyi ən müxtəlif xarakterli obrazları ömürlərinin ən önəmli an və məqamlarında tamaşaçıya təqdim etməyə qərar vermiş, ictimailəşən şəxsiyyətləri daha yaddaqalan forma-biçimdə göstərməyə çalışmışdır. Bakıda X.Natəvanın şərəfinə ucaldılmış heykəldə, (1960) həyatı çox təzadlı hadisələrlə zəngin olan şairənin obrazının (oturuşundan tutmuş, özündə fiqurun ifadəli siluetini şərtləndirən ritm və geyim plastikasına qədər) bədii şərhinə görə, tamamilə müəllif məqsədinə xidmət etdiyini görmək mümkündür.

Ömər Eldarovun xalq rəssamı Toqay Məmmədovla birlikdə yaratdığı Məhəmməd Füzulinin abidəsi (1962) də bu gün paytaxtın ən baxımlı sənət nümunələrindən sayılır. Güclü emosional təsir qüvvəsinə malik abidənin uğurunu, şairin ifadəli tunc obrazı ilə onun nakam məhəbbət dastanının qəhrəmanları olan Leyli və Məcnunun qayanı andıran qranitdən hazırlanmış qorelyefləri şərtləndirib. Üç fiqurun düşüncələrə qərq olmuş və yaşantılara bələnmiş görkəmilə - məhəbbətləri rəmzə çevrilmiş poema qəhrəmanlarının və onların taleyinə çarə qıla bilməyən dərd şairinin iç dünyasına köklənmiş fikirli baxışlarında ətrafı duyğulandıracaq bədii-estetik dəyər kifayət qədərdir. O vaxtlar gənc heykəltəraşların bu əsərinin SSRİ Rəssamlıq Akademiyasının gümüş medalına layiq görülməsi də, onun tələbkar sənət xiridarlarının sınağından uğurla çıxmasından xəbər verirdi. Ümumiyyətlə, Ömər Eldarov obrazlarının daha səciyyəvi cəhətlərini lirik-romantik ruhda təqdim etməklə, tamaşaçısını duyğulandıra bilən heykəltəraşlardandır. Sənətkarın yaradıcılığının bu başlıca məziyyətini onun incəliyi ilə seçilən xoşbəxt ana mövzusunu özündə ifadə edən «Sevinc» (1956), eləcə də daha güclü xarakterlərin təcəssümü olan «Analıq» (1964) və «Həyəcan» (1977) kompozisiyalarında müşahidə etmək mümkündür.

Heykəltəraşın 1963-cü ildə ağacdan hazırladığı çoxfiqurlu «Neftçilər» kompozisiyası portret janrında həll olunsa da, bir-birinə sıxılaraq, onları üstələməyə çalışan Xəzriyə sinə gərən müxtəlif yaşlı «qara qızıl» ustalarının mərdlik yağan çöhrələri böyük ustalıqla canlandırılıb.

Ömər Eldarov yaradıcılığının şah əsərləri onun tanınmış fırça ustası Səttar Bəhlulzadəyə həsr etdiyi iki portretdir (1965 və 1968-ci illər) desək, səhv etmərik. Ağacdan hazırlanmış hər iki əsər bənzərsiz sənəti və şəxsiyyəti ilə çox məşhur olan rəssamın çılğınlığını və özünəməxsusluğunu özündə gözəl əks etdirir. Biri incə xırdalıqları, digəri isə ümumiləşdirmələri ilə fərqlənən əsərlərdə rəssamın qeyri-adiliyini ifadə edən siluet, duruş müəllifin çox orijinal tapıntısı kimi qəbul edilir. Ö.Eldarovun sənət dostunun Əmircandakı məzarı üzərində ucalan abidəsi də (1974) forma-biçiminə və bədii-estetik tutumuna görə, memorial heykəltəraşlığın ən yaxşı nümunələri sırasına daxil olmağa layiqdir.

Düşənbədə ucaldılmış Sədrəddin Ayninin abidəsinin (1978) məhz Ö.Eldarovun tişəsindən çıxması da tacik sənət xiridarlarının azərbaycanlı heykəltəraşın sənətinə böyük inamının ifadəsidir. Görkəmli tişə ustası bu əsərinə xas olan monumental duyumunu sonrakı illərdə Əbu Əli ibn Sinanın (Düşənbə, 1980), məşhur dramaturq Hüseyn Cavidin (Bakı, 1993), rəssam Əzim Əzimzadənin (Bakı, 2001), bəstəkar Müslüm Maqomayevin (Bakı, 1987), İhsan Doğramacının (Ankara, 2001), ümummilli liderimiz Heydər Əliyevin (Qars, 2001) və dirijor Niyazinin (Bakı, 2017) abidələrində də nümayiş etdirə bilmişdir.

Bu yerdə deyək ki, ulu öndərin obrazı heykəltəraşın yaradıcılığında xüsusi yer tutur. O, Heydər Əliyevin Naxçıvanda, Bakıda və digər şəhərlərdə ucaldılmış neçə-neçə abidəsinin müəllifidir. Ömər Eldarov çox yaxından tanıdığı və uzun illər ərzində dostluq etdiyi görkəmli siyasi xadimin şəxsiyyətinə xas olan yaddaqalan keyfiyyətləri müxtəlif materiallarda böyük sənətkarlıqla əbədiləşdirməyə nail olmuşdur. Ulu öndərin Fəxri Xiyabandakı və yeni istifadəyə verilmiş Ali Məhkəmə binasındakı abidəsi özündə yüksək bədii-estetik məziyyətləri yaşadan sənət nümunələridir. Ö.Eldarovun ümummilli liderin vaxtilə yaşadığı binanı bəzəyən xatirə lövhəsi də özünəməxsus forma-biçim və plastika mədəniyyəti ilə seçilir. Elə bu lövhənin qonşuluğundakı, məşhur oftalmoloq Zərifə xanım Əliyevanın xatirə lövhəsi də böyük sənətkarlıqla işlənilmiş plastika nümunəsidir. Əlavə edək ki, Ö.Eldarov Zərifə xanımın Fəxri Xiyabandakı məşhur məzarüstü abidəsinin də müəllifidir. Bu əsərin mərmər variantı ("Elegiya”) hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində nümayiş etdirilməkdə, çağdaş milli heykəltəraşlığımızın uğuru kimi qəbul olunmaqdadır.

Yeri gəlmişkən qeyd edək ki, Ömər Eldarov məşhur şəxsiyyətlərlə bağlı digər memorial abidələrin də müəllifidir. Etiraf etmək lazımdır ki, görkəmli heykəltəraşın davamlı səyləri nəticəsində milli incəsənətimizin bu sahəsi son illər çox maraqlı və təsirli nümunələrlə zənginləşmişdir. Üzeyir Hacıbəyov, Vaqif Mustafazadə, Fikrət Əmirov, Hüseyn Ərəblinski, Süleyman Rəhimov, Şıxəli Qurbanov, Rəşid Behbudov, Ziya Bünyadov, Həsən Əliyev, Süleyman Rüstəm, Yusif Səmədoğlu və Tofiq Quliyev, Tamerlan Əliyev, Aida İmanquliyevanın məzarüstü abidələri bu qəbildəndir.

Heykəltəraşın bütün yaradıcılığı boyu müxtəlif materiallarda yaratdığı portretlər, obrazı dərindən duymaq, onların səciyyəvi cəhətlərini qabartmaq xüsusiyyəti ilə yaddaqalandır. Onun, oğlu Müslümə həsr etdiyi portretdə də (1972) düşündürücülüyə bələnmiş gənclik ehtirasının ifadəsi qabarıqdır. Qızı Lalənin (1970), Maestro Niyazinin (1984), Sevinc Rzaquliyevanın (1987), Aysel və Aytənin (1988) portretlərində də zərifliyin və yaradıcılıq ehtirasının bədiiləşmiş təsirli görüntüsü ilə qarşılaşırıq.

Görkəmli tişə ustası bütün materialları özünə doğma saysa da, deməliyik ki, onun ağacdan hazırladığı heykəllər ecazkar və heyrətamizdir. Bu mənada, S.Bəhlulzadəyə həsr etdiyi iki portretlə yanaşı, dirijor Niyazi ilə bağlı «Elegiya» əsərini, Mahatma Qandi və Rabindranat Toqorun portretlərini, o cümlədən «Zamanın dörd rəngi» kompozisiyasını xüsusi qeyd etmək lazımdır. Son əsərində ağacın özünəməxsus ifadə məziyyətini ustalıqla duyan heykəltəraş, bunu insan ömrünün müxtəlif illərini əyaniləşdirən obrazların fərdi və fərqli keyfiyyətlərini aşkarlamağa yönəldə bildiyindən, əsərlər kifayət qədər duyğulandırıcıdır.

Monumental abidələrində özünü lirik-romantik kimi təsdiqləyən Ömər Eldarov, dəzgah heykəltəraşlığı səpkili əsərlərində daha bir yeni keyfiyyətini göstərib. Bu da onun həyat hadisələrinin fəlsəfi duyumu və onların bədii yozumu ilə bağlıdır. Heykəltəraşın «Zehnin yuxusu» (2003), «XX əsr» (2000), «Ağlayan qadın» (2001), «Uşaqlı qadın» (2001), «Antik motiv» (2001) və s. əsərləri tamaşaçı düşüncələrini duyğulandırmaq gücü ilə diqqət çəkir. Reallıq və təxəyyül bu kompozisiyalarda obrazlı görkəm aldığından, yaranan uğurlu bədii sintez seyrçini dialoqa çəkir, düşündürür...

Ö.Eldarovun bütün ömrü boyu qazandığı sənət vərdişlərini vaxtaşırı gənc həmkarları ilə bölüşməyə vaxt ayırması, bu gün respublikamızda onun özünəməxsus dəyərlərə malik heykəltəraşlıq məktəbinin yaranmasını şərtləndirmişdir. Hələ sovet dönəmində Bakı şəhərində açılan SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq üzrə yaradıcılıq emalatxanasının rəhbəri kimi bu işi görməyə başlayan Ömər müəllim, hazırda bu işi 2000-ci ildə təsis olunmuş Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru kimi davam etdirməkdədir. Hər gün bu ali təhsil ocağına üz tutan 90 yaşlı ustad sənətkar gündən-günə püxtələşən xələflərindən böyük ehtiram nidaları ilə eşitdiyi «Salam, Ömər müəllim!» sözlərini də həyatına qatılan yeni mənəvi enerji kimi qəbul edir.

Daim yaşayıb-yaratmaq həvəsli olan, etdiklərinin qarşılığında davamlı olaraq dövlətin diqqət və qayğısından kənarda qalmayan, dəfələrlə fəxri adlara və müxtəlif mükafatlara layiq görülən Ömər Eldarov bu gün ömrünün müdriklik çağını yaşayır. Hər yeni əsəri ilə əsl sənətkarlıq atributu olan, heyrətləndirmək bacarığının tükənmədiyini nümayiş etdirir. Deməli, o, milli heykəltəraşlığımızı sənətə qürur gətirən əsərlərlə zənginləşmək qüdrətindədir...

# 8093 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #