Kulis.az ”Naməlum kino” layihəsində Əlisəttar Atakişiyevin 1966-cı ildə çəkdiyi “İstintaq davam edir” filmini təqdim edir.
Süjet: Alim Sərdar Əzimovun (Həsən Məmmədov) evindən oğurluq edilir. Onun evindən paltosu, pulu oğurlanır. Ancaq bu oğurluğun görünən tərəfidir. İstintaq araşdırma zamanı müəyyən edir ki, oğurluqda əsas məqsəd elmi müəssisələrdən birində işləyən Əzimovun dövlət sirri kimi qorunan cədvəlləri haqda xarici kəşfiyyatın məlumat toplanması olub.
Cədvəlləri müəssisədən evə aparmaq qadağan olunsa da kitabxanaçı Dilarə (Larisa Xələfova) onu Əzimova verir.
Ona görə istintaq gənc qızdan şübhələnir. İstintaq eyni zamanda restoran müğənnisi Tatyananı (Lyudmila Şlyaxturdan) da nəzarət altına alır. O, Əzimovun evi ilə üzbəüz binada qalır, üstəlik, onun işlədiyi müəssisəyə Kiyevdən ezamiyyətə gəlmiş aviasiya mühəndisi (Mixail Sidorkin) ilə tanış olur.
İstintaqın şübhələndiyi daha bir adam tüfeyli həyat keçirən, xarici malların alış-verişi ilə məşğul olan Səlimdir (Fuad Poladovdur).
Araşdırma nəticəsində istintaqa, oğurluq edən Xudayarın qətlə yetirildiyi məlum olur. İşlər daha da düyünə düşür...
Doğrusu bilmirəm, indiyədək Əlisəttar Atakişiyevin yaradıcılığı (operatorluğunu yox, rejissorluğunu nəzərdə tuturam) peşəkar şəkildə təhlil olunubmu? Yaxud İncəsənət Universitetində onun yaradıcılığı hansı səviyyədə tədris olunur?
Çünki Ə. Atakişiyev kinomuzda az rejissorlardandır ki, hər janrda ustalıqla işləyib, maraqlı kinematoqrafik detallar gətirib. Onun nağıl, fantastika janrındakı filmləri bu günədək maraqla baxılır.
1961-ci “Bizim küçə” kimi süjeti və quruluşu çoxqatlı olan film çəkir, kinomuzda ilk də “film içində film” texnikasından istifadə eləyir, “road movie” janrının elementlərini gətirir, müxtəlif zamanları ustalıqla iç-içə keçirə bilir.
“İsitintaq davam edir” filmi ilə o, həm də detektiv janrında bacarığını təsdiqləyir.
Müəllif janrın tələblərinə əməl eləyir, sonadək müəmmalı vəziyyəti, həyəcanı saxlayır. Tamaşaçının şübhə fokusu gah Tatyanaya, gah Səlimə, gah Dilarəyə, gah aviasiya mühəndisinə tuşlanır.
Üstəlik, kameranın sanki təsadüfən bir neçə dəfə müəssisənin elmi işçisi Çeremesinanı (Nina Qolovina) göstərməsi də ani şübhə oyadır. Ancaq rejissor onu mülayimlik, humanist davranışla maskalandıraraq seyrçini bu fikirdən qəsdən yayındırır.
Filmdə personaj bolluğu diqqəti çəkir. Amma personajlar əhvalatda itib batmır, əksinə müəllif onları səliqəylə nizamlayır.
Əsas hadisənin fonunda personajları hekayələri xırda epizodlarda əksini tapır.
Alim oğlu, əyləncəli həyat tərzi keçirən Səlim, qadın kimi həyatı alınmayan Tatyana, Əzimovla Dilarənin sevgisi və s.
Müəllif o dövrün Bakısının mədəni mühitini, məişətini təklif olunan vəziyyətlərin fonunda təsvir edir. Film Fuad Poladovun, Ənvər Həsənovun, Larisa Xələfovanın kinoda ilk işidir.
Tatyana rolunun ifaçısı Lyudmila Şlyaxtur psixi klinikada müalicə alıb və çıxandan sonra, 1996-cı ildə intihar edib. Sovet tamaşaçısı onu daha çox “Kölgələr günorta yox olur” serialından tanıyır.
Film yazıçı Cəmşid Əmirovun “Sahil əməliyyatı” povestinin əsasında çəkilib. Filmin ssenari müəllifləri Cəmşid Əmirov, Mixail Maklyarski, operatoru Əlihüseyn Hüseynov, bəstəkarı Polad Bülbüloğlunundur.
“İstintaq davam edir” nümayiş olunduğu bir il ərzində 28 milyondan çox tamaşaçı toplamışdı. Bu, 1963-cü ildən bəri çəkilən filmlərimiz arasında ən yüksək göstərici olub.