Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu
29 sentyabr 2026
# 15:30

Bu gün görkəmli italyan rəssam Karavacconun doğum günüdür.

Kulis.az “Palitra” rubrikasında boyakarın "Məsihin dəfni" əsəri haqqında materialı təqdim edir.


İtalyan rəngkarlığının dahisi, barokko üslubunun təməlini qoyan və təsviri incəsənətdə “kəskin işıq-kölgə” texnikasını imzasına çevirən Karavacco Milan yaxınlığındakı bir qəsəbədə anadan olub, ilk sənət vərdişlərinə Simone Peterçanonun emalatxanasında yiyələnib.

O, Renessansın idealizasiya olunmuş, ilahiləşdirilmiş gözəllik anlayışına qarşı çıxaraq dini və mifoloji mövzuları küçədən seçdiyi adi insanların, yoxsulların və qocaların real, qüsurlu və dramatik simaları ilə kətana köçürməyə nail olub.

Rəssamın yaradıcılığı insan psixologiyasının gərgin anlarını, fiziki ağrını, fani dünyadakı günah və bağışlanma axtarışlarını qaranlıq fondan püskürən teatr işığı altında təqdim etməsi ilə seçilir.

Karavacco eskizlər çəkmədən, birbaşa kətan üzərində fırça ilə işləyib, həmçinin dramatik kompozisiya ritmi və naturalist təsvir dili ilə bütün Avropa incəsənətinə, karavaccizm cərəyanına güclü təsir göstərib.

1610-cu ildə cəmi 38 yaşında təqiblərlə dolu ömrünə nöqtə qoyulsa da, onun cəsur vizual dili dünya rəngkarlıq tarixinin parlaq inqilablarından biri kimi qalmaqdadır.



"Məsihin dəfni"

Karavacconun yaradıcılığının yetkinlik dövründə ərsəyə gətirdiyi və dini rəngkarlığın monumental rəsmlərindən sayılan bu tablo rəssamın Kiesa Nuova kilsəsindəki Vittori ailəsinin kapellası üçün sifarişlə çəkdiyi əsərdir.

Karavacco bu tabloda İsa Məsihin çarmıxdan endirildikdən sonra məzara qoyulması anını bəzədilmiş dini doqma kimi yox, dərin insani kədər, fiziki ağırlıq və fani səssizlik kimi işləyib.

Dini şurada müəyyən mübahisələrə səbəb olsa da, əsərin emosional gücü və kompozisiya mükəmməlliyi böyük heyranlıq doğurub.

Əsər hazırda Vatikan Muzeyində sərgilənir.

Əsərin kompozisiyası yuxarı sağ küncdən aşağı sol küncə doğru diaqonal üzrə enən dərin və dramatik hərəkət xətti üstündə qurulub.

Ən yuxarıda qollarını göyə qaldırıb fəryad edən Kleopa, onun yanında başını aşağı salmış Maqdalena və İsanın anası Məryəm yer alır.

İsanın cansız, ağır bədənini isə Nikodim və İohann daşıyır.

Nikodimin gərgin əzələləri və çıxıntılı kərpic formalı daşın kənarında dayanan ayaqları İsanın cəsədinin fiziki ağırlığını tamaşaçıya birbaşa hiss etdirir.

Karavacconun vizual imzası olan kəskin tenebrizm (zülmət fondan işığın sıçraması) bu əsərdə kulminasiya nöqtəsinə çatır.

İşığın mənbəyi görünmür; o, sanki ilahi bir projektor kimi müqəddəslərin kədərli simalarını, İsanın solğun bədənini və ağ kəfənini qaranlığın içindən söküb çıxarır.

Ön plandakı məzar daşının küncü sanki kətanın çərçivəsini yararaq tamaşaçının məkanına daxil olur.

Rəssam bu illüziya ilə izləyicini sadəcə müşahidəçi deyil, dəfn mərasiminin birbaşa iştirakçısına çevirir.

# 60 dəfə oxunub

Oxşar xəbərlər

Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq...  - Feminizm mövzusunda 10 məşhur əsər

Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq... - Feminizm mövzusunda 10 məşhur əsər

14:00 27 sentyabr 2026
Zərifliyin impressionist təsviri - Edqar Deqanın "Balet məşqi"

Zərifliyin impressionist təsviri - Edqar Deqanın "Balet məşqi"

13:30 27 sentyabr 2026
Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

12:00 26 sentyabr 2026
13 yaşında atasını itirdi, 17 yaşında evləndi - Vısotskinin sevdiyi “Cadugər qadın” kim idi?

13 yaşında atasını itirdi, 17 yaşında evləndi - Vısotskinin sevdiyi “Cadugər qadın” kim idi?

10:00 26 sentyabr 2026
Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

Kəndlərdən saraylara - Dünyanı özünə valeh edən rəqs hansıdır?

18:40 25 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər