Seymur Baycanın mənasız hekayələri - Əli Zərbəli yazır...

Seymur Baycanın mənasız hekayələri - Əli Zərbəli yazır...
19 may 2023
# 12:20

Kulis.az Əli Zərbəlinin Seymur Baycanın mənasız hekayələri haqda bədii-fəlsəfi essesini təqdim edir.

Heç bilmirəm söhbət hardan fırlanıb ədəbiyyata gəldi. Bir də ayıldım ki, oxumaqla elə də çox arası olmayan bir mühəndis dostuma son oxuduğum kitablar haqda mühazirə verməyə başlamışam. Bir xeyli utandım. Niyə görə belə edirdim? Axı bu danışdıqlarım ona qətiyyən maraqlı deyildi. Hamısı tənhalıqdan, ətrafında eyni maraq dairəsini bölüşdüyün adamların azlığındandır. O, sadəcə olaraq ədəbiyyatdan səthi anlayışı olan adamların verdiyi suallardan birini vermişdi: həftəyə neçə kitab oxuyursan? Deyəsən bu dostum ya məni çox yüksək qiymətləndirirdi ya da mənimlə üstüörtülü məzələnirdi. Ona ayda iki kitabı güclə oxuduğumu dedim. Xeyli təəccübləndi. İllər əvvəl yay məktəbində tanış olduğu bir dostundan mənə söhbət açdı. Həftəyə azı beş kitab oxuyurmuş adam. Ona əslində bunun heç də yaxşı bir göstərici olmadığını anlatmağa çalışdım. Hətta, əksinə, bu çox neqativ bir faktdır, dedim. “Necə yəni?” təəccübləndi. Yemək yeməklə kitab oxumaq arasında çox tez-tez aparılan klişe analogiyanı təsvir elədim onun üçün. Yemək yeyəndən sonra gərək onu yaxşıca həzm edəsən.

Boşqabını kənara itələyib gəzməyə çıxasan, hərəkətdə olasan ki, yemək necə lazımdır həzm olunsun. Kitab oxumaq da belədir. Kitabı oxuyub bitirdin, gərək örtüb kənara qoyasan. Gəzməyə çıxasan, təmiz hava udasan və yaxşı-yaxşı həzm edəsən. Bir dolu boşqab qəşəng bir yarpaq dolması yanında kənd qatığını təndir çörəyi ilə yeyəndən sonra sən necə növbəti yemək haqda düşünə bilərsən? Adam yaxşıca yeyib doyandan sonra heç bir müddət yemək haqda fikirləşmək belə istəmir. Qaldı ki, heç yediklərinin bir faizi belə həzm olunmamış növbəti yeməyə girişəsən. Elə yazıçılar var ki, onların mətnləri əsas/ana yeməkdir. Məsələn, Ferdinand Selin. Selinin mətbəxindən daddınsa o dad damağında hələ çox qalacaq. Mədən ağırlaşacaq. Həzm prosesi bir xeyli müddət çəkəcək. Həzm etməyə macal tapmamış növbəti yeməyə girişsən, Selinin təamları hayıf olacaq, inqridientlər mədədə tam parçalanmayacaq, vitaminləri qanına sovrulmayacaq.

Uzun sözün qısası, analoji müqayisələri lazımından artıq uzatdım, hamısını bura yazmağa ehtiyac yoxdur. Sonda isə dostum mənə ona nə əsas yemək nə də çərəz olan bir kitab tövsiyə etməyimi istədi. O ərəfələr Seymurun “Mənasız hekayələri”ni oxuyurdum. “Hə, Seymur haqda eşitmişəm”, dedi, “çox radikal fikirləri var”. Oxuyarsan, çox fərqli mətnlərdi, hekayə deyəndə dəqiq ağlına bu tip şeylər gəlmir, dedim. “Adı üstündə, bu mənasız hekayələr əslində çox kədərlidir”, əlavə etdim. Yadıma düşən bir-iki hekayəni misal çəkdim. Azərbaycan ədəbiyyatını oxumadığını fəxrlə bir neçə dəfə bəyan etsə sonda onda maraq yarada bildim. Sağollaşdıq.

Bir həftə sonra, bir Bazar günü, balkonda yarı-ac mədəmi siqaret tüstüsü ilə doldururdum. Yuxudan gec oyanmışdım. Yəqin ki, elə bu səbədən ovqatım biraz təlx idi. İki-üç şokoladlı peçenye ilə kəklikotulu çay içib çıxmışdım balkona. Bir əlimdə siqaret, bir əlimdə telefon internetdə boş-boş gəzinirdim. Birdən həmin bu dostdan səsli mesaj gəldi. Ekranı aşağı sürüşdürüb mesajı açdım. Səsli mesajı oxudana qədər onunla son söhbətimiz yadıma düşməmişdi. Yalnız hal-əhval tutduqdan sonra ikinci cümləsində xatırladım ki, hə, axı biz təzəlikcə söhbətləşmişdik. Seymurun hekaləyər kitabını oxuduğunu deyirdi. Açığı ondan bu performansı gözləmirdim. Biraz sevindim. Kimdəsə hər hansısa kitaba qarşı azca maraq oyada bilmişdimsə nə xoş mənə. Ancaq deyəsən hekayələri bəyənməmişdi. Mənə kitabın başdan ayağa süni dialoqlardan, əlaqəsiz situasiyalardan, quru cümlələrdən ibarət olduğunu deyirdi. İlahi! Mən necə böyük bir səhvə yol vermişdim. Ona kitabın üz qapağını bir də diqqətlə oxumasını zarafatla – nöqtəli vergül və iki-üç mötərizə ilə - yazdım. “Bildim e mənasız hekayələrdir”, dedi, “söhbəti tutdum, amma yenə nəsə çatmadı.”

Necə böyük bir səhvə yol vermişdim. İkinci siqareti yandırdım. Qarnım quruldadı. Niyə görə mən bir adama Seymuru bu kitabı ilə tanıtmışdım? Axı Seymuru heç tanımayan adam bu hekayələri oxusa başa düşməyəcək. Bu kitaba gələnə kimi, Seymurun müsahibələrini, başqa hekayələrini, heç olmasa bir romanını oxumaq lazım idi. Parodiyadan, ironiyadan, ədəbiyyatın “nihilist” künc-bucaqlarından xəbərdar olmalı idin. Axı Seymura heç bələd olmayan adam bu mənasız hekayələri oxuyub elə onun qəhrəmanlarından birinə çevrilə bilər. Nəysə. Mən necə belə səhvə yol verə bilərdim axı? Səsli mesajdakı bir cümləni xatırladım: mən bu hekayələrdə kədər filan da görmədim. Qarnım ikinci dəfə quruldadı. Siqareti söndürüb içəri girdim, soyuducunu açıb bir müddət qarşısında tərəddüdlə duraraq yeməyə nəsə axtardım.

***
Seymur haqda yazmaq çətindir. Ona görə yox ki, onun haqda deyiləsi şeylər azdır, tam əksinə, adam bilmir hardan başlasın. Seymur bir yazıçıya məxsus olan bütün xarakterik xanalara quş qoyub. İstər onun müasir ədəbiyyatmıza gətirdikləri, istər bəzən radikal, qıcıq doğuran, qalmaqallı çıxışları, özündənrazılığı, lovğalığı, istərsə də həyat tərzi onu bütov bir ədəbi personaya çevirib. Seymurun müşahidə qabiliyyətinə həmişə heyran olmuşam. O heç bir texnikadan, narrativ fəndlərdən filan istifadə etmədən yalnız məhz heyrətamiz müşahidə qabiliyyəti ilə hekayə yarada bilən azsaylı yazıçılardandır. Onun hekayələrində Reymond Karver, Tobias Volf və s. kimi bir sıra yazıçıların məşhurlaşdırdığı “Kirli Realizm” (Dirty Realism) ədəbi cərəyanına xas ab-hava var. Seymur da adını çəkdiyim müəlliflər kimi gündəlik həyatdan çıxardığı adi, sıradan fraqmentləri bər-bəzəksiz minimal təhkiyə ilə hekayələşdirir. Məsələn, “Qab-qacaq səsi” hekayəsi... Onun hekayələri səs-küysüz, pafosdan əlamət daşımayan (pafos varsa belə qəsdən, şüurlu şəkildə yaradılıb) kənardan olduqca təsadüfi görünən həyati situasiyaların və çox zaman bu gündəlik, xırda situasiyaların yaddaşda, xatirələrdə yaratdığı əks-sədalar üzərində qurulub. Yazıçının silahi yaddaşıdır.

O, daim xatırlayır, sanki dayanmadan yaddaşının etibarlılığını sınaqdan keçirir. Bəzən bu zehni-akrobatik məşqlərə şüursuz şəkildə məruz qalırsan, heç gözləmədiyin anda keçmişdən çox əhəmiyyətsiz, təmtəraqsız bir epizod gəlib yaxandan yapışır. Bəzən isə hər gün şüurlu şəkildə, usanmadan xatırlamağı seçirsən. Seymurun hekayələrində bu iki halın ikisilə də rastlaşmaq mümkündür. Keçmiş, xatırlamaq, Seymurun mətnləri üçün çox xarakterikdir. Onun personajları başqaları üçün diqqətə layiq olmayan vəziyyətlərdə, heç kimin fikir vermədiyi əşyalarda nostalgiyanın fani dalğalarına qərq olur. Burada söhbət insanların, qoxuların, musiqilərin ortaya çıxardığı nostalgiyadan getmir, daha xırda detalların, məsələn, qab-qacaq səsinin, yolun ortasındakı konserv qutusunun yaddaşın yosunlu dərinliklərində yaratdığı sirli, izaholunmaz lakin cəlbedici məqamlardan gedir.

Mənasız, asanlıqla başa gəldiyi təəssüratını yaradan, meyarlara məhəl qoymayan, içindəki hadisələri olduqca rabitəsiz görünən “Mənasız hekayələr” kitabına gəldikdə isə Seymur, buralara min bir əzab-əziyyətlə, keşməkeşli mərhələlərdən, ac-yalavac, kolbasa çörəkdən başqa heçnə tapmayanda belə can verən ədəbiyyata sidqi-ürəkdən inanmaqla, “arı” kimi işləməklə gəlib çıxıb. Onun gəlib çıxdığı bu məqam sırf artıq kəşf olunduğuna görə bizə asan başa gəlinən görünür. Ancaq bu vaxta kimi heç kəs bizə bu üfüqləri – yəni həyatın mənasızlığını ədəbiyyatın mənasızlığı ilə qarışdırıb göstərməmişdi və biz də bu haqda düşünməmişdik. Ən azından bu Azərbaycan ədəbiyyatı üçün doğrudur. O sanki, deyir: Əgər həyat mənasız və absurddursa onda ədəbiyyat da mənasızdır. Al, bax elə bu hekayələr kimi.

Seymur bu kitabında öz dili ilə desək fərqli bir nöqtəyə, “nəsrdə son həddə” gəlib çıxıb. Bu nöqtəyə birdən-birə, üç-beş il ərzində gəlib çıxmaq olmur. Heç təkcə yazmaqla da buralara gəlib çıxmaq olmaz. Bunun üçün yazmaqdan çox yaşamalısan, yalnız vərəqlərdə, uydurma mənzərələrin içində deyil, həqiqi, toxuna bildiyin ağacların, sığallaya bildiyin itlərin olduğu dünyada yaşamalısan, və iztirab çəkməlisən. Adam elə bir nöqtəyə gəlib çıxır ki, artıq çəkdiyi iztirabların da mənasızlığını dərk edir. Mənasızlığı dərk etmək və bu dərkdən doğan kədərə məhəl qoymadan ironik baxışını qoruyub saxlamaq və yazmağa davam etmək asan iş deyil.

Buradakı hekayələr nə qədər istəsən xırda hətta bəzən absurd dərəcədə əhəmiyyətsiz lakin həzm etmək üçün vaxt alan “mənasız” detallarla doludur. Yanan evdə xilas olmaqdan imtina edən və sakitcə uzanıb ölmək istəyən qoca it, boşanmaq istədiyi arvadı ilə vurulduğu qadın arasında qalmış əlacsız adamın qəflətən gördüyü iki öpüşən eşşək, bədbəxt, kimsəsiz limonsatan balacanı dözülməz həyatdan xilas etmək üçün top kimi dənizə tullayan adam, özünü çilçırağa çırpıb öldürən kəpənəkdə məna, işarə axtaran adam, balıq dükanındakı balıq rəsmlərinə baxıb kövrələn adam, söhbətin ortasında peyda olan, ağzında oyuncaq gəlincik tutan, dərisini dərin yaralar basmış it, məcburi pəhrizdən bezib qaz dolması axtaran adamlar və s. Bunlar hamsı tapıntıdır və əslində göründüyü və təqdim edildiyi qədər də mənasız deyil. Bu hekayələr həyatın amansız zarafatlarının qurbanı olmuş adamlar haqqındadır. Təbii ki, onlar kənardan dəhşətli dərəcədə gülünc görünürlər. Zarafatlar gülməli, absurd olsa da, ortaya çıxan nəticələr kədərlidir. Onların bu gülünclüyünün, yöndəmsizliyinin arxasında əslində bədbəxtlik durduğunun fərqinə varmaq çətin deyil. Bu mənasız hekayələr həyatın mənasızlığına qarşı elə həyatın öz üslubunda, səs-küysüz şəkildə edilmiş üsyandır. Bu üsyanda nə küskünlükdən doğmuş hiddət, nə də bağırıb-çığırma var. Bu səssiz, ironik bir üsyandır – nihilist üsyanı. Bu hekayələr həyatın mənasızlığından elə onun öz silahı ilə alınmış intiqamdır.

Kitabdakı hekayələrdə Seymurun kələ-kötür, pinti yazı stili adamın gözünə batmır. Əksinə sanki, kitabın məzmununa birbaşa xidmət edir. Dialoqlar isə bir başqa aləmdir. Qəsdən absurdlaşdırılmış, əlaqəsiz, yüksək dozada pafosla doldurulsa da necəsə təbiiliyini qoruyub saxlaya bilmiş dialoqları oxuyub gülməmək mümkün deyil. Seymurun özünəməxsus müşahidə qabiliyəti ilə yanaşı fərqli – müsbət mənada – yumor hissi də var. Yazı tərzini qətiyyən özümünkünə yaxın görə bilməsəm də bu yumor mənə çox yaxındır. Xatırlayıram, onun “İti kim basdırmalıdır” hekayəsinin sonluğuna bir həftə gülmüşdüm.

Və sonda onu demək istəyirəm ki, bu kitabdakı hekayələr nə adamı necə lazımdı doyduran əsas yemək, nə də aclığı qısamüddətli yatışdırmaq üçün yeyilən çərəz, qəlyanaltıdır. Nəsə heç bir klasifikasiyaya uymayan mətnlərdir. Bir onu bilirəm ki, iştahla nuş ediləsi hekayələrdir.

P.S. Orxan Həsəni ilə Seymur Baycan yaradıcılığı haqda söhbətləşmək planımız vardı. Düşünürəm ki, söhbəti elə bu cür də aparmaq olar. Uzun sözün qısası, estafeti Orxana ötürüb soruşmaq istəyirəm ki, Orxan, bəs sən Seymurun mənasız hekayələri haqda nə düşünürsən?

# 4851 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #