Kulis.az yazıçı Samirə Əşrəflə müsahibəni təqdim edir.
- Samirə, əvvəlcə başlayaq ondan ki, uzun müddət ədəbi mühitdə olsan da, yazılar yazsan da, kitabın çox gec işıq üzü gördü. Niyə bu qədər gec?
- Burada bir az mənim tənbəlliyimin, bir az da ehtiyatlı olmağımın rolu var. Ortaya yaxşı kitab qoymaq istəyirdim. Kitabdakı hekayələr son on il ərzində yazılan 20 hekayənin içərisindən seçilib. Hər dəfə dostlardan birinin kitabı çap olunanda, həvsələnirdim, düşünürdüm ki, bu ildən o tərəfə qalmayacaq, mən də kitabı çap etdirəcəm. Amma hər dəfə nə isə alınmırdı.
Açığı, burada bir az da maddi məsələlər rol oynayırdı. Özün də bilirsən ki, indi kitab nəşri o qədər ucuz başa gəlmir. Mən kitabımın çap olunması ilə yanaşı, həm də kitabımdan bir müəllif kimi pul qazanmaq istəyirəm. Az, ya çox, bunun fərqi yoxdur. Əsas odur ki, yazıçı kimi gəlir əldə edim, bu gəlirin yaratdığı əhvalı yaşayım. Halal zəhmət söhbəti bütün peşələrdə keçərlidir, eləcə də ədəbiyyatda, yaradıcılıqda. Ona görə də öz hesabına kitab çap edən nəşriyyatlara müraciət etmədim. Kitabı şəxsi vəsaitimlə çap etdirdim. Sağ olsun, “Alatoran yayınları”nın rəhbəri Rasim (Rasim Qaraca – red.) müəllim də bu məsələdə mənə dəstək oldu.
- Üstəlik, bu sənin ilk bədii kitabındır.
- Taleyə, qismətə inanan adamam. Niyəsə əvvəllər kitab çap etdirmək haqqında düşünəndə, öz-özümə deyirdim ki, hələ vaxtı deyil. Amma indi düşünürəm ki, kitab vaxtında çap olundu.
- Kitabı anana ithaf etmisən. Hekayələrini oxuyanda orda əsas üç obraz görürük: anan, atan və sən. Bütün hekayələrinin qəhrəmanı özünsən. Niyə məhz anana ithaf etmisən?
- Anama qədər mənim hekayələrimdə həmişə bir ata obrazı olub. Hekayələrimdə Qarabağ müharibəsinin fonunda, qaçqınçılığın ömrümüzə, taleyimizə gətirdiyi iztirablar, problemlər dayanıb. Cəbrayıl işğal olunandan sonra mən də minlərlə qaçqın uşağından birinə çevrildim. Bir günün içərisində hər şeyini itirərək böyümək heç kimə asan gəlməsin. Biz onda uşaq idik. Amma indi valideynlərimin həmin zaman nə qədər əziyyətlər çəkdiyini düşünəndə, çox məyus oluram. Onlar qarşısında etdiyim səhvlərə görə utanıram. Təsəvvür et ki, atam otuz il məktəbdə dərs deyən müəllim, anam da elə bir o qədər iş təcrübəsi olan mühasib idi. Onlar günlərin birində xırdavat satan alverçiyə çevrildilər.
Yadıma gəlir, atam çörək, kişi corabları satırdı. Və hər dəfə o, çantasını götürüb bazara, metro qarşısına gedəndə, sıxılır, utanır, əzab çəkirdi. Torpaq yox, ev yox, əyin-baş dolanışıq yox. Qarşında isə səndən yemək, ev, pal-paltar tələb edən üç azyaşlı uşaq dayanıb. Onlar bizi dolandırmaq, yaşatmaq, oxutmaq üçün nəyi bacara bilirdilərsə, etdilər. Təbii ki, söhbət halal zəhmətdən gedir.
Seymurun (Seymur Baycan – red.) çox kədərli bir fikri var. Son günlər fikir verirəm ki, yazılarında həmin cümləni tez-tez işlədir. Deyir, bir vaxtlar doğulduğum, divarlarını tutub iməklədiyim, böyüdüyüm ev indi yer üzərindən silinib. Bu fikir qədər son günlər məni mütəəssir edən heç nə yoxdur. Çünki bu, həqiqətən də, belədir. Mən üç dəfə Cəbrayılda oldum. Adam boyuna qalxan qanqalların, kolların əlindən evimizin divarlarına yaxın düşə bilmirdim. Elə kənardan içindən qaranlıq yayılan otaqlara baxdım.
Konkret sənin sualına gəldikdə isə atamı on bir il bundan əvvəl otuz yaşımda itirmişdim. Mənə elə gəlirdi ki, 63 yaşında dünyasını dəyişsə də, onun ölümü erkən ölüm idi. Ona görə də bütün hekayələrimdə bir ata obrazı həmişə oldu. Kitabı atama və yaxud da elə valideynlərimə həsr edə bilərdim. Bu haqda kitabın ön söz müəllifi və redaktoru Cavanşir (Cavanşir Yusifli – red.) müəllimlə də məsləhətlər etmişdik. Bilirsən ki, anam 2021-ci ildə qəfildən xəstələndi və vəfat etdi. Amma kitabı anama ithaf etməyimin səbəbi konkret onun ölümü ilə bağlı məsələ deyildi...
Həyatımın müəyyən dönəmlərində mənim yazmaqla bağlı problemlərim, müəyyən qadağalarım oldu. Həmin məqamlarda məni dəstəkləyən, anlayan yeganə insan anam idi. O, həmişə ətrafımdakı insanlara mənim oxumalı, yazmalı olduğumu təlqin edirdi. O, mənim istedadıma inanmışdı. Onun inamını doğrulda bildiyim üçün, bu inamı mənə verdiyi üçün kitabı ona həsr etməyə özümü mənəvi cəhətdən borclu hiss etdim.
- Hekayələrin ənənəvidir, köhnə estetikanı xatırladır. Səncə, bunun səbəbi nədir? Səni yenilənməyə, modern olmağa nə mane olur?
- Əslində, kitabdakı hekayələr də, köhnədir. Yəni bayaq dediyim kimi böyük əksəriyyəti üç, dörd, səkkiz il əvvəl yazılıb. Amma, məncə, məsələ bununla bağlı deyil. Mən özüm düşüncə etibarı ilə klassik adamam. Misalçün, qələmlə yazmağı, kitabdan mütaliə etməyi sevirəm. Yəni belə deyək də, özümün canımda da köhnəliyə meyllilik var. Mütaliə məsələsində də, istər yerli müəlliflər olsun, istərsə də dünya ədəbiyyatının nümayəndələri olsun, daha çox klassik ədəbiyyata, yazıçılara üstünlük verirəm. Mənə elə gəlir ki, onlardan öyrənmək daha vacibdir, nəinki müasir yazıçılardan. Bu, əlbəttə ki, yanlışdır. Müasir yazıçıları az oxuduğumdan, onları az mənimsədiyimdən, müasirliyə belə deyək də qapalı olduğumdan sən deyən qüsurlar ola bilər. Amma bu kitabdakı hekayələr həm də mənim üzərimdə illərlə çox ağır bir yük kimi gəzib. Ümid edirəm ki, bu yükdən müəyyən mənada xilas olub, yeni yazacağım mətnlərin mahiyyətinə müasir çalarlar da əlavə edəcəm.
- Mənə görə, kitabda üç maraqlı hekayə var: “Saturasiya”, “Sonuncu yayın sonatası”, “Soyuducumun kölgəsi”. Amma hekayələrinin hamısında, elə bu üçündə də memuar, xatirə janrı açıq duyulur. Sanki sən bəzi yerlərdə hekayə yazmağın başını buraxıb xatirə danışmağa köklənmisən. Bəzən bunu tənqid edirlər, deyirlər ki, xatirəbazlıq baş alıb gedir. Sən necə düşünürsən? Səncə, o hekayələr xatirələrindi?
- Mən yaşantısı olan və yaşantılarına müəyyən mənada sadiq qalmağı xoşlayan insanam. Həyatımda nə baş veribsə, onu mütləq yazmalıyam deyə düşünməmişəm. Amma nələr ki, məni ağrıdıb, incidib, onlar məndən asılı olmadan yazıya çevrilib. Misalçün, bəzən sosial mövzuda köşə yazısı yazanda, gedib çıxıram, həmin xatirələrə. İnsan yaşadıqlarından qaça bilməz axı. Mən demirəm hər yaşadığımız mütləq yazmalıyıq. Amma əgər yaşadıqlarımızı ədəbiyyata çevirə biliriksə, niyə də olmasın. Adını çəkdiyin hər üç hekayə də yaşantılarımdan yaranıb və peşəkar oxucular tərəfindən yaxşı qarşılanıb. “Soyuducumun kölgəsi” hekayəsində heç bir hadisə baş vermədən soyuducunun bir insanın məişətində, daxili dünyasında yaratdığı əhvalı qələmə almışam. Və yaxud da “Saturasiya” hekayəsi bioqrafiq olsa da, oxuyanlar bilir ki, o hekayədə bir damla da göz yaşı axıtmamışam. Öz faciəmdən ədəbiyyat yaratmağa cəhd göstərmişəm.
- “Saturasiya” hekayəsini oxuyanda qəribə oldum. Ananı yeni itirmişdin və çox tez bir zamanda onun ölümündən yazdın. Bu necə baş verdi? Çünki yaradıcılıq soyuq başla, unutmaqla bağlıdır axı. Necə oldu ki, o ağrını bu qədər tez bir zamanda qələmə aldın?
- Məni yaxından tanıyanlar bilir ki, xarakter etibarı ilə reallıq hissi güclü olan, elə sən deyən kimi soyuq başlı adamam. Yəni olacağa çarə yoxdur fikri mənim üçün həmişə aktivdir. Bu baxımdan, anamın ölümünü də soyuq başla qarşıladım. Xəstə yatdığı müddətdə onun vəziyyətinin ağırlığını bilirdim. Ümid çox az idi və gün-gündən də azalırdı. Amma bütün hallarda onun ölümü mənim üçün gözlənilməz oldu. Həyatda ən çox qorxduğum iş başıma gəldi. Yadıma gəlir, uşaq vaxtı ölməsindən ən qorxduğum insan da anam idi. Həmişə o, bir yerə gedəndə, işdən gec qayıdanda, oturub saatlarla dua edirdim ki, ona heç nə olmasın. Hətta bir dəfə uşaq idim. Hardansa, evimizə İsa Məsihin balaca şəkli gəlib çıxmışdı. Mən isə o zamanlar elə bilirdim ki, İsa Məsih, ümumiyyətlə, xristian dini zərərli və qorxuludur. Onda o, şəkli götürüb eyvandan atdım. Həmin gün anam evə gec gəldi. Bərk qorxu keçirdim. Hətta düşüb həyətdə həmin şəkli axtarmışdım ki, bəlkə, Allahın acığına gedib. Qəribədir ki, şəkli tapan kimi, anam da gəlib çıxmışdı.
Yəni onun ölümü mənim üçün ən böyük itki idi. Amma buna baxmayaraq illərlə onun nə zamansa dünyasını dəyişəcəyinə özümü hazırlayırdım. Yəqin, bu hazırlanma prosesi və soyuqqanlılığım mənə kömək oldu ki, həmin itki mərhələsinin ən isti vaxtlarında belə təmkinli olmağa çalışdım. Məhz bu soyuqqanlılıq imkan verdi ki, o hekayəni yazım. Amma ən ağrılı proses mənim içimdə getdi. İtki mənim itkim idi. Bu itkinin yerindəki yanğını kimsə soyuda bilməzdi. Mən onu da yaxşı dərk edirdim ki, bu itkinin yerini heç vaxt, heç kim doldurmayacaq. Bəlkə də, ölüm buna görə dəhşətlidir ki, o öz gəlişi ilə heç bir ümid yeri qoymur. Ölüm bütün ümidlərin sonudur. Ölüm faktı baş verdisə, deməli, hər şey fiziki baxımdan bitir. Anamın itkisini də bütün bu reallıqları qəbul edərək yaşadım. Ancaq indinin özündə belə onun yoxluğu barədə çox düşünmək istəmirəm. Bu düşüncə çox yox, beş dəqiqə davam etsə, bunun fəsadları mənim üçün ağır olar.
Hekayə isə, mənə görə, hələ bir az gec yazıldı. Dərhal da yaza bilərdim. Amma özüm bir az üzərindən vaxt keçməsini gözlədim. Məqsədim sulu göz yaşından, sentimentallıqdan uzaq olmaq idi. Həm də bu fərdi ağrı, şəxsi məsələ olduğu üçün üzərindən çox zamanın keçməsini istəmədim.
- Kitabda hekayələr yaxşılarla başlayır və sonlara doğru zəifləməyə başlayır. Sanki yaxşıdan zəifə doğru düzmüsən. Üstəlik, ciddi redaktə xətaları var. Bu qədər gec çıxan və həm də artıq 40 yaşlarındakı bir nasir üçün, səncə, bu böyük qüsur deyilmi? Məsələn, “Saturasiya” hekayəsində anasının ölümünə görə Vatsapda qəhrəmana başsağlığı verilir və o da buna təəccüblənir. Halbuki o, heç bir yerdə anasının ölümünü bildirməyib. Sonra hansısa sayta girir və anasının ölüm xəbərinin verildiyini görür. Axı həmin hekayədəki qəhrəmanın yazıçı, ya jurnalist, ya da tanınmış bir adam olduğu haqda bir qeyd yoxdu. Və bu hissə hekayədə lazımsız detal kimi görünür.
- Ən güclü hekayələrimdən biri hesab olunan, IV “Nəsimi” "Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsində birinci yer qazanan “Eybəcər” adlı hekayəmi kitabın sonuna salmışam. Kitabı tərtib edərkən sən deyən məqamları da nəzərə aldım. Çünki indi oxucu əldə etmək bir az çətin məsələdir. Bu da mənim ilk kitabımdır. Çalışdım ki, onu əlinə ilk dəfə götürən oxucunu ardınca çəkib aparan hekayələr ilk səhifələrdə olsun. Redaktə prosesi bilirsən ki, heç zaman bitmir. Bu hekayələr bəzi saytlarda dərc olunub. Dərc olunma zamanı mütləq redaktorların təftişindən keçib. Misalçün, “Eybəcər” hekayəsini müsabiqəyə yollamazdan əvvəl yazıçı Fəxri Uğurlu ilə birgə hekayədəki qüsurları aradan qaldırmağa çalışmışıq. Yadıma gəlir Fəxri müəllim, bu hekayəni üç dəfə mənə geri qaytardı ki, yenidən üzərində işləyim. “Rektorun ölümü”, “Mənim üçün qızılgül”, “Saturasiya” hekayələri Kulisdə yayımlananda, Şərfi Ağayar müəyyən qədər onları redaktə edib. Və yaxud da, “Soyuducumun kölgəsi” hekayəsini də Sərdar oxuyub, düzəlişlər etmişdi. Amma bununla yanaşı kitaba hazırlıq mərhələsində, Vüqar Babazadə ilə hekayələri bir də oxuduq, Cavanşir Yusifli ilə məsləhətləşmələr etdik. Yəni məsələ sən deyən qədər də faciəvi deyil (gülür).
Amma ola bilsin ki, özümün yanaşmam bir az çəkingən olub. Bayaq dediyim kimi, bu hekayələr mənim üzərimdə çox ağır yük olub. İllərlə ürəyində gəzdirdiyin ağrıları yazıya çevirirsən, sonra isə ya vəlvələdən, ya da zəlzələdən onları kitab şəklində çap edə bilmirsən. Bu artıq müəllifdə ikiqat ağrıya çevrilir. Bu səbəbdən də mən kitabın tez çıxması üçün var gücümlə çalışdım. Hər hansısa vasvasılıq kitabın çapının növbəti dəfə bir, iki il gecikməsinə səbəb ola bilərdi. Ona görə də belə deyək də, çox dərinə getmədim. Ola bilsin ki, sən deyən xətaları da sevincəyə düşüb düzəldə bilməmişəm. Amma gələcəkdə redaktə məsələlərini mütləq ciddi şəkildə nəzərə alacam.
- “Soyuducumun kölgəsi” hekayəsində isə heç uyğun olmayan məqamda Zvyagintsevin filmlərinin analizi hissəsi var. Niyə? Səncə, bu artıq deyil? Dostumuz Seymur Baycan demiş, bu intellektual pafos deyil?
- Məhz elə “Soyuducumun kölgəsi” hekayəsini Seymur bəyənmişdi. Bu haqda mənə tam pafossuz bir neçə xoş cümləlik mesaj da yazmışdı. Sağ olsun. Bilirsən ki, hekayənin də, köşənin də öz yazı forması var. Əslində isə mən həmin hekayəni hekayə kimi yox, köşə kimi yazmışdım. O vaxtı evdən Kulislə müəyyən şərtlərlə əməkdaşlıq edirdim. Ayın sonu idi və mən növbəti həftənin materialını yollamalıydım. Onda “Soyuducumun kölgəsi”ni yazdım. Məni işə Aliyə saldı (gülür). Aliyə mətni oxuyandan sonra dedi, bu köşə yox, hekayədir. Sonra Sərdar oxudu, o, da bəyəndi, dedi yaxşı hekayədir. Mən də onlarla razılaşdım. Yəni həmin mətni hekayə kimi nəzərdə tutub yazsaydım, ora təbii ki, Zvyagintsevlə bağlı heç nə əlavə etməzdim. Çünki sən deyən intellektual pafosu mən də sevmirəm. Hekayə yazanda da, pafos hayında olmuram. Hekayənin süjeti, hadisələrin ardıcıllığı tam şəkildə ağlımda hazır olandan sonra masa arxasına əyləşib maksimum iki, üç saata yazıb bitirirəm. Pafos göstərməyə zaman və imkan olmur.
- Öz başına gələn, yaşadığın şeyləri yazırsan. Mən hekayələri oxuyanda belə bir fikrə gəldim: sanki sən Cəbrayılın işğalından sonra öz yaşadığın evin xatirəsini təzədən diriltmək üçün hekayə yazmağa girişmisən. Sanki o dağıntıların, o işğalın acığını çıxmaq üçün. Doğrudur?
- Cəbrayıl işğaldan azad olunandan sonra bizim evin videosunu çəkib mənə yollamışdılar. Onda mən həmin şəkli paylaşıb yazmışdım ki, xatirimdə diri olan o ev bu gün uçdu. Doğurdan da, mən həmin görüntüyə qədər elə bilirdim, dünyanın Cəbrayıl adlı bir şəhərində bizim evimiz hələ də olduğu kimi qalır. İndi fikirləşirəm ki, necə də saf olmuşam. Otuz ildə bir evin olduğu kimi qalmasını təsəvvür etmək sadəlövhlük imiş. Cəbrayıla gedib çıxana qədər uzun illər təsəvvürümdə o evin xatirələrini, orda keçən yaxşı günlərimizi canlandıraraq yaşadım. Yazılarımda da məhz həmin diri evdən bəhs etdim. Yazarkən mənim məqsədim ancaq və ancaq o xatirələrdən xilas olmaq, insanlara evin, yuvanın xoşbəxtliyindən bəhs etmək olub.
- Qaçqınlıq, Qarabağ mövzusunda Aqil Abbas, Seymur Baycan, Şərif Ağayar, Elçin Hüseynbəyli kimi imzalar yazıb. Qadın yazarlardan isə bircə Günel Mövlud. Sənin hekayələrində də fonda Qarabağ müharibəsi, qaçqınçılıq var. Necə düşünürsən, o hisləri verə bilmisənmi?
- Məncə, verə bilmişəm. Hətta zaman-zaman bu barədə tənqid də olunmuşam ki, nə qədər qaçqınçılıqdan, müharibədən yazmaq olar. Mən on üç yaşımda Cəbrayıldan çıxmışam. Anam sonralar lap elə son günlərinə qədər həmişə deyirdi ki, sizi quş dimdiyində gəzdirən kimi gəzdirmişik. Amma qaçqınçılığa qədər də axı çətin dövrlərimiz olub. Təxminən üç il 1991-ci ildən 93-cü ilə qədər biz güllənin, qıradın altında yaşamışıq. Bizim evimiz rayonun mərkəzində olduğundan həmişə atışma başlayan kimi ermənilər birinci rayonu atəşə tuturdu. Heç yadımdan çıxmaz bir dəfə yay vaxtı gilas ağacının başına çıxmışdım. Gilas dərib yeyirdim, mahı oxuyurdum. Atam hər dəfə mənə xəbərdarlıq edirdi ki, ağaca çıxmayım. Həmin vaxt da dərsdən gəlib gördü yenə ağac başındayam, dedi, səni ordan düşürməyəcəm, anan gələnə qədər qal orda. Beş dəqiqə keçməmişdi, atışma başladı. Başımı göyə qaldırıb baxanda gördüm səmada mavi, yaşıl işıqlar yanıb keçir. Elə maraqlı idi ki. Uşaq idim, həvəslə o yanıb sönən işıqlara baxırdım. Amma bu işıqların başım üzərindən keçməsindən bir neçə dəqiqə sonra hardasa möhkəm partlayış, gurultu səsi eşidirdim. Onda məni ağacın başından düşürtmək istəməyən atam məni qucağına alıb yerə qoyub, əlimdən tutub evin zirzəmisinə tərəf qaçırtdı. Həyatımda ilk dəfə müharibə, od-alovla məhz həmin gün qarşılaşmışdım. Sənə bütün bu əhvalatı niyə təfərrüatı ilə danışıram? Ona görə ki, hekayələrimdə, mətnlərimdə bu kimi əhvalatlar, xatirələr çoxdur. Mən istənilən mətnimdə, yazımda müharibə, Qarabağ, qaçqınçılıq mövzusundan yan keçə bilmirəm. İstədim, istəmədim, bu mövzular mütləq hardansa boy verib cücərir. Ona görə düşünürəm ki, Qarabağ mövzusu haqqında yazmağı bacaran müəlliflərdənəm.
- Ümumiyyətlə, sənin hekayələrin haqda belə bir təəssürat var ki, mövzuların geniş deyil, dardır. Demək olar, bütün hekayələrin eyni mövzudadır, hətta bəzən birini o birindən ayırd eləmək çətindir. Bu iradı qəbul edirsənmi? Nə vaxtsa başqa mövzulara müraciət edəcəksənmi?
- Ola bilər. Müəyyən mənada sən deyənlə razılaşmaq olar. Amma bu da bir mərhələdir. Mən bildiyim hadisələrdən, tanıdığım həyatdan, adamlardan yazmışam. Hekayələrimdəki hadisələr daha çox rayon, əyalət atmosferində baş verib. Başqa mövzulara keçid yazıçıdan fərqli güc, baza, dünyagörüş tələb edir. Bu haqda düşünürəm. Roman yazmağa hazırlaşıram. Mövzu yenə Qarabağ olsa da, amma mətnin təhkiyəsi, nəqli, strukturu fərqli olacaq.
- Samirə, özünü bəxtsiz, şansı gətirməyən yazıçı hesab edirsənmi? Çünki neçə illərdir mühitdəsən, ancaq sənin imzan o qədər də tanınmayıb. Qadın imzalar – tutaq ki, Aysel Əlizadə, Sahilə, Günel Mövlud, Nərmin Kamal qədər tanına bilməmisən. Bunun səbəbini nədə görürsən? Bəlkə, yazdıqlarında nələrdənsə ehtiyat etməyin, açıq-saçıq ola bilməməyin buna mane olub?
- Mən mətn yazmağa 2000-ci ildən başlamışam. Atam Aqil Abbasla dost idi. Məni “Ədalət” qəzetinə gətirdi ki, kompüterdə yazmağı öyrənim. Onda kompüter təzə-təzə çıxırdı. Elə orda “Ədalət” qəzetinin “Alatoran”, “Nəfəs”, “Pərvanə” adlı əlavələri çıxırdı. Rasim Qaraca, Həmid Herisçi, Azad Yaşar, Zahir Əzəmət, rəhmətlik Rafiq Tağı həftədə bir neçə dəfə qəzetə gəlirdilər. Onda ədəbiyyata olan marağım daha da gücləndi. Yadıma gəlir, Zahir Əzəmətdən müxtəlif xarici müəlliflərin kitablarını istəyirdim. Bir dəfə mənə Folknerin Azərbaycan dilinə çap olunmuş kitabını gətirdi. Elə orda “Emili üçün qızılgül” hekayəsini oxumuşdum.
Yəni dediyim odur ki, məsələlərdən hali idim. Amma elə oldu ki, 2003-cü ildə ailə qurdum, başım ailəyə qarışdı və bu düz on il davam etdi. Amma bu on ildə boş dayanmadım. İndiki mütaliə bazamı həmin on ilə borcluyam. Evimizin yanında bir kitabxana vardı, ordakı bütün kitabları oxuyub bitirmişdim. Oxuduqca yazı prosesi də yetişdi. İlk yazılarımı Zahir Əzəmətə, İradə Tuncaya, Rasim Qaracaya yolladım. Mətnlərim o zamanlar səliqəsiz idi. Hekayələrimi oxuyan yazıçılardan biri demişdi ki, dilin o qədər pintidir, istedadını aydın görməyə imkan vermir. Amma bu adlarını saydığım insanlar mətnlərimi çap edirdilər. Yadıma gəlir, İradə xanım işçilərinə demişdi ki, o qız nə vaxt yazı yollasa, saxlamayın, verin. Zahir Əzəmət ən özümə inamsız vaxtlarımda mənə ancaq oxumağı və yazmağı məsləhət görüb. Əşrəf təxəllüsünü Rasim Qaraca adımın yanına yaraşdırdı. Ona nə zaman mətnlər yollamışamsa, çap edib. Üç il "Ədəbiyyat qəzet"i ilə əməkdaşlıq etmişəm. Azər Turan və Elnarə Akimovanın məsləhəti ilə qəzetdə dərc olunan müsahibələrim Ədəbiyyat qəzeti yayınları seriyasından "Dördüncü divar" adlı kitabda çap olunub. Və müəllif kimi bu kitab mənə hədiyyə edilib. Mən bir az keçmişdən danışıram. Amma üzü bəri gələndə, Cavanşir Yusifliyə minnətdaram ki, mətnlərim haqqında yazılar yazdı, fikir bildirdi. Məni ədəbi mühitə yazıçı kimi təqdim etdi. Kitabın ön sözünün müəllifi və redaktoru oldu. Və nəhayət Vüsalə xanım Mahirqızına təşəkkür edirəm. Vüsalə xanım mənə Kulis.az saytında özümü ifadə edə bilmək üçün çox geniş imkanlar yaratdı. Özü də bunu indi yox, Kulis yaranan gündən etdi. Həm də tək mənə yox, digər həmkarlarıma da bu diqqət oldu. Bu insanların hamısına təşəkkür edirəm. Onların hamısına vəfa borcum var.
Ədəbiyyata həmişə izaholunmaz bir sevgi ilə yanaşdım. İstəsəydim, on il bundan əvvəl pis, yaxşı kitablarım da çıxardı, təqdimatlarım da olardı. Amma bu mənim istədiyim olmayacaqdı, görüntü olacaqdı. Ola bilər bir az da jurnalistika mənim yazıçı kimi tanınmağıma mane oldu. Amma mən kino, teatr, jurnalistikanın özünə də ədəbiyyat axtardım. Görüşdüyüm hər bir müsahibə ədəbiyyat nöqteyi-nəzərdən yanaşmışam ki, ondan ədəbiyyat haqqında nəsə əldə edim. Misalçün, bir Xalq artisti ilə görüşəndə, mənə onun aktyorluğundan da çox daxili həyatı maraqlı gəlib ki, görəsən, o, Hamleti necə yarada bilib, hansı hissləri keçirib, nələrdən çıxıb.
Yəni lovğalıq kimi çıxmasın, özümü adlarını çəkdiyin həmkarların heç birindən zəif hesab etmirəm. Hətta bədii cəhətdən müəyyən məqamlarda onlardan güclüyəm. Ortada mətn olandan sonra bunları deməyim, bəlkə də, artıqdır. Amma yenə də bayaq dediyim kimi tale, qismət, bir az da öz istəyim asta-asta tanınmağıma səbəb olub.
- Yadıma gəlir, bir dəfə sənin yazın gedəndə, “Samirə Əşrəf yazır” kimi başlıq qoymağa etiraz etdin. Dedin, onsuz da, mənim düşmənlərim çoxdur, adımı görüb yazını oxumayacaqlar. Hərdən bir zarafata salıb deyirsən ki, qadın həmkarlarından sənə düşmən olanlar da var. Bu nifrətin səbəbi nədir bəs?
- Hə, bir neçə dəfə olub belə hal (gülür). Təbii ki, zarafatdır. Amma qadın həmkarlarımla o qədər də yola getmirəm. Bəylərlə ünsiyyət, söhbət daha maraqlıdır. Ətrafımda o qədər çox dostum yoxdu. Amma yaxşı dostlarım da az deyil. Kinotənqidçi Sevda Sultanova ilə on ildən çoxdur dostluq edirik. Aramızda inciklik olduğu yadıma gəlmir. Və yaxud da Səidə Haqverdiyeva ilə də illərin dostuyuq, bir dəfə də umu-küsümüz olmayıb. Mən dostluq, yoldaşlıq barəsində seçici və vasvasıyam. Loru dildə desək, hər adamla başım tutmur, tünlük, çoxluq olan yerləri, mürəbbəli çay, pirojna məclislərini sevmirəm. Və dostlarımı da özüm seçirəm. Bir şeyi də etiraf edim ki, ünsiyyətdə olduğum insandan nə isə öyrənməsəm, o adam mənim üçün öz əhəmiyyətini, marağını itirir. Ətrafımda mütləq öyrənə biləcəyim insanların olmasını xoşlayıram. Mənə nifrətə qaldıqda isə, inanmıram belə bir hal olsun. Amma sevməyənlər var. Bu da ondan irəli gəlir ki, mən ikiüzlü adam deyiləm. Yeri gəldi-gəlmədi güzəştə getməyi sevmirəm. Və ən əsası məni məğlub etmək, sındırmaq az qala mümkünsüzdür. Bu xüsusiyyət isə heç kimin xoşuna gəlmir. Bugünkü cəmiyyət, sınan, yaltaqlanan, əyilən insanları sevir. Mən belə deyiləm. Buna görə kimsə mənə nifrət edirsə, etsin.
- Ümumiyyətlə, digər qadın yazarlardan fərqli olaraq sən qadınlığını həddindən artıq qabartmamısan. Hətta qadınların əleyhinə yazılar da yazmısan. Niyə? Səncə, feministlər səhvmi edirlər? Mübarizə aparmaq, kişilərin dominantlığını yox eləmək doğru deyilmi?
- Kişilərin dominantlığını yox etmək absurddur. Ona görə ki, yaradılış etibarı ilə onlar həmişə bizdən güclü olacaqlar. Bu təkcə fiziki baxımdan deyil. Düşüncə etibarı ilə də belədir. Kişilərdəki düşüncə tərzi ibtidai icma dövründən üzü bu tərəfə inkişaf etməyib. Əgər inkişaf etsəydi, biz qadınların halı o qədər də yaxşı olmayacaqdı (gülür). Yəni onlar hələ də eyni düşüncə ilə hərəkət edirlər. Ov ovlamaq, ocaq qurmaq, nəsil artırmaq və s. Kişilər daim sol yarım beyin yarımkürəsi ilə düşünürlər. Onlar üçün sağ beyin yarımkürəsinə keçmək əziyyətlidir. Nadir istisnalar var, bu isə yaradıcı kişilərlə bağlı məsələdir. Sol yarımkürəsi ilə düşündükləri üçün bir qadın saçını kəsdirəndə, yeni paltar alanda, kişidən hansı dəyişikliyin olub-olmadığını soruşanda, kişilər cavab verməkdə çətinlik çəkir. Çünki sağ yarımkürəyə keçid ləng baş verir. Qadın isə çox yaradıcıdır. O, daim sağ beyin yarımkürəsi, yeri gələndə isə hər ikisini eyni anda işlədə bilir. O, kişidən fərqli olaraq bir hadisəyə yüz cürə yanaşma göstərə, münasibət bildirə bilər. Yəni qadın dünyası çox mürəkkəbdir. Qadın daha yaradıcıdır. Qadınların xoşbəxt olduğu cəmiyyətlər daha yaxşı inkişaf edir. Amma gec inkişafla yanaşı kişi dünyası da maraqlıdır. Kişilər heç zaman ciddi mübahisələrə getmirlər, deyinmirlər, mağazada saatlarla vaxt keçirmirlər. Onlar qadınlar kimi emosional, isterikaya, qara-qışqırığa meylli deyillər. Onlar məntiqlə, dəqiq və yerində hərəkət edirlər. Qadınların xasiyyəti isə dözülməzdir. Kişilərin qüvvəsi qadın üçün həmişə lazımdır. Hansı qadın deyirsə ki, kişi qüvvəsinə ehtiyacı yoxdur, bu ağ yalandır. Xüsusilə, milli feministləri bu məsələlərə qatmayaq. Gözümüzün qarşısında kişiyə nifrət edən, kişilərə ölüm deyib bağıran nə qədər feminist belinə qırmızı lent bağlayıb ərə getdi. Yəni dünya nə qədər vardırsa, qadının kişiyə, kişinin də qadına hər zaman ehtiyacı var. Dominantlıq isə hər zaman kişinin tərəfində olacaq. Düşünürəm ki, bu belə də olmalıdır. Mən qadın olsam belə, çox vaxt kişinin yanındayam. Qadının yanında o zaman oluram ki, görürəm, bir hamilə qadın avtobusa minir və ona yer verən yoxdur. O zaman qadın hisslərim baş qaldırır. Çünki mən həmin qadının nələr yaşadığını, fiziki və mənəvi baxımdan yaxşı hiss edirəm. Amma hərdən kişilərə çox acıyıram. Təsəvvür edin ki, bəzən çox adi situasiyalarda kişilər girinc qalır. Dünyanı ayağının altına alan bir kişi, sərkərdə, rəhbər qayğanaq bişirməkdə, köynək ütüləməkdə, hətta şkafdan paltarını tapıb geyinməkdə çətinlik çəkə bilir. Bunun harası yaxşıdır? Lap bütün bu saydıqlarımı bacarsalar belə, kişilər qadınlar qədər fəndgir deyillər. Onlar daha safdırlar. Çətin situasiyalarda qadın fəndgirliyi, məsləhəti olmasa, kişilərin işi çətin olar. Kişilər bu mənada hər zaman qadınlara möhtacdırlar. Qadına möhtac olmağı isə heç bir kişiyə arzulamıram (gülür).
- Qadınlar həm də məişət problemlərinin içində itib-batırlar. Dünyada da, görürsən ki, az sayda sənətlə məşğul olan qadın var. Bir qadın kimi yazıçı olmağın çətinliyi nələrdir?
- Mənim yeganə problemim məişət və təklik ehtiyacıdır. Təkliyi çox sevirəm. Bir dəfə eşitdim ki, məndən zəhləsi gedən tanışlardan biri adımı telefonuna ingilis dilində Bayquş kimi qeyd edib. Xeyli güldüm. Çünki o adam mənim təkliyə, bayquşluğa olan tələbatımdan xəbərsiz idi. Yəqin, acığa düşüb adımı belə qeyd etmişdi. Amma mənə xoş idi. Saatlarla, günlərlə tək qala bilərəm. Ancaq həyatımız artıq elə qurulub ki, bizim bir sıra məsuliyyətlərimiz var. Və onları yerinə yetirməyə borcluyuq. Məişət isə mənim nəinki yaradıcılığımın, hətta ömrümün qənimidir. İşdən evə yorğun gedib dincəlib nə isə yazmaq, hətta oxumaq belə az qala mümkünsüz hala çevrilib. Evdə olanda, mütləq məişət məni cənginə alır. Mütləq yemək bişirməli, paltar sərməli, ev yığışdırmalı, qab-qaşıq yumalı oluram. Ancaq bunun da müəyyən mənada üstünlükləri var. Mətbəx işlərinin içərisində yeganə sevdiyim iş mürəbbə bişirməkdir. Mürəbbə bişirəndən sonra onu bankalara yığanda əsəblərim sakitləşir, stress atıram. Dərinə gedəndə, mətbəx işlərini bilməyin də öz üstünlükləri var. Mən 8, 9 yaşımdan mətbəxlə ünsiyyətdə olmuşam. İndi hər cür xörəyi bişirə, gözəl süfrə bəzəyə bilirəm. Hətta bilmədiyim xörəkləri də internetdən tapıb qısa zamanda hazırlayıram. Bir də heç nə bişirə bilməyən, acanda, mətbəxin ortasında naəlac qalan qadın düşün. Biabırçılıqdır. Amma yenə də deyirəm, mətbəx mənim yazıçı kimliyindən oğurlayır. Mətbəxdə olanda, bir fikrim olur: bu xörəyi tez bişirib, yarımçıq qoyduğum kitabı qaldığım yerdən davam edim.
- Samirə, Cəbrayıla qayıtmaq, hekayələrindəki o dağıdılmış evi təzədən qurmaq, orda yaşamaq, yazdığın hekayənin içində yaşamaq istəyirsənmi?
- Cəbrayıla üç dəfə getdim. Sonuncu dəfə gedəndə, on, on beş dəqiqə həyətimizdə, məhəlləmizdə tək qala bildim. Sənə tam səmimi deyirəm, həmin məqamda keçirdiyim iztirabı heç kimə arzulamaram (kövrəlir). Təsəvvür elə ki, bütöv bir şəhər, məhəllə, böyük küçələr illərlə bomboş, kimsəsiz qalıb. O torpağın, küçələrin, evlərin yiyələri çadır şəhərciklərində, yataqxanalarda istidən qovrulub can verəndə, soyuqdan tir-tir titrəyəndə, işğal altında olan o şəhərlər də kimsəsizliyə, yiyəsizliyə məhkum olub. Mən Cəbrayılda olanda adamsızlıqdan yabanılaşan təbiətə acıdım. Təbiət insan əli dəyəndə daha gözəl, daha canlı olurmuş. Bir də ən dəhşətlisi bilirsən nədir? Bir vaxtlar, ata anamla çıxdığım evə indi tək qayıtmışdım. Yanımda heç kim yox idi. Bir dəfə yuxuda görmüşdüm ki, evimizə yeraltı tunellə gizlincə gedib çıxıram. Evə çatanda, görürəm təkəm, təngənəfəs halda anamı, atamı axtarıram. Bax, həmin yuxum çin oldu. Mən həyətimizdə canlı heç nə tapmadım ki, ona söykənib ağlaya bilim. Axırda evin divarlarından çıxan iri bir daşa əlimi toxundurub sakitcə dayandım. Sən inanırsan ki, həmin vaxt məni o daşın enerjisi, istiliyi sakitləşdirdi. İlk dəfə onda anladım ki, mən uzun müddətdir ki, təbiəti də hiss edə bilməmişəm. Həmin hissiyyat mənə o xarabalıqların arasında qayıtdı. Sonra çıxdım məhəlləyə, bütün məhəllə boyu gəzindim, qonşularımızın qapısına, həyətinə boylandım, əmimgilin həyətinə getdim. Get-gedə torpağa çökən evlərə baxdım. Öz-özümə dedim, ilahi, hanı bu evlərin adamları, hardadırlar görəsən? Xarabalıq və dağıntının miqyası o qədər böyük idi ki, orada nə zamansa insanların var olduğunu, yaşadını təsəvvür edə bilmirdim. Elə bil ki, oralara min illərdir insan ayağı dəyməyib. Ancaq heç nəyə baxmayaraq iyirmi səkkiz ildən sonra ora qayıtmaq mənim üçün böyük xoşbəxtlik idi. Qələbədən əvvəl çox fikir edirdim, elə bilirdim ki, bir də heç vaxt o yerləri görməyəcəm. Amma şükür ki, getdim gördüm, xeyli, təsəvvür edə bilməyəcəyin qədər yüngülləşdim.
Sənin dediyin o evi isə yenidən qurmaq da olar, lap gedib orda yaşamaq da. Ancaq həmin adamları, qonşuları, insanları hardan tapaq? Axı bizi orda biz edən həm də orda bizimlə eyni bölgədə yaşayan qohumlarımız, qonşularımız, dostlarımız idi. İndi o insanlar yoxdur. Ölən ölüb, qalanlar da yaşlanıb. Lap elə həmin adamlar da sağdılar, yaşayırlar, gedib hamımız orda yaşayırıq. Bəs zaman? Otuz il bundan əvvəlki zamanı necə edək, hardan tapaq? Axı biz təkcə uşaqlığımızı, keçmişimizi, sevdiyimiz insanları yox, həm də zamanı itirmişik. Axı o illər, zaman bir də heç vaxt geri qayıtmayacaq. Bax, məsələnin ən dəhşətli, ən ağır tərəfi budur.