Qarda - Arçil Sulakaurinin məşhur hekayəsi

Arçil Sulakauri

Arçil Sulakauri

9 yanvar 2023
# 17:00

Kulis.az Nəriman Əbdülrəhmanlının tərcüməsində Arçil Sulakaurinin "Qarda" hekayəsini təqdim edir.

Arçil Sulakauri (1927-1997) – nasir və şairdir. İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Yaradıcılığa 40-cı illərin ortalarında başlayıb, ilk poetik təcrübələrini, “Mənim küçəmdə bayram” (1956), “Laşa” (1960) kitablarını nəşr etdirib. Sonralar isə nəsrlə daha ciddi məşğul olmağa başlayıb, novellaları işıq üzü görüb, “Dalğalar sahilə can atır” (1960), “Çaytutar göyərçinləri” (1963), “Avelin qayıdışı” (1964) nəsr toplularını oxuculara təqdim edib. Qızıl balıq” (1966) romanı böyük uğur qazanıb. 1971-ci ildə isə “Salamuranın nacəraları” uşaq nağıllarına görə, Ş.Rustaveli adına Dövlət mükafatına layiq görülüb.

A.Sulakauri həm də ssenariçi kimi bir çox ekran əsərlərinin yaradılmasında iştirak edib. O, “Eyni səma altında” (1960), “Dağların qanunu” (1961), “Həyəcan” (1964), “Qoca dəyirmançılar” (1970), “Anemiya” (1987) və s. filmlərin ssenari müəllifidir. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub.

Qarda

Bayırda qar yağır...

Pəncərədən qar lopacıqlarının yerə endiklərini, ağacların, damların, küçələrin, adamların ağ çəngələrlə örtüldüklərini görürəm. Qar bir qədər əvvəl başlayıb. Elə bil, bayırda hava çatışmır. Sanki bu iri, qarlı, kəpənək qanadı boyda yumaqlarla havanı doldurublar; yumaqlar elə hey səmada fırlanır, ətrafdakı hər şeyi bürüyürlər.

- Bax, - o biri otaqdan arvadımın səsini eşidirəm, - qar yağır.

Səsindən hiss eləyirəm ki, qarın yağmasına sevinir, deyirəm:

- Hə, bilirəm.

- Çoxdan belə qar görməmişəm.

- Mən də çoxdan görməmişəm...

Tüklücəyə oxşayan qar dənələri pəncərə şüşəsinə qonur, dərhal da əriyir. Şüşələr bayır tərəfdən islaqdı, ərimiş qar dənələrindən cızıq-cızıq olublar.

Küçədən keçənlər səkilərdəki qarı tapdalayırlar. Təzə qarın onların ayaqları altında xırçıldadığını eşitmir, amma açıq-aşkar hiss eləyirəm. Qalın geyinmiş, qırmızıyanaq uşaqlar əllərində xizək həyətlərdən küçəyə qaçışır, qar burulğanı içində yox olurlar.

- Uşaqları gördün? – Arvadım soruşur.

- Gördüm, - deyirəm.

Otaq istidi. Pəncərənin qabağındakı yazı masasına dirsəklənib oturmuşam. Sobada nəsə tutqun, sirli halda uğuldayır. Bayırda qar yağanda içərinin isti olması çox gözəldi; indi belə fikirləşirəm ki, isti hər şeydən dəyərlidi.

Qarsa yağır...

Küçə rəsmi xatırlatmağa başlayır, saysız-hesabsız qar dənəciklərinin havada fırlanması isə o rəsmə sirli görkəm verir... Hər halda, mənə elə gəlir.
Çiynimlə əvvəlcə əllərin, sonra hərarətli bədənin təmasını duyuram.

- Uşaqlarımız da qarda, bax, beləcə qaçışacaqlar, - arvadım dillənir.

- Əlbəttə, - deyirəm, - əlbəttə, onlar da beləcə qaçışacaqlar.

Arvadımın barmaqları saçıma batır. Hiss eləyirəm ki, mənə nəsə demək istəyir. Onun gülümsədiyini, gözləri yarıyumulu halda aşağı, küçəyə baxdığını duyuram.

- Qəribədi, - arvadım dillənir, - bayaq ilk görüşümüzü xatırladım. Yerdə bu cür qar yox idi, amma qış çağıydı... – o, xüsusi ifadəylə təkrar eləyir. –

Yadımdadı, Besiki küçəsilə aşağı enirdim. Yer sürüşkən idi, yıxılmaqdan qorxurdum. Sonra aşağıda uşaqları gördüm, tində dayanıb qızlara qartopu atırdılar, eynilə bax, onlar kimi.

Düz deyirdi, küçəmizin tinində nadinc uşaqlar yığışmışdılar, səs-küy salır, cəld qartopu düzəldib səkinin o biri tərəfinə atırdılar. Kimi vurmağa çalışdıqlarını görmürdüm, amma qışqırtılarını, gülüşlərini eşidir, qorxmuş, bununla belə baş verənlərdən ləzzət alan qızların bədənlərinin çevik hərəkətiylə qartopulardan yayına-yayına pəncərəmizin altından keçdiklərini təsəvvür eləyirdim.

- Qartopudan çəkinmirdim, - arvadım deyir, - mənə qartopu atanda yıxılmaqdan, sürüşüb hamının gözləri qarşısında yerə aşmaqdan daha çox qorxurdum. Elə həmin məqamda da sənin keçib getdiyini görür, məni ötürməyini xahiş eləyirdim. Əlbəttə, tanımadığın adamdan xahiş eləmək o qədər də asan məsələ deyildi... Amma sən kifayət qədər nəzakətli çıxdın... Çox xeyirxah idin...

Qulaq asa-asa bayıra baxıram. Hələ də yağır. Alçaq kirəmit damlar tamam qarla örtülüb. Hisli bacadan bozumtul tüstü burula-burula çıxır, yuxarı qalxır, dağılıb qar dənəcikləri arasında yox olur.

- Sonra məni Rustaveli prospektinəcən ötürdün, - arvadım xatırlayır, - orda da çox nəzakətlə vidalaşdıq... Həmin vaxt heç ağlıma gələrdimi...

...Nədənsə yadıma Bakuriani düşür... Bunun haçan baş verdiyini indi dəqiq xatırlamıram, deyəsən, iki, yaxud üç il əvvəl olmuşdu. Bəlkə də o vaxtdan dörd il keçib...

Bakurianidə, içində təpə olan parkda mənim kimi tələbə olan qazlı-oğlanlı dəstəyə rast gəldim. Hamısını əvvəldən az-çox tanıyırdım. Elə onlar da xizəklə Libaniyəcən getmək fikrinə düşdülər. Mən də cavanlara qoşuldum, birgə təpədən endik. Tələsirdik. Libanidə qatara çatmalıydıq ki, elə həmin axşam da geri qayıdaq.

Hətta heç birimiz əməlli-başlı xizək sürə bilmirdik. Amma tapdalanmamış qarın üzəriylə dəmiryol xətti kimi uzanan xizəklərimizi buraxdıq. Xizəklər sərbəstəcə sürüşüb gedirdilər, onları idarə eləmək üçün bizdən böyük ustalıq və bacarıq tələb olunmurdu.
Qazlar kimi bir cərgəyə düzülüb qar basmış şam meşəsiylə irəliləyirdik. Səma aydın idi, Günəş hərarət saçırdı. Qar Günəş şüaları altında gözlərimizi qamaşdırırdı. Qalın qar basmış şam ağacları qabağımıza qaçır, sonra geridə yoxa çıxırdılar.

Arabir dayanıb meşənin sükutunu dinləyirdik. Yaxınlıqda ağacdələn əzəmətli qar dincliyini poza-poza ağacların gövdəsini döyəcləyirdi. Alışıb yanan yanaqlarımızı qarla sürtür, sifətimizi təzədən qızdırmaq üçün Günəşə sarı çevirirdik. Sonra yenə ağacların gövdələri və əyri budaqları arasından keçib gedirdik.

Günəş meşənin arxasında qüruba enirdi. Bənövşəyi kölgələr qarın üzəriylə sürüşüb gedir, get-gedə böyüyür, elə hey uzaqlaşır, bir-birinə qarışırdı.
Qəfildən parovoz fiti eşitdik. Fit lap yaxından gəldi. İstər-istəməz hamımız ayaq saxladıq, bir-birimizə baxa-baxa diqqət kəsildik. İndi parovozun fiti lap yaxından gəlirdi. Hətta uşaqlardan bəziləri dedilər ki, təkər taqqıltısı eşidirlər. Mən taqqıltı eşitməmişdim, ona görə də səsimi çıxarmırdım. Xizəklə ilk dəfəydi ki, bu qədər uzağa getmişdim, bu səbəbdən də qəlbimi qəfil qorxu bürüdü. Qatara geciksəydik, Alla bilir, harda gecələyəcəkdik.

Libaniyə getmək fikrindən imtina elədik. Sakoçaviyə sarı üz tutduq. Fikirləşirdik ki, heç olmasa, qatara orda çata bilərik.

Cəmi altı nəfər idik. Mən cərgədən geri qalmadan beşinci gedirdim. Parovozun hər fiti qəlbimi parçalayırdı; fit gah uzaqdan, gah da lap yaxından, gah Bakuriani, gah Libani tərəfdən eşidilirdi. Qorxmuş, çaşqın halda irəliləyirdim.

Axşam toranlığı arxamızca şığıyır, bizi tədricən bürüyürdü. Toranlıq da bizim kimi, meşədən keçib gedirdi. Şəffaf halda ağaclar arasındakı boşluğu nəzərə çarpmadan doldurur, rəhmsizcəsinə bizə hücum eləyirdi; onun sürəti bizim sürətimizi üstələyirdi.

Məni arxadan səslədilər. Geri çevrilib dayandım: sən demə, altıncı nəfər yıxılıbmış, əliylə məni çağırırdı. Altıncı adamın kim olduğu yadımda deyildi, qaranlıqda yalnız yerə sərilmiş tutqun, qalxmaq üçün çabalayan ləkə görürdüm. Səsindən başa düşdüm ki, qızlardan biridi; amma bunun heç bir əhəmiyyəti yox idi, onsuz da köməyə getməyə borcluydum.

Çətinliklə geri döndüm, xizəklərim kənara sürüşdü. Az qaldım yıxılam. Sonra özümü tarazlayıb cəld yıxılmış adama yaxınlaşdım. Altıncı adam universitetin tələbəsi Lela imiş, onunla az-çox tanış idik. Həmişə dostcasına salamlaşırdıq, elə hey onunla yaxından tanış olmaq istəyir, amma bu qaraşın, arğaz qızda məni cəlb eləyənin nə olduğunu başa düşə bilmirdim.

- Elə bilirdim irəlidəsən, necə olub ki, geri qalıbsan? – Mən təəccübləndim.

Lela yöndəmsiz halda qarın üstündə uzanmışdı. Qıçları, xizəkləri bir-birinə dolaşmışdı. Qız əlini qara dayaq verib qalxmağa çalışır, bacarmırdı, qolu çiyninəcən qara batmışdı.

Lela gülümsündü, amma təbəssümündə əzab sezdim. Onu güclə ayağa qaldırdım. Əlcəyimlə xizəkçi geyiminə yapışmış qarı təmizlədim. Qızı xizəklərin üzərində dikəldib irəli buraxdım. Amma Lela bircə addım atıb dərhal aşağı çökdü, topuğundan yapışdı, sifəti əzabdan büzüşdü.
Botinini xizəkdən açmadan soyundurdum, corabını da çıxardım. Əvvəlcə qıçını bərk dartdım, sonra ovuşdurmağa başladım. Yazıq qız ağrıdan qışqırır, qıçını əlimdən çıxarmağa çalışırdı. Lelanın corabını, botinini təzədən geyindirib qaytanını bağladım...
Ehtiyatla enişə sarı getdik. Bir müddət dinməzcə hərəkət eləyirdik. Əvvəlcə fikirləşdim ki, irəli gedənləri haqlayarıq, amma çoxlu xizək izlərinin bir-birinə qarışdığı yolayrıcına çatanda həyəcanlanıb nəzərlərimi Lelaya dikdim. Bundan sonra hara gedəcəyimizi bilmirdim. Lela isə sakitcə dayanıb maraqla ətrafa göz gəzdirirdi. O, mənə ümid bəsləyirdi. Yəqin düşünürdü ki, bu yolları da Tbilisi küçələri kimi tanıyıram...

...- Sonra küçədə rastlaşdıq, - arvadım fikirlərimin düzənini pozur, - təsadüfən rastlaşıb salamlaşdıq.

Ardınca da onu küçədə saxlayıb söhbətə girişdiyim barədə danışmağa başlayır. Arvadımın məxməri, bir qədər qüssəli səsini eşidirəm. Özü heç də qüssəli deyil, ancaq səsi bu cürdü, mən də onun danışığını - xüsusilə nəyisə xatırlayanda – çox sevirəm...

...Amma indi bayırda qar yağır, pəncərədən o səpələnən qara baxıram. Yenidən Bakurianiyə, Lela ilə dayandığımız yolayrıcına qayıdıram. Onda hansı yolla getdyimizi indi xatırlamıram, ancaq bu yadımdadı ki, tezlikilə bəndə çatdıq. Lela orda yıxıldı, etiraf elədi ki, qıçı bərk ağrıyır, yeriyə bilmir. Ətrafa göz gəzdirdim: yoldaşlarımız görünmürdülər, deyəsən, başqa yolla getmişdilər.

Aşağıda parovoz fiti eşidildi.

- Məncə, çatarıq, - Lelaya dedim, - güman ki, stansiya yaxınlıqdadı.

Lelanın xizəyini açdım, öz xizəyimi də çıxarıb hər ikisini çiynimə atdım, dəmiryol xətti boyunca addımladıq. Lela axsaya-axsaya arxamca gəlirdi. Mən onu tələsdirirdim. Stansiyada qatara çatmaq istəyirdim.

Lela xahiş elədi: “Yavaş get”, - amma gecənin bizi yolda haqlayacağından qorxa-qorxa, az qala, qaçırdım. Çiynimdəki xizəklərin metal tutqacları arabir çənəmə və yanağıma toxunur, elə bil, sifətimə qızdırılmış şiş dəyirdi.

- Dayan, - Lela arxadan qışqırırdı, - artıq yeriyə bilmirəm.

Mənsə, daha gözləyə bilməzdim; qəzəblə Lelaya qışqırırdm, o da ayaqları dolaşa-dolaşa itaətlə arxamca gəlirdi.

Az sonra arxadan yenə səs eşidilirdi:

- Dayan, bir az dincələk.

- Lap az qalıb, parovozun səsini eşitmirsən?

- Sən nə cür adamsan!

- Gördüyün kimiyəm. Tərpən görək!

- İstəyirsən, sən get, mən daha getmirəm.

- Nədi, burda qalmaq istəyirsən?

- Hə, burda qalmaq istəyirəm!

- Tərpən görək!

- Getməyəcəyəm, getməyəcəyəm!.. Bax, relsin üstündə oturub tərpənməyəcəyəm!.. Yeriyə bilmirəm, başa düşürsən, ya yox?
Bununla belə, Lela yenə də arxamca gəlirdi. Yıxılır, qalxır, addımlayırdı. Mən irəli, gecənin qoynuna doğru gedirdim. Relslər parıldayır, düşünüb-daşınmadan həmin soyuq parıltı boyu addımlayırdım. Arabir dayanıb geri qalmış Lelanı gözləyir, bəzən ona acıqlanır, bəzən ürək-dirək verirdim. Özümü mətanətli, iradəli hesab eləyir, qətiyyətimlə arxada axsaya-axsaya, mızıldaya-mızıldaya gələn adama təsir göstərməyə çalışırdım.

Lela ağlayır, etirazını bildirirdi. Onun ağlaması məni lap hövsələdən çıxardı, əsəblərimi əməlli-başlı korladı. Onun üstünə bir də qışqırdım, təkcə qışqırmadım, qətiyyətlə əmr elədim ki, ağlamağa son qoysun. Lela ağlamağa ara verib susdu.

O, yeriyir, yıxılır, qalxıb yenə irəli addımlayırdı...

...Arvadım nəsə deyir. Eşitmirəm, təkrarlamasını xahiş eləyirəm, o da dillənir:

- Bilirsən, mənə elə gəlir, qar başqaları üçün yağır...

Heyrətlə onun üzünə baxıram.

- Qəribədi, elə deyil? – Arvadım dillənir.

Gülümsünüb başımla razılaşdığımı bildirirəm:

- Hə... Mənə içməyə bir şey gətir.

Arvadım qədəhə şərab süzüb mənə verir.

- Özün istəmirsən?

- Yox.

- Azca, bircə qurtum iç...

- Yox, mənə olmaz...

- Hə, düzdü, sənə olmaz.

Kəhrəba rəngli, qoxulu mayeni yavaş-yavaş sümürür, siqaret yandırıram.

...Nəhayət, stansiya göründü, arxayın nəfəs aldım, sinəmdən sevinc dolu qışqırtı çıxdı:

- Bu da stansiya!

Qatar perronda dayanmışdı, parovoz fısıldayır, borusundan qığılcım və tüstü çıxırdı.

Dinməzcə stansiya binasına şığıdım. Ora istiydi, soba astadan uğuldayırdı. Qızışıb tərləmişdim, bununla belə, isti ləzzət verirdi. Hətta zövqdən büzüşdüm. Bakurianiyə iki bilet alıb bir göz qırpımında yorulub əldən düşmüş Lelanın gözlədiyi vaqonun yanına cumdum.

Vaqonlardan birində yoldaşlarımızı tapıb kupelərində yerləşdik. Bizi yarıyolda atıb getdiklərinə görə, onlara tənə vurdum, ancaq cavabında yalnız kinayəylə gülümsədilər. Onda niyə belə şübhəylə gülümsədiklərinin, qara batmış Lelaya əyri-əyri baxdıqlarının səbəbini başa düşmədim. Dəstəmizdəki ikinci qız – indi onun adını xatırlamıram, - elə bil, nədənsə inciyib kənarda əyləşmişdi, hətta Lelaya sarı belə baxmırdı. Mənsə, hər halda, qatara çatdığımıza, hər şeyin yaxşı qurtardığına sevinirdim.

Kiçik vaqon ağzınacan xizəkçilərlə doluydu. Dərhal birib-tükənməyən söhbət başladı, hər kəs öz təəssürarını hamıdan əvvəl danışmağa can atırdı.

Vaqonun o başında bir dəstə gənc mahnı oxuyurdu. Parovoz fit verdi, fısıldaya-fısıldaya Bakuriani səmtindəki yoxuşa doğru getdi. Lelaya sarı əyilib çoxmənalı tərzdə dilləndim:

- Bəyəm, belə daha yaxşı deyil?

Lela dinməzcə pəncərəyə baxdı. Zəif işıqlandırılmış, qar basmış perron, stansiyanın kiçik binası, ulduzlu səmada tüstüləyən boru geridə qalırdı.
Lelanın şalvarındakı, qara rəngli yun köynəyindəki qar əriyir, islaq ləkələr açıq-aydın görünürdü. Görünür, üşümüşdü. Küncə qısılıb gözlərini yumdu.

Kirpiklərinin kölgəsi ağarıb soğulmuş sifətinə düşürdü. Pırtlaşmış saçlarındakı qar da əriyir, xırda damcılarda işıq şüaları oynaşırdı.

Parovoz fit verə-verə yoxuşu qalxırdı. Bəzən vaqonları dartmaq ondan ötrü çətin, o qədər ağır olurdu ki, hətta, elə bil, nəfəsini dərmək üçün dayanırdı.

Sonra gücünü toplayıb qarlı meşəyə nəsə qışqırır, bizi əməlli-başlı silkələyir, yenə yola düzəlirdi.

“Bəyəm, belə daha yaxşı deyil? – Sanki tanış mahnını oxuya-oxuya öz-özümə deyirdim. – Bəs, niyə belə daha yaxşı olmalıdı?” Tələsməsəydim, bu qatar bizsiz getsəydi, nə olardı? Elə Lelanın qoluna girib burxulan ayağına əziyyət verməmək üçün yavaş-yavaş gətirsəydim, onsuz da stansiyaya gəlib çıxardıq. Ən azı, stansiyada gecələyə bilərdik, axı orda sobanı qalayırlar, isti olur...

Hiss eləyirdim ki, Lelanın ayağı ağrıyır, ağrıya güclə tab gətirir; gözlərini açmağa bənddi, göz yaşlarını saxlaya bilməyib ağlayacağnı da duyurdum. Ona görə də özünü yatmış kimi göstərirdi. Yuxu kəskin ağrını ovudan nemətdi.

Daha vaqonda otura bilməyib tambura çıxdım. Orda üşüdüm, çıxdığıma peşman oldum. Vaqona qayıtmaq istəyir, amma Leladan utanırdım... Gecədən bu cür qorxaqcasına qaçmışdım.

Parovoz qarla örtülmüş Bakuriani meşəsinə nəsə qışqırır, mən tamburda dayanıb gecənin zülmətinə baxırdım. Qəfildən mənə elə gəldi ki, kimsə qatarın arxasınca qaçır. Sanki kiminsə tərpənən kölgəsini görürdüm, həmin kölgə axsaya-axsaya qatarın arxasınca qaçırdı. Özümü pis hiss eləyib vaqona qayıtdım.

Vaqonda uşaqlar hələ də mahnı oxuyurdular. İndi onların mahnısı daha aydın eşidilirdi: söz-söhbət kəsilmişdi, hamı mürgüləyirdi.

...- Sən nəzakətli və cəsarətliydin... Qartopu atan uşaqlardan çəkinmədin... – O biri otaqdan arvadımın səsini eçidirəm.

Ev istidi, soba yanır. Alnımı pəncərə şüşəsinə söykəyib bayıra baxır, akvariumdakı balığa oxşayıram. Yağan qara göz qoyur, öz-özümə deyirəm: “Budu, əsl qış gəldi!”

Arvadım evdə əl-ayaq eləyir, qar yağmasına çox sevinir, çünki bu bizə ilk görüşümüzü xatırladır... Bütün təfərrüatları da xatırlayır...

Bayırda qar yağır...

# 2959 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #