Pul verib öz ölümünü sifariş edənlər – Ayxan Ayvazın yeni romanından parça

Ayxan Ayvaz, "Pəncərəsiz" romanı

Ayxan Ayvaz, "Pəncərəsiz" romanı

7 iyun 2022
# 15:00

Kulis.az Ayxan Ayvazın “Pəncərəsiz” adlı yeni romanından bir parçanı diqqətinizə çatdırır.

Havaların bozardığı, ağacların çılpaqlaşdığı, şəhərimizin qələmlə çəkilmiş rəsmlərə bənzədiyi darıxdırıcı günlərdə uğultu və maşın səsləri qulağımızda güyüldəyə-güyüldəyə, soyuğu üstümüzdə gəzdirə-gəzdirə universitetə gedib-gəlirdik. Universitetimizə gedən küçədə hərzamankının əksinə, boz, solğun rəngli, səssiz və düşüncəli insanların yerinə hərəkətli, əyləncəli bir qrup gənc oynaya-oynaya yanımızdan keçib gedir, bizim sönük, sakit həyatımıza hay-küylü musiqi fonu verirdilər. Şəhərdə qaranlıqlar çoxalırdı, işıqlı küçələrin sayı bitmək üzrə idi və bu işığı qəfil söndürülmüş otağa bənzəyən şəhərdə kor kimi metrodan çıxıb universitetə doğru paltolarımızın yaxalığını qaldıra-qaldıra gedərkən, İsa haqqında da arada-bərədə danışır, harada olacağını öz aramızda müzakirə edir, intihar söhbətini yadımıza salıb kədərlə susur, kiminsə yersiz zarafatı ilə yaranmış buzluğu əridə bilmir, kirimişcə universitetin həyətində durub zəngin vurulmağını gözləyirdik.

İsadan sonra universitet divarları adama yad, ilk dəfə gəldiyimiz yer kimi gəlir, dərslər maraqsızlaşır, müəllimlər daha bezdirici olurdu. Hər tərəfdə İsadan bir iz görünür, hər söhbətdə İsadan bir söz yada düşür, başa düşürdük ki, mənasız təhsil illərimizi şəkilləndirən və ona rəng qatan bu qeyri-adi adamı görə bilməmək bizi dərin kədərin içinə yuvarlayır.

O günləri hər intihar xəbəri bizə İsanı daha çox xatırladır, bir anlıq onun da artıq dünyada olmadığını ağlımıza salır, sonra tez bu fikri özümüzdən uzaqlaşdırırdıq. Uşaqlar məndən İsanın yerini, harada olduğunu soruşur, sanki onun intiharının qarşısını ala bilməməkdə məni günahlandırırdılar. Hər dəfə “mən nə bilim e”, “bilmirəm harada qalır” deyəndə, qızlar “başın batsın” mənasında əllərini üzümə vururmuşcasına bir hərəkət edir, dalınca da “heç belə dost olar?” deyib başlarını bulayırdılar. Onda İsayla dost olmadığımızı bir daha başa düşür və başa düşdüyüm bu həqiqəti onlara da izah edirdim. Heyf ki, sözlərim kəsərli olmur və tərkibi daha çox qızlardan ibarət olan qrupumuz mənim arqumentlərimi əlinin tərsi ilə geri eləyir, dediklərimə inanmırdılar.

İsa əvvəllər də arada-bərədə universitetə gəlməyib sonradan qəfil ortaya çıxdığı üçün uşaqlar bu intihar anonsunun da özünə maraq yaratmaq, diqqəti üstündən əsirgəməmək mənasına yozur və yaxınlarda İsanın çıxıb gələcəyini, yenə maraqlı bir simayla bizi əyləndirəcəyini gözləyirdilər. İsa isə o günlərdə yoxa çıxmışdı, getdiyimiz kafelərdə, gəzdiyimiz parklarda da gözə dəymirdi. Hərdən onu axtarmaq adı ilə şəhəri gəzəndə düşünürdüm ki, bəlkə də, İsa bizim özümüzün yaratdığı qəhrəmandır, realda elə biri yoxdur. Küçə fənərinin altında siqaret sümürə-sümürə sahibsiz itlərə, gecənin tünd yarısında zibil qablarını eşələyən bomjlara, iki-üç narkomana baxa-baxa İsanın bu şəhərdə heç kimə bənzəmədiyini, sanki təsadüfən aramıza düşdüyünü ağlımdan keçirir, bir yandan da ona yazığım gəlir, hələ tam bilmədiyim taleyinə acıyırdım.

“Bəlkə, rayonlarına gedib?” – İsanın əvvəlki yoxa çıxmalarının yanında budəfəki çox çəkdiyinə görə, həqiqətən də, narahat olmuş, hətta dekanatlığa da bu haqda xəbər vermişdik.

Dekan müavini, eynəkli Diləfruz xanım heç tükünü də tərpətmədən, sanki adi hadisəymiş kimi qarşıladığı bizim həyəcanlı nitqimizi yarıda kəsib dedi:

“Axır-əvvəl gələcək. Narahat olmayın”.

“Bəlkə, polisə gedək?” – qızlardan biri lap təzə-təzə İsanın itdiyi vaxt, kiminsə təklifini təzədən irəli sürdü.

“Yox. Polis mazqi eləyir” – Sabir yenə çoxbilmiş kimi cavab verdi. Sonra nə vaxtsa bir dostunun intihar anonsu ilə evdən çıxmasına ürəyi dözə bilməyib polisə zəng elədiyini, həmin dostunun intihar eləməyib sakitcə evə qayıtdığını, ara yerdə onun saatlarla polis şöbəsində ifadə verdiyini yarıciddi, yarızarafat tonunda danışıb bizi bu fikirdən birdəfəlik daşındırdı. Arada Sevda onun əhvalatını yarıda kəsmək üçün çırpınsa da, bu dəfə Sabir qətiyyətli çıxdı, sözünün kəsilməsinə aman vermədi və başdan sona əhvalatını danışıb qalibanə təbəssümlə bizə baxdı.

O günləri tələbə intiharları da artmışdı. Təkcə tələbələr də deyildi, hər yaş qrupundan olan insanlar da müxtəlif səbəblərdən (kasıblıqdan, sevgidən, diqqətsizlikdən və s.) intihar edir və şəhərdə qorxulu ab-hava yaradırdı. Sevişdiyi qızı videoya çəkən və bunu şantaj alətinə çevirib ona qarşı istifadə edən bir oğlan sosial şəbəkələrdə əməlli-başlı linç olunurdu. Qız bu dəhşətli şantajdan sonra universitet binasından özünü atmış və oradaca canını tapşırmışdı. Bunun ardınca zəncirvarı şəkildə davam edən və bütün günü televiziyadan, mediadan göstərilən intihar xəbərləri istər-istəməz İsanı yadımıza salır, bizi daha çox qorxuya salırdı.

“Qaqa, bir dənə bu xəbərə bax” – bir dəfə qrup yoldaşım Nemət vatsapda mənə yazdı.

“Nədir ki?”

“Bax gör İsadır?”

“Dünən gecə radələrində Hümbətov İsa Heybət oğlu öz yaşadığı 16 mərtəbəli binadan özünü ataraq...”

Xəbərdə İsanın adı və soyadı doğruydu, ancaq atasının adının nə olduğunu bilmədiyimiz üçün bir anlıq fikrə getdim.

“O deyil, məncə. Şəkli var?”

“Yox, yoxdu. Dedim, bəlkə, sən bilərsən” – Nemət kədərli emojilər göndərib söhbəti yekunlaşdırdı.

Səhəri gün jurnalda İsanın adının qarşısına baxdıq və onda rahatladıq: atasının adı Heybət yox, Mirzə imiş.

Növbəti günlər də özünü dənizə atanların, evdə dəm qazından intihar edənlərin, dərman atıb o dünyalıq olanların arasında İsanın adını axtarır, tapa bilməyəndə bir anlıq ürəyimizə su sərpilir, digər yandan da ölənləri düşünüb qorxuya düşürdük. Həmin günləri hamımızın yuxusu da bir-birinə qarışmışdı: qara qayğılı yuxular görür, gəlib bir-birimizə danışır və heyrət edirdik ki, yuxularımızın süjeti necə də bir-birinə oxşayır. Yuxularımızda qaranlıqda düşən hansısa əşya səsini, yaxud qan görürdük. Hələ mən bir dəfə bütün şəhər sakinlərinin binanın üstünə çıxıb özlərini atmalarını və onların arasında İsanı da gördüyümü xatırlayıram. O yuxu mənə o qədər təsir etmişdi ki, neçə gün özümə gələ bilməmiş, çarəni araq içməkdə görmüşdüm.

İntiharların get-gedə artmasına, hamını qorxuya və təşvişə saldığı günlərdə, ölkə rəhbərliyi bir neçə çıxış yolu ortaya atdı: binaların üstü bağlanıldı, dənizin qırağında, Bulvarda polislərin sayı artırıldı, apteklərə müəyyən dərmanları satmaq qadağan edildi. Bu qadağalardan sonra intiharlar yavaş-yavaş sovuşub getdi, küləklərin vıyıltıyla, qorxu və vahiməylə küçələrdə gəzişməsi yoxa çıxdı, sabaha günəş doğuldu, həyat yaşamaq eşqi ilə dolub-daşdı. Onda tək ölkə yox, biz də sevindik ki, İsa hələ də haralardasa yaşayır, nəfəs alır, nə vaxtsa təzədən yanımıza qayıdacaq. Artıq İsanın yoxluğundan sonra yaranan kədərli auramız da yavaş-yavaş buztək əriyir, onun yerinə “əşi, İsadı da”, “ondan intihar eləyən olsaydı..”, “bir də gördünüz çıxıb gəldi” kimi xoşməramlı zarafatlar gəlib çıxır, hamımızı pozitiv bir hala gətirir, ümidləndirirdi ki, İsa universiteti belə başlı-başına buraxmaz, axır-əvvəl yenə öz fərqli ampluası ilə qayıdıb hamımızı heyrətləndirər.

***

Bakıda həmişə olduğu kimi ilk növbədə maşınlar adamın gözünə dəyirdi. Əslində, göydələnlər maşınlardan daha nəhəngdir, ancaq onlar yerlərində durub tərpənmədikləri üçün adamların nəzərində deyildilər. Maşınlar isə binalarla müqayisədə daha diri və təhlükəli idilər. Çünki onlar toqquşa, qan tökə bilərdilər. Elə gecələr də televizorda adam vurub qaçan maşınları göstərirdilər. Yatanda gözünü yumurdun, küçədən keçən maşınların qıyıltısı gəlirdi, yuxuya gedirdin, maşın üstünə şığıyırdı. Gözünü sabah açırdın, yenə maşın uğultusu. Bu şəhərdə evlərimiz yola yaxın olduğu üçün biz uşaqlıqdan bu səsə alışmışdıq. İndi isə bu səslər vahiməli filmlər kimi tüklərimizi biz-biz etməyə qadir idi. İntiharların bir əl sayəsində dayandırıldığı, heç kimin özünü öldürmədiyi günlərdə maşınlar ön plana çıxmışdı; günün hər saatı qəzalar olur, ölənlər və yaralananların şəkilləri saytların əsas xəbərinə çevrilirdi. Qəzalardan əlavə cinayətlər də artmışdı; küçəyə çıxmağa qorxurduq, hardasa, hansısa tində-bucaqda, yaxud tənha bir yerdə, ağaclıqda böyrümüzdən biri çıxıb bizi cəhənnəmə vasil edəcəyini düşünür və bu düşüncənin qorxusundan şəhər gözümüzdə əcaib varlığa çevrilirdi. Polis intihar işini yaxşı görsə də, görünür, daldehlikdə işini görən qatilləri vaxtından əvvəl tapa bilmir, küçələrə sərilən meyitlər getdikcə artmağa başlayırdı. İntiharlara Nəzarət Komissiyası açıqlama vermişdi ki, biz yalnız intiharlara cavabdehik, qəzadan və cinayətdən ölənlərə polislər cavab verməlidir. Brifinqdə gərgin müzakirə getmiş, komissiyanın üzvləri jurnalistlərin sualları qarşısında tər tökmüş, “əslində, qəzadan və cinayətdən ölənlərin hamısı intihar edənlərdir” fikri onları cəncələ salmışdı. Bütün bu müzakirələrin, çənə savaşının sonunda İntiharlara Nəzarət Komissiyası nəzarəti tam gücləndirmək üçün yeni qərar açıqlayıb cəmiyyətə təqdim etdi: qərarda deyilirdi ki, hər vətəndaşa çip qoyulacaq və o çip intihar etmək istədikdə, İntihar Nəzarətçilərinə siqnal ötürüləcək, o siqnal sayəsində intihara cəhdin qarşısı alınacaq. İntihar Nəzarətçiləri əvvəlki kimi evlərdə növbə çəkməyəcək, eləcə küçələri nəzarətdə saxlayıb telefonlarındakı siqnalları yoxlayacaqdılar. Çip taxdırmaq məcburi olacaqdı və yayınanlar yüksək məbləğdə cərimə olunacaqdılar. Bu qərar çoxunu əməlli-başlı qızışdırdı, qışqır-bağır salan, etiraz edən, təhqirlər yağdıran, söyüş söyən kütlə tezliklə qərarın ləğv olunmasını tələb edir, deyirdilər ki, onlar bizi manqurtlaşdırmaq istəyir, çip taxdırıb başımıza oyun açmaq fikrindədirlər. Bir çoxu isə əksinə, qərarı dəstəkləyir, komissiyanın işini təqdir edir, intihar bəlasından bu şəkildə qurtulacağımızı yəqinləyir, pozitiv olmağımıza, yaxında hər şeyin qaydasına düşəcəyinə inanırdılar.

O günlərdə şəhərin üstünə bayquş tək qonan qaranlıq qorxunc və yalqız idi, pəncərədən səssiz küçəyə baxanda istər-istəməz ürkürdün, elə bilirdin indicə başına faciə gələcək. Bu qəribə və qorxunc günlərin başladığı, vahiməli səssizliyin hökm sürdüyü günlərdə bəzi adamlar insanların intiharı bu yolla etdiyini ortaya atırdılar: ya qəsdən qəza törədir, ya da kiməsə pul verib özünü öldürtdürürlər. Onlar düşünürdü ki, insanların tarix boyu intihara ehtiyacı olub; bizi digər canlılardan fərqləndirən intihar haqqımızın hər zaman aktiv durmasıdır. Həyatında başqa çıxış yolu tapa bilməyənlər ona görə xoşbəxtdir ki, nə vaxtsa intihar edə biləcəklər.

# 2652 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #