"Onun layiq görülməsini çox istəyərdim" - Nobel mükafatı hansı yazıçıya veriləcək?

"Onun layiq görülməsini çox istəyərdim" - Nobel mükafatı hansı yazıçıya veriləcək?
5 oktyabr 2023
# 12:20

Bu gün Ədəbiyyat üzrə Nobel Mükafatı təqdim ediləcək.

Nobel bu zamana qədər kimlərə layiq olduğu halda verilməyib? Kimlər bu mükafata layiq deyildi? Bu dəfəki qalib kim olacaq?

Kulis.az bu mövzu ətrafında ədəbiyyat adamlarının fikirlərini öyrənib.


88-dən başlayır, atəşkəslə bitir... – Nərgiz Cabbarlıdan roman tənqidi

Nərgiz Cabbarlı: "Nobel mükafatı “ideal əsər”ə verilən mükafat kimi qəbul edilir. Bütün dünyada, xüsusilə də Azərbaycan oxucusunda belə bir düşüncə var. Halbuki məsələnin digər yönünün olduğunu – tutaq ki, müharibə haqqında yazıldığı, hansısa siyasi məqsədlərə xidmət edən, yaxud dövlətinin apardığı siyasətə zidd çıxışlar edən yazıçıların əsərlərinin bu mükafatı aldığını bilirlər. Bununla belə, yenə də Nobel mükafatı öz sahibinə “ən yaxşı yazıçı”, “ən yaxşı əsərin müəllifi” ünvanını qazandırır. Amma...

Məsələn, 2015-ci ildə Svetlana Aleksiyeviç bu mükafata layiq görüldü. Hətta tez bir zamanda onun əsəri dilimizə tərcümə edildi, yayıldı. Amma... Əsər müharibənin fərqli üzünü göstərən publisistika ağırlıqlı bir mətn idi. Təsirli deyildimi? Çox təsirli idi. Mən onu dilimizə tərcümə edəndə elə bir insani ağrı, sarsıntı keçirirdim ki, sözlə təsvir etməyə çətinlik çəkirəm. Amma bədii mətn kimi gözəl yaradıcılıq nümunəsi adlandırmaq çətindir. Bu daha çox, məsələn, jurnalist araşdırması kimi bu mükafatı alsaydı, daha dəqiq olardı. Yəni bütün mükafatlar kimi Nobel mükafatında da “nisbi” yanaşma mövcuddur. Məsələn, Marsel Prust, Borxes, Frans Kafka, Lev Tolstoy, Nazim Hikmət layiq olduğu halda bu mükafatı almayıblar. Və yaxud Nobel alan o qədər yazıçı var ki, heç ən intellektual ədəbiyyatçı-oxucular belə onların əsərlərini oxumur və ya oxumaya bilər. Yaxud Qorbaçov kimi böyük insani faciələrə səbəb olmuş birinə Sülh üzrə Nobel mükafatı verildi. Bunun özü də seçimdəki yanaşmanı şübhə altına alır. Bir sözlə, bütün müklafatlar kimi onun da alınmasına cəhdlər edilməli, amma alınmadığını faciəyə çevirməməliyik. Builki siyahıda Murakaminin yaradıcılığına bir az bələdliyim var, bir də Ulitskayanın - əsasən uşaqlar üçün yazır. Murakami maraqlı yazıçıdır. Amma kimin layiq görüləcəyini demək çətindir".

Qismət: "Məqsəd yaxşı əsər yazmaq yox, məşhur olmaqdırsa..." - Müsahibə

Qismət Rüstəmov: "Nobel komitəsi rəsmi saytında arxivini açıb. 1971-ci ilə qədər bu mükafata namizəd olanların, onları kimin təqdim etdiyinin siyahısına baxmaq olur. Açıb bir neçə ilin namizədlərinə baxdım, dəfələrlə Borxes, Nabokov, bir neçə dəfə Yaşar Kamal kimi ustalar namizəd olub, amma, məsələn, aparıb mükafatı ortabab yazıçı Soljenitsinə veriblər. Bu il kim alacaq, bilmirəm. Bəlkə, sənət qazisi kimi Rüşdü, bəlkə, Rusiya-Ukrayna savaşına görə hansısa ukraynalı yazıçı, bəlkə də, öz təkliyinə çəkilmiş böyük Tomas Pinçon...".

Milyon illik tənhalıq - Fəxri Uğurlu yazır...

Fəxri Uğurlu: "Doğrusu, bunlar mənim cavab verə biləcəyim suallar deyil. Nobel komitəsinin hansı meyarları əsas götürdüyü mənə də tam aydın deyil. Məsələn, Buninə, Pasternaka, Soljenitsına, Brodskiyə Nobel verilməsində siyasi konyunkturanın rol oynadığı şübhəsizdir, ancaq bu mülahizə onların mükafata layiq olmadıqları mənasına gəlməməlidir. Rus yazıçılarından Şoloxovun bu mükafata layiq görülməsi mənim tam ürəyimcədir, çünki "Sakit Don" XX əsrin ən möhtəşəm romanlarından biridir. Nobel komitəsi vaxtında Prust, Coys, Kafka, Nabokov, Borxes, Kortasar, Rulfo, Bussati, Kobo Abe, Aytmatov kimi yazıçıları da görməliydi, məncə. Bu il ədəbiyyat üzrə Nobel mükafatını kimin alacağına dair proqnoz verə bilmərəm, çünki çağdaş ədəbiyyatı ardıcıl izləmirəm".

Şərif Ağayarın romanı Fransada çap olunacaq

Şərif Ağayar: "Son illər Nobel mükafatı elə bil bir az sönükləşib. Məncə, Bob Dilandan sonra başladı bu tendensiya. Hətta Orhan Pamuk demişdi ki, mənə elə gəlir, Nobel Komitəsi zarafat edir. Bu mənada xüsusi azarkeşliklə izləmirəm. Amma mükafatı qazanan imzanı, əgər tanımıramsa, tanıyıb oxumağa çalışıram. Mənə görə, Borxesdən sonra Nobel Komitəsinin ən böyük haqsızlığı Salman Rüşdiyə qarşı edilib. Lakin bəlkə də bu bir haqsızlıq deyil, çünki Salman Rüşdi elə Nobel qədər məşhurdur. Axı bu mükafat bir az da tanıtmaq xarakterlidir. Amma yenə də Rüşdinin indiyədək almamasına təəssüflənirəm. Ona görə, bu il, xüsusən məlum bıçaqlanma hadisəsindən sonra onun layiq görülməsini çox istəyərdim. Böyük dəstək olardı. Təkcə Salman Rüşdiyə deyil, ümumiyyətlə həqiqi ədəbiyyata və həqiqi ədəbiyyatçılara. Adının favoritlər arasında hallanması təbii və sevindiricidir. Rüşdinin layiq görülməsi həm də söz və ifadə azadlığının müdafiəsidir".

Pərviz Cəbrayıl məşhur Almaniya jurnalında

Pərviz Cəbrayıl: "Verilməyənlər sırasında tək əmin olduğum namizəd Milan Kunderadır.

Haqq etmədən ödül alanların isə adları belə yadımda deyil. Layiq olsaydılar, beynim onları yaddaşıma yazardı

Səbəblərə gəlincə, dünyada harada ədalət var ki, Nobel Komitəsində də ola? Hansısa bir qrupun maraqları mükafatçısını təyin edir. Ancaq bəzən seçim süni də olsa, həm də layiqli olur. Ümidimiz həmin təsadüflərə, bəzənlərə qalır".

Samirə Əşrəf: "İstər ədəbiyyat, istərsə də film festivalların çoxu artıq hiss olunacaq qədər siyasiləşib. Bu baxımdan Nobel mükafatları artıq son illər məndə maraq yaratmır. Misalçün, Bob Dilandan üzübəri Olqa Tokarçukun, Peter Handkenin, Lyuza Qlyükun, Abdulrazak Qurnanın və Anni Ernonun bu mükafata layiq görülməsi mənim Nobel mükafatına olan marağımı azaldıb. Ona görə yox, bu müəlliflər Nobel mükafatına layiq deyillər, ancaq əminəm ki, həmin müəlliflərə Nobelin verilməsində mütləq şəkildə siyasi maraqlar rol oynayıb. Ədəbiyyat isə yeganə sahədir ki, məhz orada siyasət at oynatmamalıdır.
Tolstoy, Çexov, Prust, Kafka, Nabokov, Oruell, Selincer, Eko, Remark, Aytmatov mənim sevdiyim yazıçılardı və heç biri Nobelə layiq görülməyiblər. Ancaq onlar hansı zirvədədilər. Sağlığında bu mükafatı almasını istədiyim Milan Kundera da vardı, ona da verilmədi. İndi konkret fikrimdə bir imza yoxdur ki, deyim filan yazıçıya versinlər. Çünki son illər mən ancaq klassik ədəbiyyatı oxuyuram. Kimə verilməsindən asılı olmayaraq çox istərdim ki, nəşriyyatlar həmin müəllifi çap etməkdə, azərbaycanlı oxuculara çatdırmaqda maraqlı olsunlar. Bu barədə çox geridəyik. Yaxşı ki, Türkiyə və Rusiya nəşriyyatları var".


# 3102 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #