Müasir nəsil kitab oxumur, araşdırmır - Filmlər bizə nə öyrədir?

Müasir nəsil kitab oxumur, araşdırmır - Filmlər bizə nə öyrədir?
13 noyabr 2023
# 14:55

Kulis.az kinoşünas Esmira Ağayevanın "Tarixi hadisələrin ekran həlli" adlı yeni yazısını təqdim edir.


Bəşəriyyət tarixinin öyrənilməsində mətni mənbələrdən daha funksional, 1915-ci ildə D.U.Qriffitin (1875-1948) " Bir millətin doğulması" filmi ilə əsası qoyulmuş, izləyiciləri Qədim Roma, Yunan dövlətlərinin mübarizəsi, Yeni Dünyanın fəthi, Fransız inqilabı, Amerika Vətəndaş Müharibəsi, İkinci Dünya Müharibəsi kimi mühüm tarixi hadisələrə şahid tutan, özündə epik, müharibə filmi, bioqrafik film, sənədli, dram, kostyum filmləri kimi subjanrları birləşdirən tarixi janra aid filmlərin dünyanın nüfuzlu beynəlxalq kino festivallarında əsas mükafatlara namizədlərin siyahısında güclü şəkildə təmsil olunduğunu və tez-tez qalib gəldiyini görürük.

Tədqiqatlar göstərir ki, yetkin insanın tarixlə bağlı qazandığı biliklərin demək olar ki, hamısı kino və televiziya proqramlarından əldə edilir.
Biz dünya ilə vizual şəkildə əlaqə saxlayırıq, buna görə də vizual mühitin bizə daha dərin emosional təsir göstərməsi məntiqlidir.
Məhz vizual mediaya daha çox meylli olan müasir nəsil tarix haqqında kitab oxumaq və ya tədqiqatla məşğul olmaq əvəzinə, bilgiləri filmlərdən, fotolardan öyrənməyə üstünlük verirlər.


Tarixi filmlər keçmişi daha yaxşı əks etdirir, bir növ, tarixi personajlarla, yaxud hadisələrlə daha yaxşı münasibət qurmağa zəmin yaradır.
Tarixi filmlərin ən populyar nümunələri tarixi dramlar əsasında ekranlaşdırılır. Homerin “İliada” poeması əsasında ekranlaşdırılmış tarixi dram “Troya” (Volfqanq Petersen 2004), 1776-cı ildə Birləşmiş Ştatların apardığı müstəqillik mübarizəsindən bəhs edən “Patriot” (Roland Emmerix 2000), Volfqanq Amadey Motsart və Antonio Salierinin həyatından bəhs edən “Amadeus” (Miloş Forman, 1984), II Dünya Müharibəsi zamanı baş verən hadisələrdən bəhs edən “Şindlerin siyahısı” (Stiven Spilberq 1993), XX əsrin 30-cu illərində Polşada baş verən hadisələrdən bəhs edən “Pianoçu” (Roman Polanski 2002), ABŞ prezidenti Linkolnun həyatından bəhs edən "Linkoln" (Stiven Spilberq, 2012) və s. filmlər potensial tarixi mənbədir.



Bu, o demək deyil ki, bütün tarixi kadrlar səhnələşdirilib. Tarixi filmlərin daha gerçək növü hazır kadrlardan və sənədlərdən istifadə edilərək ərsəyə gətirilən, hadisələrin mümkün qədər dəqiq əks olunduğu sənədli və müxtəlif dövrlərdə yaşamış tarixi şəxsiyyətlər haqqında bioqrafik filmlərdir.
Bu cür kadrlar XIX əsrin sonlarından bəri tarixi sənədləşdirmək üçün istifadə olunub.

İkinci Dünya Müharibəsi illərində yəhudi həbs düşərgələrindən çəkilmiş görüntülər ilk dəfə müttəfiq qüvvələrin iyirmi iki nasist cinayətkarına qarşı keçirdiyi Nürnberq məhkəmələrində sübut kimi istifadə edilmişdi.


Azərbaycan kinosunda ötən əsrin 60-80-ci illəri tarixi inqilabi filmlərin istehsal dövrü olsa da, əsrin sonlarında dağınıq bazar iqtisadiyyatı kino sənayəsinin də inkişafını zəiflətdi.
Ermənilərin tarixi Azərbaycan torpaqlarına işğalçı hücümları nəticəsində törətdiyi insanlığa sığmayan vəhşiliklər, soyqırımların real, montaj olunmamış kadrları olsa da, vətənpərvərlik motivləri filmlərdə qabardılsa da, kinematoqrafiyanın imkanlarından istifadə edərək bu həqiqətlərin bütün dəhşətləri ilə dünya ictimaiyyətinə çatdırılması mümkün olmadı.


Kinoşünas, professor Aydın Dadaşov ötən əsrin ən dəhşətli faciələrindən olan Xocalı faciəsini əks etdirən “Haray” bədii filmi haqqında “Kinoşünaslıq” dərsliyində yazır: “Faktların, onları törədən səbəblərin tamaşaçıya ekran dilində çatdırılması müəyyən bir hadisəni tarixin yaddaşına həkk etmək cəhdi kimi görünsə də, əslində, həmin hadisənin ekran sənədinə, hüquqi dəlilə çevrilməsi peşəkarların sosial məsuliyyətidir. Xocalı qırğını qurbanları xalqın daim sızıldayan yarasına çevrilsə də, bu mövzunun ekran həllində emosionallığın rasionallıqla əvəzlənməsi vacib idi. Biz isə hamımızın qulaqlarına əbədi səslənəcək Xocalı “Haray”ının təkcə özümüzün deyil, bütün dünyanın eşidə bilməsi üçün hələ çox işlər görməliyik.”


Güclü siyasi liderə, iqtisadi və hərbi gücə malik Azərbaycan qalib dövlət kimi həqiqətlərin dünyaya çatdırılmasında beynəlxalq münasibətlər arenasında inanılmaz uğurlar əldə edib.

İnanırıq ki, ermənilərin hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu tarixi Azərbaycan torpaqlarının, xüsusilə dünya hərb tarixində unikal əməliyyatlardan olan Şuşa şəhərinin 44 gün ərzində azad edilməsi, bu şanlı tarixin yazılmasında şücaət göstərmiş qəhrəmanların adının əbədiləşdirilməsi, həqiqətlərin dünyaya siyasi müstəvi ilə bərabər, incəsənətin ən təsirli və unikal növü olan kino dili ilə də çatdırılması üçün real tarixi hadisələr əsasında kinossenarilər ərsəyə gətiriləcək və ekranlaşdırılacaq.



Ölkədə kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi və şəffaf idarəçilik mexanizmlərinin tətbiqi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 20 aprel tarixli fərmanı ilə Azərbaycan Respublikasının Kino Agetliyi (ARKA) adlı publik hüquqi şəxsin yaradılması və fəaliyyətə başlaması nəticəsində kino sənayəsində başlanan canlanma bu ümidlərin gerçəkləşəcəyinə inamı artırır.

# 13841 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #