Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..." - Müsahibə

Mikayıl Mirzənin oğlu:  "Atam sağ olsaydı, mən səfir idim..." - Müsahibə
22 iyul 2024
# 09:00

Kulis.az “Atamın xatirəsi” layihəsi çərçivəsində Xalq artisti Mikayıl Mirzənin oğlu Mətin Mirzə ilə müsahibəni təqdim edir.


- Mətin bəy, mən bilən, ailənin tək övladısınız?

- Əkiz qardaşım olub, amma doğulandan sonra dünyasını dəyişib, belə deyək, həyatını mənə bağışlayıb. Sonra bir bacım olub, amma o da çox yaşamayıb.

- Atanızla ananız bir-birlərini sevib ailə qurmuşdular?

- Atamın onda 27 yaşı olub. Qarşılıqlı sevgi olub aralarında. Hətta o vaxt atama başqa qız almaq istəyiblər. Atam istəməyib. Anam İncəsənət institutunda oxuyurdu. Elə orda da tanış olublar. Tanış olandan sonra anamı “mədəni-maarif” fakültəsinə keçirib, deyib ki, aktyorluq sənlik deyil. Anam yaxşı alman dili bilirdi. Qız vaxtı rəqsə gedib, çox gözəl də rəqs edibmiş. İndi də toyda rəqs edəndə hamı ona baxır. Valideynlərim olduğu üçün demirəm, atam da, anam da gözütox insanlardır. Atam 2006-ci ildə dünyasını dəyişib, heç kəs deyə bilməz ki, anam indiyəcən bir idarənin qapısını döyüb, atamın adından istifadə edib. Məni də belə böyüdüblər.

- Mətin bəy, Mikayıl Mirzə necə ata idi?

- Çox tələbkar idi. Mən altı yaşımdan yazıram. Altı yaşımda Tolstoyun hekayələr kitabını tərcümə eləmişdim. Həvəsim var idi. Kitabın içində böyümüşdüm, ona görə. Yeddi yaşımda ilk hekayəm "Dondurma satan" "Göyərçin" jurnalında çıxdı. Məktəbdə oxuduğum dövrdə də hekayələrim "Pioner" jurnalında çap olunurdu. Arzum yazıçı olmaq idi. Amma indi yazıçı olmaq istəməzdim, çünki yazıçı dolana bilmir, çox çətindir. Yenə də bu mənim hobbimdir, mənə genetik keçmişdi, hekayələr yazırdım, atamın da xoşuna gəlirdi. Yazılarıma qarşı həddən artıq tələbkar yanaşırdı. Elə olurdu ki, hekayəmi oxuyurdu, sonra cırıb atırdı. Hirsimdən göyə çıxırdım. Əsəbləşirdim ki, axı mənim yazdıqlarım bir də geri qayıtmayacaq, niyə belə edirsən.

- Xoşuna gəlmirdi?

- Deyirdi, belə yazmaq olar? Söz nazlı gəlindi, sözün gərək sığalını çəkəsən, yüz sözdən ən yaxşısını seçmək lazımdı. Deyirdi, istəyirsən, bu dəqiqə oturum, nə qədər deyirsən, şeir yazım. Amma görürsən, lap az-az yazıram, amma mükəmməlini yazıram, mən şair deyiləm, amma istənilən şairdən güclü yazıram. İstənilən yazıçının romanından güclü bir romanı da var idi. Adı “Oğul borcu” idi. Əfsuslar olsun ki, həmin roman qalmadı. Yandı, it-bat oldu.

- Neçənci ildə yazmışdı, nə haqda idi?

- Onu gənclik illərində, 30 yaşında yazmışdı. Sonrakı illərdə yenidən romana qayıtdı, yaddaşını ovxalaya-ovxalaya yazdı. Özü haqqında tarixi oçerk idi. Mənə oxumuşdu bəzi hissələrini.

- Bir dəfə Səməndər Rzayevin qızı ilə danışanda demişdi ki, atamın şarjları var idi, Mikayıl Mirzə onları çap eləyəcəkdi, amma yanğında məhv olmuşdu. Sizin evinizdə baş verən yanğını nəzərdə tuturdu...

- Bəli, atamın çox gündəlikləri evimiz yananda məhv oldu.

- Necə baş vermişdi?

- Mən onda burada deyildim, rayonda idim. Deyəsən, evin mətbəxindən başlamışdı. O hadisədən sonra yalan olmasın, atam, bəlkə də, üç-dörd ay özünə gələ bilmədi.

- Mətin bəy, Mikayıl Mirzə zəhmli təsir bağışlayır, onun fakturası, dediyi şeirlər. Bəs evdə necə idi? Mühafizəkar idi, yoxsa yenilikçi idi? Sizə nə dərəcədə azadlıq verirdi. Misalçün, yanında siqaret çəkib, içki içə bilirdiniz?

- Mərhələlər keçmişik də. Məktəb illərində çox tələbkar, sərt idi, məni heç yerə buraxmırdı. Məktəbdə məni əlaçı tələbə kimi Artekə yazmışdılar. O vaxt hər adamı Artekə göndərmirdilər. Qoymadı. Tək uşaq idim deyə, gözündən uzağa buraxmırdı. Getdiyim yer ancaq rayon olub. Üç aylıq tətilə çıxanda sevinirdim. Deyirdim, şükür, azadlığa çıxdım. Gedirdim nənəmin yanına. Orada özümü çox azad hiss edirdim. Dünyanın ən xoşbəxt insanı olurdum.

- Onda azadlığınızı məhdudlaşdırıb...

- Bəli, heç yerə qoymurdu. Özü də təsəvvürünüzə gətirin ki, 24 kv. m-lik bir otaqda belə edirdi. Üç yaşımdan 11-ci sinifə kimi o evdə qaldım. O boyda sənətkar o balaca otağa sığmışdı. Onu da Allah rəhmət eləsin, Süleyman Rüstəm verib bizə. O vaxt onun şeirlərini oxuyurdu atam, görüb ki, gəncdir, kömək eləyib atama.

- Sonrakı mərhələlərdə nə baş verdi? Dost ola bildinizmi?

- Bəli, dost idik. Artıq universitetə daxil oldum, ondan sonra gördüm ki, yavaş-yavaş dostluq edir, həm də biraz sərbəstlik verir. Qayğıkeş ata idi, hər şeyin ən yaxşısını alırdı mənə. Amma mən istəyən adam deyildim. Yadıma gəlmir ki, bir dəfə də olsun deyim, ata mənə pul ver.

- Xərcliyi özü verirdi?

- Həmişə.

- Nə qədər?

- Əlinə nə keçdi. 100 dollar, 200 dollar, lap uzaq yola çıxanda 3-4 min qoyurdu, deyirdi, amma demirəm, hamısını xərclə, kişi yola çıxanda cibində pul olar. Qayıdanda 400-500 qaytarırdım, bir kostyum da ona alırdım. Amma heç vaxt demirdi ki, gətir, pulun qalanını ver. Ürəyiaçıq adam idi, təkcə mənə qarşı yox, elə hamıya qarşı. Olanı cibində idi. Bir də görürdün ki, cibində 10 min dollar olurdu, iki gün sonra baxırdın ki, yoxdur.

- Ümumiyyətlə, qazanclı kişi idi?

- Bəli, hər yerdən qazancı var idi, ruzili idi. Elə adı da özünə uyğun idi – Mikayıl. Mikayıl axı ruzi mələyidir?! Teatrdan qazanırdı, İncəsənət universitetində dərs deyib qazanırdı, anam deyir, lap belə gənclik illərində savadı var idi deyə tələbələrə diplom işi yazırdı, qazanırdı. Çox oxumuş insan idi. Onun qabağında heç kim dayana bilmirdi. Allah rəhmət eləsin, Yaşar Qarayev kimi bir insan deyirdi ki, Mikayıldan yoxdur. Biri var, Əzizağa Quliyevlə sənətdən danışa, biri də var, Yaşar Qarayevlə fəlsəfədən. O qədər oxumuş idi. Evimiz kitabla dolu idi, başqa bir şeyimiz yox idi. Hətta uşaqlıqda giley edirdim ki, camaatın yoldaşından ayrılıb getmiş atası hər dəfə Moskvadan qayıdanda uşağına pal-paltar gətirir, konfet gətirir, sən də mənə kitab verirsən. Sən də ayrıl get, Moskvaya, orda yaşa, hər dəfə gələndə elə şeylər al. Cavab vermirdi... Gündəliyində yazmışdı ki, 8 yaşlı oğlum Mətin mənə belə bir sual verdi, mən o suala cavab vermədim, çünki o, hələ dərk edə bilməz, amma zaman gələcək, Mətin böyüyəcək və başa düşəcək ki, ata həniri, ata istisi nədir...

- Başa düşdünüz?

- (Ağlayır)...

- Mətin bəy, bildiyimə görə, tələbələrinə qarşı çox mehriban olub.

- Bəli, yaxşı idi. Onların hamısı bizim birotaqlı evimizdə olub. Otururdu çarpayıda, deyirdi, gəl. Elə bil səhnədə idi. Onlara qiraəti öyrədirdi, məşq edirdi. Mən də baxırdım. Gözümün qabağında baş verirdi hər şey. Bir də görürsən, deyirdi, filankəs, çörək yoxdur, kartof yoxdur. Tələbə də deyirdi ki, gedirəm almağa. Atam deyirdi, yox, yox, al bu onluğu qoy cibinə. Qayıdanda tələbə 2-3 manat xərcləmişdisə, qalanını geri götürmürdü.

- Şeirləri də bölürmüş, deyirmiş, gedək, mən çox deyə bilməyəcəm, yarısını siz deyin, yarısın mən. Belə edirdi ki, onlara da qonarar yazılsın.

- Bəli, çox olub belə hallar. Atam özü kənddən 10 manatla çıxmışdı. Babam deyib, kənddə işlərə kömək elə, deyib ki, yox, mən yolumu tutmuşam, şəhərə gedəcəm, oxuyacam, Ağsuya söz sahibi kimi qayıdacam. Dərdlər var, görürəm, eşidirəm, ürəyimi yandırır. Elə qayıdacam ki, heç olmasa, Ağsu üçün nəsə eləyim. Doğrudan da, elə oldu.

- Tələbələri onun yoluyla getdimi?

- Tələbələri ilə indi də əlaqə saxlayıram. Naibə adlı tələbəsi var, Almaniyada yaşayır, cəmiyyət qurub orada. Sağ olsun, atamın ildönümlərində orada tədbir keçirir. Nurəddin Mehdixanlı ilə görüşürük, tamaşalara gedirəm tez-tez. Akademik Dram Teatrı ilə yaxşı münasibətim var. Uşaqlıqdan teatra gedirəm. Həvəslə atılıb-düşürdüm ki, bu dəqiqə aktyorlar başlayacaq tamaşanı oynamağa. Gəlirdim qrim otağına, orada atamla söhbət edirdim, ona baxırdım, özümə bığ-saqqal qoyurdum. Hətta məni ikinci sinifdə oxuyanda teatra da dəvət etdilər. Leoqard Frankın “Yad adam” tamaşasında kiçik Valter rolunu oynadım. Böyük Valteri Ramiz Məlik oynadı. Tərəf müqabilim atam idi, babamı oynayırdı. Çox ağır tamaşa idi. Atamı görürdüm, elə bilirdim, öləcək, nəfəsi ağır-gedib gəlirdi. Məlik Dadaşov da tərəf müqabilim idi. Zərnigar Atakişiyeva anamı oynayırdı. Tamaşa boyu bir yerdə qulağımı elə bərk burdu ki, qulağım şaqqıldadı, ağladım.

- Amma atanız aktyor olmağınızı istəməzdi.

- Yox... İstəmirdi... Xoşlarına gəldi, sonra məni Anarın “Sizi deyib gəlmişəm” tamaşasına dəvət elədilər. Məhəmmədhəsən əminin oğlunu oynamalı idim, rolu da əzbərləmişdim. Atam icazə vermədi. Dedi, yox, belə getsə, bu aktyor olacaq, lazım deyil. “Atları yəhərləyin” filmini çəkirdilər. Atamı Qaçaq Nəbiyə çəkməli idilər. Qaçaq Nəbini atam oynamalı idi. Rolu götürmüşdü, mənimsəyirdi. Elə oldu, orada təklif olundu ki, Nəbiyə mahnı oxuyan oğlanı mən oynayım. Sonra qərar dəyişdi. Reallığı danışaq, o vaxt da “kruq” söhbətləri var idi, eyni adamları çəkirdilər. Atam da o “kruq”da yox idi. Həsən Turabovu çəkdilər Nəbi roluna.

- Sınaq çəkilişi olmuşdu?

- Olmamışdı, amma rolu vermişdilər. Atam oynadığı rolları improvizə edirdi. “Çahargah” fantaziyasında onun monoloqu var idi Məlik Dadaşovla. “Xalqdır mənim arxa-dayağım, Xalq, Xalq, Xalq!”. Camaat alqışlayırdı. Elə şeirləri oxuyanda da... Elə bilirsiniz, gətirib verirdilər, o da oxuyurdu? Yox, şeirlərin 80 faizində Mikayılın müdaxiləsi var idi. Bəzən şeirin bir bəndini saxlayıb, dörd bəndini özü əlavə edib.

- Etiraz etmirdilər?

- Yox, daha da gücləndirirdi axı. Bu məndə də var. Mən də şeir yazıram, amma şair deyiləm. İstənilən şeirə ruh verə bilərəm. Öz əlavələrimi edirəm, şeir bir az da ruhlu olur.

- Çox qəribədir ki, əksər sənətkarlarımız aktyor olsalar da, öz övladlarını bu sahəyə yaxın buraxmayıblar. Bilmirəm, bu əziyyətdən irəli gəlir, yoxsa içəridə olan daxili intriqalardan. Səbəb nə idi, sizcə?

- O elə bilirdi ki, intriqa təkcə teatrda var. Mənim oğlum bu teatr aləminə getsə, bu intriqaların qurbanı olacaq, baş çıxarmayacaq. Əslində, elə deyil. İntriqa bütün sahələrdə var. İstər fəhlə olsun, briqadir olsun... orda da intriqa var. Jurnalistika sahəsində də var. Ədalətsizlik hər yerdə var. Adam var, istedadlıdır, qabağa getməlidir, dayısı yoxdur deyə qabağa çəkmirlər. Açıq deyirəm, mən onsuz da dövlətin tərəfində olan adamam, mənim atam sağ olsaydı, bu dəqiqə səfir idim.

- Mikayıl Mirzənin övladı olmaq sizdə daha çox fəxr hissi verir, yoxsa, kompleks yaradır? Elə insanlar var, kompleks yaranır onlarda ki, mən niyə atama görə tanınmalıyam?

- Mən təkcə atama görə tanınmıram. Doqquz yaşım olanda tamaşa oynayırdım. Filarmoniyada - Məmməd Arazın 50 illik yubileyində çıxış edirdim. Onsuz da məni tanıyırdılar. Demək olar ki, atamın bütün dostları məni tanıyırdı. Şairlər, yazıçılar, aktyorlar, sənət adamları, müəllimlər. Bir dəfə Nizami Xuduyev məni dəvət elədi AZTV-yə, mənə dedi ki, səni "Gənclik" baş redaksiyasının baş redaktoru təyin edirəm. Onda 22 yaşım var idi. Atama dedim, o da Məmməd Arazı yığdı. Dedim, mənim işimi Məmməd Arazla niyə həll edirsən? Dedi, o ağsaqqaldı, bilir, o bu yolu keçib. Məmməd Araz dedi, qəti getməsin, orda orada elə canavarlar var ki, vurarlar onu. Mən də Nizami müəllimlə görüşdüm, dedim, kişi icazə vermir. Nizami müəllim dedi, atanla danışaram, dedim, yox, o bir dəfə dedisə, qurtardı. O vaxt dövlət konsertlərində çıxış edirdim. Ulu Öndərin qarşısında o qədər çıxış etmişəm ki. Mən Kamran Bağırovun qarşısında da çıxış etmişəm. Atam deyirdi, o aktyor deyil e, Beynəlxalq hüququ qurtarıb. Sadəcə, mən tində-bucaqda veyillənməsin deyə başını qatıram.

- Zəlimxan Yaqub, Xəlil Rza, Mikayıl Mirzə möhkəm dost olublar. Gəlib-gedirdilərmi sizə?

- Dost idilər. Həm bir-birinə hörmət edirdilər, həm də böyük-kiçik yeri bilirdilər. Cuhudlar məhəlləsində böyümüşəm. Bizim evlə Xəlil Rzanın evinin arası üç tin idi. Bir də, görürdün, gecə 12-nin yarsı atam məni salırdı yanına, gedirdik Xəlil Rzagilə. Şeir barədə danışırdılar, məsləhətləşirdilər. Ona görə də yetişirdilər. O vaxtın ziyalıları ona görə yetişirdilər ki, yaxşı “kruqları” var idi. Mənim indi ətrafım diplomatlardı, şöbə müdirləridi, jurnalistlərdən tanıdıqlarımdı. Bəs indiki yetişən nəsil necə olacaq, necə yetişəcəklər? Biri var, elə-belə dostlar, biri də var, filoloq, yazıçı, şair. Burda artıq cəmiyyət də yetişir. O ənənə yoxdur. Fikirləşirəm ki, mənim oğlum gələcəkdə kiminlə oturub-duracaq? Məhəllədə görürəm, bunlar ancaq kompüter, oyun, vəssalam... Kimsə demir ki, al, bu kitabı oxu. Bizdə var idi. Kitablar oxunurdu, cırılırdı, kitabda kitablıq qalmırdı.

- Mətin bəy, bəs yeyib-içmək, məclis olurdu?

- Olurdu, gözəl məclislər olurdu, amma əndazəsini bilirdi. O, içkidə öz həddini saxlayırdı. Yaxşı xumarlanırdı. Biz onun evə lül-atəş gəlməyini görməmişik.

- Evinizdə də məclislər keçirirdi?

- Bəli, Zəlimxan Yaqub olub, Xəlil Rza olub, İlham Rəhimli olub. Siruz Təbrizli bizdə uxa bişirirdi, sonra oturub yeyib-içirdilər. Xudu Məmmədov, Şahmar Əkbərzadə, Nəriman Həsənzadə, Əzizağa Quliyev, Nəsib Sadıqzadə, Timurçin Əfəndiyev. Bunlar günorta vaxtı gəlirdilər nahara, sonra sənət mövzularını müzakirə edirdilər. Pulum olmasa da, özümü milyonçu hesab edirəm. O dövrləri görmüşəm, çox istəyərdim ki, oğlum da görsün.

- Teatr adamları, təqidçiləri çox vaxt qınayır ki, Azadlıq Hərəkatı dövrlərində Mikayıl Mirzə siyasətə çox getdi. Teatr onu bu mənada itirdi.

- Elə lazım idi. Hər adam ora gedə bilmirdi ki. O da onun boynuna düşən yük idi də. Atam heç aktyor olmaq istəmirdi. O sənədlərini Pedaqoji İnstituta vermişdi. Ondan imtahan götürənlərdən biri də Xəlil Rza idi. Onu qrammatikadan kəsirlər. Xəlil Rza deyir ki, beyni doludur, onu bədbəxt eləməyin, nə olar, qrammatikadır da, öyrənəcək sonra. Deyirlər, get, rayona dəy-gəl. “Dəy gəl” də bilirsiniz də nə deməkdir?! O da cavab verir ki, mən bir dəfə çıxmışam ordan, suyum süzülə-süzülə gedib dədəmdən pul alıb sonra qayıtmalıyam? Heç vaxt ola bilməz. Onu Səməndər Rzayev çağırıb, deyib a, Mikayıl, ayə, sənin yerin buradı, gəl bura, səni hop götürəcəklər bu istedadla. O da qayıtmaqdansa, gedib bəxtini sınamağı seçib. Görüblər, xeyli şeir bilir... Rahib Məmmədov onu keçirib...

- Başqa kimlərdən danışırdı? Mehdi Məmmədov, Tofiq Kazımovu görmüşdü?

- Ən yadda qalan və məni ən çox sarsıdan bir xatirəm var. Günlərin bir günü atam qucağında sosiska, kolbasa, qatıq evə gəldi. Əhvalı yox idi, qanıqara, pərt idi. Salamsız-zadsız, əl-üzünü yudu, dəri pencəyi əynində idi, üzüqoylu çarpayıya yıxıldı, hönkür-hönkür ağlamağa başladı. Anam soruşdu ki, Mika, niyə ağlayırsan? Dayandı, dedi ki, Mehdi öldü! Mehdi yoxdu! 1985-ci ilin yanvarı idi. Anam dedi, yaxşı da, özünü həlak eləmə, atan deyil ki... Dedi, sən bilməzsən, sənət öldü, teatr öldü, məhv oldu. Sonra yazı da yazmışdı, “Ömürlük susan qızıl saat” adlı.

- Mikanı ananız deyirdi, hə? Araları necə idi.

- Xarakterləri müxtəlif idi. Onlar bir-birilərini necə seviblər, bilmirəm.

- Qısqanclıq olurdu?

- O qədər yox. Anormal qısqanclıqları yox idi. Bildirmədən.

- Bəs Mikayıl Mirzənin qadınlara münasibəti necə idi?

- Çox intellegent. Əla! Yüksək dərəcədə. Anam da bilirdi ki, sənətkar adamdı, qısqanmırdı. Çünki özü də bilirdi ki, kimə ərə gedib. Mən deyirdim ki, mama, sən tamaşalara baxırsan, qısqanmırsan? Gülürdü. “Babək” filmində bəzi kadrlar var idi ki, atam deyirdi, imkanım olsa, yandırardım o kadrları, heyf ki, imkansız vaxtıma düşüb o film, elə filmlərə, rollara çəkilməzdim. Orda qadınlarla bağlı səhnələr vardı. 24 yaşım var idi, oxuyurdum, “massovka”da rol verirdilər, sevinirdim. İstəyirdim, görsənim. Onu Babək rolu üçün də sınamışdılar. Keçmədi. Yenə sağ olsun Anar müəllim, onun ssenarisi əsasında “Uzun ömrün akkordları”nda Sarabiskini oynadı. Çox gözəl də oynadı. Hətta rus dilində səsini səsləndirən ifaçı demişdi ki, o, çox professional, unikal aktyordur. Atama çox vaxt deyirdim ki, komediya rolu oynaya bilməzsən? Deyirdi, mən oynamışam, baxanlar deyirdi ki, heç elə bil Mikayıl özü deyil.

- Sizin özünüz, ya onun özü daha çox hansı rolunu bəyənirdi?

- Bir o qoca, “Yoqard Frank”da. O tamaşadan necə sağ çıxdı, bilmirəm. Ləhləyirdi, köynəyini yeddi-səkkiz dəfə dəyişirdilər. Cavan idi, dözürdü. “Aydın” tamaşasında oynamağa qoymadıq. Ürəyinə görə.

- Onda ürək xəstəliyi nə vaxtdan özünü göstərdi?

- O İngiltərəyə gedəndə milli məclisin nümayəndə heyəti ilə. Orada gəzəndə deyib ki, ürəyim çırpınır. Həkimə aparıblar, həkim deyib ki, sənin ürəyində problem var. Onda boğulma var idi. Hər tamaşadan sonra evə gələndə gecə boğulması tuturdu. Bunu ancaq biz bilirdik, hər dəfə ölüb-dirilirdik. İllah da, mən. Çünki mən onun böyründə yatırdım və atamı çox istəyirdim. Anama da demişdim ki, mən atamı səndən çox istəyirəm. Atam isə anasını çox istəyirdi. Yuxudan da “ana, ana, su, su” deyib oyanırdı. Yanına həmişə su qoyurdum. Görsəniz, deyərdiniz ki, bu adam niyə belə eləyir? Ürəyi elə vururdu ki, az qala, sinəsindən çıxa...

- Bəs nə əcəb həkimə aparmadınız?

- O vaxt ağlımıza gəlməzdi axı. Elə bilirdik, xüsusiyyətidir, rolu hələ də yaşayır içində. Doğrudan da, yaşayırdı... Elə oldu ki, atam rəhmətə gedəndə gözümdən yaş çıxmadı. Bir növ, o, məni ölümünə hazırladı.

- Necə yəni?

- Almaniyada olanda altı ay ruhsuz vəziyyətdə oldu. Mən onun yanında idim. Artıq mən barışmışdım. Düzdür, ümidimi kəsməmişdim, deyirdim, Bakıya dönəcəyik, burada da müalicə edəcəklər, amma həkimlər demişdi ki, çarəsi yoxdur, cihazdan ayıraq, qovuşsun Allahın dərgahına. Razılaşmırdım...

- Huşu yerində idi?

- Nəfəs alırdı, baxırdı, ancaq tanımırdı heç kimi. Əməliyyatı uğursuz oldu. Ürəyi düzəldi, beyni pozuldu. Ürəyini bərpa edə bilmirdilər. Həkim dedi, ürəyi pendir kimi bölünür. Bu ürəklə o necə yaşayıb? O çıxışları necə edib? Belə xəstə görməmişəm mən.

- Sizcə, nə baş vermişdi? Niyə elə olmuşdu? Yəni ürəyi niyə o vəziyyətə çatmışdı? Çox emosional idi, yoxsa çox dərd çəkirdi?

- Keçdiyi yol. Gördüyü ağrı-acı, haqsızlıqlar, cəmiyyətin problemləri. 70-ci illərdən bəri onlar Xəlil Rza ilə döyüşürdülər. Hər yerdə deyirdilər, bar-bar bağırırdılar ki, bu rejim dağılmalıdı, cəmiyyət yenidən qurulmalıdı. Bunlar hamısı dərd idi də. 20 yanvarın özündə, Meydan Hərəkatında, gözümün qabağında olurdu, bir yerdə gedirdik meydana, gecə soyuqda əllərim əsə-əsə... məni də özüylə aparırdı, tonqal başında camaata ruh verirdi. Nə olsun ki, tribunaya çox çıxmırdı?! Tribunaya elə adamlar çıxırdı ki... Sonradan məlum oldu ki, sən demə, vəzifə üçün qışqırırlarmış... Bu boyda şeirləri o boyda ürəklə millətə çatdırmaq... Azadlığın əldə olunmasında Mikayılın böyük rolu oldu. Toylara gedirdi, toy yaddan çıxırdı. Xəlil Rza yazırdı, Mikayıl döşəyirdi. “Perestroyka”dan şeir deyirdi. Görmüsünüz. Boş-boşuna idi? Bunu hər adam deyə bilirdi? Ürək tab gətirər buna? Tək gəl, çarpış-vuruş, söz sahibi ol.
Sakit anı yox idi. Bir az bağda sakitləşirdi. Onu da qoymurdular sakit otursun. O zəng edirdi iş üçün xahiş edirdi, bu zəng edirdi pul istəyirdi. Xahiş-xahiş dalınca.

- Toyunuzu görmüşdü?

- Görmədi. Mənim arzum idi ki, maşın alım ona. "Cip"dən xoşu gəlirdi. Demişdim ki, inşallah qazanım, sənə alacam. Pulu var idi ha, sadəcə, artıq pulu yox idi...

- Nələrə marağı var idi?

- Ova. Deputat seçkiləri ləğv olunanda bir il üç ay işsiz qaldı. Həmin vaxtlarda onu saxlayan elə ov idi. Ov olmasa idi, o bəlkə də... Qışın soyuğunda qayalara çıxırdı. Məni də aparırdı özüylə, deyirdi, kişisən, bax e, bax, öyrənməlisən bunları. Mənim də başım qarışıq idi nazirliyə, öz dünyama. Ova həvəsim yox idi. Ürəyim gəlmirdi heyvan vurmağa. Bir dəfə göyərçini düz boğazından vurmuşdum.

- Hansı xüsusiyyətini atanıza oxşayır?

- Təəssübkeşəm. İşdə tələbkaram, bilirlər. Təzə işçilər mənimlə işləməyə başlayanda narazılıq edirlər. Deyirlər, köhnə şöbə müdiri var idi, işləyirdik də, bu gəldi, nə istəyir e? Amma zaman-zaman işləyəndən sonra özləri məndən əl çəkmirlər. Mən xaricə gedəndə bikef olurlar. Deyirlər ki, siz gedəndən sonra necə olacaq?! Tələbkaram. Sənəd bu gün masanın üstünə gəlibsə, bu gün icra olunmalıdır. Şükür Allaha, məndən razılıq edirlər, ən çətin işi verirlər mənə, bilirlər ki qorxmuram.

- Atanızın ağladığını görmüsünüz? Mehdi Məmmədovun öldüyü gündən başqa...

- Ondan sonra ağladığını görməmişəm. Əmim nəvəsi onu aparıb-gətirirdi bağa, maşında gəzdirirdi, xidmətində dururdu. Onda ürəyinin lap ağrıyan vaxtları idi, deyirdi, bilmirəm, axı mən neyləyim? Nə ölən kimi ölə bilirəm, nə də qalan kimi qalıram. İstəyirdi ki, toyumu görsün. Onda gözündən bir damcı göz yaşı düşüb, "Döz" şeirini də elə onda yazıb. Xumar Qədimovanın klipinə də çəkilib də. Onu elə mən təklif etmişdim ki, belə bir müğənni çıxıb, yanğı ilə oxuyur, milli ruhda oxuyur. Dedi, hardan tapmısan? Dedim, elə kafedə idim, çörək yeyirdim, gördüm, soruşdum bu kimdir? Dedilər, Xumar Qədimova. Mən də getdim kasetini aldım, dinlədim, çox xoşuma gəldi.
Yaxşı bir şeiri var idi, “Dur gəl Təbrizə, Təbrizə”. Onun mahnısı məndə var. Diktofonda. Atam özü oxuyur. Vaxtım yoxdur, yoxsa verərəm, aranjiman edərlər, hazır mahnıdır. Bax belə potensialı var idi. Demirdi e, mən bəstəkaram, amma mahnı duyumu var idi. “Aydın” tamaşasındakı mahnıların quruluşunu demək olar ki, atam vermişdi. Cavanşir müəllimlə danışırdı, deyirdi ki, məsələn, filan yerdə tar lazımdır. Aydının, Gültəkinin paltarına kimi o düzəltdirmişdi. Əlli tamaşası oldu, hamısı da anşlaq keçdi. Ulu Öndər də gəlmişdi.

- Mətin bəy, son günlərini necə xatırlayırsız?

- Son günləri elə Almaniyada oldu. Soruşmuşdum ki, əgər əməliyyatdan sonra sənə nəsə olsa, səni harada dəfn edim? Qayıtdı ki, bax da, oğul kimi gücün çatırsa, Fəxri Xiyabanda dəfn edərsən, çatmırsa, apararsan Ağsuya. Baxır sənin fərasətinə. Həmin vaxt artıq hiss edirdim ki, onu itiririk. Heykəl də düzəltdirdim onun üçün, sağ olsun, dövlət də dəstək verdi, özümün də nəyim vardısa, qoydum, yəni qızırqanmadım, dedim, qoy ən yaxşısı olsun. Atamın büstünə gedib-gələn baxıb deyir ki, afərin, çox gözəl əsərdir. Usta Zeynəlabidin işləyib heykəli, bir il gedib-gəldim yanına. Ustaya şərt qoymuşdum, demişdim ki, mən şablon heykəl istəmirəm ha, mən Mikayıl Mirzə istəyirəm. O dil açıb danışmalıdır. Bu söz onu tutmuşdu.
Bir adam deyə bilməz ki, Mikayıl mənim ayağımı tapdalayıb. Hamı onun mərdliyindən danışır, kişiliyindən danışır. Mikayıl Mirzə ideologiyasının daşıyıcısı mənəm, həmişə dövlətimizə, xalqımıza və prezidentimizə dəstək olacam. Mənim başqa yolum ola bilməz. Mikayılın adı üstümdədir, üstəgəl, diplomatiya... mən ona görə də hər kəsin etdiyi şıltaqlığı eləyə bilmirəm. Eləyərəm, sonra o kişinin adına ləkə gələr...
Mikayıl Mirzə adı mənim sərvətimdir...

# 28387 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #