Adamların içi nəmişlik qoxuyur - Amildən yeni şeirlər

Adamların içi nəmişlik qoxuyur - Amildən yeni şeirlər
25 oktyabr 2021
# 15:45

Kulis.az şair Amil Amalın yeni şeirlərini təqdim edir.

Sudan quruya çıxan
üç yüz milyon illik
amfibiyaların təkamülü kimi
yəqin bir gün
intihar edənlərin də
təkamülü olacaq.

Özünü dənizə atanlar
boğulmayacaqlar
balıq olub üzəcəklər,
özünü göydələnlərdən atanlar
qanad açıb uçacaqlar.

***

Günəşin saçaqları
pivə bakalının üstündə
elə bərq vururdu
taleyindən şikayətlənən adam
hər dəfə
bakalın qulpundan tutub
başına çəkəndə,
kənardan
Allaha yumruq göstərirmiş kimi
görünürdü.

***

Bir anlıq gözümdə
gördüklərimi geri qaytardım.

Avtobusdakı cibgir
kiminsə cibinə
pul qoyurdu.

***

Bir qəpik ödəmədən
dünyanın ən ucuz
pulsuz səyahətidir
yumub gözlərini
rənglərin vətəninə
- günəşə
gedib-gəlmək.

***

Araq
sağlamlığa zərərlidir deyə
sağlığına qaldırırlar
adamın.

***

Mən,
saatı bir manat olan
dayanacağam.

Altımda
kanalizasiya boruları,
üstümdə
azadlıq meydanı var.
Altımdan
şəhərin bütün pox-püsürü,
üstümdən
tanklar və "şumaxer"lər keçir…

və adət eləmiş
dilənçilər kimi
tez-tez soruşurlar məndən.

- bağışlayın,
bəlkə üstünüzdə
iyirmi adam ola.

***

Heç kəs soruşmayacaq
bəs varmı şeirləri?
bütün qızların maraqlandığı
- evi, eşiyi, maşını, işi...

***

Heç kimin
gözün üstə qaşın var
deyə bilmədiyi oğlan
döyüşdə
hər iki gözünü itirmişdi.

İndi bundan sonra
təsəlli üçün
az qala deyəsiydilər
- gözün üstə qaşın var.

***

İlahi... necə də
yaşadıqları şəhərə bənzəyir
bu şəhərin sakinləri.

Binaların üz fasadı,
adamların iç fəsadı
hamısı birə-bir
eynidir.

Burda daha çox
dəm qazından ölür
adamlar.

Burda təkcə mənzillərə yox,
insanların da içinə
günəş düşmür,

Adamların içi
nəmişlik qoxur.

Eyvanları sevmir,
bağlayıb
otaqlarına birləşdirir
bu şəhərin sakinləri.

İtlər güllələnir,
ağacları kəsir
binalar ucaldır
bu şəhərin alçaqları,
binaların damına çıxıb
özünü aşağı atır
bu şəhərin cavanları.

Mənzillər kimi
birin-ikiyə,
ikinin-üçə düzəltmədir
otaqlar və ürəklər.

Burda hamı pul dalınca qaçır.
Axşamlar düşən kimi
hər yerdə işıqlar yanır,
amma işıqlı adamlar sönür.

Binaların qəlibləri,
adamların qəlbləri
tez sökülüb gedəndi.

Maklerlər şəhəri,
kirayələr şəhəri...

Burda yelçəkən deyil mənzillər,
ağız deyəni qulaq eşitmir.

Bu şəhərə qar yağmır,
yağsa da yaraşmır,
bu şəhərin canı elə
veyllənən küləkdir.

Hərdən heyrət edir adam,
yəni bu şəhərin
dənizimi var?

Məncə yox,
həqiqətən də dəniz yox,
göldür Xəzər,
göldür.

Elə bax İçərişəhərdəki
bu hündür qala divarları
bəlkə də Xəzəri zəbt edən
ən birinci hasarlardır?

Artıq ürəyim sıxılır,
ürəyim darıxır bu şəhərdə.

Gözəl qızlar kimi
gözəl mənzillərdə də
həyat yoxdur,
alıb yatırıblar sərmayə kimi.

İlahi... necə də
yaşadıqları şəhərə bənzəyir
bu şəhərin sakinləri.

Natəvan mənim bibimdir – Amil Amalın müsahibəsi – Epiloq.az

# 5933 dəfə oxunub

Oxşar xəbərlər

Frans Şubert kimi özünə ruhani müəllim  hesab edirdi?

Frans Şubert kimi özünə ruhani müəllim hesab edirdi?

18:10 19 noyabr 2025
Sevdiyi rəssamın adını təxəllüs götürən alman kommunist yazıçı - O, Hitlerə necə yanaşırdı?

Sevdiyi rəssamın adını təxəllüs götürən alman kommunist yazıçı - O, Hitlerə necə yanaşırdı?

17:10 19 noyabr 2025
"Onun varlığı digər yazıçılara meydan oxuyur..." - Prustu niyə bu mükafata layiq bilmirdilər?

"Onun varlığı digər yazıçılara meydan oxuyur..." - Prustu niyə bu mükafata layiq bilmirdilər?

18:45 18 noyabr 2025
Hüqonun çılpaq heykəlini yaradan, sevgilisi ilə 53 il sonra evlənən Ogüst Roden

Hüqonun çılpaq heykəlini yaradan, sevgilisi ilə 53 il sonra evlənən Ogüst Roden

17:53 17 noyabr 2025
Avstraliyanın bestseller yazıçısı Mark Rid - Populyar mədəniyyət ikonu, yoxsa  qatı cinayətkar?

Avstraliyanın bestseller yazıçısı Mark Rid - Populyar mədəniyyət ikonu, yoxsa qatı cinayətkar?

15:00 17 noyabr 2025
Azərbaycan xalçaçılıq tarixinin Lətif Kərimov səhifəsi

Azərbaycan xalçaçılıq tarixinin Lətif Kərimov səhifəsi

10:40 17 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər