Yağışın yuyub apardığı ayaq izləri... – Şeirlər

Yağışın yuyub apardığı ayaq izləri... – Şeirlər
22 noyabr 2019
# 11:15

Kulis.az Zakir Məmmədəlinin şeirlərini təqdim edir.


Apar məni işıqgələnə

Başımız üstündə çaxan ildırım,
götür, apar məni gəldiyin yerə...
Mənsiz də keçinər bu qoca dünya,
ağlayıb, yas tutub yananım yox ki.
Məndən yaxşısını tapmağın çətin -
yerlər arasında boş qalan yerim,
doğrular içində yalanım yox ki!

Bu kəsif havada,
yalan dünyada,
sürtülüb açılmış üzlər yanında,
dəyəri aşınmış sözlər tağında,
bitib pöhrə-pöhrə açılmaq olmur,
Daha bu dünyada sevgi doğulmur...

Əyrisiz-yalansız daha iş aşmır,
doğrunun meydanı daralıb yaman.
Od daha fitnəni yandırıb yaxmır,
torpaq bar yetirmir halal toxumdan,
Hörmüzü təkləyib indi Əhriman...

Sübhün toranında çaxan ildırım!
Telindən tel ayır,
pəncərəmizdən
əlimi uzadım, tutum telindən.
Bax, elə beləcə, əlimdə fincan,
üzümdə təbəssüm, gözümdə giley,
içimdə yurd salıb uyuyan ağrı
ərit nəfəsində, işıq selində.
Termit yuvasının hücrələrindən
qurtar, apar məni işıqgələnə.
Ruhumu təslim et ulu Hörmüzə,
götür, apar məni gedər-gəlməzə...


Sənə isə gərəkdim...

Gözünə işıq olmaq istədim...
Sənə isə gərəkdim
gözlərinə kəpənək kimi qonan,
yaraşığına yaraşıq qatan
gün eynəyi qədər...

Qəlbinə od olmaq istədim...
Sənə isə gərəkdim
otağını isidən yaraşıqlı soba,
çiyninə atdığın
şuba qədər...

Məhəbbətin olmaq istədim,
şərikim olmayan
bütöv məhəbbətin...
Sənə isə gərəkdim
başının üstündəki çətir,
üstünə səpdiyin ətir qədər...

Bəxtin üzüdönüklüyündən,
dost-tanışın,
yar-yoldaşın
tərs düşməyindən
baş götürüb tapınmaq istədim sənə...
rahib məbədinə sığınan kimi.
Sənə isə gərəkdim
məbədə vurulan zər-nişan kimi...


Uçurum kənarında yuva qurmuşam

Uçurum kənarında yuva qurmuşam...
Burda dərələrin suyu qarışmaz.
Yaxşı - elə yaxşı, pis - elə pisdi,
bu yerlərdə xeyir şərlə barışmaz.

Uçurum kənarında yuva qurmuşam...
Fitrətdən belədir dəyişməz nizam -
burda nə nifrət var, nə mərhəmət var.
Yuva dağıdanı qınayan olmaz,
burda səhv edəni bağışlamazlar.

Uçurum kənarında yuva qurmuşam...
Bura son hüdudu şərtiliklərin,
hiylənin, yalanın bitən yeridi.
Ovunun üstünə cuman şahinin
qayaya çırpılıb itən yeridi.

Uçurum kənarında yuva qurmuşam...
Burda qırğı da var, ala qarğa da.
Biri sıldırımla pəncə-pəncədə,
biri leş axtarır dərədə-dağda...

Uçurum kənarında yuva qurmuşam...
Burda baş saxlamaz hər addımbaşı
cildini dəyişən buqələmunlar.
Sevda yollarının yolçularıdı
uçurum kənarında məskun olanlar.

Varım-yoxum

Nəyim var ki...
Önümdə -
sıxıla-sıxıla
kağızın üstünə tökülən
üzüqara sətirlərim,
ovu bitib-tükənməyən
sonugörünməz yol,
pusquya yatmış timsah.
İçimdə -
harayı ürəyimin
döyüntüsünə qarışan,
alışıb-sönən,
sönüb-alışan
qarımış kədərim...
Yaddaşımda -
sınmış etibar,
üzümə bağlı qapılar,
yalanlar, yalanlar...
Yerə düşən,
dodaq büzülən sözüm,
açıb solmağı bir olan eşqim -
novruzgülüm, boynubükük bənövşəm...

Qulaqlarımda -
ötüb-keçən illərin
xəfif xışıltısı, əlçatmaz,
ünyetməz uzaq sevdanın
yarımçıq qalmış,
sınıq-salxaq melodiyası...

Əzilsəm də, təklənsəm də,
doğmalar içində
yada dönsəm də,
üz çevirmədiyim ürəyim,
dəyişməyən gerçəyim.

Bir də
ilğım-ilğım uzaqlaşan,
alatoran xatirələrim.
Xatirələr...
Sakit dənizin
uzandıqca uzanan səssizliyində

batan ləpəsi, ötənlərin öləziyən səsi.
Mən olduqca, var olan xatirələrim...

Var olanmı?
Zaman buna da qıydı...
Keçmişin yaddaşa hopan
neçə səsini, hənirtisini

acımasızca silib apardı.
Yağışın yuyub apardığı
ayaq izləri,
div dalğaların
param-parça doğradığı
sahil xətti kimi...

# 3712 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #