Kulis.az tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlının 2019-cu ildə dərc edilmiş romanlar əsasında yazdığı "Roman janrının hüdudsuz ekperiment imkanları... ...bu imkanların reallaşan və reallaşa bilməyən nəticələri" adlı məqaləsini təqdim edir.
Ötən ilin ən uğurlu romanlarından biri Şərif Ağayarın “Komandir” romanıdır. Müharibə mövzusunda yazılmış, müharibənin gerçək üzünü açan əsərlərin qıtlığını yaşadığımız bir zamanda bu əsər mövcud boşluqda, demək olar ki, parlaya bildi. Şərif Ağayarın “Komandir” romanında tarix, real tarixi hadisələr, müharibə bəzi məqamlarda mistik çalara bürünsə də, simvolik mənalandırma xüsusiyyəti qazansa da, əsər o dərəcədə realistcəsinə və təsirli, yaşana-yaşana qələmə alınıb ki, oxucunu da “kitabdakı reallığa” dartıb aparmağı, yaşananları ona da yaşatmağı bacarır.
Roman, ilk növbədə, yazı üslubu, strukturu, modeli ilə diqqət çəkir. Müəllif mətndə görünmür, hadisələr əsərin qəhrəmanları tərəfindən, nəqli bir-birinə ötürülməklə, “danışılır”. Bu keçidlər o qədər dəqiqliklə, detal, ifadə, fikir “ötürücülüyü” ilə reallaşdırılır ki, əlavə “müəllif müdaxiləsi”nə ehtiyac da duyulmur. Müəllifi xatırladan yalnız onun qələminə məxsus dəqiq, orijinal ifadə-təsvir vasitələri, maraqlı-həssas müşahidələr, insanın ruhunu silkələmək gücündə olan dəqiq “atışlar”dır.
Müəllif açıq şəkildə “Folknerin məşhur “Hay küy və hiddət” romanındakı formanı bir az sadələşdirərək yazıya tətbiq etdim”, - desə də, seçilən forma-strukturun məzmunla vəhdəti o qədər incə və detallı şəkildə həyata keçirilib ki, yalnız mövzunun belə bir formanı diktə etdiyini düşünmək olur. Bu “oturuşma” nəticəsində əsər tam-vəhdət kimi meydana çıxır. Bundan başqa, belə bir vasitə seçməklə, müəllif qəhrəmanının hiss və duyğular aləminə enməyi, onları həssaslıqla təsvir etməyi də bacarır (insanı onun özündən dəqiq kim anlada bilər ki?!), onu kənar insanların rakursundan təqdim etməyi, tanıtmağı da. Bu isə yazıçının qarşıya qoyduğu məqsədə - qəhrəman şəhidin həyat hekayəti və portretinin yaradılması məqsədinə çatmasını təmin edir.
Romanın qəhrəmanının qəribəlikləri, fərqliliyi, seçdiyi yol ana-oğul bağlılığından (arada qeyri-adi, mübhəm bir bağın mövcudluğu çox incə detallarla çatdırılır) vətən-oğul bağlılığına keçidlə öz təbii təsdiqini tapır. Belə bir xarakter, belə bir bağlılıq sahibi məhz bu taleni yaşamalı idi. Uşaqlıq illərində özünü büruzə verən fərqlilik gələcək qəhrəman, döyüşçü, əfsanə hərbçi taleyini hazırlayırdı. Ananın şəhidliyi isə bu talenin başlanğıc dayaq nöqtəsi oldu. “Anasının üçünü dəfn olunduğu Çullu kəndində, yeddisini Ağdamda, qırxını Hindarxda, ilini Sumqayıtda verən” komandirin şəhidlik və qəhrəmanlıq yolu ananın gümüşü işığa çevrilən təbəssümündən, ruhundan başlayır. Gümüşü işıq əsərdə bədii bir obraza çevrilə bilir. Romana mistik çalar verən bu obraz-simvolik detal bütün əsər (həyatı) boyu qəhrəmanı izləyir.
Raquf Orucovun anasının meyitini atəş altından çıxardığı zaman dağların qoynunda gördüyü, ondan sonra hər vaxt onu qoruyan, ən çətin anlarda axtardığı, tapdığı və o işıqla birlikdə xilas olduğu bir sirli-sehrli qüvvədən söhbət gedir, əslində... Daha doğrusu, inancdan. (Komandir: “İçimdə mübhəm bir ağırlıq vardı. Murovun yaxasında gümüşü işığı axtardım. Yox idi. Hava qaraldıqca dağlar adamın üstünə gəlirdi”). Bəlkə, bunu bir Tanrı işığı kimi qəbul edənlər də tapılacaq, lakin bizim düşüncəmizcə, bu, ananın üzündən, sevgisindən, ruhundan süzülən və səmalara çəkilən bir işıq-qüvvədir. Hər an ilahi bir qüvvə kimi ona boylanan, onu qorumağa çalışan bir işıq selidir. Məhz bu obraz və onun arayışı Vətən-ana paralelini təsdiqlənmiş, ayrılmaz, sübut olunmuş bir hala gətirir. Hətta o dərəcədə ki, həyat yoldaşının “İyirmi beş il xidmət etdin, bəsdir”, - sözünə qəhrəman “Bəs Vətənim?” anlamında, sədasında oxunan “Bəs anam?” – sualı ilə cavab verir.
Əsərdə xeyiri gümüşü işıq, şər qüvvəni isə qara pişik simvolizə edir. O pişik ki, qəhrəmanın onu xəyalında, röyasında görməsi belə, təhlükə xəbərdarlığı deməkdir. Və hər dəfə romanda o göründükdə, adı keçdikdə oxucu növbəti bir pis hadisəni “qarşılamağa” hazırlaşdırılır (“Kəndimiz işğal edilən gün qara pişik geri dönmüş... bu yerlərdə Allahın adını zikr edən bir nəfər də qalmamışdı”).
Müəllifi yalnız onun qələminə məxsus dəqiq, təsirli “atışlar”da görmək olurdu, - dedik. Bu, həqiqətən də belədir. Şərif Ağayar bəzən çox qısa, lakonik cümlələrlə, ötəri verilmiş kimi görünən situasiyalarla elə dərin, həssas, ağrılı duyğuların ifadəsini verə, elə unudulmaz, oxucunun yaddaşına qazınan məqamları təbii bir şəkildə ötürə bilir ki, bu cür məqamlar, adətən, bir roman ağırlığında olur, bir roman yükü daşıya bilir. Məsələn, Ağdam əhalisi üçün çox müqəddəs hesab edilən Seyid Lazım ağanın ocağında onun oğlunun “İcazə ver, ananın ruhuna “Yasin” oxuyum” təklifinə “Qəbrini ziyarət edə bilmədiyim adama necə “Yasin” oxutdurum?” ağrılı, insanın tükünü ürpərdən bir cavab, sonra həmin təklifi verən adamın Komandirin həyat yoldaşına etdiyi etiraf (“Uzaq səfərdən gələnə oxşayırdı. Gülümsünüb dedi: ağa, indi “Yasin” oxuya bilərsiz. Özümü saxlaya bilmədim. Dedim, sən ordan gəlirsən? Cavab vermədi. Duam bitəndə baxdım ki, yanımda yoxdur. Özü getmiş, yerində bir topa ağ işıq qalmışdı”) tək komandirin deyil, o ağrını, itkini, çıxılmazlığı yaşayan minlərlə insanın keçirdiyi hissin ifadəsidir. Həm də dəqiq, sərrast ifadəsi...
Bu sərrastlıq başqa məqamlarda da özünü göstərir. Məsələn, Murovda yüksəklikdə olan hansısa bir postla bağlı real mənzərənin çatdırılması zamanı: “Orda nə erməni həmişəlik mövqe tuta bilirdi, nə biz. O postda təbiət özü mövqe seçirdi və hər iki tərəfə meydan oxuyurdu”. Yaxud kiçik qardaş Zabilin dilindən təsvir edilən şəhid ananın kəndə gətirilməsi mənzərəsi: “...Dəsmalının ucunu ağzına tutan yaşlı qadının qoz ləpəsinə bənzəyən yanaqları elə hey titrəyirdi”. Yaxud muğam oxuyan Xanının səsinin təsiri altınqa qəhrəmanın yaşadığı duyğuları ifadəsində: “Səsini qaldırdı, ömrümün ən gözəl anlarını muncuq kimi Xanının səsinin üstünə düzdüm”.
Əlbəttə, roman bütün emosional yükü, təsir gücü, müəllif ideyasının bədii həlli ilə alınmış bir mətndir. Xüsusilə döyüş, kəşfiyyat səhnələrinin canlılığı, qəhrəmanının hisslərinin, yarıutancaq, çəkingən, yarızarafatcıl, yarıciddi xarakterinin, insani münasibətlərin təbii təsviri və s. romanı çox oxunaqlı, hətta janrın ağırlığına “yaraşmayn” bir oxunaqlı hala gətirir.
Çatışmayan əsas məqam isə, mövzunu bir-birinə ötürən qəhrəmanların təhkiyə polifoniyasının yaradılmamasıdır. Halbuki, müəllif istedadı bunun öhdəsində çox asanlıqla gələ bilərdi (yalnız bəzi məqamlarda bu fərqlilik duyulur). Bir də romanın sonuna doğru danışılan hadisələrdə mətnlərin (ötürülən informasiyanın) sıxlaşdırılması... Sanki sona yaxın müəllif ya tələskənlikdən, ya vaxt darlığından, ya da mətnin emosional ağırlığına tab gətirə bilmədiyindən, “sürəti” artırmış, “qaçaraq reportaj” ladına keçmişdir. Lakin maraqlıdır ki, bu belə, romanın təsir effektini “zədələyə” bilmir.
ardı var...
Mənbə: “Azərbaycan” jurnalı