Kulis.az Təranə Vahidin “Qarışqa təqvimi” hekayəsini təqdim edir.
Bütün yuvaların üstündə şifrələnmiş bir yazı var: yadların girməsi qəti qadağandır!
Gözünü açanda ala-qaranlıq, nəmiş bir yerdəydi. Üzünə toxunan yad nəfəsdən, yad səsdən üşəndi.
- Bu tifil işimizə yarıyacaq!
Başqa bir səs onunla razılaşmadı:
- Bilmək olmaz, bunun necə dikbaş, inadcıl, özündənrazı tayfadan olduğunu bilmirsən. Yadında saxla, bu yaramazı gözdən qoymaq olmaz. Yoxsa əməyimiz zay olar, ana qarışqa bizi cəzalandırar.
Yumurtadan yenicə çıxmış körpə qarışqanın ilk eşitdiyi bu qorxunc, soyuq, boz sözlər oldu. Bapbalaca olduğundan nə baş verdiyini, böyüklərin nə dediyini anlamadı.
Qarışqa təqvimiylə vaxt buğda saatıyla döyünə-döyünə axırdı. Qarışqa balası hələ özünə gəlməmiş, əlləri-ayaqları bərkiməmiş onu on üçüncü mərtəbədə tunel qazmağa apardılar. İki nəhəng, donqabel qarışqa başının üstünü kəsdirib əldən düşənəcən onu işlətdi. Elə hey torpaq qazıyır, qazdığı torpağı daşıyır, vahiməli tunellə iynənin ucu boyda irəliləyirdi. Hara getdiyi, nə iş gördüyü özünə də bəlli deyildi. Hərdən ona elə gəlirdi ki, tunelin o üzündə aydın, şəffaf, doğma nəsə var. Amma nə? Azacıq vaxt tapan kimi bu suala cavab axtarmağa başladı.
Bir müddətdən sonra böyüdüyünü, qollarının gücləndiyini, ayaqlarının bərkidiyini hiss elədi. Buynuzları daha gözünün üstünə tökülmürdü, içində xırım-xırda hisslər də baş qaldırmışdı.
Günlərin birində heç bir səbəb-filan olmadan nəzarətçilər onu təpiklərinin altına salıb o ki var əzişdirdilər. Qarışqa balası özündə cəsarət tapıb “Niyə, axı niyə məni döyürsüz?!” – dedi. Söz ağzından çıxar-çıxmaz dilinin bəlasına keçdi. Az qala, iki gözünün bir deşikdən çıxaracaqdılar.
Yekəpər qarışqa buynuzlarından tutub onu yuxarı qaldırdı:
- Danışırsan, hələ üstəlik sual da verirsən. Özünü nə hesab edirsən, hə? Bəlkə, Ağ Kraliçanın nəvəsisən? Sən bilirsən kimsən? Hardan biləsən, ay yazıq, sən köləsən! – dedi.
Qarışqa balası qorxdu, çox qorxdu. Amma marağı qorxuya üstün gəldi, titrək səslə: – Məəəən kölə deyiləm – dedi.
- Köləsən!
Nəzarətçilər eyni vaxtda bağırdılar.
Qarışqa balası udqundu:
- Kölə nə deməkdi?
Kürən qarışqa buynuzlarını arxaya daraqlayıb şəstlə dilləndi:
- Kölə o deməkdir ki, sən bizdən deyilsən, bizdən deyilsənsə, sən heç kimsən. Heç kimsənsə, heç vaxt azadlığın nə olduğunu bilməyəcəksən. Biz nə desək, təsdiqləyəcəksən, biz hara desək, ora gedəcəksən, biz nə istəsək, onu edəcəksən, biz nə versək, onu yeyəcəksən.
Ələbaxımın, mağmının, fağırın biri olacaqsan. Hər yerdə özünü axtaracaqsan, amma heç yerdə tapmayacaqsan, heç vaxt özün olmayacaqsan. Dərinin üstündə həmişə yad dəri gəzdirəcəksən. Bu dərini yırtıb parçalamağa cəsarətin, hünərin, fərasətin çatmayacaq, hamının yanında başıaşağı, gözükölgəli olacaqsan, hamıdan qorxacaqsan, hamı səndən uzaq gəzəcək, sən ömrünün sonunacan yaşamağın nə olduğunu bilməyəcəksən.
Qarışqa balası eşitdiyi sözlərdən büzüşüb yumağa döndü. Zorba qarışqa tir-tir titrəyən qarışqa balasını nifrətlə süzüb ona “iyrənc” – deyib yerə tulladı.
Qarışqa balası çaşmışdı, nə baş verdiyini, nə olduğunu anlamırdı. Yerdən qalxıb üst-başının tozunu çırpdı, sonra gözlərini qaldırıb altdan yuxarı kürən qarışqaya baxdı, dili dolaşa-dolaşa soruşdu:
- Sizdən deyiləmsə, bəs onda mən kiməm?
- Sən yumurtada olanda yumurtanı oğurlamışıq. Başqa yuvalardan qənimət kimi oğurladığımız yumurtalardan çıxan balaları sənin kimi köləyə çeviririk, sonra da necə lazımdırsa, o cür də rəftar edirik. Qulaqlarını aç, eşit, sən ömürlük bizim köləmizsən. Bu tuneldə əldən düşənəcən işləyəcəksən, bu tuneldə də öləcəksən.
Qarışqa balası başını tamam itirmişdi. “Kölə, kölə, kölə” sözləri qulağında uğuldayırdı.
Yekəbaş qarışqa son məsləhətini verdi:
- Sənin heç adın da olmayacaq, ay yazıq, adsız doğulub, adsız da öləcəksən.
Qarışqa balasının ümidləri öləzidi, qolları yanına düşdü. Onu sürüyüb zağaya atdılar.
O gecə qarışqa balası səhərəcən yuxuda qorxunc səslər eşidib sayıqladı. Yuxudan oyananda doğma yuvalarını düşündü, hardansa içinə işıq axdı. Adının olmamağı ona ağır, lap ağır gəldi. Bəlkə, özünə ad qoysun? Ağlına gələn fikirdən kefi kökəldi. Hə, özünə ad qoysun. Amma hansı adı? Axı o çox az söz bilirdi. Eşitdiyi sözlər də “işlə, qaz, dayanma, sürətli ol, cəld tərpən, yoxsa, yaramaz, döyüləcəksən...” sözləriydi. Düzdü, son günlər təzə sözlər də eşitmişdi, yumurta, kölə, öz, yuva, doğma... elə bil axtardığını tapdı: “Qoy adım Doğma olsun” – dedi. Nədənsə bu söz ona doğma gəldi.
Səhəri gün Doğmanı başqa kaloniyaya – özü kimi minlərlə kölənin olduğu yerə köçürdülər. Burdakı qarışqalar ancaq işləyir, verilən azacıq yeməyi yeyir, heç bir səbəb olmadan döyülüb-söyülür, sonra yorğun düşüb yatırdılar.
O tezliklə başa düşdü ki, buradakı qarışqalar ümidlərini çoxdan torpağa tapşırıblar. Əldən düşmüş qoca qarışqanın sözlərisə onu qorxudurdu: “Taleyi ilə barışanı Tanrı xilas edə bilməz”.
Qarışqa balası gecələrin birində nəzarətçinin arxasınca düşüb koloniyanın sonunacan getdi. Kölgə kimi nəzarətçilərin gözündən yayınıb ana qapıdan çıxdı.
Təmiz hava bir anda ağlını başından aldı, İlahi, dünya dedikləri necə gözəlmiş, necə qəşəngmiş. Çiçəklərin ətri onu bihuş etdi. Yollar onu harasa aparırdı, hissləri onu tələsdirirdi, elə bil nəsə baş verəcəkdi, heç vaxt ağlına gətirmədiyi yaxşı nəsə...
Qarışqa təqvimi ilə nə qədər yol getdiyini xatırlamasa da, arzuları onu günəşə tərəf aparırdı.
Sübh açılanda tanış, çox tanış qoxu yaddaşını oyatdı. Böyük bir qarışqa yuvasının ağzında dayananda qəlbi sevincdən titrədi.
Bu yuva da eynən gəldiyi yuva kimi, dörd bir yandan mühafizə olunurdu.
Amma nədənsə bu yuvaya qanı qaynadı – icazəsiz, filansız içəri keçmək istəyəndə uzunşüllət nəzarətçi onu saxladı:
- Ey, dayan, hara soxulursan?
Qarışqa balası donub yerində qaldı.
- Mən, mən, mən Doğmayam, bu yuvadanam, – dedi.
Moruğu rəngli qarışqa şaqqanaq çəkib güldü:
- Yalançı! Sən yuvaya soxulmaq istəyən balaca oğrusan, – deyib onu şərlədi.
- Yox, and içirəm, mən, mən sizdənəm.
- Bu yuvadansansa, şifrəni söylə.
Doğma özünü itirdi. Şifrənin nə olduğunu bilməsə də, yaddaş kodu qımıldandı. Elə bil uzaq keçmişdən qulağına ulu babasının səsi toxundu. O, sadəcə eşitdiklərini təkrarladı:
- Təslim olma!
Nəzarətçi diksindi:
- Bir də söylə!
Doğmanın gözləri doldu, var gücüylə bağırdı:
- Təslim olma!!! Təslim olma!!! Təslim olma!!!
Nəzarətçi tələsik başını yuvaya salıb nəsə pıçıldadı.
Artıq hava tamam işıqlanmışdı. Doğma həyatında ilk dəfə günəşi, otları, gülləri, güllərin üstündəki şeh damcılarını görürdü. Sevincindən ağlamaq istəyirdi, qışqırmaq istəyirdi, amma özünü ələ almağı bacardı. Bir kənarda dayanıb olanlara tamaşa elədi.
Qarışqa yuvasının ağzı açılanda əvvəlcə kəşfiyyatçı qarışqalar, sonra işçi qarışqalar yuvanı tərk etdilər. Körpə qarışqalar həyat dərsi keçmək üçün müəllimləriylə birgə yuvadan çıxdılar.
Doğma bir tərəfdə dayanıb öz doğmalarına sevgiylə, məhəbbətlə, heyranlıqla baxırdı.
Axır ki, onun növbəsi çatdı, yuvanın qarşısındakı meydanda məhkəmə quruldu. Doğma həyəcanlı idi. Əvvəlcə yuvanın ekspert heyəti onu DNT analizindən keçirdi. Yumurtanın nə vaxt oğurlandığı aşkar olundu. Qarışqa təqvimi ilə 11 gecə və 11 gündüz bundan əvvəl anadan olduğu təsdiqləndi.
Son qərarı Ana qarışqa verəcəkdi. Doğma anasını görmək, onun qoxusunu duymaq istəyirdi.
Nədənsə qərar yubanır, Doğma nigarançılıqla sağa-sola boylanırdı.
Axır ki, gedənlər qayıtdılar. Qarışqalar xərəkdə məhkəmənin qosqoca sədrini – 63 günlük müdrik qarışqanı gətirdilər. O, başı əsə-əsə yarpağa yazılmış qərarı höccələyə-höccələyə oxudu:
- Yuva heç bir halda köləni qəbul edə bilməz. Çünki kölə düşməndən də təhlükəlidi. Son qərar: dərhal edam olunsun.
Doğma edamın nə olduğunu bilmirdi. Gözləri böyüyə-böyüyə ətrafa baxırdı. Mühafizəçilər onu gölməçənin yanına gətirdilər. O, ilk dəfə gölməçənin suyunda əksini, başının üstündə isə ölümün kölgəsini gördü. Kölə sözündən elə qorxmuşdu ki, ölümə xilaskarı kimi baxdı.
Əksinə baxa-baxa son kərə sakitcə:
- Mən kölə deyiləm, – dedi.
Yuva onu qəbul etməsə də, müdrik ölüm onu doğması kimi qarşıladı. Axı köləlikdən azadlığa can atmağın başqa adı qəhrəmanlıqdır...