Günü zibilliklərdə eşələnməklə keçirdi - Bircənin romanı

Günü zibilliklərdə eşələnməklə keçirdi - Bircənin romanı
28 fevral 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Ertəsi gün işdən çıxıb məni gözləyən maşınla evə gəldim. Yolboyu ürəyimdən keçirdi ki, bəlkə bacı-qardaşıma deyim Əjdərə verdikləri 150 manatı ayın başında elə mənim özümə versinlər, mən də işə avtobusla gedim-qayıdım. Düşünürdüm, daşınırdım, bir qərara gələmmirdim.

Evdə əynimi yüngül geyinib qaçdım mağazaya. Arxa otaqların birində masanın üstünə tərəzi qoyulmuşdu, yanında da şəkər tozu, un kisələri. Arıq bir qadın səbirlə unu kiçik sellofana doldurub tərəzidə çəkirdi, birkiloluq, ikikiloluq torbaların ağzına yapışqanlı kağız vururdu.

Qadının əlinə baxdıqca iş mənə çox asan gəldi. Cəngavərə oxşayan müdir bizə yaxınlaşıb dedi:

- Bu günkü işinə pul verilməyəcək, gözün yeyirsə başla, işini bəyənsələr sabahdan işləyərsən.

Razılaşdım. Ancaq təzə işim düşündüyüm, gördüyüm kimi asan deyilmiş; bu iş təmkin, səliqə istəyirdi – ərzaq yerə dağılmamalıydı, kisələrin üstü təmiz saxlanmalıydı, yapışqana qənaət olunmalıydı. Bütün bu tələblər də cəld işləməyə imkan vermirdi. Amma mən yenə bacardım, ora da mənə bir başqa məktəb oldu.

Hamı bir-birini acılayırdı, alçaldırdı, bacaran oğurluq eləyirdi. Cəngavər gözünə alaqolay görünəni söyüb-bulayırdı. Fəhlə qızlardan hansısa vitrinə yığılmış bir ton konfetdən birini ağzına atanda kişi özbək şeypuru kimi gəranaylayırdı:

- Oğurluq yeməkdən porsuğa dönmüsən, dədənin malıdı, niyə yeyirsən? Çıxart ağzından tulla!

Qız ağzındakını tüpürürdü zibil torbasına.

- Maaşından kəsəcəm, baxarsan!

Özümü saxlayammayıb kişiyə bozarırdım:

- Onu yesəydi yaxşı olmazdımı, zibil qabına gedib hayıf oldu konfet.

Müdir pırtlaq gözlərini üzümə qanlı-qanlı zilləyəndə başımı aşağı salırdım.

İş vaxtı sona çatanda işçilərin üstünü, çantasını axtarırdılar. Bu proses adamı yamanca alçaldırdı. Müdirə oxşayan (bəlkə də qohumuydu) bir kişi cavan oğlanların hər yerini əlləyirdi, ayaqqabılarının içinə, corablarının boğazına, hətta dilinin altına belə baxırdı. Qız-gəlinin üst-başını də ağsaç, ağbəniz dolu bir qadın axtarıb yola salırdı. Qadın yoxlamaya qızların boynundan başlayırdı, sonra əllərini onların döşlərində, lifçiyinin arasında gəzdirə-gəzdirə düşürdü aşağılara.

Məni belə axtarmasınlar deyə çanta götürmürdüm, orda paltar da dəyişmirdim - evlə işin arası heç iki yüz addım olmazdı. İşimi bitirən kimi dəstəbaşı gəlini çağırırdım:

- Gəlin yoxlayın, mən getmək istəyirəm.

- Çantan hanı?

- Çanta götürməmişəm.

- Paltarlarını dəyiş, sonra yoxlayacam.

- Evdən belə gəlmişəm.

- Zala keçmisən, vitrinlərə yaxınlaşmısan?

- Yox.

- Onda ayaqqabılarını çıxart.

- Krossovkanın içinə un yığası deyiləm ki.

- Söz güləşdirmə.

Hikkəylə ayaqqabılarımı soyunub yenidən geyinirdim, 250 manatın çatısını boynuma saldığıma görə yerə-göyə, Tanrıya-bəndəyə nifrinlər yağdıra-yağdıra evimə dönüb canımın ununu-şəkərini yuyub mitilə leş kimi girirdim.

***

Xırmanımı dağ başında qurmuşdum, sovurduğumu yel aparırdı. Ağır əmək rejimi kirtiyimi çıxarmışdı. Gündüzlər işdə oturduğum yerdə yuxulayırdım, boğazımdan tikə keçmirdi. Elgün bu halımı Cavidin yoxluğuna bağlayıb üstümə gəlmirdi. Müştərilərlə işləyirdim deyə diqqətli, mehriban olmalıydım, üzümə təbəssüm maskası taxmalıydım. Çətinə düşəndə təmkinli gənc müdirim köməyimə çatırdı:

- Bircə xanım, siz yardımçı otağa keçin qızımın inşasına kömək eləyin, müştəriləri mən yola salaram.

- Hardan bilirsiz mən inşa yazmağı bacarıram?

- Oxuduğunuz kitablardan, - deyib masamın üstündəki aylardan bəri bitirə bilmədiyim yarımçıq kitablara işarə vururdu.

Telefonu götürüb Elgünün qızı Şeydanın inşa yazmağına kömək eləyirdim. Uşaq beş alanda müdir masanın üstünə dadlı şirniyyatlar düzürdü...

Mağazadakı işimin ikinci ayı tamam olanda xəbər tutdum ki, sellofan torbalara yığdığım un, şəkər heç də kilo deyilmiş, hər kiloda alıcıları 150 qram aldadırmışam. İstədim hay-küy salam, yanımdakı arıq növbə yoldaşım ağzımı tutdu:

- Dəlisən, dillənən kimi səni atacaqlar bayıra, pulunu da verməyəcəklər. Sən buranın qanunlarını dəyişə bilməzsən. Bütün tərəzilərin altında maqnit kimi xırda bir şey var, bu yolla çəkini azaldırlar.

Cibinə tərəzi qoyub bazara gedənlər haqqında eşitmişdim, uzaqdan-uzağa belələrini qınamışdım da; onları yalnız bundan sonra anladım. Başladım əl altından ayrı bir iş axtarmağa.

***

Mən puldan ötrü canımı oda-közə vurduğum vaxtda Nuşu xalanın xəstə əri rəhmətə getdi. Arvadla balaları zirdəst qaldılar, şəhərdə elə səndeyən qohum-əqrəbaları yoxuydu. Nuşu xalanın başını itirdiyini görəndə zəng vurub Hakimi, Yasəfi köməyə çağırdım. Ölü yiyələrinin pulları əllərində qalmışdı, kişini dəfn eləməyə yer tapmırdılar. Yenə Aqil dada çatıb bu işə əncam çəkdi. Mən özüm dəfnə ləngiyə bilmədim, evimin açarını Nuşu xalaya verib işə getdim. Heç arvad özü də işdən qalmağımı istəmirdi:

- Ay qızım, narahat olma, - dedi, - açarın məndədi, nə lazım olsa düşüb götürəcəm.

Hüzr yerində iştirak eləmək üçün günortadan sonra işdən icazə alıb evə qayıtdım. Bir-iki saat Nuşu xalagildə oturub saat yeddidə ikinci işimə gedəcəkdim.

Yas evi adamla doluydu. Gələn hamı kişinin qohumlarıydı. Rəhmətlik bacarıqlı, mehriban, deyən-gülən adam olsa da arvadı görən gözü yoxuydu, yeməyini də öz otağında ayrıca yeyirdi. Qızıyla anası da hər saat bir süfrə arxasında oturmazdılar. Bu ailənin belə pərakəndəliyinə həmişə təəccüblənirdim. Qızı onu incidəndə deyirdim:

- Ay Nuşu xala, sənin bir anan-bacın yoxdumu çıxıb yanına gedəsən? Qızınla nəvən axırına çıxdılar axı.

Arvad gözünün yaşını dolu kimi tökürdü:

- Yox, ay Bircə, mənim heç kimim yoxdu, mən şeytandan əmələ gəlmişəm, mən yer göbələyiyəm...

Evdəkilərə salam verib Nuşu xalaya sarıldım:

- Başın sağ olsun, Allah balalarını saxlasın, səni yanına gec aparsın.

Arvad da məni qucaqladı:

- Çox sağ ol, ay Bircə, nə yaxşı o yastıq üzünü atdım sənin balkonuna, yoxsa mənim halım necə olardı?

Süfrə başında oturub qonaqları gözdən keçirməyə başladım. Gedən arvadlar Nuşu xalaya:

- Ay Anuş, başın sağ olsun, - deyib evdən çıxdıqca bir onlara, bir ev yiyəsinə mat-mat baxırdım.

Qonaqlar yarı qalanda özümü saxlayammadım:

- Az, bunlar niyə sənə Anuş deyirlər, bəyəm sənin adın Nüşabə deyil?

Hamı susub baxışdı, kimsənin cınqırı çıxmadı. Sualımı təkrarlayanda Nuşu xalanın qızı anasına çəmkirdi:

- Di cavab ver! Sənə deyirdimmi burnunu hər yerə soxma, adam içinə dürtülmə!

Nə baş verdiyini anışdıra bilmirdim. Heç kəs mənim sualıma məhəl qoymurdu, arvadlar bir-bir Nuşu xalanı öpüb evdən çıxırdılar. Nənəmin bir sözü yadıma düşdü, deyirdi zınqırovlu dəvə itməz. İndi bu Anuş adı zınqırov olub evin hər küncündə cingildəyirdi, kişinin ölümü yaddan çıxmışdı.

Arvad mənim duruxduğumu görüb aş buludunu, qara boşqabını qarşıma çəkdi:

- Bircəcik, işdən gəlmisən, yeməyini ye, sonra danışarıq.

Ayrı vaxt başıma dolanan, qabağımda oynayan Nuşu xala indi üzümə baxmırdı. Pörtmüşdü, qonaqları pərt-pərt yola salırdı, Moskvadan gələn oğlunun o biri otaqda oturmuş dostlarına peşman-peşman çay-çörək daşıyırdı. Evdəkilər də “Anuş, Anuş” deyin düşmüşdülər arvadın dalına. Yenə dözməyib qonaqların topasına dedim:

- Anuş yox, ay balam, Nuşu.

Yenə yaşlı qadınlar bir-birinə baxıb köks ötürdülər, məni sözlü-sözlü süzdülər.

Vaxt tamam olanda hamıyla sağollaşıb mağazaya getdim. O gündən Nuşu xala məndən yayınmağa başladı. Mənim də başım çox qarışıq olduğundan vaxt tapıb arvadla əməlli söhbət eləyəmmirdim. Bu yandan da mağazadakı işim məni iyrəndirmişdi, qaçmağa bəhanəm çox, yerim yoxuydu.

***

Bir bazar getdiyim qadın salonunda xanımlardan biri:

- Kimdə əncir, zoğal mürəbbəsi varsa alıram, - dedi. - Qızımla oğlum xaricdə olurlar, gedəndə verəcəm aparsınlar.

Qadının həsrəti, arzusu mənə doğma gəldi, ona sarı əyilib pıçıldadım:

- Məndə var, amma satmıram, hərəsindən bir banka verə bilərəm.

Xanımın çiçəyi çırtladı:

- Evin yaxındı bura?

- Hə, qarşıdakı binada oluram.

- Onda işini qurtar gedək baxım.

Arvad mənlə evə qalxdı, balkondakı dolabı açıb mürəbbə dolu bankaları görəndə qəşş elədi:

- Vaay, mən xəzinə tapmışam ki! Gedim qızımı da gətirim, bəyəndiklərini seçsin alaq.

- Yox, ay xanım, mən mürəbbə satmıram, iki banka götürün gedin.

Qadın mürəbbə qablarını bir-bir qaldırıb işığa tutub yerinə qaytarırdı:

- Afərin sənə, nə gözəl bişirmisən! Bankalar da, ağzına bağladığın sələlər də gözəldi. Ay bala, sən bu qədər mürəbbəni neyləyəcəksən, sat pulunu qoy cibinə.

- Qardaş-bacıma, istəyənə pay verirəm.

Arvad ucadan qaqqıldadı:

- Sən xəstə-zad deyilsən?

- Xəstə niyə oluram, mürəbbə bişirmək mənim azarımdı.

- Kaş mənim də qızımın, gəlinimin belə azarı olaydı.

Qadın məndən xəbərsiz mənə təzə qapı açdı. Etirazıma məhəl qoymadan iyləyib-çüyləyib hər bankaya bir qiymət kəsdi, qısa zamanda dolabı boşaldıb mənə yaxşıca haqq ödədi.

Bundan sonra yeni qazanc yolu tapdım. İşdən qayıdanda özümü verirdim binamızın yaxınlığındakı balaca bazara, gözümə görünən mer-meyvədən alıb daşıyırdım evə. Babat bazarlıq eləyəndə günə on kilo mürəbbə bişirirdim, qadın hamısına alıcı tapırdı.

Sentyabrın əvvəlində işlərim yoluna düşdü, “Poseydon”dakı fəhləliyimin daşını atdım. Evimə yaxın kafelərin biriylə danışmışdım, hər səhər o kafeyə əlli ətli blinçik verib pulunu alandan sonra gedirdim işimə. Şənbə-bazar mürəbbə təsərrüfatıyla məşğul olurdum. Hər ayın 25-nə qədər oğlumun kirayə pulunu hazırlayıb köçürürdüm hesabına. Yalnız ondan sonra dincəlməyə amanım olurdu.

Mətbəxə bitişik balkona qaz çəkdirib soba qoydurmuşdum. Yatana qədər günüm o balkonda keçirdi. Şirin şeyləri uşaq kimi xoşlayan Elgün işə apardığım mürəbbəni dadına baxan kimi bəyəndi, o da əlimin məhsuluna müştəri çıxdı. Hərçənd özümü danıb ona mürəbbələri qonşuluqdakı bir evdar xalanın bişirdiyini söylədim.

- Lap yaxşı, mən dedikcə siz gətirin.

Dükan-bazarda gördüyüm bütün meyvələrə mürəbbə kimi baxırdım. Mənim yaradıcılığımdan tək Lalənin xəbəri vardı. Qardaşlarım oğlumu soruşanda deyirdim:

- Hər şey yaxşıdı, oxuyur, işləyir, qalan xərclərini də burdakı məktəbi ödəyir.

Bütün yayı bircə dəfə Aqilin bağına gedib ata-anamla görüşdüm. Anam:

- Axır istədiyini yeritdin də, - dedi, - uşağı göndərdin dünyanın o başına.

- Ay ana, mən göndərmədim, - dedim, - məktəbi göndərdi, uşaq da getdi.

- İndi Cavidin xərcini-xəsarətini məktəb çəkir?

Pörtdüm, onun sınayıcı baxışı az qaldı dilimi dolaşdırsın:

- Hə, əlbəttə, məktəb çəkir.

- Bəs sən maaşını neyləyirsən?

- Maaşımı yığıram ki, nəvələrin gələndə onlara xərcləyəm.

- Hələ Sevilin kiçik qızı da sənin yanında qalacaq.

- Niyə axı, niyə mənim yanımda?

- Bəs harda qalsınlar, hara getsinlər?

- Hara gedirlər getsinlər, daha mənim gücüm yoxdu.

- Gücə düşüb neyləyirsən? Onlarsız da evin hırrıxana deyilmi?

- Hırrıxana niyə olur?

- Elə bilirsən bilmirəm – Cavidin dostunun bacısı, çöldən tapdığınız o türk, can-ciyərin o yekəpər arvad...

- Sənin qızın özünə gələcək bəsləyir deyə arada mənmi ölməliyəm?

- Bəs nə yaxşı oğlanlarım canlarına cəfa basıb sənə gələcək yetişdirdilər?

Anamla söz güləşdirməyin həmişəki kimi heç bir mənası yox idi. Orda çox ləngiməyib evə qayıtdım, əynimi dəyişib qalxdım Nuşu xalanın yanına.

Arvadın halı özündə deyildi, elə bil onu solma vurmuşdu. Qaynayan gözlərindən, şaqqıldayan gülüşündən əsər-əlamət qalmamışdı. O gündən bəri məni görmək istəmədiyini gizlədəmmirdi – üzümə zorla gülümsəyib qarşıma candərdi bir istəkan çay qoydu.

- Nolub sənə, - soruşdum, - niyə beləsən?

- Qızım yığışıb gedir.

- Hara gedir, ay Nuşu xala?

İkimiz də səksəndik.

- Moskvaya, qardaşının yanına. Uşağın məktəbini də buraxırlar.

- Gedir qoy getsin, sən qal yanımızda.

- Hələlik mən də gedirəm, sonra qayıdacam.

Kişinin qırxı çıxar-çıxmaz qızı qurulu evi xaraba qoydu – əvvəlcə anasını aparıb Moskvada tək oğluna təhvil verdi, sonra oğlunu götürüb Avropaya üz tutdu.

Dostum, Nuşu xalanın erməni olduğunu uzun müddət bacı-qardaşımdan gizlədim. Ta evlərini satıb gedənə qədər heç özünün də üzünə vurmadım. Ev satılanda mənim sevimli Nuşu xalam öz klassik sifətini açıb ortaya sərdi. İnşallah yeri gələndə bunu da söyləyəcəm...

***

Onun gedişi məni həmdəmsiz qoydu – binamızda Nuşu xaladan savayı heç kimi tanımırdım, heç kəslə get-gəlim yoxuydu.

Dərs ilinin başlanmağı heç ürəyimcə deyildi, evimdə, otağımda bir yad hənir, özgə nəfəs eşidib-duymaq istəmirdim, nə qohumun, nə yadın qapımı döyməyini arzulamırdım. Öz əlimin məhsulundan da iyrənirdim, yeməyimi çox vaxt Lalə bişirirdi – Əjdər gedib qazanı bacımdan alırdı, sonra mənim arxamca gəlirdi. Bəzən iştahım çəkən yeməyə batırmağa çörəyim olmurdu, Cavidin kirayə pulu düzəlməyincə özümə bəzən çörək də ala bilmirdim, qırağa qoyduğum pulları xırdalamaqdan qorxurdum. Geymədiyim paltarların, gəzdirmədiyim çantaların ciblərini eşələyib qəpik-quruş axtarırdım, tapmayanda qəmə batırdım, tapanda – evimizdən xeyli aralı bir dükan vardı, yalnız orda para çörək satılırdı – ayağıma yüngül ayaqqabı geyib kölgəlik yerlərlə qaçırdım o dükana, para çörəyi alıb geri qayıdanda yeməyə gücüm, iştahım qalmırdı.

Əllərimin sızıltısından gecələr yata bilmirdim, isti-soyuğa çox düşdüyündən dərim quruyub cadar-cadar olmuşdu. Bir axşama əlli blinçik bişirmək elə də asan deyil; horrasını hazırlayıb xırdaca yuxalarını qaynar tavada qızardanda barmaqlarımın ucu yanırdı, tava qaynar olmasa yuxalar cırılırdı. Vaxta qənaət üçün çox vaxt ocağın üstünə iki tava qoyurdum - birinə horranı tökəndə o biri tavadakını çevirməliydim. Hər işi əllərimlə görürdüm deyə barmaqlarım pülüşükdən çıxırdı, geydiyim ipək corabları, nazik qoftaları da əllərimin cadarı cırıqlayırdı.

Məktəb açılıb qızlar gələnə qədər özümə yeni bacılıq tapdım. Onu uzaqdan tanıyırdım, sonuncu mərtəbədə yaşayırdılar, özü də ruhi xəstəydi. Ancaq ailədə xəstə olan tək o deyildi; üç bacıdan yalnız biri salamatıydı, o da ərə gedəndən sonra ata ocağında oturub xəstə anasına, bacılarına baxırdı. Həmin bu sağlam bacının da üç qızı vardı, qızlar tez-tez Xədicəni qovub küçəyə atırdılar. Onda Xədicənin günü zibilliklərdə eşələnməklə keçirdi, qarnını qonum-qonşunun verdikləriylə doyururdu, ovcuna qəpik qoyulanda sevincindən uçurdu.

Bir axşam işdən gələndə Xədicəni bizim pilləkəndə oturan gördüm. Üzümə baxıb kəkələməyə başladı, nə dediyini anışdıra bilmədim. Çantamı ha eşdimsə ona veriləsi bir şey tapmadım. Mən qapını açanda şənlənib güldü, öz dilində nəsə deyib içəri keçdi. Üst-başından dözülməz iy gəlirdi, sürütmələrini eşikdə soyunmuşdu. Bir fikir başımdan güllətək keçdi: “İlahi, mən bunu harda oturdacam?”

Elə bil Xədicə ürəyimi oxudu, tezcə hamama girib him-cimlə mənə çimmək istədiyini anlatdı. Sonra məndən qıypınmadan soyunmağa başladı. O soyunduqca mən əynindən çıxanları bir torbaya yığıb atdım bayıra. Xədicəyə sabun, şampun verib onu qoydum suyun altında, özüm qaçıb qızların paltar yığdığı dolabları eşələdim. Hərəsindən bir şey götürdüm, üstünə də çoxdan geyinmədiyim xalatımı qoyub Xədicənin yanına qayıtdım. Qızın döşləri xəzəl altında qalıb bürüşmüş almaya oxşayırdı, gözləri quyu dibindən bulanıq-bulanıq işıldayırdı. Əynini geyinəndən sonra dəhlizdəki güzgünün qabağında durub mənə baxdı, ürəkdən güldü.

Xədicənin gülüşü məni silkələdi, öz-özümə dedim: “Gör məndə ağıl var, ay Tanrı? İndi bu kəməndiş qız məni evimin içində sürütmə çəksə neylərəm?” Ardınca da Nuşu xalanın onun barəsində söylədiyi qulaqlarımda səsləndi: “Bu qızı yaxşıca yedirdib-içirdəsən, geyindirəsən, sonra da əlində buyurasan. Heç kimə ziyan verən deyil”.

O gündən Xədicə oldu mənim sadiq buyruqçum. Dükana-bazara, zibil atmağa gedirdi, əlimdən çıxan bulaşıqları yuyub yerinə qoyurdu, yaxınlıqdakı müştərilərimə mürəbbə daşıyırdı. Əvəzində mən də onu salona aparırdım, ona pal-paltar alırdım, xoşladığı şirniyyatdan bişirirdim. Bacısı neçə dəfə üstümə gəlmişdi:

- Nədi, bir qarın yemək verirsən deyə qızı hambal kimi işlədəcəksən?

- Nə iş görürsə əvəzində haqqını alır, - dedim.

Gəlinin həris göy gözləri işıldadı:

- Sən ona pul da verirsən?

- Pul vermirəm, çimizdirirəm, əyin-baş alıram, doyunca yedizdirirəm. Xoşun gəlmir, qoyma qapıma.

- Biz özümüz də onu saxlaya bilərik, bütün günü balkonda dayanıb sənin yolunu gözləyir.

Qızlar yay tətilindən qayıdanda Firəngiz Xədicənin evin tam hüquqlu sakininə çevrildiyini görüb dedi:

- Mənim xalam adamsız qala bilmir də. Barı gözləyəydin Nuşu nənənin qırxı çıxaydı, sonra təzə bacılıq tapaydın.

Xədicə o qədər fağır, o qədər qorxaq idi, qızlar telefonla bərk danışanda ağlayırdı. Hərdən Firəngiz ona göz ağardırdı, onda Xədicə kövrəlib üstümə qaçırdı. Arabir qızların üçünə də ultimatum verirdim:

- Xədicəni incidəni dişimlə didərəm, - deyirdim, - heç kim onun xətrinə dəyə bilməz.

Firəngiz də dil altında qalmırdı:

- Xala, belə çox istəyirdinsə ona öz qoftalarını geyindirəydin, nəyim var Xədicənin əyninə taxmısan.

- Zibilliyə atdığın əsgi-üsgülərini geyindirmişəm də.

- Gəlsənə elə bunu alaq Taylana, biryolluq yaşasınlar yanımızda.

Bir küncdə sakitcə durub baxan Taylan sancaq görmüş cin kimi atılıb-düşürdü:

- Səndən olacaq doktor mənim təpəmə dəysin, - deyib Firəngizə nifrətini izhar eləyirdi, sonra da bacım qızını günlərlə dindirmirdi.

# 11174 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #